Zaman

 

Elə hey qaçıram. Bu qədər böyük sürətlə hara belə tələsirəm - heç özüm bilmirəm. Gördüyüm gözəlliyə bir andan çox baxa bilmirəm. Hər keçən günüm məndən əks istiqamətdə eyni sürətlə qaçır. Qaçmaqdan yoruluram, bəlkə , əslində, qorxuram?! Dayanmaq istəyirəm. Dərin bir ah çəkib, sakitcə dayanmaq istəyirəm. Onda bəlkə əks istiqamətdə gördüklərim dayanar. Onda bəlkə onları daha çox seyr edə bilərəm. Bəlkə o istiqamətə keçə bilərəm. Onları seyr etmək kifayət etmir axı?! Orada qalanlar mənimlə gəlmir axı?! Orada mən başqayam, daha gözələm axı?! üzümdə bir qırış, saçımda tel. Həmin istiqamətdə ən axıra gedərdim. Orada qalanları bir görərdim. Sürətim məni öz istiqamətimə çəkmək istəsə , mən onlardan möhkəm tutub buraxmazdım. Sürükləyib özümlə gətirərdim. Ehh, xəyallar, xəyallar. İnsan həqiqətin düz gözünə baxa bilmir. Çünki o, sanki gur gün işığı kimi adamı çox yandırır. Bura bax, əks istiqamətdəki mən; dayanıb mənə baxır. O niyə belə görünür? Axı orada mən həmişə gözəl idim. Yox, bu mən deyiləm. Ya da o, həqiqətin düz gözünə baxır. Yoxsa, niyə üzünü belə yığıb? İlahi, mənim üzümdə bu qədər qırış var idi, yəni?! Budur, indi həmin o gur işıq məni özünə doğru çəkir. Bir saniyə, əzizlərimə baxım... O isə durmur. Mən, sadəcə, zaman istəyirəm. Çox şey istəmirəm ki, dünya malını demirəm, pulu heç demirəm, sadəcə, zaman, zaman, bir saniyəlik zaman... Qulağıma bir səs pıçıldadı: "Sən sənə verilən ən qiymətlini seçib istəyirsən. Bəs bura qədər ilə gəlmişdin?" Artıq sözüm qalmadı. Deməyə bir kəlmə belə sözüm qalmadı. Heç deyə bilmədim. Bir qaranlıq çökdü gözlərimi yumdum. Açanda isə çox qəribə bir yer gördüm. Burada hamı geyimdədi. əks istiqamətdə gördüklərim indi mənim yanımda, yaxınlığımda dayanıb, amma əks istiqamət, düz getdiyim istiqamət qalıb. Kimsə məni ucadan, möhkəm hıçqırıqlı bir səslə çağırdı. Arxaya dönəndə həmişə gəldiyim (qaçdığım), istiqaməti gördüm. Deməli, mən bura gəlirdim. İndi onlar oradan məni səsləyir. Mən onları çağırıram, amma onlar məni görür, eşidirlər. Bu çox ağırdır. Ağır olduğu qədər ağrıdır. Deməli, bu imiş baxa bilmədiyimiz həqiqətin gözü. Budur həyatın mənası. Günəş işığıtək gur işıq.

 

Esvira Babayeva

 

Ədəbiyyat qəzeti.- 2024.- 19 oktyabr, №40.- S.7.