Ədəbiyyat çırağı
İsa Həbibbəyli haqqında
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik, "Şöhrət", "Şərəf" və "Birinci dərəcəli Vətənə xidmət" ordenləri ilə
təltif edilmiş İsa Həbibbəyli Naxçıvan mahalının Şərur elində
dünyaya göz açmışdır. Hamı bildiyi kimi, Naxçıvan Azərbaycanın ən dilbər guşələrindən
biridir. Bəlkə də, Naxçıvanın,
eyni zamanda Şərurun əsrarəngiz
gözəlliyi orda doğulub boya-başa çatan insanların kamil bir şəxsiyyət
kimi formalaşmasına
səbəb olmuşdur.
Elm-sənət, ədəbiyyat
həvəskarları bunu
da çox yaxşı
bilirlər ki, Naxçıvan
mahalından çox sayda elm-sənət adamları, ədəbiyyat,
incəsənət, mədəniyyət
xadimləri, siyasi xadimlər çıxmışdır.
Təbii ki, bunları
saymaq üçün
cild-cild kitab bağlansa,
yenə azlıq edər. Bunu da hamı bilir ki, Naxçıvan qədimdən
qədim tarixə, zəngin mədəniyyətə
malik bir torpaqdır və sadəcə, ordakı memarlıq abidələrinə, ziyarətgahlara
nəzər yetirmək,
Naxçıvanın tarixinə
ekskursiya etmək, Naxçıvana məxsus
olan əlyazmalarla maraqlanmaq Naxçıvanın
heyrətamiz və möcüzəvi bir şəkildə zənginliyini
açıq-aydın sübut
edər. İsa müəllim
Naxçıvanın elmi-ədəbi
mühitinin yetirməsidir.
İsa Həbibbəyli özünün
"Ədəbi yüksəliş"
kitabında Naxçıvan
haqqında fikirlərini
bu şəkildə ifadə edir:
"Tarixi insanlığın ən uzaq dövrləri
və böyük hadisələrlə bağlı
olan, müxtəlif Şərq xalqlarının
rəvayətlərində dərin iz buraxan
Naxçıvan Azərbaycanın
qədim şəhərlərindən
biri olmaqla yanaşı, həm də ilk mədəniyyət
mərkəzlərindəndir. Burada zamana müvafiq
maarifçi ideyalar geniş intişar tapmış, qiymətli ədəbiyyat, memarlıq,
musiqi əsərləri
yaradılmış, elmin
müxtəlif sahələri
təşəkkül etmişdir".
İsa müəllim ədəbiyyatşünas
alimdir. Azərbaycan ədəbiyyatı onun həyatının mənasıdır,
desək, yəqin ki, yanılmarıq. Çünki
o bütün həyatını
ədəbiyyata bağlamışdır.
Gecələrini gündüzlərinə,
gündüzlərini gecələrinə
qatıb Azərbaycanın
ədəbiyyatşünaslıq xəzinəsinə misilsiz
töhfələr, cəvahirlər
bəxş etmişdir.
Odur ki, İsa müəllim
Azərbaycan ədəbiyyatını
çox gözəl bir şəkildə xarakterizə edir:
"Azərbaycan ədəbiyyatı
- uzun bir dövr ərzində Azərbaycan xalqının
bədii dühasının
yaratdığı çoxəsrlik
və zəngin ədəbiyyatdır. Azərbaycan
xalqının milli-mənəvi
dəyərləri, adət-ənənəsi,
mənəviyyatı, mübarizəsi
və idealları bu ədəbiyyatın ana
xəttini, əsas qayəsini təşkil edir. Bu - böyük ənənələri olan,
Azərbaycan xalqının
milli varlığını əks etdirən və onu dünyaya
təqdim edən ədəbiyyatdır. Bu, Azərbaycan
xalqının milli özünəməxsusluğunun
ədəbi kimliyidir.
Bu, ümummilli idealları
əsrdən-əsrə yaşadan
və inkişaf etdirən böyük ədəbiyyatdır. Bu, azərbaycançılıq
idealının ədəbi
manifestidir!".
Rəhmətlik Bəkir müəllim
İsa Həbibbəylinin Mirzə
Cəlil yaradıcılığına
olan intəhasız sevgisini, hüsn-rəğbətini
və ədibin yaradıcılığının tam külliyyatını əks
etdirən ilk dəfə
"Klassik Azərbaycan
Ədəbiyyatı" seriyasından
dörd sanballı cilddə, kütləvi tirajla nəşr edilib oxuculara çatdırılmasında müstəsna
xidmətləri olduğunu
da xüsusilə qeyd edir:
İsa Həbibbəylinin tədqiqatları
öz ardıcıllıqları,
miqyası, mükəmməlliyi
baxımından cəlilşünaslığımızın
tarixində mühüm
yer tutur və sözügedən cildlərin işıq üzü görməsi alimin bu sahədə
apardığı tədqiqatların
fərəh doğuran
qiymətli nəticəsidir.
Bu nəşr, onun tərtib prinsipləri, yüksək səviyyədə
yazılmış "Ustad
Mirzə Cəlil Məmmədquluzadə" müqəddiməsi,
səriştəli izah
və qeydləri də bir daha
subut edir ki, indi böyük sənətkarın çoxsahəli,
çoxproblemli irsində
İ.Həbibbəylinin
öz tədqiqat işığını salmadığı
bir məqam qalmamışdır. Bu yerdə
bir el məsəli
yadıma düşdü:
"Çörəyi ver
çörəkçiyə, birini də üstəlik". Külliyyatın
hazırlanması da buraya
daxil olmaqla, İsa müəllimin yaradıcılığı
bu gün cəlilşünaslığımızın
mötəbər örnəklərindən
biri, bəzi göstəricilərinə görə
birincisidir. Onun altmışdan artıq kitabının (monoqrafiya,
dərslik, məqalələr
toplusu, tərtib və s.) çox sanballı bir hissəsi məhz Mirzə Cəlilə, ədibin əsərlərinin
taleyinə, təhlilinə,
təbliğinə həsr
edilmişdir. Yazıçının
yaradıcılığı ətrafında bundan sonra aparılan tədqiqatlarda, ali və orta məktəblər
üçün yazılacaq
yeni ədəbiyyat dərsliklərində,
nəhayət, Mirzə
Cəlil irsinin nəşri məsələlərində
bu örnək çox kara gələcəkdir. Heç
də təsadüfi deyil ki, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu hazırlamaqda olduğu çoxcildlik
"Azərbaycan Ədəbiyyatı
Tarixi" üçün
"Cəlil Məmmədquluzadə"
portret-oçerkini yazmağa
İ.Həbibbəyliyə
sifariş vermişdir".
İsa müəllimin elmi axtarışlarına bələd
olanlar çox yaxşı bilirlər ki,
o, yaradıcılığının bir qolunu "Azərbaycan ədəbiyyatının
bayraqdarı" adlandırdığı
Cəlil Məmmədquluzadəyə
həsr etmiş,
zaman-zaman ədibin həm
ədəbi fəaliyyəti,
həm də mətbuat sahəsində gördüyü işlər
barədə orijinal tədqiqatlar meydana gətirmişdir. "Öndər
nəşriyyatı"nda (Bakı, 2004) Cəlil Məmmədquluzadənin əsərlərinin
tam külliyyatı ilk dəfə
"Klassik Azərbaycan
Ədəbiyyatı" seriyasından
dörd sanballı cilddə, kütləvi tirajla oxuculara hədiyyə edilmişdir.
Cildləri tərtib edəni və izahların müəllifi
akademik İsa Həbibbəylidir.
Mərhum
akademikimiz Bəkir Nəbiyev bu olduqca məsuliyyətli və çətin işə rəğmən
İsa müəllim haqqında
yazır:
"Böyük elmi səriştə və ciddi məsuliyyət tələb edən bu işə girişməzdən əvvəl
İ.Həbibbəyli də uzunmüddətli hazırlıq yolu keçmiş, alim kimi püxtələşmişdir. Hələ keçən əsrin 60-cı illərinin
sonlarında o, ali məktəb tələbəsi
ikən elmi-tədqiqat
işinə xüsusi
maraq göstərmiş,
bu sahədə fərqləndiyi üçün
Pedaqoji İnstitutun tələbə elmi cəmiyyətinin sədri
seçilmiş, Azərbaycanda
və xaricdə keçirilən tədbirlərdə
maraqlı məruzələrlə
çıxış etmişdir".
Bəkir
Nəbiyevin 2006-cı ildə
İsa müəllimə verdiyi
layiqli qiymət zaman keçdikcə özünü
daha yüksək göstəricilərlə sübuta
yetirdi. İsa müəllim
yorulmadan çalışdı,
səsi-sorağı uzaq
ölkələrdən gəldi,
bir çox dövlətin Elmlər Akademiyasının həqiqi
üzvü seçildi,
ölkə Prezidenti cənab İlham Əliyev
tərəfindən "Şərəf",
"Şöhrət", "Birinci dərəcəli Vətənə xidmətə
görə" ordenləri
ilə təltif edildi, lakin qələmi
yerə qoymadı, arxivlərdə araşdırmalar
aparmaqdan doymadı, gecə-gündüz çalışdı,
"Molla Nəsrəddin"ə
olan intəhasız sevgisi isə tükənmədi və nəhayət, 2020-ci ildə
"Molla Nəsrəddin
ensiklopediyası" kimi
olduqca vacib, dəyərli və nəhəng bir salnamə yaratmağa müvəffəq oldu. Baş redaktoru olduğu ensiklopediyanın
tərtib edəni və çapa hazırlayanı filologiya elmləri doktoru, professor Vüqar Əhməd, məsul redaktor filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva, koordinator filologiya üzrə fəlsəfə
doktoru Mehman Həsənlidir. Ensiklopediya
tək "Molla Nəsrəddin"lə bağlı
məqalələrin, felyetonların
məcmusu kimi, yaxud "Molla Nəsrəddin" məcmuəsində
iştirak edən
"mollanəsrəddinçilər"in
deyil, həm o dövrdə yaşayıb-yaratmış,
həm sonrakı dövrlərdə ədəbi
və publisistik fəaliyyət göstərmiş
bir sıra sənətkarların həyatı
və yaradıcılığı
haqqında ətraflı
məlumat verən nəhəng salnamədir.
İsa Həbibbəyli dövlətimizin
"Molla Nəsrəddin"ə
qayğısını xüsusi
qeyd edərək yazır:
"Ümummilli liderimiz Heydər Əliyevin "Molla Nəsrəddin" və mollanəsrəddinçilərlə
bağlı həyata
keçirdiyi siyasi kurs bu gün
Azərbaycan Respublikasının
Prezidenti cənab
İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Möhtərəm
Prezidentimizin Cəlil Məmmədquluzadənin anadan
olmasının 140 illiyi
ilə əlaqədar
6 fevral 2009-cu ildə imzaladığı sərəncamda
deyilir: "Cəlil Məmmədquluzadənin təşəbbüsü,
redaktorluğu və naşirliyi ilə çap olunan "Molla Nəsrəddin" jurnalı ölkənin ədəbi-publisistik həyatında
müstəsna rol oynamış, milli məfkurənin
formalaşmasına öz
layiqli töhfəsini
vermişdir. Klassik Azərbaycan və dünya ədəbi fikri ənənələrindən
bəhrələnən sənətkarın
milli oyanışa səsləyən
yaradıcılığı həm Qafqaz xalqlarının, həm də bir sıra
Şərq ölkələrinin
ədəbiyyatına böyük
təsir göstərmişdir".
İsa Həbibbəyli Azərbaycan
öz müstəqilliyinə
qovuşandan sonra Azərbaycan ədəbiyyatında
"sovetlərdən müstəqilliyə"
aspektindən dəqiq-dürüst
təhlillər apararaq
azərbaycançılıq konsepsiyası və dövrləşmə kontekstində
Azərbaycan ədəbiyyat
tarixinin inkişaf mərhələlərini təhlil
etmiş, hər mərhələnin Azərbaycan
ədəbiyyatının inkişafındakı
rolunu xarakterizə edərək, aydın bir şəkildə oxuculara təqdim etmişdir.
Məsələn, İsa müəllim M.F.Axundzadənin Azərbaycan ədəbiyyatında,
eyni zamanda Azərbaycan xalqının
maariflənməsində nə
qədər mühüm
bir rol oynadığını
sadə, qısa, konkret cümlələrlə,
fəqət zəngin
bir şəkildə ifadə edir:
"M.F.Axundzadənin ədəbiyyata gətirdiyi
Yusif Sərrac obrazı xalqın hakimiyyətdə təmsil
olunması zərurətinin
ilk parolu idi. "Kəmalüddövlə məktubları"
(1863) traktatında isə
despotizim və monarxiya üsul-idarəsinin
kəskin şəkildə
tənqid edilərək,
respublika tipli dövlət quruluşunun
təbliğ olunması
dövrün maarifçi
mühitində ildırım
kimi çaxmışdır.
Böyük ədibin
ictimai-siyasi baxışları
və bədii yaradıcılıq istiqaməti
dövrünün Avropa
və Rusiyadakı bir çox mütəfəkkirlərini də
ideya cəhətdən
qabaqlamışdır".
İsa Həbibbəyli azərbaycançılıq
konsepsiyası və dövrləşmə təsnifatını
zamanla əlaqələndirir
və zamanın ədəbiyyatın bütün
inkişaf mərhələlərində
əsas hərəkətverici
qüvvə olduğuna
fəlsəfi baxışları
ilə aydınlıq
gətirir. Artıq hamıya bəllidir ki,
Zaman nisbi anlayışdır,
yəni zaman kimin üçün ucu-bucağı
görünməyən yaradıcılıq
üfüqləri yaradar,
kimlər üçünsə
daralıb məcrasına
sığmaz. Təbii
ki, İsa müəllim Zamanın
ədəbiyyata təsirini
təhlil edərkən,
Zamandan səmərəli
istifadə edən sənətkarları nəzərdə
tutur. Çünki
İsa müəllimin yorulmadan
apardığı təhlillərə
və tədqiqlərə
nəzər yetirərkən,
onun elmi yaradıcılığının əsas qayəsini təşkil edən sənətkarların məhz
Zamandan səmərəli
şəkildə istifadə
etdiklərinin şahidi
oluruq. Buna baxmayaraq, həm də İsa müəllimin özünün
də Zamandan nə qədər səmərəli bir şəkildə istifadə
etdiyini görürük.
İsa müəllim Zaman faktorunun
yazıçı və
şairlərin inkişafında,
dünyabaxışında misilsiz bir rol
olduğunu qeyd edir.
İsa Həbibbəyliyə görə,
zaman və məkan faktorunun qabardılması
üçün hadisə
əsasdır. Hadisənin
ilk yaratdığı sual
isə onun harada, nə vaxt baş verməsidir.
Bu sualın isə məntiqi əsası odur ki, hadisənin məzmununda zaman və məkan faktoru əhəmiyyətli dərəcədə
iştirak edir. Baş verənlərin mahiyyətinin qavranılması
üçün onların
harada və nə vaxt baş
verməsi əsasdır.
Odur ki, bədii əsərdə yazıçı
zaman və məkan anlayışlarını dəqiq
konturlarla göstərməsə
də, hansısa məzmun komponentləri vasitəsi ilə oxucuda onunla bağlı təsəvvür
yaratmağa çalışır.
Ədəbiyyat tarixinin
dövrləşdirilməsi, həmin dövrlərdə
yazıb-yaradan ədəbi
şəxsiyyətlərin həyat və yaradıcılığının zaman, dövr kontekstində öyrənilməsi olduqca
mühüm işdir.
Lakin bu prosesdə müəyyən çətinliklər
meydana çıxır.
Ən əsası da budur ki, dəqiq dövrləşdirmə aparmaq
mümkün olmur. Hər cür dövrləşdirmə nisbi
xarakter daşıyır.
Lakin bütün çətinliklərə
baxmayaraq, İsa Həbibbəyli
dövrləşdirməni milli ədəbiyyatın qanunauyğunluqlarına
uyğun aparmış,
yalnız ədəbi-tarixi
faktlardan çıxış
etmişdir. Buradakı
dövrləşdirmə Azərbaycanın
gerçək ədəbiyyatının
prinsiplərinə tamamilə
uyğun aparılmışdır.
Azərbaycan ədəbiyyatı
tarixinin dövrləşdirilməsinin
müasir konsepsiyası
üçün müəyyən
edilmiş meyarlar ədəbiyyatımızın çoxəsrlik tarixində
baş vermiş ictimai-mədəni və ədəbi-tarixi proseslərin
reallıqlarını, inkişaf
yolunun özünəməxsusluqlarını
obyektiv şəkildə
özündə əks
etdirməyə imkan yaradır. Ədəbi-tarixi
proseslərin reallıqları
dedikdə, ayrı-ayrı
inkişaf mərhələlərində
Azərbaycan ədəbiyyatının
daxili təkamülündən
doğan sənət idealları ilə xalqın müxtəlif dövrlərdəki ümummilli
ideallarının dialektik
əlaqəsi, sintezi və vəhdəti nəzərdə tutulur. Qeyd olunan prinsiplər:
azərbaycançılıq, sivilizasiya amili, ədəbi cərəyanlar
və ədəbi-tarixi
prosesin reallıqları
Azərbaycan ictimai-mədəni
fikrinin və ədəbiyyatının əsrlər
boyu keçdiyi inkişaf yolunun ana xətlərini və başlıca məzmununu,
əsas inkişaf istiqamətlərini müəyyən
etməyə imkan yaradır. İsa müəllim
"Azərbaycan ədəbiyyatı:
dövrləşmə konsepsiyası
və inkişaf mərhələləri" kitabında
Azərbaycan ədəbiyyatının
yeni dövrləşdirmə modelini irəli sürür. Beləliklə,
Azərbaycan ədəbiyyatını
10 dövrə ayırır:
1. Qədim dövr Azərbaycan ədəbiyyatı:
etnosdan eposadək (ən qədim dövrlərdən VII əsrə
qədər). 2. Azərbaycan
yazılı ədəbiyyatının
ortaq başlanğıc
mərhələsi (VII-X əsrlər).
3. İntibah dövrü
Azərbaycan ədəbiyyatı
(XI-XII əsrlər). 4. Orta
əsrlər Azərbaycan
ədəbiyyatı (XIII-XVI əsrlər). 5. Azərbaycan
ədəbiyyatında erkən
realizm dövrü
(XVII-XVIII əsrlər). 6. Azərbaycan
ədəbiyyatında maarifçi
realizm dövrü
(XIX əsr). 7.Azərbaycan ədəbiyyatında
tənqidi realizm və romantizm epoxası (XIX əsrin doxsanıncı illərindən
Azərbaycanda sovet hakimiyyətinədək). 8. Azərbaycan
ədəbiyyatında sosialist
realizmi dövrü
(1920-1960-cı illər). 9. Milli-mənəvi özünüdərk
və istiqlal ədəbiyyatı mərhələsi
(1960-1980-ci illər). 10.Müstəqillik dövrü çoxmetodlu
Azərbaycan ədəbiyyatı
(1991-ci ildən).
İsa müəllim eyni zamanda azərbaycançılıq
konsepsiyasını aşağıdakı
prinsiplərlə şərtləndirir:
Azərbaycançılıq məfkurəsi, Azərbaycan
xalqı, Azərbaycan
dövlətçiliyi, Azərbaycan
dili, milli-mənəvi
dəyərlər, Azərbaycan
ədəbiyyatı.
İsa müəllimin bu əsərində Azərbaycan
ədəbiyyatının bütün
dövrləri əks
edilir. Bununla İsa müəllim Azərbaycan
ədəbiyyatı tarixinin
nəhəng tablosunu yaradır və oxucuya bəlli olmayan bir şey
qalmır. İsa müəllim
"Kitabi-Dədə Qorqud"dan
başlayaraq müasir
əsərlərə qədər,
qısa və konkret münasibət bildirir və bütün, istər klassik, istərsə də müasir sənətkarların Azərbaycan
ədəbiyyatının inkişafında
nə qədər mühüm rol oynadıqlarını ətraflı
şəkildə qeyd
edir.
İsa Həbibbəylinin tədqiqat
əsərlərinin ən
səciyyəvi xüsusiyyətlərini
bu şəkildə qiymətləndirmək olar:
filoloji faktların zənginliyi ilə elmi ümumiləşdirmənin
uğurlu, inandırıcı
sintezi. Məsələ
burasındadır ki, İsa müəllim, hələ
elmdə ilk addımlarını
atmağa başlayandan
dəqiqliyə fikir vermiş, daim ədəbiyyat institutlarında
saxlanılan əlyazmalara
istinad etmiş, bir sözlə, ədəbiyyat arxivlərini
öz sənətkarlıq
süzgəcindən keçirərək
meydana çıxarmışdır.
İsa müəllim Azərbaycan
ədəbiyyatında realizmin
banisi, Azərbaycan ədəbiyyatına həm
məzmun, həm də forma cəhətdən
xəlqilik, demokratiklik
gətirmiş Molla Pənah Vaqif (1717-1797) haqqında, eyni zamanda şairin yaradıcılığını zəngin şəkildə
əks etdirən mükəmməl bir monoqrafiya yaratmışdır.
Fil.f.d., dos. Gülbəniz
Babayeva bu barədə yazır:
"Bu monoqrafiyanı akademik
İsa Həbibbəylinin yaradıcılığında
tamamilə yeni bir səhifə kimi dəyərləndirmək olar.
Monoqrafiyanın girişində
"Hər oxuyan Molla Pənah olmaz" müdrik xalq deyimini epiqraf
seçən müəllif,
bütövlükdə tədqiqat
boyunca bu fikrin məna siqlətinin özünü
doğrultduğunu təsdiqləməyə
müvəffəq olub.
Alim tədqiqatda Molla Pənah Vaqifin həyat və yaradıcılığı, şəxsiyyəti,
diplomatik fəaliyyəti
haqqında müfəssəl
məlumat verərək,
XVIII əsrdə Azərbaycanın
xanlıqlar dövrünü
əks etdirən mürəkkəb bir mərhələsinin dolğun
mənzərəsini yaradır,
Qarabağ xanlığının
taleyi, qonşu dövlətlərin əbədi
və əzəli torpaqlarımıza qarşı
işğalçılıq siyasəti, bu mürəkkəb və çətin situasiyada
diplomat Vaqifin rolu, hadisələrə ayıq
münasibəti konkret
faktlara istinad edilərək aşkarlanır.
Üç yüz illik bir mərhələ
keçən Qarabağ
xanlığının tarixi
taleyi 10 Noyabr - Zəfər gününədək
ardıcıl və sistemli şəkildə izlənilir. Çox böyük keşməkeşlərdən
adlayaraq son yüzillikdə
dəfələrlə erməni
təcavüzünə məruz
qalan Qarabağımızın
çətin sınaqlardan
keçməsi, vaxtilə
Ümummilli Lider Heydər Əliyevin şəxsi təşəbbüsü
və qayğıkeşliyi
sayəsində Molla Pənah Vaqifin, Xurşidbanu Natəvanın,
Üzeyir bəy Hacıbəylinin Şuşada
ucaldılmış heykəllərinin
düşmən gülləsinin
qurbanına çevrilməsi,
nəhayət, Azərbaycan
Respublikasının Prezidenti,
cənab İlham Əliyevin
müdrik siyasəti, uzaqgörənliyi, müzəffər
və yenilməz ordumuzun qəhrəmanlığı
və misilsiz şücaəti ilə yenidən doğma, əsrarəngiz yurdumuza qayıdışın təmin
olunması yüksək
vətənpərvərliklə və müfəssəl şəkildə tədqiqatda
işıqlandırılıb".
İsa müəllim Azərbaycan
ədəbiyyatının "ana kitabı" - "Kitabi-Dədə
Qorqud"dan yan ötməmiş, tarixi şəxsiyyət, övliya
dərəcəsinə yüksəlmiş
Dədə Qorqud haqqında olduqca sanballı əsər meydana gətirmişdir:
"Akademik İsa Həbibbəylinin
"Kitabi-Dədə Qorqud"
eposu: Heydər Əliyevdən İlham Əliyevə"
kitabında Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin mühüm
tarixi əhəmiyyətə
malik olan sərəncamları
əsasında dövlət
səviyyəsində keçirilmiş
tədbirlərin əhəmiyyəti
elmi-ədəbi cəhətdən
dəyərləndirilmişdir. Müəllif eyni zamanda Prezident İlham Əliyevin "Kitabi-Dədə
Qorqud" haqqındakı
qiymətli fikirlərini
də sistemli şəkildə elmi-ədəbi
mühitin diqqətinə
çatdırmışdır. Beləliklə, "Kitabi-Dədə
Qorqud" dastanlarının
tədqiqi və təbliği ilə bağlı olan İlham Əliyev dövrü yeni inkişaf mərhələsi
adlandırılmışdır.
"Kitabi-Dədə Qorqud"
eposu: Heydər Əliyevdən - İlham Əliyevə"
kitabında xalqımızın
Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin bu
möhtəşəm ədəbi
abidə haqqında imzaladıqları fərmanlar
və sərəncamlar,
habelə ölkə rəhbərləri tərəfindən
müxtəlif vaxtlarda
edilmiş nitqlərin
və çıxışların
mətnləri oxuculara
təqdim olunur. Kitabdakı rəsmi sənədlər və dövri mətbuat materialları filologiya üzrə fəlsəfə
doktoru, dosent İsmixan Osmanlı tərəfindən toplanılıb
tərtib edilmişdir".
İsa Həbibbəyli Dədə
Qorqudu Azərbaycanın
Homeri adlandırır:
"Homer
Avropada və Yunanıstanda, Dədə
Qorqud isə türk dünyasında və Azərbaycanda qəhrəmanlıq eposunun
yaradıcılarıdır.
Akademik
Kamal Abdullanın 1991-2009-cu illərdə meydana çıxmış "Gizli
Dədə Qorqud"
araşdırmalar silsiləsi
ilə "oxşarlıqlar
və fərqlərin"
dairəsi genişləndirilərək
"Kitabi-Dədə Qorqud"dakı
digər obrazlarla Homerin fərqli qəhrəmanlarının müqayisəsi
aparılmışdır. "Gizli Dədə Qorqud"dakı "Odissey,
Basat və Beyrək", "Edip və Buğac", "Sarı donlu Selcan xatun və
gözəl Yelena", "Salur Qazan və
Aqamemnon", "Banuçiçək
və Penelopa" və sair kimi
paralelliklər və müqayisələr "Kitabi-Dədə
Qorqud və dünya ədəbiyyatı"
mövzusuna yeni nəfəs
gətirmişdir. Hazırkı
mərhələdə isə
müqayisənin dairəsi
daha da genişləndirilərək
bənzərliklərin və
fərqlərin miqyası
Dədə Qorqud və Homer səviyyəsinə
qaldırılmışdır. Həmin nöqtədə
"Kitabi-Dədə Qorqud"un,
"İliada" və
Odisseya"nın bədii
əsər kimi özünəməxsusluqları bu möhtəşəm ədəbi abidələrin
qüdrətli yaradıcılarını:
Dədə Qorqudu və Homeri dünya ədəbiyyatının
ön mövqeləri
sırasına çıxarır.
"Kitabi-Dədə Qorqud"
da Homerin "İliada"
və "Odisseya"
əsərləri kimi
dünya ədəbiyyatının
şedevridir. "Kitabi-Dədə
Qorqud" dünya
epos sənətinin əfsanəsidir.
Homer həm də çoxallahlılıq üzərində
qurulan qədim Yunanıstan cəmiyyətində
əsatiri yarımallah
kimi təqdim olunur. Dədə Qorqudun da "qayibdən dürlü xəbər"
söyləyən, "Həqq-təala
könlünə ilham
edən", yəni qəlbinə vəhy gəlmiş, gələcəkdə
olacaqlardan qabaqcadan məlumat verən bir övliya olduğu bildirilir. Görkəmli rus alimi Vasili Bartold
və böyük Azərbaycan qorqudşünası
Məhəmməd Hüseyn
Təhmasib Dədə
Qorquddan gələcəkdən
xəbər verən övliya, ərən kimi bəhs etmişlər.
Dünya
ədəbiyyatında yazı
üsulu ilə yox, şifahi şəkildə əzbərdən
söyləmək əsasında
bədii əsərlər
yaratmaq işini bundan daha əvvəl
qədim yunan şairi Homer həyata keçirmişdir. Homerin şifahi yolla yazılı ədəbiyyatın
mükəmməl nümunələrini
yaratmaq baxımından
Yunanıstanda gördüyü
işi Qalın Oğuz elində - Azərbaycanda Dədə Qorqud yerinə yetirmişdir. Dədə Qorqud Azərbaycan ədəbiyyatının Homeridir".
Hamıya
bəllidir ki, "Dədə
Qorqud" eposu əcdadlarımızın yüksək
mənəvi keyfiyyətlərini,
dini və milli dəyərlərini özündə
ehtiva edən möhtəşəm bir abidədir. İsa müəllim
öz çoxşaxəli
yaradıcılığında "Dədə Qorqud" dastanına xüsusi yer ayırmış və təkrar-təkrar, lakin başqa-başqa çeşidlərlə bu
mövzuya müraciət
etmişdir. Belə
ki, İsa müəllim Dədə
Qorqud dastanı haqqında dəfələrlə
tədqiqatlar apararaq möhtəşəm abidənin
açılmamış sirlərini
meydana çıxarmışdır.
Akademik Teymur Kərimli yazır: "Azərbaycan
ədəbiyyatının ən
qədim dövrünü
təmsil edən, mifologiya ilə bağlı olan bir sıra boylarının
miladdan öncə, əsas özəyinin isə eramızın VII yüzilliyində - İslam Peyğəmbəri
"Məhəmməd əleyhissalamın
zamanına yaxın"
yarandığı təkzibedilməz
dəlillərlə sübuta
yetirilən "Kitabi-Dədə
Qorqud" dastanları
haqqında İsa Həbibbəylinin,
"Kitabi-Dədə Qorqud"
dastanlarının tədqiqi
yeni mərhələdə araşdırmasıdır ki, 1998-ci ildə qələmə alınıb, dastanların
(hamıya məlumdur
ki, "Kitabi-Dədə Qorqud"
dastanının iki -
"Drezden" və
"Vatikan" variantları
mövcuddur. Buna görə
akademik Teymur Kərimli "Dədə
Qorqud dastanları"
ifadəsini işlədir)
1300 illik yubileyi ilə bağlı, 1999-cu
ildə "Basatın
Təpəgözü öldürdüyü
boy"da Naxçıvan"
məqaləsi və Fransanın Strasburq Universitetinin Elmi Əsərləri jurnalında
(N 4, 2002) fransız dilində
çap olunmuş
"Dədə Qorqud"
dastanları dünya eposunun nadir nümunəsi
kimi" məqaləsi".
İsa Həbibbəylinin dramaturgiya
sahəsində də
peşəkar bir teatrşünas kimi tədqiqatları mövcuddur.
İsa Həbibbəylinin "saf,
xalis lirikanın yaradıcısı" hesab
etdiyi Xalq şairi Nəriman Həsənzadəni "Azərbaycan
dramaturgiyasını tarixi
mövzular və müasirlik ideyası ilə" zənginləşdirməsini
qeyd edərək, mənzum dramlarının
şeiriyyət baxımından
da kamil olduğunu vurğulayır. Şairin
əsərlərini təhlil
edən İsa Həbibbəyli
"Atabəylər" mənzum
dramını "...ideoloji
təmayüllər deyil,
dövlətçilik maraqlarının
və milli mənafelərin
əks etdirilməsi əsas qəbul edilməsi zamanına görə müəllifin
vətəndaşlıq cəsarətinin
və uzaqgörənliyinin
ifadəsi" kimi təqdim edir.
Akademik
İsa Həbibbəyli "Böyük qazax mütəfəkkiri Abay və Azərbaycan" başlıqlı məqaləsində
yazır: "Qazax ədəbiyyatının əsas
yaradıcılarından biri
olan Abay Kunanbayev çoxcəhətli
yaradıcılıq fəaliyyətinə
malikdir. O, çoxsaylı
lirik və satirik şeirlərin, bir sıra liro-epik
poemaların, maarifçi
realist şeirlərin müəllifidir.
Dünyagörüşü etibarilə maarifçi olan Abay Kunanbayevin
bütün əsərləri
həyatdakı ictimai
ədalətsizliklərin tənqid
edilməsinə, nadanlıq
və cəhalətin
aradan qaldırılmasına,
elm və maarifin təbliğinə həsr
olunmuşdur".
Çoxuna məlumdur ki, dünyaşöhrətli
qazax mütəfəkkiri
Abay Kunanbayev Azərbaycanda da çox sevilir, çox tədqiq olunur. Azərbaycanın çox
məşhur və görkəmli ziyalıları
Abay Kunanbayevin yaradıcılığı haqqında
olduqca dəyərli yazılar yazmış, onu türk dünyasının
müqtədir söz
ustalarından biri kimi zəngin şəkildə xarakterizə
etmişlər. Tək
Azərbaycan ədəbiyyatı
ilə deyil, bütün dünya ədəbiyyatı ilə
maraqlanan İsa Həbibbəyli
də bəzi yazılarında Abay Kunanbayevi xatırlamış,
eyni zamanda böyük mütəfəkkirin
ədəbi irsini tədqiq və təhlil edən ziyalıların müqəddəs
işlə məşğul
olduğunu qələmə
almışdır:
"Azərbaycanda Abay Kunanbayevin həyatı və yaradıcılığına
dair əhəmiyyətli
tədqiqat əsərləri
yazılmışdır. Xalq
yazıçısı Mirzə
İbrahimovun "Xalqın
böyük ədibi"
məqaləsi (1977) Abay
Kunanbayevin xidmətlərinə
Azərbaycandan mütəfəkkir
yazıçı baxışının
ifadəsidir. Xalq yazıçısı Anar
"Ağaclar quruyur qocalar kimi" adlı məqaləsində
(2020) Abayın mükəmməl
elmi-ədəbi portretini
yaratmışdır".
"XX əsr ərzində aparılmış elmi tədqiqatlar, məqalə
və kitablar əsasında Azərbaycan
Abayşünaslığı formalaşmışdır. Tanınmış
Azərbaycan alimlərindən
filologiya elmləri doktorları, professorlar - Pənah Xəlilov, Məmməd Əliyev,
Elman Quliyev, Nizami Tağısoy, Firuzə Ağayeva, Yaşar Qasımbəyli, Salidə
Şərifova, Xuraman
Hümmətova, filologiya
üzrə fəlsəfə
doktorları - Qulamhüseyn
Əliyev, Arif Əmrahoğlu, Turan Teymurov, Eşqanə Babayeva, Fəridə Vəliyeva, Ağahüseyn
Şükürov, Mehman
Həsənli, Pərvanə
Məmmədova və
başqalarının tədqiqatlarında
Abay Kunanbayevin həyat yolu və ədəbi irsi müxtəlif mövqelərdən təhlil
edilib qiymətləndirilmiş,
Azərbaycan ədəbiyyatı
ilə müqayisələr
aparılmışdır".
Lakin
İsa Həbibbəylinin qardaş
qazax xalqının ədəbiyyatına, onun
dahilərinə olan sevgisi təkcə Abay Kunanbayevlə bitmir. Ədəbiyyat sahəsində çalışanların
hamısı bilir ki,
İsa müəllim qazax
ədəbiyyatının dahilərindən
biri Muxtar Auezovun da türk dünyası üçün
nə qədər dəyərli bir mütəfəkkir olduğunu
qeyd etmişdir, Nizami Məmmədov Tağısoyun 2019-cu ildə
qələmə aldığı
"Muxtar Auezovun yaradıcılığı: ənənədən
navatorluğa" monoqrafiyasına
"Türk dünyası
ədəbiyyatının fəxri
və qazax ədəbiyyatının görkəmli
klassiki" başlıqlı
ön söz yazmışdır.
Sosializm
ideologiyası dövründə
Azərbaycan xalqının
mütəfəkkirlərindən biri Ə.B.Hüseynzadənin
naşiri və baş redaktoru olduğu "Füyuzat"
jurnalını "Molla
Nəsrəddin"ə qarşı
qoyur, "Füyuzat"ı
Azərbaycan xalqının
düşməni olan
bir mətbuat orqanı kimi qələmə verirdilər.
İsa müəllim "Füyuzat"a atılan bu böhtanların, ləkələrin üstündən
qara xətt çəkərək yazır:
"Sovet ideologiyasının
hakim olduğu illərdə
yanlış olaraq
"Molla Nəsrəddin"lə
"Füyuzat" jurnallarını
bir-birinə zidd mövqedə dayanan mətbuat orqanları kimi qələmə vermişlər. "Füyuzat"
və "Molla Nəsrəddin" jurnallarının
yolları, üsulları
fərqli idi, qayələri, nəticələri,
amalları, idealları
yaxın, bir çox hallarda eyni idi. Cəlil
Məmmədquluzadə və
Əli Bəy Hüseynzadə Azərbaycanın
qoşa dayanan yüksək zirvələridir,
elmimizi, ədəbiyyatımızı,
mədəniyyətimizi çiyinlərində
bu günlərə çatdıran qoşa sütunlardır, nəhəng,
çox parlaq simalardır. Bu böyük
mütəfəkkirləri birləşdirən və
yaxınlaşdıran kifayət
qədər yaxın amallar və amillər vardır".
Canlı,
ədəbi proseslə
yanaşı, hər
zaman İsa Həbibbəyli ədəbiyyat tarixini təhlil və tədqiq edir. Azərbaycan ədəbiyyatının
bütün dövrlərinə,
istər klassiklərimizin,
istərsə də müasirlərimizin elmi-bədii
irsinə yeni çalarlarla,
yeni vasitələrlə aydınlıq
gətirir, sovetlər
dönəmində paslı
qıfıllarla bağlanmış
sandıqları açır,
onları ictimaiyyətə
olduğu kimi təqdim edir. Azərbaycan ədəbiyyatı
tarixinin və nəzəriyyəsi problemlərinin
tədqiqi İsa Həbibbəylinin
ədəbiyyatşünaslıq fəaliyyətində ön
cərgədə dayanır.
Azərbaycan ədəbiyyatının
tarixi inkişaf xüsusiyyətlərini azərbaycançılıq
konsepsiyası hərəkətilə
qarşılıqlı əlaqədə
təhlil, ədəbi
prosesin yüksəliş
meyillərinin ümumiləşdirilməsi,
bu meyillərin dövrləşmə təsnifatı
ilə konkret ifasının dürüstlüklə
təyini İsa Həbibbəylinin
elmi fəhminin işıqlı şəkildə
təzahürüdür.
Ədəbiyyatşünas alim Azadə Rüstəmova ürək
yanğısı ilə
vaxtilə M.Y.Quluzadənin
X.H.Koroğlu ilə birgə yazdığı
bir oçerkin "Azərbaycanda ədəbiyyat"
sərlövhəsilə oxuculara
təqdim edildiyini qeyd edir.
İsa müəllim "Ədəbiyyatda
azərbaycançılıq konsepsiyası və dövrləşmə təsnifatı",
eyni zamanda "Azərbaycançılıq analitiklik
və kreativlik" əsərlərini yazmaqla
"Azərbaycanda ədəbiyyat"
deyil, Azərbaycan ədəbiyyatının dünya
xalqlarının ən
qüdrətlilərinin sırasında
yer tutduğunu təkzibolunmaz dəlillərlə
sübuta yetirir.
İsa müəllimin yaradıcılıq
üfüqləri geniş
olduğu qədər
pedaqoji fəaliyyəti
də müstəsnalıq
təşkil edir. O, Naxçıvan Dövlət
Universitetindən başlayaraq
Azərbaycanın bir çox ali təhsil ocaqlarında mühazirələr oxumuşdur.
Onun oxuduğu mühazirələr, təbii
ki, tələbələrin elmi fəhminin işıqlanmasına böyük
təsir göstərmişdir.
Lakin İsa müəllimin məziyyətləri bununla
da bitmir. Onun elmi rəhbərliyi altında 7 elmlər doktoru, 39 fəlsəfə
doktoru yetişmişdir
ki, onlar Azərbaycan ədəbiyyatına böyük
xidmətlər göstərmiş
və göstərməkdədirlər.
Lakin İsa müəllimin fəzilətləri bununla
da bitmir. O, olduqca xeyirxah, alicənab, yüksək-mənəvi keyfiyyətlərə,
zəngin təbiətə
malik, gözəl bir insandır. O, Azərbaycan
ədəbiyyatına, Azərbaycan
elminə xidmət göstərən hər kəsə yardım əlini uzatmağa hazırdır və bunu dəfələrlə
nümayiş etdirmiş
və əsl azərbaycanlı kişisi
kimi hər kəsə örnək olmuşdur. Bu yaxında
İsa müəllim Gürcüstan
Milli Elmlər Akademiyası
Ümumi yığıncağının
10 iyul 2024-cü il tarixli
qərarı ilə bu qurumun xarici
üzvü seçilmişdir.
Bu məqsədlə Tbilisi şəhərində Gürcüstan
MEA Rəyasət Heyətinin
genişləndirilmiş iclası
keçirilmişdir. Belə
ki, İsa müəllimin Gürcüstana
səfəri çərçivəsində
iki ölkənin Milli
Elmlər akademiyaları
arasında əməkdaşlıq
memorandumu imzalanmışdır.
Memoranduma hər iki ölkənin milli və dövlətçilik
maraqlarına cavab verən birgə tədqiqatların aparılması,
layihələrin hazırlanıb
həyata keçirilməsi,
zəruri ixtisaslar üzrə elmi kadrların hazırlanmasına
və mübadiləsinə
dəstək verilməsi,
müştərək elmi
konfransların və seminarların təşkili,
elmi nəşrlərin
mübadiləsi və
sair kimi mühüm məsələlər
daxildir.
Möhtərəm İsa müəllim! Siz bizim həm
müəllimimiz, həm
ustadımız, həm
də ağsaqqalımızsınız!
Biz sizdən öyrənmişik,
öyrənirik və
inşallah, həmişə
öyrənəcəyik! Sizin
yaradıcılıq üfüqləriniz
o qədər genişdir
ki, ucu-bucağı görünmür!
Siz lap yeniyetmə vaxtlarınızdan Azərbaycan
ədəbiyyatına xidmət
göstərmisiniz və
göstərməkdəsiniz. Lakin bu hamısı deyil! Siz yüksək
mənəvi keyfiyyətlərə,
nəcib sifətlərə
malik, mənəvi cəhətdən
çox zəngin, gözəl bir şəxsiyyətsiniz!
Vüqar Əhməd
Ədəbiyyat qəzeti.- 2024.- 19 oktyabr, №40.- S.12-14.