Mif prosesdir
...1981. Aprel. Dənizkənarı
park.
- Siz Mirəli Seyidovsunuz?
- Adımı da oğurlamayıblarsa,
bəli, Mirəli Seyidovam...
Şəxsi tanışlığımız belə başladı.
1982. Tələbəyəm. İncəsənət
İnstitutunda pilləkənin
qarşısında görüşdük...
- Mif nədir?
Xeyli susdu və nə
üçünsə cavab
vermədi. Pilləkənləri
qalxdı, sonra nə fikirləşdisə,
təkrar endi və astaca:
- Mif - prosesdir, - dedi...
Mirəli
Seyidov üçün
mif proses idi.
Özü də fikir həyatımızda proses kimi
qaldı... Mif oldu, mifləşdi...
Azərbaycanda mifologiya elminin əsaslarını hazırlayan
Mirəli Seyidova görə mifik keçmişi olmayan toplum tarix səhnəsinə
etnos olaraq çıxa bilməzdi. Buna
görə də o mifik keçmişimizi elminin predmetinə çevirdi. Cavanların üzünə zəndlə
baxırdı, çöhrələrdə
oğuzun cizgilərini
arayırdı, tapanda,
tapdığına inananda
uşaq kimi sevinirdi.
Mirəli
Seyidov Azərbaycan türkologiyasına yeni elmi
ahəng verdi. O, əcdadın ruhunu tədqiq edirdi. Özünün intellektual
fəhmi ilə türk dünyasının
bütün sirli qatlarına baş vurdu, sözlərin, adların etimoloji şərhini verdi, minilliklərin yaddaşını
təzələdi: Öləng,
Xızır, Qorqud, Oğuz, Yuğ, Varsaq, Arsaq, Sak, Hun, Qam, Boz Qurd-Göy Böri Mirəli Seyidovun araşdırmalarının hesabına
Azərbaycan filologiyasının
tədqiqat sferasına
daxil olurdu. Mirəli Seyidov sübut edirdi ki, Azərbaycanda başlıca
türkdilli soylar, qəbiləbirləşmələri yaşamışlar (bu qəbiləbirləşmələri qonşu ölkələrdə
də ən azı eradan qabaq IV, III yüzilliklərdə
yurd salmışlar).
Mirəli
Seyidov Azərbaycan sözünün təməlində
qam-şaman, yaxud Dədə Qorqud işarətlərini aydın
şəkildə sezirdi.
Bəybecanla Azərbaycan
sözünün oxşarlığına
vurğu sala bilirdi.
Mirəli
Seyidov erməni qaynaqlarını dərindən
bilən nadir alimlərdən
idi. Nəinki yeni, həm də qədim ermənicəni mükəmməl bilirdi. Qədim erməni dili olan qrabara
türk dilinin təsirini də erməni qaynaqlarına, xüsusən, erməni türkoloq Acaryana istinadən araşdırırdı.
Mirəli Seyidova görə, əski ermənicəyə - qrabara
türkcənin təsiri
böyük olmuşdu,
bu isə türklərin Qafqazlarda ermənilərdən daha əvvəl, daha qədimdən var olduğunun
elmi dəlillərlə
meydana qoyulması demək idi. O, Sayat Novanın ilk azərbaycanlı tədqiqatçısıydı.
Sayat Nova haqqında, onun türkcə şeirləri barədə
monoqrafiya yazmış
və bunu xalqlar dostluğu amili ilə bağlasa da, aydın görünür ki, Mirəli
Seyidovun məqsədi
erməni ədəbiyyatı
üzərində Azərbaycan
ədəbiyyatının və
dilinin təsiri məsələlərini aktuallaşdırmaqdan
ibarət olub. Yəqin ki, Mirəli Seyidov elmdə bu istiqaməti İrəvan Dövlət
Universitetinin Şərqşünaslıq
fakültəsində ona
dərs demiş
professor Ramiya Acaryandan
əxz etmişdi.
1926-cı ildə Bakıda
keçirilən I Türkoloji
Qurultayda türkcə
danışan Acaryan türkcənin ermənicəyə
böyük təsiri
barədə fikirlər
söyləyir, qeyd edirdi ki, türk dilindən erməni dilinə 4000-ə yaxın
söz keçmişdir.
Acaryan çıxışında
erməni əlifbası
ilə türkcə yazan ermənilərdən
də, Polşada öz dilini itirib türkcə danışan ermənilərdən
də bəhs etmişdi. Əslən
İstanbul ermənisi olan
Acaryan türkoloji qurultayda erməni dilindəki türkcə kəlmələrin toplanmasını
təklif edir və bunun türkolojiyə
böyük xidmət
olacağını qeyd
edirdi.
Bu sətirləri yazdıqca
düşünürəm: Xankəndidə təsis olunmuş Qarabağ Universitetində Mirəli Seyidov kürsüsünə
ehtiyac vardır. Çünki o, yeganə
alim idi ki, Qarabağın
mifoloji təməllərini
hələ 1960-cı illərdən
etibarən araşdırmağa
başlamışdı. Mirəli
Seyidov Arsaq sözünün tərkib
elementlərini (sözün
hər iki elementini - Ar və Saq-ı) türk dillərinin materialları ilə izah edən ilk alim idi. Digər tərəfdən, bu kürsüdə həm də Sayat Novanın
yoluyla gedib, XIX yüzilin sonlarına qədər türkcə yazan Zəngəzurlu Ata Sailyan kimi erməni
aşıqlarının, Mirzəcan
Mədətov kimi erməni şairlərinin
yaradıcılıq psixologiyasını
təfərrüatına qədər
öyrənə bilərik.
Yenə
də Mirəli Seyidovla bağlı xatirələrimə qayıdıram.
Demək olar ki, hər axşam onunla görüşər,
daha çox da Nərimanov heykəlinin yaxınlığında, yaşadığı
binanın qarşısında
söhbətləşərdik. Sonra piyada şəhərə
düşərdik... Hərdən
Xəlil Rza və Asif Əfəndiyev də Mirəli Seyidova qoşular və birlikdə Qurban kişinin bulvardakı çayxanasına
gedərdik.
1982-ci ilin sentyabrında IV Türkoloji Konqresdə iştirak etmək üçün Mirəli
Seyidov Türkiyəyə
dəvət olunmuşdu.
Konqresdə Yuğ mərasimlərində teatr
ünsürləri mövzusunda
məruzə edəcəkdi...
Mirəli müəllim
Türkiyəyə getdi,
konqresdə məruzə
etdi və elə həmin günlərdə Bakıda
ona "Əməkdar
elm xadimi" fəxri
adı verildi. Mən o günlərdə
Mirəli müəllimi
səbirsizliklə gözləyənlərdən
biriydim. Qayıdandan sonra mənə Türkiyədən gətirdiyi
və Fin atlasına, Lumir Jislin araşdırmalarına,
Radlov Atlasına istinad edən və Orhon-Yenisey abidələrinin təsviri
və mətnləri yazılmış bir neçə böyük kağız lövhə bağışladı. Və
mən Kül Tiginin mərmər heykəlinin başını,
Kül Tiginin xanımının üzünü,
runik yazısını
ilk dəfə o kağız
lövhələrdə gördüm...
Və həmin lövhələri Mirəli
müəllimin yadigarı
kimi indi də sevə-sevə arxivimdə saxlayıram.
Məndə bir məktubu
var. Daha doğrusu, ona yazdığım məktuba cavab məktubu. Çağdaş
Azərbaycan türkologiyasının
qurucularından olan o böyük insanın özündən qırx beş yaş kiçik olan bir gəncə ürək genişliyi ilə yazdığı həmin məktub Mirəli Seyidovla bağlı yaşantılarımın
ən əziz şahidi və yadigarıdır: "Günaydın,
Azər bala! Sevimli bala, əsgərlikdən
evə qayıtmağınıza
sevindim. Sizin kimi işıqlı, böyük hisslərlə,
fikirlərlə yaşayan
gəncliyə vətənin,
xalqımızın ölçüsü
olmayan ehtiyacı vardır. Unutma ki, sizin kimilər azdır, bəli, yazıq ki, azdır. Bu da
biz yaşlıların günahıdır.
Gənclik yaxşıdırsa, safdırsa, deməli, xalq daha yüksəkləri
fəth edə bilər.
Azər
bala, Kişi-İnsan özünü dərk etməsə, o, xalqını
da dərk edə bilməz. Bir də dərk etməklə anlamaq dərdi ekiz doğulur. Hər halda, bunların ikisi olmadan Kişi-İnsan olmaq çox çətindir. Öpürəm
Sizi. Atana xüsusi sayğılarımı çatdırın.
Mirəli Seyidov. 9 sentyabr 1986".
Məktubdan görünən Mirəli
Seyidov belədir. Mənə "bala" deyə xitab edir. Həm də Sizlə danışır. Mədəniliyin,
kübarlığın, həzinliyin,
həlimliyin, böyüklüyün
bundan o tərəfəsi
olmur.
Mirəli
Seyidov qədim Qafqazda - Qafqaz Albaniyasının məhvərində
türk təbəqəsini
elmi müzakirəyə
çıxarırdı. Səksəninci
illərin əvvəllərində
onun belə mövqe sərgiləməsi
çoxlarını narahat
edirdi, görüşlərini
qəbul etməyənlər
Mirəli Seyidovu çox incidirdilər. Bu barədə çox söhbətlərimiz olmuşdu.
Ona böhtan atmaqda aşırı gedənlər
də olub. Mirəli Seyidovu o zaman artıq Moskvada işləyən Heydər
Əliyevin gizli-aşkar
himayə etdiyini Mirəli müəlimin özündən eşitmişdim.
İndi mənim şahidim
yalnız Mirəli Seyidovun öz dilindən eşitdiklərimdir
ki, hətta Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi yetmişinci illərdə,
bəzən Mirəli
Seyidovu yanına dəvət edər, onunla Naxçıvanın
və Qərbi Azərbaycanın tarixi ilə bağlı fikir mübadiləsi edərmiş.
Mirəli
Seyidov Azərbaycanşünaslıq
kontekstində ən mühüm istinad nöqtəsinə - mifoloji
qaynaqlara enirdi. Onun üçün Azərbaycan mifik təfəkkürünün üç
qaynağı vardı.
O, bunu Atropaten, Arran-Alban və türk qəbilə birləşmələri şəklində
müəyyənləşdirirdi. Əsasən də, qaynaqlardan birinin üzərində dayanırdı.
Azərbaycanın soykökündə
iştirak etmiş oğuzların, hunların,
xəzərlərin, habelə
qədim dövrlərdə
Qafqazda yaşayan
basil, xaylanturq və başqa türk qəbilələrinin mifologiyasını
müqayisəli təhlil
edir, yetmişinci illərin ortalarından başlayaraq, Azərbaycan mifologiyası barədə
mükəmməl təsəvvür
yaradırdı... Dədə
Qorqudun mənşəyini
bərpa etmək onun başlıca qayələrindən biriydi.
"Dədə Qorqudu
elə bil türklərin Su, Ağac, Od, Günəş
onqonu, Tanrısı doğmuşdur". Ümumiyyətlə
o, bərpa etməyi sevirdi və bacarırdı. Necə ki,
ömrünün son illərində,
xüsusən, 20 Yanvarda,
o qanlı qırğının
içində Boz Qurdu
bərpa etmişdi.
1990-cı
ilin mayında çay süfrəsinin arxasındaydıq.
- Boz Qurd nədir?
- Mən Boz Qurdu görmüşəm...
- Nə zaman?
- 20 Yanvarda... Gözlərimi açıb başımın
üstündə bir qaraltı gördüm. Gavur olduğunu zənn etdim. Bir az tərəddüdlə
mənə tərəf
əyilmiş adamın
gözlərinə baxdım.
Boz Qurd idi.
Boz Qurd Mirəli Seyidovu xilas etmişdi...
Mirəli
Seyidov Boz Qurd barədə ən munisi, ən doğması kimi danışırdı. Onun
Boz Qurda, yaxud Gök Böriyə münasibəti "Dədə
Qorqud" üslubundaydı:
"Qurd üzü mübarəkdir". Mirəli
Seyidov Boz Qurd barədə əfsanələri
kövrələrək dinləyər,
yaxud gözləri yaşararaq danışardı.
Mirəli
Seyidovun mifoloji tədqiqləri, onun xüsusən, qara cildli "Azərbaycan mifik təfəkkürünün
qaynaqları" kitabı
1980-ci illərdə gəncliyin
əlindən düşməzdi.
O kitab bizi mifolojinin bu günə qədər ayrıla bilmədiyimiz tilsiminə saldı. Mifolojinin isə milləti millət yapmaqda böyük gücü
var. Bahəddin Ögəlin
dediyi kimi, "Mifoloji Almaniyada dil və ədəbiyyat
mətnləri olaraq ələ alınmış
və bu əfsanələr sayəsində
alman millətinin düşüncə
və ictimai tarixi aydınlığa qovuşdurulmuşdur". Mirəli
Seyidovun soykökümüzün
əsas qaynaqlarını
tədqiq edən kitabı da Azərbaycanda toplumun xalq hərəkatına
keçidini intellektual
baxımdan təmin etdi. Şüurlarda milli intibah dalğası yaratdı. Millətin düşüncə və
ictimai tarixini aydınlığa qovuşdurdu.
Gənclik Azərbaycanın
tarixi yaddaşını
tarix kitablarından daha çox, Mirəli Seyidovun əsərlərindən öyrəndi.
...1992-nin
aprelində Mirəli Seyidov dünyasını dəyişdi. Həmin günlərdə, yəni
12 iyun 1992-ci il tarixli
"Vətən səsi"
qəzetində Mirəli
Seyidov barəsində
"Bir kitab düşdü yerə" adlı esse yazmışdım:
"Azərbaycan özünün
daha bir böyük insanı ilə ayrıldı. Mirəli Seyidovun qəm mülkü olan vücudu milli tənhalığa və
milli qəhərə boy vermədi.
Misilsiz türklərimizdən
biri bulanıq zəmanənin tale sularında
qərq oldu. Türkün ruhunu tədqiq etmək eşqi onu uzun
bir yolun müsafirinə çevirmişdi.
Getdi və qayıtmadı..."
Üstündən otuz iki il keçib. Qayıdıbmış.
Mirəli
Seyidov Azərbaycanın
fikir həyatındadır.
17 oktyabr 2024
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2024.- 19 oktyabr, №40.- S.8.