Məhəmməd Füzuli və
türk ədəbiyyatşünaslığı
(Əvvəli ötən sayımızda)
5. Məhəmməd
Füzulinin doğulduğu
yer,
il, doğum və
ölüm tarixi
Türk
füzulişünaslığı bu məsələləri
araşdırarkən təzkirələri, Füzulinin əsərlərini
qaynaq olaraq göstərmişdir. Bu qaynaqlar azdır, fərqli,
bir-birinə zidd fikirlər var. Şairin əsərlərindən
dəqiq məlumat əldə etmək çətindir.
Təzkirəçilərdən Lətifi,
Əhdi, Əli Bəyani,
Aşıq Çələbi, Sam Mirzə şairin
Bağdadda doğulduğunu yazırlar. Əhdi Bağdadi
şairi "mövlana Füzuli Bağdadi", Aşiq
Çələbi "Füzuli məzkur Bağdadidir"
kimi tanıdır. Alimlərin çoxu Füzulinin Bağdadda
doğulması fikrini qəbul etməmişlər.
Təzkirəçi Xınalızadə
Həsən Çələbi
yazır ki, Füzuli Hillədə doğulmuşdur. Sadiq bəy
Sadiqi, Məhəmməd Fuad Köprülü, Əli Məhfuz
da eyni fikri təkrar etmişlər.
Sərvət Bayoğlu ciddi qaynaq göstərmədən, təxminlərə
əsaslanaraq Məhəmməd Füzulinin Bağdad, Kərbəla,
Nəcəf, Hillə, Kərkük, Mənzil, Hit şəhərlərindən
birində doğulduğunu yazmışdır.
XX yüzilliyin altmışıncı
illərindən başlayaraq Məhəmməd
Füzulinin Kərkükdə doğulması ilə
bağlı fikirlər önə
çıxmışdır. Bu fikri daha çox İraq
türkmən alimləri müdafiə etmişlər. Dörd
səbəbə görə Füzulinin Kərkükdə
doğulması fikrini ciddi qəbul etmək imkansızdır:
birincisi, Füzulinin çağdaşı olan və
sonrakı dövrdə yaşamış heç bir təzkirəçi
bu fikrə yer verməmişdir, ikincisi, Füzulinin Kərkükdə,
bölgənin bir kəndində doğulması fikri XX
yüzilliyin başlanğıcında ara-sıra səsləndirilsə
də, eyni əsrin 60-cı illərində önə
çıxmışdır ki, bu da siyasi səbəblərlə
bağlıdır, Füzulinin ərəb, kürd olduğunu
yazanlara cavabdır, üçüncüsü, Füzulinin Kərkükdə
doğulduğunu iddia edənlərin tutarlı elmi, tarixi, ədəbi
qaynaqları yoxdur, dördüncüsü, Məhəmməd
Füzulinin irsindən şairin Kərkükdə
doğulması ilə bağlı qaynaq tapmaq
imkansızdır.
Füzulinin Kərbəlada doğulması
ilə bağlı fikri ilk dəfə
Riyazi "Riyazüş-şuəara" təzkirəsində
irəli sürmüşdür. Riyazi bu tezisini əsaslandırmaq
üçün şairin farsca bir qitəsinə əsaslanmışdır.
Füzuli bu qitədə deyir ki, bir halda ki, mənim məqamım
Kərbəla torpağıdır, o halda, şeirim hər
getdiyi yerdə hörmətlə qarşılanmalıdır.
Mənim şeirim qızıl deyil, gümüş deyil, inci
deyil, ləl deyil. Bu qulun şeiri bir torpaqdır, ancaq Kərbəla
torpağıdır... Qeyd edək ki, bu qitə Füzulinin Kərbəlada
doğulmasını təsdiq edəcək tutarlı dəlil
sayıla bilməz. Şairin Kərbəlanı çox
sevdiyi, hz.Hüseynə bağlılığı bir
gerçəklikdir, o bu məkana ruhən bağlıdır,
ancaq şeirlərində Kərbəla adı doğulduğu
məkan anlamında işlədilməmişdir.
Məhəmməd Füzulinin həyatı,
mühiti ilə bağlı ayrıca
kitab yazmış Əbdülqadir Qaraxan şairin doğum yeri
ilə bağlı yazılanlara Əhməd Razinin "Həft
iqlim", Lütfəli bəyin "Atəşkədə"
təzkirələrindəki qeydləri də artıraraq onun
Kərbəlada doğulduğunu söyləmişdir.
Məhəmməd Füzuli Kərbəlada
doğulmuşdur fikri türk
füzulişünaslığında XX yüzilliyin 40-50-ci
illərindən başlayaraq sabitləşmişdir. Təbii
ki, bu bütün alimlərin qənaəti deyil - şairin
Babildə, Hillədə doğulduğunu iddia edən alimlər
də var.
Nəticə olaraq, deyə bilərik ki, Füzuli türkcə
divanının ön sözündə İraqi-ərəbdə
doğulduğunu, böyüdüyünü, başqa bir məkana
getmədiyini yazır, Kərbəla torpağını
başqa ölkələrin torpağından şərəfli
sayır, elə buna görə də şeirinin mərtəbəsinin
ucalığını vurğulayır. Şair farsca
divanının ön sözündə isə şeirlərinin
Nəcəf, Kərbəla torpağında yetişdiyini, vəlilər
bürcü Bağdadın suyu, havası ilə bəslənib
böyüdüyünü, Kərbəlada
yazdıqlarının bu məkanın torpağından
düzəldilən təsbeh kimi əldən-ələ gəzməsinin
zəruri olduğunu söyləyir, yəni birbaşa Kərbəlada
doğulduğunu demir, o yerə sevgisini ifadə edir, çox
sevdiyi məkanda yazdığı şeirlərin
üstünlüyünü göstərir.
Türk
füzulişünaslığında Məhəmməd Füzulinin
doğum tarixi ilə bağlı fərqli fikirlər var.
Əbu Ziya Tofiq şairin 910/1504-cü ildə
doğulduğunu, Hillə müftisinin oğlu olduğunu
yazır, ancaq heç bir qaynaq göstərmir. Məhəmməd
Fuad Köprülü bu fikirlə razılaşmır,
şairin doğum tarixini "... bu sənədən on-on
beş sənə daha əvvələ götürmək icab
edər" deyir, belə ki, Füzuli Ağqoyunlu
hökmdarlarından Əlvənd bəyə qəsidə
yazmışdır, Əlvənd bəyin ölüm tarixi
1504-cü ildir. Hasibə Mazıoğlu da bu fakta əsaslanaraq
Füzulinin təxminən 1480-cı ildə doğulduğunu
söyləyir.
Məhəmməd Füzulinin həyatı
ilə bağlı monoqrafiya yazmış
Əbdülqadir Qaraxan şairlə sıx bağlı olan
üç məsələyə əsaslanaraq onun 900/1495-ci
ildə doğulduğunu yazmışdır: birincisi,
Füzuli "Bəngü-badə" məsnəvisini Sah
İsmayıl Şeybək xanı öldürəndən
sonra - 916/920-1510-1514-cü illərdə ona ithaf etmişdir, bu
vaxt şairin ən azı 18-20 yaşı olmuşdur.
İkincisi, Sultan Süleyman Qanuni Bağdadı fəth edərkən
(1554) şairin yazdığı qəsidələrdən və
qaynaqların verdiyi məlumatlardan anlaşılır ki,
Füzuli təxminən qırx yaşındadır.
Üçüncüsü, şair qocalığından,
ölümlə bağlı düşüncələrindən
danışarkən çox yaşlandığını
söyləyir, oğlunun üç dildə şeir yaza biləcək
qüdrətə yetişdiyini deyir. Bunlar Füzulinin
900/1495-ci il "hüdudlarına girmədən əvvəl"
doğulduğunu göstərir. Alim daha sonra bir məqalə
yazmış, Füzulinin doğum tarixi ilə bağlı
fikrini dəyişmiş, şairin 1480-ci ildə anadan
olduğunu yazmışdır. O, dəlil olaraq Füzulinin
"Əlvənd bəy mədhində şikayət yollu qəsidə"sini
göstərmişdir. Alim Əlvənd bəyin şəxsiyyətini
araşdırmış, bu qənaətə gəlmişdir
ki, şair qəsidəni 1500-ci ildə Əlvənd bəyə
təqdim etmişdir. Deməli, şairin 1500-ci ildə təxminən
iyirmi yaşı olmuşdur.
Əbdülqadir Qaraxanın Füzulinin
1480-ci ildə doğulduğunu əsaslandırmaq
üçün bir qaynağı da var. Alim deyir ki, şair
"Ey əmir-əl möminin, əlli ildir ki, Füzuliyə
cənabi-haqq sənin mədhini ilham edir... qocalıq onun belini
bükdü" misralarını hz.Əliyə
həsr etmişdir. O bu misraları Şah İsmayıl
Bağdadı fəth edərkən (914/1508) yazıb, o zaman
Füzulinin otuz yaşında bir gənc olduğunu
düşünmək olar.
Əbdülbaqi Gölpınarlı da, bir sıra başqa qaynaqlar da Füzulinin təxminən
1480-ci ildə doğulduğunu yazmışlar.
Türk
alimləri Füzulinin
doğum tarixini dəqiq göstərməsələr
də, bu tarixin 1480-1490-cı illər arasında olduğunu
iddia edir, əsaslandırmağa çalışırlar.
Türk
füzulişünaslığında şairin ölüm tarixi
ilə bağlı ortaq fikir olduğunu söyləmək
mümkündür. Təzkirələrdə fərqli fikirlər
olsa da, Əbdülqadir Qaraxan ortaq qənaəti belə ifadə
etmişdir: "... Bütün dəlillər Füzulinin
ölümünün hicri 963-cü ildə olduğunu
göstərir və artıq bu tarixdən şübhə
caiz deyildir".
Füzulinin ölüm tarixini
Əhdi Bağdadi "köçdi
Füzuli", ya da "keçdi Füzuli" ifadəsi ilə
göstərmişdir. Bu ifadənin əbcəd hesabı ilə
qarşılığı 963/1566-cı ildir - Əhdi bu tarixi
rəqəmlə də yazmışdır, ancaq Əhdi də,
başqa təzkirəçilər də Füzulinin harada vəfat
etdiyi, harada dəfn olunduğu ilə bağlı məlumat
verməmişlər. Məsələ ilə bağlı xəbəri
Süleyman Faiq Əfəndi məcmuəsindən öyrənirik.
Bu qaynaqda deyilir ki, Füzulinin məzarı Kərbəlada -
İmam Hüseynin türbəsinin
yaxınlığındadır.
Əhdi
Bağdadi qeyd edir ki, Füzulinin Fəzli adlı bir oğlu
var, o, şairdir, zahiri elmlərlə məşğuldur,
üç dildə - türkcə, farsca, ərəbcə
şeir yazır.
Sadiq bəy Sadiqi "Məcmaul-xəvas"
(1007/1598) adlı təzkirəsində Füzulinin
oğuzların bayat boyundan olduğunu göstərir. Şair
türkcə, farsca divanlarının ön sözündə,
"Hədiqətüs-süəada" adlı nəsr əsərində
ana dilinin türkcə olduğunu açıq
yazmışdır:
Ey feyzrəsani-ərəbü
türkü əcəm,
Qıldın ərəbi əfsəhi-əhli-aləm,
Etdin füsəhayi-əcəmi İsadəm,
Bən türkzəbandan iltifat eyləmə kəm.
(Ey ərəbə,
türkə, əcəmə feyz bağışlayan (Allah), ərəbi
dünya xalqının ən fasihi - gözəl
danışanı, yazanı, İran (Əcəm) fasihlərini
İsa nəfəsli etdin. Dili türk dili olan məndən də
yardımını əskik etmə).
Türk
alimləri deyirlər ki, Məhəmməd Füzulinin dərin
təhsili var, o, dövrünün elmlərini, türk, ərəb,
fars dillərini mükəmməl öyrənmişdir.
Şair türkcə, farsca divanlarının ön sözlərində,
şeirlərində nəqli, əqli elmləri öyrənmək
üçün ömrü boyu
çalışdığını bildirir, mədrəsədə
oxuyarkən şeirlər yazır, şeirə fitri meylinin
olduğunu açıqlayır, o, "şeir gözəlinin
elm və mərifət bəzəyindən məhrum
olmasını istəmir", elmsiz şeiri təməlsiz
divara bənzədir.
Məhəmməd Füzuli bir sıra dövlət adamlarından yardım
alsa da, yoxsul, təvazökar həyat yaşamışdır.
O, adının Məhəmməd, atasının
adının Süleyman olduğunu "Mətləəl-etiqad"
əsərinin ön sözündə yazmışdır:
"... Əsaslı elmi axtarışlar sahəsində
yüksək mövqeyə malik bəndə -Füzuli
adını daşıyan Məhəmməd ibn Süleyman
deyir...".
Şair
farsca divanının ön sözündə niyə məhz
"Füzuli" təxəllüsünü seçdiyini
izah etmişdir. "Füzuli" sözünün iki mənası
var: sözü "fəzl" sözünün cəmi kimi
oxumaq olar, bu zaman "fəzilət", "ərdəmli
olmaq", "yetkinlik" mənalarını yüklənir,
bir də sözün "boş-boş danışan"
"uzunçu", "arsız" anlamları var: "...
Şair elmin, fəzilətin üstünlüyünü
göstərmək üçün özünü
boş-boş danışan adlandıraraq ustaca bir ifadədən
yararlanmışdır. Füzuli şeirlərində və əsərlərində
daima tək qalmaq, bənzərsiz olmaq arzusundadır. Buna
görə Füzuli təxəllüsü ilə şair
özünə başqa şairlərdən fərqli bir
şeir dünyası yaradaraq, şeirlərinin məna və
ifadə baxımından qüsursuz olması üçün
çalışaraq əbədiyyatımızda tək
qalmağı bacarmışdır".
Məhəmməd Füzuli yaşadığı
məkanda ona dəyər verilmədiyini
yazır, Təbrizə, Anadoluya, Hindistana getməyi
arzulayır.
Füzuli
dindar şairdir, Qurani-Kərimi, hədisləri bilir, Allah Rəsuluna,
onun əhli-beytinə bağlıdır. Süleyman Nazif
şairin sünni olduğunu yazsa da, bu fikrin heç bir əsası
yoxdur, Fuad Köprülünün dediyi kimidir, o, şiədir,
ancaq fanatik şiə deyildir, sünnilərlə də
gözəl əlaqə qurmuş, Qanuni Sultan Süleymana
"gəldi bürcü övliyaya padişahi namdar",
"o, Peyğəmbərin xəlifəsi, müsəlmanların
başı və qoruyucusudur, İraqa ədalət, nizam gətirmişdir"
deməyi bacarmışdır: "O, imanı sağlam, əxlaqi
məziyyətləri üstün, böyük bir insan, tam bir
müsəlmandır...".
Füzuli
şairdir, din alimidir,
nəzmlə, nəsrlə əsərləri var, üç
dildə yazmışdır: "... O, dərin mədəniyyəti,
kəskin zəkası, iti qələmi, şair ruhu ilə bədii
nəsrin ən mükəmməl örnəklərini
vermişdir. O, məcazi bir üslubda yazsa da, ifadəsi
(üslubu) son dərəcə axıcı və gözəldir...".
Məhəmməd Füzuli türk,
ərəb, fars mədəniyyətinin
bir arada yaşadığı İraq ədəbi, elmi, dini, mədəni,
siyasi mühitinin yetirməsidir.
6. Məhəmməd Füzulinin əsərlərinin
təhlil örnəkləri
a) Şairin türkcə divanı
Məhəmməd Füzulinin türkcə
divanında qəsidələr, qəzəllər,
müstəzad, tərkibbənd, tərcübəndlər,
müsəddəslər, müxəmməslər, təxmislər,
mürəbbelər, qitələr, rübailər var. Şair
türkcə divanının ön sözündə şeirlə
bağlı görüşlərini açıqlayır,
deyir ki, sözün yaradıcısı Allahdır, şeir
Allahın bəzi qullarına verdiyi bir lütfdür. O,
söz nemətini Füzuliyə də vermişdir. Füzuli
üç qrup insanın şərindən Allaha
sığınır: şeirlərini yanlış yazan katiblər,
şeiri pis oxuyanlar, istedadsız şairlər.
Məhəmməd Füzulinin qəsidələrinin
nəşri, tənqidi mətninin
hazırlanması, şərhi ilə bağlı türk
füzulişünaslarından bu alimlərin ciddi əməyi
var: Əbdülbaqi Gölpınarlı, Əbdülqadir
Qaraxan, Məhəmməd Fuad Köprülü, Kamal Ədib
Kürkçüoğlu, Hasibə Mazıoğlu, Peyami Safa,
Əli Nihad Tərlan, Əbdülqadir İnan.
Türk
füzulişünasları şairin qəsidələrini
təhlil edərkən bu məsələləri önə
çıxarmışlar, birincisi, Füzulinin türkcə
divanının qəsidələr bölməsi tövhidlə
başlayır, bu, şairin Allah inancını, təhqiqi
imana sahib olduğunu, Allahı doğru
tanıdığını, Onu tanıtmağı vəzifə
saydığını, şairin
dünyagörüşünün qaynaqlarından birini
göstərir. İkincisi, türkcə divanda doqquz nət
var, Füzulinin Allah Rəsuluna
bağlılığını ifadə edir.
Üçüncüsü, Füzulinin qəsidələri
onun həyatını, mühitini doğru öyrənmək
üçün etibarlı qaynaqlardan biridir, təsadüfi
deyildir ki, şairin həyatı ilə bağlı bir
sıra faktlar qəsidələrindəki tarixi bilgilər və
şəxsiyyətlərin kimliyi müəyyən edilərək
ortaya qoyulmuşdur. Dördüncüsü, qəsidələr
Füzulinin şair kimliyini, ustalığını təsdiq
edən bədii sənədlərdir. Beşincisi, qəsidələr
türk dilinin bədii gücünü, şairin üslubunu,
fikri ifadə imkanını açıqlayır.
Məhəmməd Füzuli tövhid
məzmunlu qəsidəsində Allahın
varlığını, təkliyini ifadə edir,
varlığa - yaradılmışlara üç
baxış ölçüsü qoyur: birincisi, hər
varlıq əlamətdir, Allahın varlığını təyid
edir, deyir ki, varlıq ona görə var oldu ki, Allah var, hər
varlıq öz hal dili ilə Allahdan başqa ilah yoxdur deyir:
...Nişani-kəsrəti-əşya
dəmadəm əhli-təqlidə,
Rümuzi-nüqteyi-tövhidi-həqq xatirnişan
eylər.
Bəyani-macərayi-masələf
hal əhlinə bir-bir,
Zəbani-halilən keyfiyyəti-qüdrət bəyan eylər.
(Şeylərin-yaradılmışların
çoxluğu təqlid əhlinə ardıcıl olaraq
xatırladır ki, onlar Allahın varlıq və birliyinin rəmzləridir,
hər biri öz hal dili ilə Allahın qüdrətini bəyan edir).
İkincisi, Füzuli qəsidələrində
buyurur ki, varlıq-yaradılmışlar
ayədir, deyirlər ki, Allah tək, yaradılmışlar
çoxdur. Üçüncüsü, Füzuli hər
varlığın əmanət olduğunu
açıqlayır, ey insan, Allahın əmanətlərini
qorumaq sənin işindir, Allah əmanətlərinin
hesabını səndən soruşacaq, yəni şair axirətə,
hesaba, ilahi ədalətə inanır, insanın məsuliyyətli
varlıq olduğunu söyləyir.
Türk
alimləri Füzulinin
"Su" rədifli qəsidəsinə
ayrıca yer ayırmış, onu nət ədəbiyyatının
şahı saymış, söz-söz şərh etmişlər.
Otuz iki beytlik bu qəsidə Füzulinin Allah Rəsuluna
sevgisini, mənəvi bağlılığını ifadə
edir. Şair "su" sözünü rədif seçir,
su həyat qaynağıdır, ilahi rəhmətdir, bərəkətdir,
nemətdir, təmizlikdir, səsi hüzur verir. Allah Rəsulu
su kimidir, su maddi, o, mənəvi qidadır, Allah hidayət rəhbəri,
dirilik qaynağı, ağılın, ruhun, qəlbin şəfası
olan vəhyi insanlara çatdırmaq üçün Onu
seçmişdir, O, Allahın seçdiyi ən gözəl
örnəkdir, Rəsula itaət Allaha itaətdir.
Füzuli
deyir ki, qəlbim Allah
Rəsuluna sevginin atəşi ilə yanır, bu elə bir atəşdir
ki, göz yaşlarının onu söndürməsi
imkansızdır:
...Dəstbusi
arizusundan gər ölsəm, dustlər,
Kuzə
eylin torpağım, sunun onunla yarə su.
(Dostlar, sevgilinin - hz.Məhəmmədin əlini
öpmək arzusu ilə ölsəm, torpağımdan kuzə
düzəldin, onunla yara - sevgiliyə su verin).
...Suya
versin, bağiban gülzari, zəhmət çəkməsin,
Bir
gül açılmaz yüzin tək versə, min gülzarə
su.
(Bağban boş yerə zəhmət
çəkməsin, gül bağçasını selə
versin, O, min gül bağçasına su versə də, Allah
Rəsulunun üzü kimi bir gül açılmaz).
...Yümni-nətindən
gühər olmuş Füzuli sözləri,
Əbri-nisandan dönən tək
lölöi - şəhvarə su.
(Səni - Allah Rəsulunu
öyməyin bərəkəti ilə Füzulinin sözləri
nisan buludundan düşüb böyük (tək) inciyə
çevrilən su damlası kimi bir mirvari olmuşdur).
Türk
füzulişünasları şairin qəzəllərinin
şərhi ilə bağlı ciddi işlər
görmüşlər. Müasir oxucunun Füzulinin əsərlərini
doğru anlaması çətindir, zaman, dil, üslub,
anlayış fərqi var. Elə buna görə də klassik
irsin söz-söz şərhi bir ehtiyacdır. Bu məsələ
ilə bağlı professor Əli Nihad Tərlanın
gördüyü işlər ayrıca qeyd olunmalıdır.
Alim Məhəmməd Füzulinin
qəzəllərini şərh edərkən
bu ölçüləri seçmişdir: qəzəlin mətnini
vermiş, onu rədifi, ya da birinci misrası ilə
adlandırmış, hər beyti rəqəmlə
sıralamış, qəzəlin vəznini bildirmiş, hər
beyti ayrıca şərh etmiş, anlayışları
seçmiş, mənalarını açıqlamış,
məcaz növlərini, onların mətndəki işini,
şairin məqsədini göstərmişdir.
Türk
alimləri deyirlər
ki, Füzulinin şeirləri, o sıradan qəzəlləri
ciyər qanı, göz yaşları ilə
böyütdüyü övladlarıdır, o, şeirlərin
ən gözəlini yazmaq iddiasındadır. Füzulinin qəzəlləri
göstərir ki, o, aşiqdir, eşq, iztirab şairidir:
Məndə
Məcnundan füzun aşiqlik istedadı var,
Aşiqi-sadiq mənəm, Məcnunun
ancaq adı var.
...Əhli-təmkinəm,
məni bənzətmə, ey gül, bülbülə,
Dərdə yox səbri onun, hər ləhzə min fəraydı var.
...Gəzmə,
ey könlüm quşu, qafil fəzayi-eşqdə,
Kim, bu səhranın güzərgəhlərdə çox səyyadı
var.
Ey
Füzuli, eşq mənin qılma nasehdən qəbul,
Əql tədbiridir ol, sanma ki, bir bünyadı var.
(Məndə Məcnundan daha çox aşiqlik
istedadı var, sadiq aşiq mənəm, Məcnunun ancaq
adı var. Ey gül, mən təmkinli, səbirli insanam, məni
bülbülə bənzətmə, Onun dərdə səbri
yox, hər an min fəryadı var, Ey könlüm quşu,
eşq göyündə qafil olaraq uçma, belə ki, bu səhranın
- eşq səhrasının yollarında çox ovçusu
var. Ey Füzuli! Sənə öyüd verənlərinin
eşqi yasaqlamasını qəbul etmə. Onun
öyüdü ağılın tədbiridir, bir təməli
yoxdur).
Məhəmməd
Füzuli deyir ki, gerçək şeirin mayası acı, kədər,
ayrılıqdır, dərin hüzndən doğulan
şeirin insana təsir gücü çoxdur.
Türk
alimləri Füzulini
Nəsimidən seçir, deyirlər ki, Nəsimi
bəlli bir dini-fəlsəfi görüşü təmsil
edir, o, şeiri təbliğat vasitəsinə
çevirmişdir. Füzuli isə bir gerçək
aşiqdir: "... Divanındakı bütün qəzəlləri
eşq duyğularının, hicranın, ayrılıq
acılarının tərənnümü, sevgilinin gözəlliyinin
təsviridir. Füzuli eşqdən, eşqin qəmini çəkməkdən
məmnundur. Başqalarının cəfasını çəkməyi,
xalqın qınamasına qatlanmağı aşiqliyin təbii
bir cilvəsi sayır. O, eşqdəki səbatını, səbir
gücünü böyük eşq qəhrəmanları olan
Məcnun və Fərhadın eşqi ilə
qarşılaşdırır, deyir ki, mən onlardan daha
böyük aşiqəm...".
Professor Hasibə Mazıoğlunun
belə bir iddiası var ki, Füzulinin
eşqi mənşə etibarı ilə bəşəri
eşqdir. Bu fikirlə razılaşmaq çətindir, belə
ki, Füzulinin qəzəllərində bəşəri
eşq də, ilahi eşq də var, o, özünü eşq,
möhnət, qənaət ölkəsinin padşahı
sayır:
Mənəm
ki, qafiləsalari-karivani-qəməm,
Müsafiri-rəhi-səhrayi-möhnətü ələməm,
Həqir
baxma mənə, kimsədən saqınma kəməm,
Fəqiri-padişahasa, gədayi-möhtəşəməm,
Sirişk
təxti-rəvandır mənə,
bu ah-ələm,
Cəfavü cövr-mülazim, bəlavü
dərd-həşəm.
Nə
mülkü mal mənə çərx versə, məmnunəm,
Nə mülkü maldan avarə qılsa, məhzunəm.
Əgərçi müflisü pəstü
mühəqqərü dunəm,
Dəmadəm öylə xəyal
eylərəm ki, Qarunəm.
Könüldə nəqdi-vəfa gənci,
leyk pünhani,
Gözüm xəzaneyi-ləlü gühər, vəli
fani...
(Mən qəm
karvanının qafilə başçısıyam. Möhnət,
ələm səhrasının yolunun yolçusuyam. Məni həqir
görmə, hər kəsdən aşağı olduğumu
sanma. Mən padşah kimi fəqir, möhtəşəm
yoxsulam. Göz yaşı yeriyən taxtım, ah
bayrağım, cəfa və cövr yaxın adamlarım, bəla
və dərd əsgərlərimdir. Fələk mənə
mal, mülk versə, məmnun olmaram. Maldan, mülkdən
ayırsa, hüznlənmərəm. Hər nə qədər
pulsuz, aşağılanmış, təhqir edilmiş olsam
da, hər an elə xəyal edirəm ki, Harunam -
dünyanın ən zəngin adamıyam. Könüldə vəfa
xəzinəsi var, ancaq gizlidir. Gözüm ləl, gövhər
xəzinəsidir, ancaq keçicidir).
Davamı gələn sayımızda
Siracəddin HACI
Ədəbiyyat qəzeti.- 2024.- 12 oktyabr, ¹39.- S.30-31.