Deyimlər süjet dolanbaclarında
Hekayələrin, ümumən istənilən
nəsr əsərinin
yazılmasının tarixçəsindən
başqa psixoloji, yaxud ruhi və
ya bizim izah edə bilməyəcəyimiz
bir əsası olur (fikrimizdə çırpınır, üzə
çıxmaq istəndikdə
tam unudulur...), bu məsələni düşünərkən,
ilk olaraq "Qətl günü" yadıma düşür, o əsərin
bütün ruhunu ən dürüst şəkildə mətnin
dəryasında hansı
deyim daha mükəmməl şəkildə
ifadə edə bilir? ...Görəsən,
bu dünyada çörəyi daşdan
çıxan insanların
məmləkəti hardadır?
Müəllif əsər
yazılana qədər
bu deyimi nə qədər pıçıldayıb, neçə
dəfə ürəyindən
keçirib? Bu deyim, bu düşüncə insanı ən böhranlı vəziyyətdə
küncə sıxışdırır,
ona necə yaşadığını sözsüz
anladır, elə bir ortam yaradır
ki, bu ömür deyilən qatarda başına gələnləri
bir-bir nəql edirsən. Yenə də fikrində, sözsüz, sadəcə,
ruhunu didən deyimlərin, ayrı-ayrı
sözlərin diliylə...
Yaxud vaxtilə oxuduğum əsərlərin
birində "Dərzinin
qızı dərzi göydə ulduzların sayı neçədir",
"Padşahın oğlu
padşah ləkdə
reyhanların sayı neçədir" - kimi deyimlər nağıl tilsiminə bürünüb
səni haçansa
ac-susuz qaldığın
bir yerə sürgün edir...
Əsərdə qəribə, hamının
bildiyi, ancaq məhz nasirin təhkiyə prosesinə cəlb etdiyi bir proses var: deyək ki, hansı məkandasa çox faciəvi olaylar baş verir, bir lay onun üstüylə gedir şumlayır, dəniz oyununda - sörfinqdə olduğu kimi, sevinc, kədər,
faciə, şadlıq,
ah, fəğan, şaqraq
səs bir-birini həmin dəli dalğalar kimi əvəz edir, həm də doğurur, hər şey bu amansız
qovğada "şahə
qalxır" (yaranır...),
hər şeyin, ən gözəl nəsnələrin də
məzarı elə həmin gərginlik sahəsidir. Bədii əsərdə, nəsr mətnində məkan da,
zaman da əslində gərginlik
sahəsidir, hər şeyin ən son nöqtəsində qərar
tutan hadisələr, süjet yarpaqları məhz gərginlikdən su içir.
Bədii
əsərləri meydana,
dünyaya gətirən
deyimlər bədii əsər mətnində
iti yaddaş elementi kimi daim
özünü diktə
edə bilər, ya da unutdurar, ancaq deyimin süjetə
calanması, onu adi kəsikdən böyük maqnit sahəsinə çevirmə
işi bir an da olsa, dayanmaz, davam edər. Hər bir əsər,
hər bir nəsr mətni həmişə təsadüfən
yazılır, ancaq onun süjetinin qurulmasında əlahiddə
rola malik deyimlər (yazıçının içinə
dolan hiss və duyğuların orda məskən salıb ayrıca "dilə"
çevrilməsi...) bu
təsadüfü aradan
qaldırır. Görəsən,
"Tatar çölü" romanında, onun min verstlik dərinliyində gizlənmiş, ordan süjet quruculuğuna təsir edən hansı deyim var? Şübhəsiz ki, burda
söhbət mifik yer adı kimi
tatar çölünün
özündən getmir,
adam at belində qarnizona gələrkən
düşündüyü hər şey bu mübhəm deyimlə qidalanır, nəfəsini ondan alır. Bir də belə bir situasiya:
Kamünün "Yad" romanında
əsas məsələ
baş verdikdən sonra Mersonun keçmişdən yadına
düşənlər onun
içini boşaldıb
bu dünyaya yadlaşdıran hər şey bir cümləlik
deyimi formalaşdırır
və bu sözlər Mersonun kamerada keşişlə söhbətində paslı
qıfıl kimi açılır, qıfılın
səsi onun içində səslənir,
o səs Mersonun ömrüboyu demək istədiyi sözü pasa çevirir, artıq yol bitib, artıq arxaya - keçmişə
və gələcəyə
yol qıfıllanıb.
Yaxud Feyxvangerin Russo haqqında romanında, yaxud İsa Hüseynovun "Saz" povestində, Mövlud Süleymanlının "Yel
Əhmədin bəyliyi"
süjet sərbəstliyi
və kompozisiya bitkinliyi baxımından
yeni hadisədir, müəllifin
yaddaşını əsir
edən deyim vektorları ən müxtəlif istiqamətlərə
haçalanır, elə
ilk pasajlarda kəpənək
qanadlarının tozu,
yerlə göyün Nəsimi şeirində təması və ayrılması, sürət
obrazı və sükunət... bütün
bunlar ilkin deyim molekulunu tanınmaz dərəcədə
dəyişdirir.
Mübariz Örənin "Çinar
yazıları" hekayəsinin
süjetinin formalaşmasında
ana situasiya, personajın
itkin düşən qardaşının pasportunu
anasının gözündən
yayınıb oğurlamasının
alt qatında hekayədə,
mətndə sərgərdan
gəzən və heç cürə üzə çıxa bilməyən bir deyim var. Darmacalda səni qurtaran, sonradan içini kəsib doğrayan hərəkət həmin
deyimlə tuş gəlir, bu pasport səni ölkədən çıxarsa
da, adının, kimliyinin
zamanla itməsinə səbəb olub. İndi bu kəskin suallara cavab vermək çətindir,
demək olar, mümkün deyildir. Deyimin üzə çıxmaması, süjet
dolanbaclarında itməsi
hekayənin kompozisiya quruluşunun bitkinliyini şərtləndirir.
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2024.- 19 oktyabr. №40.- S.17.