Mirzə Fətəli Axundzadənin
Cəlaləddin Mirzə ilə yazışmaları
M.F.Axundzadənin Cəlaləddin
Mirzəyə məktubları:
M.F.Axundzadənin məktublaşdığı
adamlar sırasında
xüsusi mövqeyi ilə seçilənlərdən
biri də Qacarlar sülaləsindən
İranın ikinci şahı Fətəli şah Qacarın oğlu şahzadə Cəlaləddin Mirzə olmuşdur. 1870-ci ildə M.F.Axundzadəyə yazdığı məktubunda
45 yaşında olduğunu
bildirən Cəlaləddin
Mirzə (M.F.Axundov. Əsərləri. III cild.
Bakı: "Elm", 1988, s. 292) azadfikirli və tərəqqipərvər bir
adam olduğu üçün qardaşı
oğlu Nəsirəddin
şahın göstərişi
ilə təqib edilmiş, bu səbəbdən də öz evində inzivaya çəkilməyə
məcbur olmuşdu. Dörd cilddə yazmağı planlaşdırdığı,
üç cildini yazıb tamamlaya bildiyi, İranın tarixindən bəhs edən "Nameyi-xosrovan"
adlı əsərini
M.F.Axundzadəyə göndərən Cəlaləddin
Mirzə bir çox məsələlərdə
böyük mütəfəkkirlə
həmfikir olmuşdur.
Onların tanışlıqları
1870-ci ildən başlamış
və aralarında yazışmalar şahzadənin
ölümünə qədər
davam etmişdir. Cəlaləddin Mirzəyə
çox yüksək
dəyər verən,
dostlarından Mirzə
Yusif xana və Mirzə Melkum xana yazdığı
məktublarda onu böyük hörmətlə
gözəl alim və
tərəqqipərvər ziyalı
kimi xarakterizə edən ədibin Cəlaləddin Mirzəyə
fars dilində yazdığı səkkiz
məktubu şərqşünas-tərcüməçi,
professor Məmməd Mübariz
Əlizadə tərəfindən
tərcümə edilərək,
M.F.Axundzadənin "Əsərləri"nin III cildinə
daxil edilmişdir (M.F.Axundov. Əsərləri.
III cild. Bakı:
"Elm", 1988 (Tərtib edəni: Həmid Məmmədzadə; farscadan
tərcümə edəni:
M.Mübariz, redaktoru Ə.Mirəhmədov),
s.141-145, 145-147, 149, 160-164, 164, 164-168, 181-182, 184-186)
"Nəvvabi-əşrəf, yüksək
və böyük alimənsəb Cəlaləddin
Mirzə (Allah onun ömrünü uzun eləsin) həzrətlərinə
ərz edirəm" adlı birinci məktub 15 iyun 1870-ci ildə, sonuncu "Həzrət əşrəf
şahzadə Cəlaləddin
Mirzəyə" məktub
isə 1871-ci ilin sentyabrında yazılmışdır.
Birinci məktubdan anlaşılan
budur ki, şahzadə
ilə M.F.Axundzadə
şəxsən tanış
olmasalar da, şahzadə
onun haqqında kifayət qədər məlumata malikdir və məktub yazaraq kitabını İranın Tiflisdəki konsulu Əli xan vasitəsi ilə M.F.Axundzadəyə
hədiyyə kimi göndərmişdir.
Şahzadənin göndərdiklərini götürmək üçün
Əli xanın mənzilinə getdiyini qeyd edən M.F.Axundzadə yazır: "Həzrət-əşrəfinizin
xidmətinə ərz
edirəm ki, kitab və
məktubunuz çatıncaya
qədər mən sizin fəzilət və kamalınız, habelə vəziyyətiniz
haqqında olan həqiqətlərdən o qədər
də xəbərdar deyildim. Sizin haqqınızda birinci dəfə mənə alicənab cavanlardan olan Əli xan
o qədər yüksək
məlumat vermişdir
ki, gecə-gündüz sizi
görmək həsrətindəyəm"
(M.F.Axundov. Əsərləri. III cild.
Bakı: "Elm", 1988, s.143) .
M.F.Axundzadə Cəlaləddin
Mirzəyə göndərdiyi
kitabı oxuduğunu
(məktubda kitabın
adı çəkilməsə
də, əsasən, atəşpərəstlərdən bəhs etdiyi anlaşılır - İ.Q.), sadə,
anlaşıqlı dildə,
ərəb tərkiblərindən
daha az istifadə
olunmaqla yazıldığını
bəyəndiyini bildirir,
sonra da öz yaradıcılığı barədə
qısaca məlumat verərək yazır:
"Bir də mənim
elə əsərlərim
var ki, doğrudan da, həzrət-əşrəfinizin
mütaliəsinə layiq
görülə bilər.
Lakin təəssüf ki, onların
çoxu hələ çap edilməmişdir"
(yenə orada, s.144).
"Çap olunmamış
əsərlərim" deyəndə,
M.F.Axundzadə, heç şübhəsiz
ki, "Kəmalüddövlə məktubları"nı, "Yeni əlifba layihəsi"ni,
fəlsəfi, ədəbi-tənqidi
və tarixi məqalələrini nəzərdə
tuturdu. Çünki ədibin komediyaları və "Aldanmış kəvakib" povesti məktub yazılandan xeyli əvvəl Azərbaycan və rus dillərində çap olunmuş,
İran, Türkiyə və
hətta Avropa ölkələrində yayılmışdı.
Məktubun sonunda komediyalarının
"bir nüsxəsi"ni
və "oxunması
maraqlı olan Süruş haqqında yazdığı tənqidin
surəti"ni Cəlaləddin
Mirzəyə göndərdiyini
bildirən müəllif
qeyd edir ki, mənimlə "məktublaşmağı
davam etdirərək, öz fikir və
planlarınız haqqında
mənə yazsanız,
özümü xoşbəxt
adamlardan biri hesab edərəm. Mən də öz növbəmdə sizin hər bir məktubunuza dərhal cavab yazıb, həzrət-əşrəfinizin
qiyabi mərhəməti
ilə kədərli könlümə təsəlli
verəcəyəm" (yenə
orada, s.145).
M.F.Axundzadə Cəlaləddin
Mirzəyə ikinci məktubu 1870-ci il sentyabr ayının sonlarında yazmışdır. Cəlaləddin
Mirzədən iyul ayında gələn məktuba cavab kimi yazılan məktubda M.F.Axundzadə
qeyd edir ki, "mən məktublarımı
sizin kimi ərəb sözlərinin
qarışığı olmadan
xalis fars dilində yaza bilmirəm. Çünki uşaqlıqdan fars dilini belə öyrənmişəm. İndi isə bu adəti
tərk etmək mənim üçün çox çətindir. Məndə günah yoxdur. Ərəblərin evi yıxılsın. Bu barədə məni bağışlamalısınız" (yenə orada, s.145).
"Sizin məktubunuzu dönə-dönə oxuyub
vəziyyətinizdən xəbərdar
oldum. Sizin hümmətinizə, zövqünüzə
və incə nüktələri anlamaq qabiliyyətinizə və
hər işdən agah olmağınıza afərinlər söylədim",
- deyən ədib ümid edir ki, o, zərdüştilərin əhvalatına
dair əsəri uğurla yazıb tamamlayacaqdır.
M.F.Axundzadə şahzadəyə
məsləhət görür
ki, İranın Parisdə
konsulu olan və son zamanlarda Tehrana çağırılmış
Mirzə Yusif xanla görüşüb
əsərlərini oxusun,
"hərdənbir onunla
söhbət etməklə
dərd-qəmini dağıtsın".
Fikrinə davam edən ədib Mirzə Yusif xanı belə xarakterizə edir: "Mənim nəzərimdə
bu şəxs dünyanın bütün
möbidləri, ağıllıları
və filosof təbiətli adamları içərisində əvəzsiz
bir insandır. Mənim etiqadımca, indiki dövrdə İran
şahının belə
bir fərasətli, düşüncəli, inamlı
və dövlətsevən
qulluqçusu yoxdur"
(yenə orada, s.146).
M.F.Axundzadə məsləhət
görür ki, şahzadə
"əsərlərini oxuyarkən
mənə üz verən sonsuz sevinc və vəcd nəticəsində
"ruhül-qüds" ləqəbini
verdiyim Mirzə Melkum xanın son günlər islam əlifbasının dəyişdirilməsi
ilə bağlı yazdığı kitabçasını
və "Vəzir və rəfiq" adlı əsərini oxusun. Ədib əlavə edir ki, bunların tapılmasına
Mirzə Yusif xan ona yardımçı
ola bilər.
Cavabı
bir qədər gecikən məktubunda ədib əlifba məsələsinə də
toxunur və yazır: "İndi isə
mətləb üstünə
gələk. Köhnə
islam əlifbasını
dəyişdirməyin din, dövlət,
ölkə və xalq üçün nə qədər faydalı bir iş olduğuna dair bu məktubda
müfəssəl dəlillər
gətirməklə başınızı
ağrıtmaq istəmirəm.
Hələ inişil bu məsələyə dair yazıb tərtib etdiyim bir neçə layihə və kitabçanı Tiflisdən
İran konsulxanası vasitəsi
ilə Tehrana, Maarif Nazirliyinə göndərmişəm. Bu günə
qədər mənə
cavab verməmişlər.
Bilmirəm, bu sənədlər Maarif Nazirliyinə çatmış
və məni cavabsız qoymuşlar, ya onlara çatmamışdır?
Xahiş edirəm ki, cənabınız lütf
edib, guya mənim tərəfimdən
deyil, başqa bir vasitə ilə xəbər tutmuş adam kimi bu məsələni
öyrənəsiniz ki, kitabça
çatmışsa, cavabının
verilməsinə nə
kimi bir hadisə və ya nə kimi
fikir səbəb olmuşdur?" (yenə orada, s. 146).
M.F.Axundzadə əlifba
məsələsi ilə
yanaşı, əsərlərinin
çapı və tərcüməsi ilə
bağlı da Cəlaləddin
Mirzə ilə fikir mübadiləsi aparmışdır. Onun
1870-ci ildə şahzadəyə
göndərdiyi "Azərbaycanca
"Təmsilat"ın bir
səhifəsinə yazmış
olduğu mətləbin
surəti"ndə oxuyuruq:
"Bu cür əsərlərin
əsas məqsədi
əxlaqı yaxşılaşdırmaqdır.
Avropanın mütəfəkkirləri
və filosofları anlamışlar ki, insanların
təbiətindən və
tinətindən eyibləri
və pis əməlləri ancaq məsxərə və istehza ilə rəf etmək olar" (yenə orada, s. 149).
Teatrı
və dram əsərləri
"camaatın onlardan
ibrət alıb, pis və çirkin
əməllərdən uzaqlaşmasına
kömək edən yol" hesab edən M.F.Axundzadə
"Təmsilat"ın farscaya
tərcüməsi ilə
bağlı düşüncələrini
bu cür bəyan edir: "Əgər əslində fars olub türkcəni
lazımınca bilən
Tehran ziyalılarından biri
bu "Təmsilat"ı
kitabda göstərilən
şərtlər və
qaydalar üzrə, bir şey əskiltmədən,
sözçülüyə və qafiyəpərdazlığa
yol vermədən, farsların yazı qaydalarına deyil, danışıq qaydalarına
əsasən, sadə
bir şivə ilə türk dilindən fars dilinə tərcümə
edib yayarsa, həm xalqa böyük xidmət etmiş olarlar, həm də bu kitabı satmaq yolu ilə
çoxlu qazanc əldə edə bilərlər" (yenə
orada, s. 149).
M.F.Axundzadə 1871-ci il may ayının
20-də Cəlaləddin Mirzəyə
yazdığı məktubunda
onun göndərdiyi
"Nameyi-xosrovan" əsərinin
ikinci cildini aldığını, məzmunundan
çox məmnun qaldığını, oğlu
Rəşidin fars dilini ikicildlik "Nameyi-xosrovan" və Firdovsinin "Şahnamə"sindən
öyrəndiyini qeyd edir və bildirir
ki, "Nameyi-xosrovan"dan "məktubun axırında adını yazacağım
şəniyuksək dostlardan
birisi ilə zərdüştilərin əhvalatını
oxuyub ləzzət apardıq. Xüsusilə mənim xoşuma gələn Tahirin zərdüştilərlə rəftarı
hekayəsidir ki, bu hekayə məni vəsfəgəlməz dərəcədə
sevindirdi... Çox qəribə hekayədir. Mən islam tarixlərinin heç birində onu görməmişdim" (yenə
orda, s. 160).
Məktubdan məlum olur ki,
Cəlaləddin Mirzə
öz əsəri, yəni "Nameyi-xosrovan"la
bərabər, ayrıca
bir zərfdə "Dərviş fani" ləqəbli Manukci Sahib Kəyaninin "Səyahətnamə"sini
də ona göndərmiş və M.F.Axundzadə "şəniyüksək olan
dostu ilə onu əvvəldən axıra qədər oxuyub yazıq zərdüştilərin əhvalatından
xəbərdar olublar".
Fikrinə davam edən ədib yazır: "Biz Manukci Sahibin Şeyx Mürtəzaya verdiyi sualları təhlil edərək, şeyxin cavablarını da görüb,
təəssüf etdik.
İndi həzrət-əşrəf şahzadədən xahiş
edirəm ki, Manukci Sahibi hüzuruna çağırıb mənim
dilimdən ona salam yetirsin və mənim dilimdən aşağıdakı
mətləbi ona söyləsin" (yenə
orada, s. 161).
Məktubun bundan sonrakı:
"Ey Manukci Sahib! Şeyx Mürtəza və onun kimiləri
sizin və həmdinlərinizin qeydinə
qala bilməzlər.
Allah onlara elə bir fərasət verməmişdir ki, sizin kim olduğunuzu, İranın necə idi, necədir və necə olacağını anlaya bilsinlər, sizin zillətinizin, İranın
viranlığının və
iranlıların bədbəxtliyinin
səbəbini başa
düşsünlər" (yenə orada, s.161) cümlələri ilə
başlanan hissəsi,
əslində Manukci Sahibə yazılmışdır.
Altı dəfə
"Ey Manukci
Sahib!" xitabı ilə
Manukci Sahibə müraciət edən, çoxəsrlik tarixə
malik olan İranın
və orada yaşayan xalqların, xüsusilə, zərdüştilərin
hazırda zülm və istibdad altında inləmələrinin
səbəblərini açıqlayan,
bunların aradan qaldırılma yollarının
Fətəli şah Qacarın oğlu Cəlaləddin və Övrəng-Zibi-Bərlasın oğlu Kəmalüddövlənin
məktublarında göstərildiyini
bildirən müəllif
yazır: "İndiyə
qədər sizin haqqınızda olan bütün haqsızlıqlar
cəhalət üzündən
və həqiqət sirlərini bilməməzlik
üzündən əmələ
gəlmişdir. Bu cəhalətin
üzündən pərdəni
götürmək və
həqiqət sirlərini
açıb meydana qoymağın lüzumu, hicrətdən (621-ci ildən
- İ.Q.) bu günə
qədər heç kəsin ağlına gəlməmişdir. Nəhayət,
bağışlayan Allah bu
işdə Cəlaləddini
və Kəmalüddövləni
müvəffəq etmişdir"
(yenə orada, s. 163).
M.F.Axundzadə məktubun
Manukci Sahibə aid olan sonuncu, altıncı
bəndində yazır:
"Peymani-fərhəng"in, məhbadilərin qanunlarının,
Zərdüşt dininin
və atəşpərəstlərin
qanunlarının və
kəyanilər dövlətinin
ehyası İranda bundan sonra ağlasığan
iş deyildir. Çünki dövlətlərin
və dinlərin dövrü vardır. İnsanların ömrü
müəyyən vaxt
başa çatdığı
kimi, din və dövlət cəhətdən
siz də ömrünüzü başa
çatdırmısınız... Hələlik, İranda islam dini yaşayıb
bərqərar olacaqdır.
Çünki islam dininin ömrü hələ başa çatmamışdır. Lakin bu din əvvəlki vəziyyətdə və
əvvəlki qaydada yaşamayacaqdır. Siz isə İranda olan müsəlmanların
yanında hər kəsdən artıq hörmətli və əziz olacaqsınız. Elə olacaq ki, mühacirətdə olan sizlər öz ata-baba vətəninizə,
cənnətmisal İrana
qayıdacaqsınız" (yenə orada, s.163).
Məktubun sonunda müəllif
vədinə əməl
edərək iki yerdə "şəniyüksək
dost" adlandırdığı şəxsin kimliyini açıqlayır. Bildirir
ki, "yuxarıda qeyd
etdiyim şəniyüksək
dostum Qafqazın Şeyxül-islamı Axund
Molla Əhməd Hüseynzadədir. ..Müxtəlif elmlər və fənlər sahəsində: astronomiya,
coğrafiya, hesab, riyaziyyat, heyət, tarix, hikmət və xüsusilə, fiqh eimi sahəsində
bütün Qafqaz ölkəsində Şeyxül-islamın
tayı-bərabəri yoxdur.
Bununla belə, o, filosof təbiətli və liberal məsləkli
bir adamdır" (yenə orada, s.163).
Bu məktubdan həm də məlum olur ki, Cəlaləddin Mirzə İranda şahlıq etmiş hökmdarların şəkillərini
tapmaq üçün
M.F.Axundzadədən yardım istəmişdir
ki, əldə edə
bildiyi şəkilləri
kitabına daxil etsin. Məktubda "Çingiz xandan tutmuş, Səfəvilərə
qədər padşahların
şəklini axtarıram.
Əgər tapsam, göndərməyi əsirgəməyəcəyəm.
Amma çətin ki, taplısın"
(yenə orada, s. 161),
- deyən M.F.Axundzadə
Cəlaləddin Mirzəyə
göndərdiyi "Ayrıca
vərəqə"də yazır: "Şahzadə!
Avropa camaatının
istilahında həqiqi
padşah adı o şəxsə layiq görülür ki, qanuna
tabe olub vətəninin abadlığı,
əmin-amanlığı və
xalqının tərbiyə
və tərəqqisinin
fikri ilə yaşasın. Ərəblərin
qələbəsi, farslar
dövlətinin zavalı,
"Peymani-fərhəng" və məhbadilər qanunlarının ləğvindən
sonra İran məmləkətində
həqiqi səltənət
olmamışdır. Bütün
hicri tarixi boyu bu ölkənin
hökmdarları hamılıqla
despot və haramibaşıların
tayı olmuşlar.
Buna görə də
mən yazıram ki, həmin padşahların ləyaqəti yoxdur ki, şəkilləri sizin əsərinizdə çap
olunsun" (yenə orada, s. 164).
Yazılma tarixi göstəilməsə
də, məzmunundan
1871-ci ilin yazında yazıldığı bilinən,
"Şahzadə!" müraciəti
ilə başlanan məktubda zərdüştilərlə
bağlı əsərinə
görə Cəlaləddin
Mirzəyə təşəkkür
edən, daha sonra, "Sarısifət kişiciyin" kim olduğunun ona məlum olub-olmaması sualını verən müəllif həmvətən
və həmməzhəblərinin
cəhalətdə qalmasından
yana təəssüf
hissi keçirməsini
açıqlayır. Bildirir
ki, cəhalət elmsizlik
və savadsızlıqdan
doğur ki, bu da daha çox islam əlifbasının çətinliyi ilə əlaqədardır. O, çıxış
yolunu islam əlifbasının dəyişdirilməsində
görür. Əlifbanın
yenilənməsindən ötrü
Osmanlı dövlətinə
müraciət etdiyini,
ancaq onlardan heç bir müsbət cavab almadığını bildirən
müəllifin fikrincə,
bunun səbəbi odur ki, onların "nə başlarında zəka, nə də ürəklərində
atəş vardır".
İran dövlət başçılarına
təqdim etdiyi yeni əlifba layihəsinə müsbət cavab ala bilməyən M.F. Axundzadə
bunu iranlıların bədgümanlıq, inad,
xudpəsəndlik, təkəbbür
üzündən başqalarının
ağıllı və
haqq sözünü dinləmək istəməmələrində
və ağıllı
məsləhətlərə əməl etməmələrində
görür. Savadsız
adamın heyvandan fərqlənmədiyi qənaətinə
gələn mütəfəkkir
Avropa xalqlarının
məhz anlaşıqlı
əlifba və dünyəvi elmlər sayəsində inkişaf etməsi məsələsinə
də məktubda yer ayırır və yazır: "14 milyonluq İran əhalisi içərisində savadlıların
sayı yarım milyondan artıq deyildir və bu yarım milyonun
da əksəriyyətinin savadı
çox qüsurlu və naqisdir. Nə üçün bimirlər ki, savadsız adam heyvanatdan bir o qədər fərqlənməz? Savadsızlar
içərisindən mütəfəkkirlər,
alimlər və filosoflar çıxmaz. Halbuki xalq ancaq
bu kimi vücudların
tədbirləri ilə
gündən-günə inkişaf
edə bilər" (yenə orada, s.165).
M.F.Axundzadənin Cəlaləddin
Mirzəyə yazdığı
daha iki məktubu vardır ki, birincisi, 29 iyul 1871-ci ildə, ikincisi isə 1871-ci ilin sentyabrında yazılmışdır.
Birinci məktubdan aydın olur ki, göz xəstəliyindən əziyyət
çəkən Cəlaləddin
Mirzə sağalmış
və "Allahın evi"ni ziyarət etmək qərarına gəlmişdir. M.F.Axundzadə xahiş
edir ki, Məkkəyə
"həm gedəndə,
həm də gələndə Tiflis yolu
ilə keçib bəndənizin evində mənzil edəsiniz ki, qonaqpərvərlik vəzifəmizi
yerinə yetirək və bir neçə
gün burada qalmağınız fürsətindən
istifadə edərək,
həzrət-əşrəfinizin mübarək görüşü
və söhbətindən
şad və xoşhal olaq. Şahzadənin dövlətindən
yaraşıqlı və
səliqəli çoxlu
otaqlarımız vardır
ki, həzrət-əşrəfinizin mənzil etməsinə layiq ola bilər" (yenə orada, s.181).
Cəlaləddin Mirzənin göndərdiyi
məktubu "Nameyi-xosrovan"ın
iki cildi ilə birlikdə Şeyxül-islam cənablarına
çatdırdığını bildirən M.F.Axundzadə
əlifba məsələsinə
də toxunaraq yazır: "Əlifba hələlik çap olunmamışdır. Bir çox
məsələlər və
maneələr meydana çıxmışdır. Əhvalatın
nə yerdə olduğunu əzəmətli
ağam Mirzə Yusif xan cənablarına
yazmışam. O, əlbəttə,
həzrət-əşrəfə nəql edəcəkdir"
(yenə orada, s. 181).
M.F.Axundzadənin 1871-ci ilin
sentyabr ayında Cəlaləddin Mirzəyə
yazdığı məktub,
hesab edirik ki, şahzadəyə ünvanladığı
sonuncu məktubdur (yenə orada, s.184-186).
M.F.Axundzadə bildirir
ki, 29 iyul tarixdə sizin məktubunuza cavab yazıb göndərsəm də,
hesab edirəm ki, hansı səbəbdənsə,
sizə çatmamışdır.
Daha sonra bildirir ki, Mirzə Tağı Təbibin vasitəsi ilə "göndərdiyiniz məktubu
oxuyaraq, nəvvabi-müstətabın
(bəyənilmiş, gözəl
canişin - İ.Q.) səlamətliyi
və göz ağrısının keçməsi
münasibətilə qat-qat sevincim artdı. Mirzə Tağının
söylədiyinə görə,
sizə Məkkəyə
getmək icazəsi verilmişdir. Bu xəbəri
eşidərkən sizi
görmək arzularımın
atəşi qəlbimdə
alovlandı" (yenə
orada, s.186).
Məktubda işlərinin gedişi,
Ruhül-qüdsün vəziyyəti
və İstanbulda onun əlifbasına qarşı çıxanların
"necə böyük
həngamə törətməsinə
dair müfəssəl
məktub yazıb göndərəcəyini" vəd
edən M.F.Axundzadə
bildirir ki, yanıma göndərdiyiniz Mirzə
Tağını fikrimə
və təbiətimə
uyğun bir adam kimi tanıdım
və onunla bir neçə saatlığa da olsa, sərbəst söhbət
edə bildim. Bunları "Mirzə Tağı hüzurunuza gələrkən təfsilatı
sizə söyləyəcəkdir.
Onun vasitəsi ilə və onun xətti ilə yazılmış bəzi əlavələri
xidmətinizə göndərirəm
ki, onları qoyduğum
işarələrə əsasən
"Məlum nüsxənin"
("Kəmalüddövlə məktubları" nəzərdə
tutulur - İ.Q.) lazımı yerlərinə
əlavə edəsiniz
ki, sizdəki nüsxə
təkmilləşmiş olsun.
Bu əlavələr olmadan,
sizdəki nüsxə
naqis hesab olunur" (yenə orada, s.185).
Məktubun sonunda M.F.Axundzadə şahzadədən
Manukci Sahibə salam çatdırmağı
və Rzaqulu xan Hidayətin yazdığı qədim
fars dili lüğəti ilə bərabər "Əncümən
araye-huşəng" kitabını
ona göndərməyi
xahiş edir.
***
Burada yeri gəldiyindən bir məsələyə münasibət bildirərək
aydınlıq gətirmək
istəyirik. M.F.Axundzadə təxminən,
1874-75-ci illərdə yazdığı
"Kolonel Mirzə Fətəli
Axundovun özü tərəfindən yazılmış
bioqrafiyası - yəni
tərcümeyi-halı"nda yazır: "Kəmalüddövlə"
əsəri vasitəsi
ilə özümə
çoxlu dostlar və həmfikirlər tapmışam.... Biri də
Fətəli şah Qacarın oğlu, cavan ölmüş şahzadə Cəlaləddin
Mirzə idi. O, mənimlə dost olmuşdu
və məni sonsuz dərəcədə
dost tutardı. Əfsus,
əcəl aman vermədi ki, bu fəzilət sahibi olub bütün gözəl sifətləri
və təqdirəlayiq
əxlaqı öz şəxsiyyətində cəmləşdirmiş
şahzadə ilə mənim dostluğum uzun müddət davam etsin. Alinəsəbli
şahzadə 1870-ci ildə
ömrünün cavan
çağlarında bu
fani dünyanı tərk etdi" (yenə orada, s.271).
M.F.Axundzadənin yuxarıda
bəhs etdiyimz məktublarında göstərilən
tarixlər (son məktubundakı
tarix 1871-ci ilin sentyabr ayı kimi göstərilir -
İ.Q.) və məktublaşmanın
kəsilməsi deməyə
əsas verir ki, Cəlaləddin Mirzə
1870-ci ildə yox,
1871-ci ilin sonlarında,
bəlkə də
1872-ci ildə vəfat
etmişdir.
***
Cəlaləddin Mirzənin M.F.Axundzadəyə məktubları:
M.F.Axundzadənin adı
ilk dəfə Cəlaləddin
Mirzənin Mirzə Yusif xana yazdığı
məktubda çəkilir.
Yazılma yeri və tarixi göstərilməyən və
şərti olaraq
"Birinci məktub"
adlandırdığımız qara mürəkkəblə,
şikəstə nəstəliq
xətti ilə farsca yazılmış, sonunda "Cəlal" imzası qoyulmuş məktub M.F.Axundzadənin
arxivində saxlanılan
(Q - 4/88) cildlənmiş bir
dəftərin sonuna tikilmiş (s.79), oradan tərcümə olunaraq M.F.Axunzadənin "Əsərləri"nə
daxil edilmişdir (M.F.Axundov. Əsərləri.
III cild. Bakı:
"Elm" 1988, s.287-288).
"Ruhumdan yaxşı əziz qardaşım!"
sözləri ilə başlanan məktub tərcüməçi və
tərtibçinin qeyd
etdiyi kimi, M.F.Axundzadəyə deyil, Mirzə Yusif xana yazılmış,
M.F.Axundzadə məktubda
yad edildiyindən ədibin
"Əsərləri"nə daxil edilmişdir (yenə orada, s.373).
Cəlaləddin Mirzə Mirzə
Yusif xana xatırladır ki, əgər
yadınızda varsa, siz Tehranda olarkən,
tarixi mövzuda yazdığım əsərin
müəyyən yerlərini
gətirib evinizdə sizə oxumuşdum.
İndi həmin əsərin
Məhbadilərin başlanğıcından
Sasanilərin sonuna qədər dövrü əhatə edən birinci cildi çıxmışdır.
Hər ölkədə
olan ağıllı adamlara həmin kitabdan özüm göndərirəm. Aydındır
ki, əgər İranda
beş nəfər ağıllı adam olarsa, onlardan biri sizsiniz, əgər iki nəfər varsa, yenə də biri sizsiniz. Kitabımı sizə göndərirəm ki, çəkdiyim
zəhmətlərdən xəbərdar
olasınız.
Cəlaləddin Mirzə daha sonra yazır ki, eşitdiyimə görə,
Rusiyada iki nəfər də başqa alim vardır ki, mən onların əsərlərini görmüşəm
və əsərləri
barədə eşitmişəm.
Onlardan biri Mirzə Kazım bəydir ki, Peterburqdadır.
Digəri isə, Mirzə Fətəlidir
ki, Tiflisdədir. Onlar
üçün də
"Nameyi-xosrovan"dan ikisinin
üstünü yazıb
göndərirəm. Kitabları
çatdırmağını və onlardan cavab istədiyimi onlara bildirməyinizi rica edirəm.
Mirzə
Yusif xan dostunun xahişini yerinə yetirərək, onun məktubunu və kitabını M.F.Axundzadəyə çatdırmış, M.F.Axundzadə
məktubu oxuyub kitabla tanış olandan sonra 15 iyun 1870-ci ildə Cəlaləddin Mirzəyə
ilk məktubunu yazmışdır
(yenə orada, s.
141-145).
Yuxarıda qeyd olunanları
nəzərə alaraq,
belə qərara gəlmək olar ki, Cəlaləddin Mirzənin
məktubu 1870-ci ilin
ilk aylarında Tehranda
yazılmışdır.
Cəlaləddin Mirzənin birbaşa
M.F.Axundzadəyə ünvanlanan və altında "Cəlal"
imzası qoyulan, qara mürəkkəblə,
şikəstə nəstəliq
xətti ilə fars dilində yazılmış məktubu
M.F.Axundzadənin arxivindəki
Q - 4/88 nömrəli sənəddən
tərcümə edilərək
"Əsərləri"nə daxil edilmişdir (yenə orada, s.288). Hesab edirik ki, məktub İranın Fransadakı səfiri Mirzə Yusif xana 1870-ci ilin əvvəllərində yazılmış
məktubun içərisinə
qoyularaq "Nameyi-xosrovan"
kitabı ilə birgə göndərilmiş,
Mirzə Yusif xan da Cəlaləddin Mirzənin xahişinə əsasən məktubu və kitabı Tiflisə - M.F.Axundzadəyə
göndərmişdir.
"Sizin adınızı eşidib, cənabınızın
Hidayətlə münazirə
məktubunuzu (M.F.Axundzadənin Rzaqulu
xan Hidayətin "Rövzətüssəfayi-Nasiriyyə" adlı əsərinə yazdığı "Tənqid
risaləsi" nəzərdə
tutulur. Bax: M.F.Axundov. Əsərləri.
II cild. Bakı:
"Elm", 1988, s.224-231) başdan-ayağa
oxuyaraq, sizin böyüklüyünüzü o məzəli və nəsihətamiz yazıdan
dərk etmişəm"
sözlərindən aydın
olur ki, Cəlaləddin
Mirzənin M.F.Axundzadə
ilə şəxsi tanışlığı olmasa
da, əsərləri ilə
tanışdır və
ona böyük rəğbəti var. "Nameyi-xosrovan"
əsərinin yazılma
səbəbi barədə
məlumat verən müəllif qeyd edir ki, əsəri dörd hissəyə böldüm. Birinci hissə Məhbadilərdən
Sasanilərin sonuna qədərki dövrü
əhatə edir ki, bu hissə yazılaraq
çap olunmuşdur.
Bir nüsxəsini də
cənabınızın xidmətinə
göndərirəm. Xahiş
edirəm ki, oxuduqdan sonra fikirlərinizi bildirəsiniz. Müəllifin
yazdığına görə,
ikinci hissə Tahirilərdən Xarəzmilər
dövrünün sonuna
qədər, üçüncü
hissə Çingiz xandan Səfəvilərə
qədər olan dövrü əhatə edəcək, dördüncü
hissə isə müasir dövrdən, öz əsil-nəcabətimin
tarixindən ibarət
olacaqdır. "Öz
nəsil-nəcabətim" deyəndə, heç şübhəsiz ki, Cəlaləddin
Mirzə Qacarlar sülaləsini nəzərdə
tutur (yenə orada, s.288).
Cəlaləddin Mirzənin növbəti
məktubu M.F.Axundzadənin
15 iyun 1870-ci ildə Tiflisdən yazdığı
"Nəvvabi-əşrəf, yüksək və böyük alimənsəb
şahzadə Cəlaləddin
Mirzə (Allah onun ömrünü uzun etsin) həzrətlərinə
ərz edirəm" adlı məktubuna cavab olaraq yazılmışdır
(yenə orada,
s.141-145). Qara mürəkkəblə,
iki vərəqdə,
katib tərəfindən
nəstəliq xətti
ilə farsca yazılmış, altında
"Cəlal" imzası
qoyulmuş məktub M.F.Axundzadənin arxivindəki Q - 4/74 nömrəli
sənəddən tərcümə
edilərək "Əsərləri"nə
daxil edilmişdir (yenə orada, s.289-292).
"Mənim əzəmətli
qardaşım!" - deyə
M.F.Axundzadəyə müraciət edən Cəlaləddin Mirzə onun məktubu ilə yanaşı, türkcə teatr əsərləri və qəzet mühərriri ilə müsahibəsini də aldığını
bildirir. Bir çox məsələlərdə, xüsusilə,
Süruşun şeirləri
ilə bağlı M.F.Axundzadə ilə həmrəy olduğunu qeyd edən müəllif, İranda nadanlıq səbəbindən qərblilərə
göstərilən sayğısızlıqdan,
küçədə İngiltərənin
səfiri Alesona edilən hörmətsizlikdən
bəhs edir. Zərdüştilər, xüsusilə,
onların başçısı
Manukci Sahib, Tehrandakı
qəsidənəvislərdən biri, "Süruşdan
min dəfə artıq
köpək oğlu adlandırdığı Məliküş-şüərayi-İraqeyn
ləqəbli Məhrəm"
haqqında məlumat verən müəllif Qərbi Avropaya məxsus bir sıra ad və
terminlərin M.F.Axundzadə tərəfindən
doğru yazılmamasına
(Kolumb - Qolumb, kritik - qritik və s.) iradını bildirir, xahiş edir ki, fransız və rus adlarını
həmin dillərdə
olduğu kimi yazsın. 45 yaşında
olduğunu və öz sərgüzəştini
yazıb M.F.Axundzadəyə
göndərəcəyini vəd
edən Cəlaləddin
Mirzə ondan yeni əlifba layihəsi, Rzaqulu xanla müsahibə
və digər əsərlərini göndərməklə
yanaşı, arzu edir ki, aralarında rus səfəratxanası vasitəsi ilə ayda 1-2 dəfə məktublaşma olsun.
Cəlaləddin Mirzə məktubun
sonunda yazır: "Öz əsərlərinizdən,
fars əlifbasından,
başqa yazılarınızdan
və Hidayətlə
mübahisə məktubunu
mütləq göndərin.
Əgər çap olunmamışsa, verin, üzünü köçürsünlər
və mənə göndərin ki, çox
şad və xoşhal olacağam.
Neçə gündür ki, sizin
əsəriniz mənə
çatmışdır ("Kəmalüddövlə məktubları"
nəzərdə tutulur
- İ.Q.). Onun üzündən
20 nüsxə çıxartdırıb
dostların vasitəsilə
İran ölkəsinin hər
tərəfinə göndərmişəm.
Məktubunuzda adını
çəkdiyiniz həzrət-Ruhül-qüds
kimdir? Yazın görüm, onun vəziyyəti və işi nə olmuş və nədir? Əgər onun "Rəfiq və vəzir" əsəri sizdə varsa, mənə göndərin!" (yenə
orada, s. 292).
***
Əfsus
ki, Cəlaləddin Mirzənin
vaxtsız vəfatı,
M.F.Axundzadənin dili ilə desək,
onların dostluğunun
uzun müddət davam etməsinə imkan verməmiş, gözəl sifətləri,
təqdirəlayiq əxlaqı
öz şəxsiyyətlərində
cəmləşdirən iki
fikir nəhəngi və məslək dostunun yazışmaları
yarımçıq kəsilmişdir.
İslam
QƏRİBLİ
Ədəbiyyat qəzeti.- 2024.- 12 oktyabr, ¹39.- S.22-23.