Məhəmməd Füzuli və
türk ədəbiyyatşünaslığı
(Əvvəli ötən
saylarımızda)
Məhəmməd Füzuli özünü dünyəvi padşahlardan üstün sayır, deyir ki, onlar yüz fəsad, fitnə ilə ölkələr işğal edirlər, ancaq fələk hər şeyi tərsinə çevirir, nə padşah, nə əsgər, nə ölkə qalır, ancaq mən elə bir sultanam ki, sözümün feyzi zəfərlər qazanır. Hər sözüm Allahın yardımı ilə dənizləri, torpaqları ələ keçirən bir pəhləvandır. Hara getsə, vergi, xərac almaz, hansı ölkəni ələ keçirsə, kimsəyə zərər verməz. Fələyin təqdirini dəyişməsi ona təsir göstərməz. Soltanlar mənə yardım təklif etməsinlər, başımdakı qənaət tacı mənə yetər. Ölümsüz insanların - bəqa əhlinin yeyəcək üçün ölümlü insanlara - fəna əhlinə əl açmasından Allah qorusun.
Türk alimləri deyirlər ki, Füzuli gözələ, gözəlliyə, doğruya aşiqdir: "...Füzulinin şeirlərində rindlik eşqdən sonra ən güclü ünsürdür. O, dünya malına önəm verməz, qənaət sahibidir, gözü, könlü toxdur... Füzulinin aşiqanə şeirlərindəki kimi rindanə şeirlərində də dərin bir hiss qüvvəti və şeiriyyəti var".
Türk alimləri Füzulini Hafizlə müqayisə etmiş, aralarındakı oxşarlıq və fərqləri göstərmişlər: ikisi də doğuluşdan şairdir, ikisi də islami və ədəbi dəyərlərlə yetişmişdir, ikisinə də təsəvvüfün böyük təsiri var, ikisi də rind ruhludur, ancaq nə Hafiz, nə də Füzuli mütəsəvvif şairdir, "...Füzulinin alimliyi, Hafizin isə rindliyi daha güclüdür".
Qeyd edim ki, Azərbaycan və türk füzulişünasları şairin təsəvvüfə münasibəti ilə bağlı fərqli fikirlər söyləmişlər, məsələn, Bəkir Çobanzadə Füzulinin sufi, mistik olmadığını deyir, Əli Hüseynzadə "Füzuli və təsəvvüf" adlı məqalə yazaraq bu fikri təkzib edir. Bu iki xətt türk füzulişünaslığında da var. Məsələni doğru həll etməyin ölçüləri bunlardır: birincisi, Füzulinin dünyagörüşü İslam mədəniyyətinə bağlıdır, onun şeirlərini bu mədəniyyətin dəyərlərindən qopararaq öyrənmək imkansızdır. İkincisi, Füzuli bəyan, bürhan məktəbinə deyil, irfan məktəbinə aiddir, həqiqətin kəşf, mücahidə yolu ilə öyrəniləcəyinə əmindir. Üçüncüsü, Füzuli vəhdəti-vücuda inanır, deyir ki, varlıq Allahın təcəllisidir. Dördüncüsü, Füzuli təriqət şairi olmasa da - təriqət əhli olduğunu yazan təzkirəçilər də var - təsəvvüfün təsiri altındadır, onun anlayışlarından, təsəvvüfi ədəbiyyatın obrazlarından çox istifadə edir, "təsəvvüf onun üçün bir məqsəd deyil, vasitədir". Beşincisi, Füzuli bir eşq şairidir, onun şeirlərində ilahi eşq də, dünyəvi eşq də var.
Məhəmməd Füzuli özünü "eşq şəhidi" adlandırır, eşqinin artması üçün Allaha dua edir, deyir ki, gerçək aşiq canını cananına fəda edər, şair həqiqi aşiqin/aşiqliyin ölçülərini sıralayır:
Aşiq oldur kim, qılır canın fəda cananına,
Meyli-canan etməsin, hər kim ki qıymaz canına.
Canını cananə verməkdir kəmal aşiqin,
Verməyən can, etiraf etmək gərək nöqsanına.
...Eşq dərdinin dəvası qabili-dərman
degil,
Tərki-can
derlər bu dərdin mötəbər
dərmanına.
Hiç
kim canan üçün can verməgə
laf etməsin,
Kim, gəlibdir bu sifət ancaq Füzuli şanına.
b) "Leyli və Məcnun"
məsnəvisi
Türk
alimləri Məhəmməd
Füzulinin "Leyli və Məcnun" məsnəvisinin tənqidi
mətninin hazırlanması,
nəşri, araşdırılması
ilə bağlı ciddi işlər görmüşlər. Professor Agah Sırrı Ləvənd öncə Leyli və Məcnun
mövzusunun tarixini öyrənmiş, ərəb
qaynaqlarına müraciət
etmiş, farsdilli ədəbiyyatda bu mövzuda yazılmış
məsnəviləri incələmiş,
mövzunu yazılı
ədəbiyyata gətirmiş
Nizami Gəncəvinin
"Leyli və Məcnun" məsnəvisinə
ayrıca yer vermiş, Nizami ilə Füzulinin məsnəvilərini müqayisə
mövzusuna çevirmiş,
oxşar, fərqli cəhətləri göstərmiş,
Füzulinin "Leyli və Məcnun" məsnəvisini türk dilində yazılmış
məsnəvilərin zirvəsi
saymışdır.
Füzuli
"Leyli və Məcnun" məsnəvisinə
dibaçə ilə
başlamış, əfsanə
bəhanəsi ilə
həqiqi eşqi - ilahi eşqi tərənnüm etmək
istədiyini bildirmiş,
sonra üç rübai yazmış, yardım üçün
Allaha dua etmişdir:
Lütf
ilə şəbi-ümidimi
ruz eylə!
İqbalımı tövfiq ilə
firuz eylə!
Leyli kimi ləfzimi diləfruz eylə!
Məcnun
kimi nəzmimi cigərsuz eylə!
Məhəmməd Füzuli "Leyli
və Məcnun" məsnəvisində dibaçə
və üç rubaidən sonra sırası ilə Allahdan yardım istəyir, tövhid bölməsi yazır - Allahı tanıdır, münacata yer verir, Allahın varlığının dəlillərini
ortaya qoyur, cəhaləti tənqid edir, günahların səbəbinin cəhalət
olduğunu bildirir,
Allah Rəsulunu tərifləyir,
merac gecəsini tanıdır, gücünün
azlığını açıqlayır,
saqinaməyə yer ayırır, nəfsi qırmağın yolunu göstərir, Osmanlı soltanını tərifləyir,
onu islam padşahı adlandırır,
məsnəvinin yazılma
səbəbini sıralayır,
mədhiyyə yazır,
"Leyli və Məcnun" məsnəvisinə
"möhnət divanı"
adını qoyur, ikinci dibaçə artırır, bəlaya, acıya tərif verir, hadisəni danışır, əsərinin
yazılma tarixini açıqlayır, məsnəvini
dua ilə bitirir.
Məhəmməd Füzuli "Leyli
və Məcnun" adlı məsnəvisi olan şairlərdən,
ilk sırada Nizami Gəncəvidən təsirlənsə
də, orijinal əsər yazmışdır,
şairin "Leyli və Məcnun" məsnəvisinin quruluşu
bunu açıq göstərir - məsnəvinin
quruluşunu, süjet
xəttinin ardıcıllığını
açıqladıq - onu
da əlavə edək
ki, şair "Leyli və Məcnun" məsnəvisində üç
rübaiyə, iki qəsidəyə, iyirmi dörd qəzələ, iki mürəbbeyə yer vermiş, bölmələrin sonuna kiçik və böyük olmaqla on üç "tamamiyi-süxən"
("sözün sonu")
yazmışdır.
Türk
alimləri deyirlər
ki, Füzulinin "Leyli
və Məcnun" məsnəvisi quruluşu,
dili, şeiriyyəti,
ideyası baxımından
şah əsərdir,
təkrarsızdır, mövzu
şairin ruhuna, dünyagörüşünə, inancına uyğun olduğundan Füzulinin ədəbi kimliyinin ortaya çıxmasına
yol açmışdır,
o, Məcnunun, Leylinin dili ilə danışmış,
böyük istedadının
gücü ilə uca, ülvi, ilahi eşqi tərənnüm etmişdir:
"...Füzuli şeirlərində
tərənnüm etdiyi
eşqini "Leyli və Məcnun" məsnəvisində hekayə
biçimində təqdim
etmişdir, Füzuli duyğularını bu iki qəhrəmana söylədir. ...Onun
"Leyli və Məcnun" məsnəvisinin
türk ədəbiyyatında
bu mövzuda yazılmış bütün
məsnəvilərdən üstün
və gözəl olmasının səbəbi
də budur".
c) Füzulinin nəsri
Türk
füzulişünaslarının ən çox araşdırdıqları məsələlərdən
biri də şairin nəsridir. Məhəmməd Füzulinin
bu nəsr əsərləri daha çox öyrənilmişdir:
"Hədiqətüs-süəda",
"Şikayətnamə", türkcə məktublar.
Şairin
"Hədiqətüs-süəda" əsərinin tənqidi mətninin hazırlanması,
nəşri, təhlili
ilə bağlı ciddi işlər görülmüşdür. IAMəhəmməd
Füzuli "Hədiqətüs-süəda"
əsərini məqtəl
janrında yazmışdır,
həcmcə ən böyük əsəridir,
yazılma tarixi dəqiq bilinmir. Şairin bu əsəri yazmasının
səbəblərini belə
sıralamaq olar: birincisi, Füzuli "şəhid qanları ilə yoğrulmuş"
Kərbəla torpağında
yaşamışdır, "bu məkanın açılmamış qönçələri
məzlum şəhid
məzarlarının qübbələridir",
o, bu məkana, bu yerin insanlarının
ruhuna hz.Hüseyn
sevgisinin hopduğunu görmüş, bu sevgini yaşamış, onunla bağlı məclislərdə iştirak
etmişdir. İkincisi,
Füzuli şiədir,
onun əhli-beytlə ruhi bağı var, hz.Hüseyni çox sevir. Üçüncüsü, "Hədiqətüs-süəda"nın mövzusu Füzulinin dünya görüşünə
uyğundur, şairə
özünü ifadə
imkanı verir. Dördüncüsü, Füzuli
kədər şairidir,
o, acını, qəmi
tanıdır, acı
ilə insanın fikri, ruhi, əxlaqi
yüksəlişi, dəyəri
arasında bağ qurur. Beşincisi, Füzuli eşqə, aşiqə, aşiqliyə,
imtahana, səbrə tərif verir, gerçək aşiqləri
tanıdır, onları
örnək göstərir.
Altıncısı, Füzuli
əsərini türkcə
yazır, istəyir
ki, Kərbəlanın dəyərləri
türklər arasında
yayılsın, şəhidlik,
aşiqlik anlayışları
yaşasın, insanların
cihad ruhu diri qalsın.
Türk
füzulişünasları haqlı olaraq deyirlər ki, "Hədiqətüs-süəda"
sadəcə hz.Hüseynlə bağlı
deyil, Füzulinin inandığı dəyərləri
- eşqi, aşiqi, şəhidliyi, imtahanı,
səbri tanıdır...
Türk
füzulişünasları bu əsər orijinaldır, yoxsa tərcümədir sualına
da cavab axtarmışlar,
fərqli mövqelər
olsa da, ortaq fikir budur ki, "Hədiqətüs-süəda" Hüseyn Vaiz Kaşifinin "Rövzətüş-şühəda"
əsərinin sərbəst
tərcüməsidir.
Türk
alimləri Məhəmməd
Füzulinin məktublarını
da araşdırmışlar. Bilindiyi kimi, şairin türkcə beş məktubu var. Türk füzulişünasları
məktubları bu yönlərdən dəyərləndirmişlər:
birincisi, məktublar bədii nəsr nümunələridir, ikincisi,
Füzulinin ömür
yolunu öyrənmək
üçün önəmli
qaynaqdır, üçüncüsü,
şairin əlaqələrini
müəyyənləşdirməyə imkan verir, dördüncüsü,
şairin satirik üslubunu tanıdır, beşincisi, məktublar deyir ki, Füzuli türk, fars, ərəb dillərini dərindən bilir, altıncısı, Füzulinin
məktublarında şeirlər
də var, yeddincisi, məktublar Füzulinin dilinin, üslubunun, ünsiyyət mədəniyyətinin
səviyyəsindən xəbər
verir.
Türk
alimləri Məhəmməd
Füzulinin türkcə
yazmasına çox önəm vermiş, bu məsələləri
önə çıxarmışlar:
- Füzulinin ana dilində yazdığı əsərlər
türk bədii dilinin inkişafında
yeni bir mərhələdir;
- Şair ənənədən,
xalq dilinin imkanlarından ustalıqla
istifadə etmişdir;
- O, türk bədii dilinin imkanlarını artırmışdır;
- Şair ərəb, fars dilinə aid tərkiblərin sayını
azaltmışdır;
- Füzulinin bədii dili sonrakı dönəmlərdə türkcə
yazmaq ənənəsini
gücləndirmişdir;
- Divan şairləri içərisində
xalqa ən yaxın olan və sevilən şair Məhəmməd
Füzulidir.
Nəticə
Məqalədə bu nəticələri
ortaya qoyduq:
- Türk füzulişünaslığının
tarixi qədimdir, şairin yaşadığı
dövrdən başlayır;
- Məhəmməd Füzuli
ilə bağlı
ilk qaynaqlar, əsasən,
təzkirələrdir, təzkirələrdə
az bilgi olsa da, şairin kimliyini doğru tanıtmaq baxımından
çox önəmlidir;
- XVI,
XVII, XVIII, XIX yüzilliklərdə yazılmış qaynaqlarda
Məhəmməd Füzuli
ilə bağlı dəyərli bilgilər olsa da, türk füzulişünaslığının əsas inkişaf mərhələsi XX yüzillikdir;
- Türk alimləri XX yüzillikdə Məhəmməd
Füzulinin əsərlərinin
əlyazmalarının tapılması,
bu əlyazmalar əsasında şairin irsinin tənqidi mətninin hazırlanması,
nəşri ilə bağlı böyük işlər görmüşlər;
- Məqalədə türk
füzulişünasları və onların şairlə bağlı yazdıqları elmi əsərlər tanıdılmışdır;
- Məhəmməd Füzulinin
hər əsərinin
nəşri ilə bağlı görülmüş
işlər bir-bir sayılmışdır;
- Türk alimlərinin Füzulinin həyatının
öyrənilməsi, irsinin
təhlili ilə bağlı yazdıqları
əsərlər, müəyyənləşdirdikləri
istiqamətlər, ortaya
qoyduqları nəticələr
dəyərləndirilmişdir;
- Türk alimləri Məhəmməd Füzulinin
irsini doğru öyrənmək üçün
şairin inancı, dünyagörüşü, sosial,
mədəni, elmi, ədəbi, siyasi çevrəsi arasında
bağ qurmuşlar;
- Türk alimləri deyirlər ki, Füzuli irfan məktəbinə bağlıdır, o, ilahi
eşqi də, dünyəvi eşqi də tərənnüm etmişdir;
- Türk füzulişünasları
klassik şərhçilik
ənənəsinə sadiq
qalaraq şairin qəzəllərini şərh
etmişlər;
- Məqalədə türk
füzulişünaslığının
təcrübəsinin öyrənilməsinin
önəmi göstərilmiş,
Azərbaycan və Türkiyə alimlərinin
əlaqələndirilmiş fəaliyyətinin zəruriliyi
vurğulanmışdır.
Siracəddin HACI
Ədəbiyyat
qəzeti.- 2024.- 19 oktyabr, №40.- S.23.