Hüseyn Cavidin məktubları
Hər ilin oktyabr ayı həm də Cavidlər ayıdır. Taleyin hökmü ilə yayı payızla birləşdirən bu gözəl ay böyük
mütəfəkkir, romantik
ədib, ədəbiyyatımızın
klassiki H.Cavid ailəsinin qismətinə
düşüb. Məncə,
məhz bu ay, sadəcə, rəqəmləri
yada salmaq üçün
yox, Cavid irsinə yeni münasibət
üçün əlverişlidir.
Ümumən, klassik sənətkarların böyüklüyü
ondadır ki, onlar hər yeni gələn nəsillə yenidən doğulurlar. Bu nəsil öz ədəbiyyatının
iftixarı olan ədib və şairləri özünəməxsus
tərzdə oxumağı
bacarmalıdır.
H.Cavidin
taleyində ən böyük rol oynamış şəxsiyyət
Heydər Əliyev olmuşdur. O, misilsiz fədakarlıq göstərərək,
bütün maneələrə
sinə gərib böyük romantik şair və türkçü filosof H.Cavidin nəşini uzaq Sibirdən doğma vətənə gətirdi, doğulduğu
ulu Naxçıvanda torpağa
tapşırdı. İndi Cavidlər burada müqəddəs bir məqbərədə uyuyur.
H.Əliyevin möhtəşəm
fəaliyyəti, verdiyi
qərar və sərəncamlar özünəməxsus
tarixi, nəzəriyyəsi
və estetik hüdudları olan bir elm kimi cavidşünaslığın
da inkişafına güclü
təkan verdi.
Heydər
Əliyevin Hüseyn Cavid konsepsiyasının nəzəri-fəlsəfi mahiyyəti
belədir: "Hüseyn
Cavid XX əsrdə Azərbaycan ədəbiyyatının,
mədəniyyətinin inkişaf
etməsində misilsiz
xidmətlər göstərmişdir.
Hüseyn Cavid Azərbaycan xalqının,
onun mədəniyyətini,
ədəbiyyatını, elmini
yüksəklərə qaldıran
böyük şəxsiyyətlərdən
biridir. Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan
xalqının milli sərvətidir.
Onlar bu gün üçün, gələcək nəsillər
üçün dərslik
kitabıdır. Hüseyn
Cavidin bütün yaradıcılığı, bütün
fəaliyyəti Azərbaycan
xalqının mədəniyyətini
yüksəklərə qaldırmaqdan,
xalqımızı azad,
müstəqil xalq etməkdən ibarət olubdur. Onun bütün
yaradıcılığı Azərbaycan xalqını
milli azadlığa, müstəqilliyə
çatdırıbdır. O, həmişə öz iradəsi ilə yaşamış, öz iradəsilə millətinə
sadiq olmuşdur, millətini, xalqını
həddindən artıq
sevmiş və millətinə həddindən
artıq xidmət edən bir insan
olmuşdur".
Azərbaycan romantizminin öndəri,
filosof-şair H.Cavid haqqında çox yazılıb. Cavid Azərbaycan xalqı var olduqca ehtiramla yad ediləcək. Onun nisbətən az öyrənilmiş məktublarına
diqqət çəkmək
istəyirik.
H.Cavidin
məktubları onun
"Əsərləri"nin beşcildliyinin V cildində
(Bakı, "Elm", 2007. Tərtib edən: Turan Cavid, çapa
hazırlayan: Gülbəniz
Babaxanlı) yer alıb. H.Cavidin (ümumiyyətlə, hər
bir sənətkarın)
məktublarına da onun
estetik idealı mövqeyindən yanaşmaq
lazımdır.
H.Cavid
ilk məktublarını fars
dilində yazmışdır.
Ona görə də M.T.Sidqiyə və Q.Şərifzadəyə yazdığı
məktublar mürəkkəb
ibarələrlə dolu,
çətin üslubdadır.
Qurbanəli Şərifzadəyə
məktubundan bir parçanı misal veririk:
"Maarifpərvər əfəndim
həzrətləri!
Əvvəllən ümid və rica ediyorum ki, ricali-himmət və əqbabi-qeyrət həpsi
səlamülmizac olub
kəmali-sihhət və
istiqamətdədirlər.
Və saniyən lillahi - həmd vəlminnə, fədəvi sayeyi mərahim-vayeyi həzrəti-xülafətpənahdə
kəmali-əmniyyət və
məmnuniyyətlə seyrü-səyahət
və kəsbi-mərifət
edib, dürlü-dürlü
istifadələr edirəm".
Beləliklə, fəzilət
məlum: H.Cavidin ilk məktubu (1903-1912-ci ildə
yazdığı - G.Ə.K.) Şərq əbəbiyyatında
və rəsmi sənədlərdə mövcud
olan bəlağətli
üslubda yazılıb.
Və bu məktublarda o, yazdığı
məktubların gec çatmasından, İran poçtxanalarının
yaxşı işləməməsi
ucbatından qəzetləri
ala bilməməsindən şikayətlənir.
H.Cavid bu məktublarda Türkiyəyə
olan sevgisini və heyrətini ifadə edir.
"Trabzon
çox eyi və səfalı ruhpərvər və nəşətgüstər bir
bəlgədir... Altı
saatdan sonra vapora evdət edib rahət olduq... 36 saət birbaşa yol gəlib gecə saat üç buçuqda İstanbulun boğazına daxil olduq. Öylə ki, sübh açıldı,
tamaşa etdik. Boğaz nə Boğaz!!! Allah zaval verməsin..."
H.Cavidin
bu dövr məktubları belə başlayır: "Naxçıvanda.
Səmahətli və
fəzilətli əfəndim
Məşədi Qurbanəli
ağa Şərifov damə iqbaləhu həzrətlərinə vüsul
olacaq bir məktub. Dərsəadət.
26 şəban 1324 mütabiq
2 təşrini-əvvəl, yaxud oktyabr 1906".
Məktub
"Məzirəti məxsusə":
"Bəyani-hal və
şərhi-əhval: "Amma mədəniyyətimiz və
təhsilimiz": hissələrindən
ibarətdir. Mövzulardan
H.Cavidin qarışıq
üslubda nədən
bəhs etdiyi aydındır.
"İstanbulda mütəəddid
və günagün teatrolar var; ələlxüsus
ramazanda büsbütün
kəsəbə və
çoq əsnafın
dükanları gecələr
açıq olub, məfhum olduğuna görə, teatrolar daha ziyadələşir və türklər də o gecələrdə
teatroya getməyə artıcaq talib və rağib oluyorlar" .
Buradan məlum olur ki, H.Cavid İstanbulda teatr həyatı ilə aşina olmuş, bəlkə də onda dram əsəri yazmaq meyli buradan yaranmışdır.
XIX əsrin sonu - XX yüzilliyin önləri İstanbulda milli həyatın,
türkçülük və
turançılığın intibah dövrü idi. H.Cavid və
digər türk dövlətlərinin münəvvər
gəncliyi bu qaynar həyata, münbit əraziyə toxum kimi səpilmişdilər.
Bu mühit Əbdülhəq
Hamidin, Rza Tofiqin, Tövfiq Fikrətin, Namiq Kamalın, Ziya Gökalpın ruhu ilə nəfəs alırdı. Burada Azərbaycan türkləri
- Hüseyn Cavid, Bəkir Çobanzadə,
Əmin Abid kimi gənclər təhsil alır, türk ruhu mənimsəyirdilər.
"Mədəniyyətə həsr edilmiş bu əsrdə hamı elm əldə etməyə rəğbət
və hər kəs mərifət qazanmağa qeyrət göstərir, heç mümkündür ki, biz bəsirət
gözümüzü yumaq,
qəflətə, cəhalətə
cumaq!"
Qurbanəli Şərifzadəyə yazdığı 14 iyun
1909-cu il tarixli məktubun
əvvəlində verilən
bir qeyd diqqətimizi çəkdi:
"Yalnız kəndiniz
oquyacaqsınız..." Bu məktub müəmmalıdır.
Baxaq: "Əfəndim!
20 mayısda mühərrər
məktubunu (yaxud məktubunuzu) keçən
həftə Hacıbaba
ağanın kantorundan
aldım. Bidayətindən
nihayətinə qədər
iki-üç dəfə
təkrar-təkrar oqudum.
Gah məsrur, gah məmnun,
gah məhzun oldum... Məktubun ilk səhifəsi
hər şirindillinin,
hər insaniyyətpərvər
qiyafəsinə girənin
iddialarını boş
və şarlatanlıqdan
ibarət kibi göstəriyor".
Sonra Cavid "naxçıvanlılardakı
hissi-milli, əcəba,
bir tərbiyeyi-mədəniyyə
məhsulumudur", "Mən
Qafqasyanın istiqbalını
- İrana nisbətlə
- daha ziyadə parlaq görüyorum",
"Bən kəndim də hər hal istədiyim kibi düşünüyorum",
"Fəqət Naxçıvanda
yaşamaq bəncə
ən məhalatdandır"
kimi sətirlər yazır. Və bu cümlələrdən
Q.Şərifzadəyə nə
üçün "məktubu
tək oxuyun" qeydi aydınlaşır: H.Cavid dövrünün -
İranın, Osmanlının
və Naxçıvanın
bir para siyasi problemlərinə münasibətini
bildirir.
H.Cavidin
Qurbanəli Şərifzadəyə
məktubları uzun, lakin Məmmədəli Sidqiyə yazdıqları
yığcamdır: "Əzizim
Məmmədəli! İyulun
iyirmi-iyirmi beşinə
qədər mümkün
olsa, uşaqlardan birinə zəhmət verib, "Şeyx Sənan"ı yazdırıb
göndərsəniz, bəni
pək ziyadə məmnun etmiş olursunuz... Hüseyn Minasazov cənablarına məxsus ərzi-ehtiram.
Naxçıvan siz getdikdən sonra pək çoq təbəddülata
uğramış. İnsan
hava yerinə adəta od-alov tənəffüs ediyor".
H.Cavid bu məktubu 8 iyul 1913-cü ildə Naxçıvandan
yazıb. Bu məktubda
onun tarixi-ictimai vəziyyəti, mühitinin
və özünün
gərgin, mənəvi-psixoloji
durumu dəqiq qeyd olunur.
H.Cavidin
Əziz Şərifə
məktubları onun
1916-1923-cü illərdəki durumu, fəal yaradıcılıq problemləri
barəsində bilgilər
verir. Əziz Şərifə 30 may 1916-cı il tarixli məktubunda yazıb: "Sənin məktubun ölü və yorğun könlümü diriltdi, fərəhləndirdi". Bircə
bu yarım cümlə böyük sənətkarın vəziyyətini,
buna binaən onun zəmanəsinin əzici xarakterini təsəvvür
etməyə imkan verir. Ədəbi məktubun gücü də elə bundadır. Əziz Şərif ona yazıb ki, "Tez-tez məktub yazıb səni narahat etməyə cürət etmirəm". H.Cavid onun bu qeydinə
ərklə irad tutur: "Məktub yazıb bəni narahat etmək cürətinə" gəlincə,
sana qızmamaq, darılmamaq mümkün deyil... Çünki bu kəlmələrdə
bir qədər rəsmiləşiyorsun. Gözəl
və müəttər
bir gül dikənsiz olmadığı
kibi, fəzilətli, müstəid bir insan da qüsursuz olamaz".
Beləliklə, məlum olur
ki, böyük sənətkar
məktublara xüsusi
əhəmiyyət verib,
müasirləri ilə
ünsiyyəti qiymətləndirirmiş.
Onun məktublarında
əsərlərinin taleyi,
bədii yaradıcılıq
qayğıları barəsində
də öz dilindən söylənilmiş
həqiqətləri müəyyən
edirik: "Şeyx Sənan"ı vaqtsız
nəşr etdim. Daha münasib vaqtda bıraqmalıydım,
çünki, o, nəşr
edildiyi günlərdə
siyasət aləmi həyəcanlı dəqiqələr
keçiriyordu. Xalq
da, təbii, bütün
ruhuyla müharibəyi
təqib ediyordu. Zatən, bu bir qanundur: siyasət
rol oynarkən, ədəbiyyat susar. Təbii, susmalıdır
da"... Burada siyasət
və ədəbiyyat
məsələsi qoyulur;
H.Cavid "siyasət olan yerdə ədəbiyyat susmalıdır"
deyir. Bizə ədəbiyyat hər cür siyasətdən üstündür - ədəbiyyat
əbədi, siyasət
ötəridir! Əsas
məsələ də
əbədini ötəridən
ayırmaqdır...
H.Cavid bu məktubda "Şeyda" adlı bir faciə, sadə bir şey
yazdığını da qeyd
edir. Əziz Şərifə 4 mart 1923-cü il tarixli məktubundan öyrənirik ki, Ə.Şərif
onun "Şeyx Sənan" və "Uçurum" pyesləri
haqqında məqalə
yazıb, lakin bu yazını hələ oxumadığını
H.Cavid yazır. Həmin məktubda 1918-ci
il mart hadisələri nəticəsində
mətbəənin yandırıldığını
və kitablarının
məhv olduğunu da qeyd edir. "Bənim halıma gəlincə, pək durğun və donuq bir haldayım.
Yeni yazmış bulunduğum
"Peyğəmbər"i islah edib ortaya
çıqarmağa vaqtım
yoq" deyə yazıb. Bu qeyd də romantik şairin real durumunu, bir şəxsiyyət kimi varlığını
əks etdirir.
H.Cavid
20-ci illərin sonuna yaxın müalicə almaq üçün Kislovodskidə olanda həyat yoldaşı Mişkinaz xanıma iki məktub ünvanlayıb: 24 həziran
1927-ci il tarixli məktubunda
oxuyuruq:
"Əziz sevgili Mişkinaz!
Vannalar və elektrik bəndə hal qoymamış, nəinki uzun məktub yazmaq, hətta qısasına da ərinirəm.
Daha doğrusu, Məşədi İbad kibi adımı da özgədən soruşuyorum.
Vannalar bütün-bütünə
əsabı və hafizəyi bərbad ediyor. ...Ərtoğrola söylə ki, gözü
Turancığın üzərində
olsun, savaşmasınlar..."
Bu məktubdan böyük
şairin xəstəliklə
mübarizə apardığını,
ailəsinə, övladlarına
həssas ata məhəbbətinin şahidi
oluruq. Bu səadət
10 il çəkəcək, on ildən sonra 1937-də təlatümlər başlanacaq.
Şairin həyat sevgisi sönəcək, özünün və mehriban ailəsinin kədərli günləri
tüğyan edəcək.
H.Cavidin
məktubları yeni - qalmaqallı
XX əsri dərk etməyə, Azərbaycan
gəncliyinin Şərqlə
bağlı ümidlərinin
puça çıxdığını
dərk etməyə kömək edir.
Hər məktub bir əsər, hər sətir bir həqiqətdir.
Gülşən Əliyeva-KƏNGƏRLİ
Ədəbiyyat qəzeti.- 2024.- 19
oktyabr, №40.- S.15.