Bədii mətnin
semiotik xəritəsi
Keçən əsrin ortalarından, daha sonra, 60-cı illərindən bu günə qədər keçən dövr həm də ədəbi, bədii mətnqurma texnologiyalarının sınanması üçün önəm daşıyır. Bunu o mənada anlayaq ki, məsələn,
"Toyuğun diri qalması", "Dolça", "Tənha
narın nağılı", "Güllü paltar
mövsümü", "Qanköçürmə
stansiyası", "Toğana", adıkeçən
dövrün digər ədəbi mətnlərini şübhəsiz
ki, bu gün də oxumaq maraqlıdır, bədii mətni
konkret gerçəklikdən sıyrılıb sırf estetik
hadisə kimi görmək, seyr etmək müstəvisində...
O
dövrün koloritini, ictimai, fərdlərarası münasibətlərini
mükəmməl şəkildə, yazıçının
üslub formulunda əks etdirən bədii mətnqurma
texnologiyası ilə həmin yazıçıların bu
gün yazdığı əsərlər həmin bədii
estetik zövqü yaşatmır (ancaq "Gülmalı
kişinin axırı" istisna olmaqla, - bu tipli
gülüş nəsr mətninin
uzunömürlülüyünü şərtləndirir, hər
dönəmdə ona yeni "gerçəklik
biçir"...). Bu gün o üslubda yazılan əsərlər
yeni gerçəklik hadisələrini artıq köhnəlmiş
texnologiya donunda təqdim edirlər, bu isə kənara
atılan addım effektini doğurur. Bu məqamı, məsələn,
Mövlud Süleymanlı anidən tutdu və dayandı. Elə
Saday Budaqlı da. Həmin texnologiyalarla əlaqəli
yazıçı intuisiyası haqqında yazmaq fikrimizcə,
çox lazımdır. Amma o dövrdə yetişən elə
nasirlər də ola bilər ki, deyək ki, bu günün
modern mövzularını adekvat əks etdirə bilir.
"Gözmuncuğu", fikrimizcə, bu qəbildəndir.
Ona görə dövrün üslubunun dəyişməsi, mənanın
formaya çevrilməsində dərindən hiss edilməlidir.
Dünya nəsr təcrübəsini bilmək, onunla nəfəs
almaq hər bir yazıçıya malik olduğu üslubda ən
mükəmməl mətnlər yaratmağa imkan verir.
Bu mənada,
Haqverdiyev və Yusif Vəzirin hekayələrində
janrlararası əlaqələr, janr transformasiyası məsələsi
unikal xarakterə malikdir. Əksər hallarda hər bir millətin
yeni ədəbiyyatı (nəsr mətnləri), ya
gülüş libasında meydana çıxır, ya da onu
doğuran hadisələr gülüş içində
"yaşayır". Qasım bəy Zakirin şeirlərindən
keçən gülüşün ekvator xətti hökmən
yeni nəsr məkanı formalaşdırmalıydı.
Dünya
qopsa da, yazıçının gerçəkliyə toxunan
yazı tərzi dəyişmirsə, hər şey dar
cığırlarıyla köhnə qəlibin içinə
axışacaq. Canlı əsər, bədii mətn onun
yazılma texnologiyası köhnələndə qəlibə
dönür; xəritəyə çevrilir. Bu semiotik xəritədə
bədii mətn kəsiklərinin, əsər adlarının
müvafiq şəkildə düzülüşü ədəbi
yaddaşın bütün dövrləri arasındakı
keçidin sistemini təqdim edir. İsa Muğannanın
üslub dəyişməsini yada salın, yaxud Yusif Səmədoğlunun
üslub təkamülünü. Üslub təkamülu bir
hadisə kimi üslubun öz içindəki sonsuzluğa
uzanan sonsuzluğun dəyişmə formuludur. U.Folknerin əsərlərində
məkan dəyişmir, dönür, dolanır, zamandan
aldığı keyfiyyətlə (şərti şəkildə
"çərxi-fələk ritmi"...) bu dəyişməzliyi
sonsuzluğa çevirir (janrda enerji çevrilməsi - !),
hekayə kimi qələmə aldığı hadisə romana
çevrilir, romanın başqa dilə yatmayan uzun və bitməyən
cümlələrə dönür, bəzən bu romanlar bir
bütöv cümlə şəklinə düşür,
yaxud parçalanır ki, saqa kimi oxuna bilsin.
Semiotik xəritədəki
işarələr keçmişə və gələcəyə
yönəlik xəbərlərin mənaları ilə müəyyən
bucaq altında kəsişir, keçmiş ədəbi mətnlərin
daha fərqli şəkildə oxunuşunu, gələcəkdə
yaranacaq mətnlərlə üslub mübahisəsini ortaya
qoyur. Yazıldığı dövrdə bəyənilməyən
mətnlər həmin xəritənin küncündəki
mövqedən bəzən o dövrdə təriflənib
göylərə qaldırılan əsərlərlə
müqayisədə ədəbiyyat tarixi ərazisini daha
çox işıqlandıra bilir; yəni, bəzən bizim kəsir
kimi gördüklərimiz həmin semiotik xəritədə
tam, kardinal şəkildə, fərqli formada
görünür, nəsrin, nəsr mətnlərinin
sirli-sehrli potensialını üzə çıxarır. Bu
isə daha çox bədii mətnqurma texnologiyalarının
xarakterindən asılıdır.
Cavanşir
YUSİFLİ
Ədəbiyyat
qəzeti.- 2024.- 12 oktyabr, №39.- S.25.