Yazıçı Vaqif Sultanlının
“Səhra
Savaşı” romanı yenidən yayınlandı
Bu günlərdə
yazıçı Vaqif
Sultanlının “Səhra
savaşı” adlı
romanı yenidən nəşr olunmuşdur. “Kritika” nəşriyyatının
yayınladığı, şərti-metafоrik
üslubda qələmə
alınmış rоmanda
təsvir olunan hadisə və əhvalatlar zamanın çatlaması ilə gələcəkdən imtina
edərək keçmişə
üz tutan qəhrəmanın taleyi fonunda aşkarlanır. İnsanlığın keçib
gəldiyi yolun ənənəvi axarda deyil, tərs müstəvidə canlandırılması
müəllifə insan
və dünya haqqında fəlsəfi düşüncələrini əks
etdirməyə imkan verir.
“Səhra savaşı”
romanı XXI yüzildə
qloballaşan dünyaya
hakim olan özgələşmə, yaddasızlaşma,
biganələşmə, gərəksizləşmə
kimi mənəvi-əxlaqi
çöküş və
humanitar böhranla müşayiət olunan bəşəri problemlərə
sərt etiraz ruhu ilə seçilir.
Süjet hörüyü
fəlsəfi-mifoloji düşüncədən
qaynaqlanan romanın baş qəhrəmanı
kimi canlandırılan
Qocanın timsalında
yer üzündə dərinləşməkdə olan
ziddiyyətlərin, qarşıdurmaların,
çarəsizliyin, çıxılmazlığın
gerçək mahiyyətini
aşkarlamağa yönəlik
sorunlara aydınlıq
gətirilməsinə çalışılır.
Qeyd edək
ki, ilk dəfə
2015-ci ildə Azərbaycan
oxucularına təqdim
olunan roman daha sonra Türkiyə,
Amerika Birləşmiş
Ştatları, Böyük
Britaniya, Rusiya, Ukrayna, İran və başqa ölkələrdə
yayınlanmış, haqqında
müxtəlif səpkili
araşdırmalar aparılmışdır.
.Ədəbiyyat qəzeti.- 2024.- 19 oktyabr,
№40.- S.14.