Tənhalığın dahisi - Bodler
Jan Pol Sartr onun haqqında
"layiq olduğu həyatı yaşaya bilmədi" deyir. Bu beş kəlmədən ibarət cümlə ilə böyük filosof onun qırx
altı ilə sığdırılmış qısa və acı dolu yaşamını
anlamaq istəmişdi.
Şarl Bodler... Qurama cənnətlərin,
şər çiçəklərinin
yeganə sahibi. Parisin sıxıntılı
şairi... Bodlerin sənəti ilə həyatını bir-birindən
ayırmağa çalışmaq
əbəsdir. Həyatının
ilk illərindəki aşırı
sadəlövhlük və
intovert həyat tərzi Bodleri iç dünyasına yönəldir və tənhalığa sürükləyir.
Həyat qarşısında
özünü bacarıqsız
hiss edir ki, bu da onun üçün psixoloji çətinliklər
yaradır. Beləcə,
ədəbiyyat dünyasına,
onun aldadıcı ucalığına aldanır;
özünün yaratdığı
xəyali krallıqda möcüzələr yaradır.
Anası
isə əksini düşünürdü və
övladının xoşbəxt
olmasını istəyirdi.
Həyatın qəribə
işləri var. Ona ən
çox acılar yaşadan da məhz anası olmuşdu. Hələ altı yaşında ikən onu internat məktəbinə
qoymuşdu...
Onun həyatı modern sənət
dünyası üçün
simvolikdir. Həyata qarşı yadlaşması,
təbii ki, sənətinə
də yansımışdı.
Bodlerin poetik düşüncəsinin altyapısında
intellektual bir əlahiddəlik dayanır.
Bu da onu sələflərindən
ayırır. Bodler özündən sonrakı
Avropa şeirinin inkişafına təsir göstərən simvolizm
estetikasının yaradıcısıdır.
O, Fransadakı 1848-1851-ci il hadisələrindən sonra
həyatındakı dəyişiklikləri
sənətinin prinsiplərinə
çevirməklə özünün
poetik istiqamətini müəyyənləşdirdi. Bu, yaradıcılıq kredosunun
müəyyənləşməsi ərəfəsi idi.
Sənətdə modernizmin tərifi
romantiklərlə başlayır.
Modernizm ideyası XVII
əsrə qədər
Avropada tənqid olunurdu. Xristian fəlsəfəsinin ağır
doktrinalarına görə,
Avropa intelligensiyasında
modernizm həmişə
keçmişin vulqar
surəti kimi qəbul olunurdu. Keçmişdəki "qızıl
dövr" həmişə
xiffətlə xatırlanır.
Görkəmli sosioloq
Krişan Kumar modernizmi
tərənnüm etmək
baxımından mütəfəkkirlərin
iki mühüm dövrünə diqqət
yetirir. Birinci mərhələ Monten, Fensis Bekon və
Dekartla başlayan nəzəri istiqamət, ikincisi isə, Kant, Marqus
de Kondorket və digər düşüncə
sahiblərinin modern olana
sayğı göstərməklə
altyapının yarandığı
dönəmi simvolizə
edir.
Romantizm
yeni olanın gözəl
olduğuna dair estetik anlayışın bir anlamda, ədəbiyyat
və incəsənət
vasitəsilə topluma
aşılanması mərhələsidir.
Artıq industrial modern toplumun
həqiqətləri, əxlaq
normaları sənətçilər
tərəfindən hücuma
məruz qalırdı.
Onlar öz həqiqətləri ilə
sənətə gəlirdilər. Daim yenilik axtarışında
olan rəssamlar və şairlər qrupu cəmiyyətin "tərəqqi" prinsipini
tənqid edirdi. Primitivizm, kubizm, futurizm, konstruktivizm, dadaizm, sürrealizm... Bütün bu izmlər sənət qanunlarına qarşı meydan oxuyur, köhnə formaları dağıtmaqla məşğul
idi. Bu, klassisizmin böhranı dövrü
idi və sənətkarların sənətə
münasibəti köklü
şəkildə dəyişmişdi.
O, öz poeziyasında
intibah və barokko dövründən sonrakı insanın çaşqın durumunu ifadə edirdi. Bodler məhz bu dövrün şairi idi və ətrafında baş verən proseslər onu klassisizmin kənarında saxlayırdı. İntellekt
toplumla ünsiyyətin
məhsuludur, istedad isə Tanrı ilə. Bodlerin istedadı onu Tanrı ilə görüşdürmüşdü.
İntrovert tiplu şairin
Tanrı axtarışları
ona "Şər çiçəkləri"ni yazdırdı.
"Şər çiçəkləri"
və bu səpkili şeirlərdə
şair mənfidə
müsbət, ölümdə
gözəllik, günahda
həzz olduğunu deyir və bunu
çox gözəl şəkildə təsvir
edir. Bodler şərdə insanı cəlb edən gözəlliyi göstərir.
Toplunun adı da məhz bu ideyadan
yaranıb - şərin
çiçəkləri - yəni, gözəlliyi. Günahın və şərin verdiyi zövq çox qəribədir. Onda sevinc və dəhşət, həzz və nifrət kimi bir çox
hiss qarışıb və
bu, insanı hər zaman cəlb edir.
Ədəbiyyatşünas-tədqiqatçı Azər
Turan "Şər çiçəkləri - Modernizm
dalğası" silsiləsindən
olan yazısında Bodlerin poetik sistemini dəqiqliklə ifadə edir: "Qədim və metafizik insanın Tanrıya yüksəlişi
və Ona sığınışı,
bir azdan Tanrısını "öldürüb",
tək qalacaq yeni insanın şeytana doğru enişi, səcdə və küfrün iç-içə
gəlməsi ilk dəfə
"Şər çiçəkləri"nin
rayihəsində gerçəkləşdi.
Avropa poeziyasının
metaforaları modernləşdi.
Min illərdir poeziyada
bülbülün ürəyini
parçalayan tikanlı
qızılgül İblisin,
şərin, fənanın
çiçəkləri ilə
əvəzləndi. Ritorika
bağçasındakı güllər soldu. Simvolizmin gülü gözəldən, gözəlin
üzünə bənzəməkdən
imtina etdi".
Həmin
yazını əlahiddə
qılan isə müəllifin Bodleri görkəmli fikir və düşüncə
adamı Əli bəy Hüseynzadə ilə qiyaslandırmasıdır:
"Bodlerin "Şər çiçəkləri"ylə qiyaslandıra biləcəyimiz
şər, fəna, iblis çiçəyi Azərbaycanda Əli bəy Hüseynzadənin qələmilə açıldı.
"Siyasəti-fürusət"də səslənən "Dans Makaber"dəki
mistik ritm, mağaradakı mavimtraq fosfor alovu, gəmiklərin
bir-birinə çarpışmasına
bənzəyən səslər
Əli bəyin simvolist estetikasının
səsləriydi. Ardıyca
bir də yunan mifolojisindəki Narsis simvolist mənalarla süsləndi".
Maraqlananlar həmin yazını
tapıb oxuya bilərlər. Bodlerlə
Əli bəy Hüseynzadə qiyaslanması
ədəbiyyatşünaslığımızda
bir ilk idi. Bu barədə sayğıdəyər
Azər bəy geniş yazdığından,
mən Bodler yaradıcılığının başqa istiqamətinə
diqqəti yönəltmək
istəyirəm.
Yabançılaşmış modern sənətçi...
Bu mərhələdə Bodleri
anlamağımız gərəkdir.
Bodlerin iliklərinə
qədər işləmiş
toplumdan dışlanmaq
və buna paralel olaraq topluma qarşı çıxması
bizə modern sənətçi
profilini əyani şəkildə göstərir.
Çünki Bodler
modern sənətçilər arasında simvola çevrilmiş bir xarakter idi. Həyatdan
qopuşu onun qədər dərindən
yaşayan ikinci şair təsəvvür
etmək çətindir.
Lakin o, sanki özündən
sonrakılara bir miras buraxır. Yaşadığı həyatın
və yaratdığı
poeziyanın qaydaları
ilə modern sənətçilərə
yol xəritəsi cızır. Onu dünya poeziyasında özəl yerə qaldıran da bu xüsusiyyətidir.
Onun həyatı qısadır,
olduqca qısa... Gənc yaşlarında bir neçə dəfə həyatına
qəsd etmək istəyib. Bütün həyatı boyu ölümlə uğraşıb.
Nə idi onu ölümə sürükləyən? İçində
olduğu dünya niyə ona dar
gəlirdi?
Təsəlli, əfsus, ölümdür!
Və ölümdür
yaşadan;
Yeganə məqsəd həyatda, ümid də bircə ona.
O, eliksir, coşar ondan və məst
olar insan,
Ürək verən də odur ki, çıxaq ömrün sonuna.
İnsan
hansı mərhələyə
çatmalıdır ki, ömrün
sonundakı qaçılmaz
ölümə ümid
bəsləsin?! Toplumun
basqısından xilas
olmaq üçün
o, poeziyaya sığınmışdı,
özünü bu yolla xilas etməyə
çalışırdı. O, Sartrın dediyi kimi, özündən belə diksinirdi, özündə başqa bir insanı şairə çevirdiyindən
onun azadlığı
üçün çalışırdı
və sonda yenə də öz tənhalığına
çəkilirdi. Bodler
tənhalığı yaxalamaq
üçün bütün
vasitələrə əl
atırdı. Onun həyatı və poetik manifestini əhatəli şəkildə
özündə əks
etdirən "Modern həyatın
rəssamı" kitabını
oxuduqda Bodleri daha dərindən tanımaq şansı qazanırıq.
Hələ uşaq ikən
anasından, ögey atasından mənəvi zərbələr alan gələcəyin böyük
şairi toplumun kurallarını ömrünün
sonuna qədər qəbul etmədi və öz poeziyası ilə bu toplumu protesto
etdi. Bununla belə, o, heç vaxt devrimçi ola bilmədi. Bəlkə də onun ən
böyük acı qaynağı bu idi. Qırx il boyunca qanayan yarası vardı... Bu səbəbdən davamlı
olaraq özgürlüyə
can atmışdı... Gəminin
kayutunda yöndəmsiz
halda vurnuxan, dənizçilərin əyləncəsinə
çevrilən Albatros
onun özü idi! "Albatros" Bodlerin taleyi idi, o, bu taleyi
misilsiz bir istedadla şeirə çevirə bilmişdi.
Böyük türk şairi
Nəcib Fazil Qısakürək "Albatros"
şeiri haqqında belə deyirdi: "Mən o şeirdə çərçivələrə sığmayan, qandallar içində qıvrılan
bir ruhun çırpınışını və bütün imkanları aşma, hüdudsuz hürriyyətə
qovuşma idealını
görürəm".
Bodlerin poetik duruşu toplumun anlayış prinsiplərinə qarşı
idi. Bu qaçış
halları, eyni zamanda ədəbiyyat dünyasının modernist və
avanqard isimləri olan Oskar Uayld, Rilke və ya Ceyms
Coysun da ədəbi düşüncəsində yer
alır. Lakin onları
bir-birindən ayıran
incə xətlər
var ki, bu da başqa yazının mövzusudur.
Onlar modern zamanın metropolu içində öz dəyərlərini
yaratdılar. Bu xaosun harmoniyasını yaradan Bodlerin dühası "Şər çiçəkləri"ni
doğurdu. O, modern zamanın
dastanını yazdı
və barokko cərəyanını, belə
demək mümkünsə,
astar üzünə çevirdi.
Kənan HACI
Ədəbiyyat qəzeti.- 2024.- 19 oktyabr, ¹40.- S.9.