Fürsət
Hekayə
Düz on beş ildir
ki, Mürşüdqulu
zurnaçalan Məmişin dəstəsində
züy tuturdu.
Bu, ilk baxışda
asan görünən
peşə, olduqca məsuliyyətli, ağır
və mürəkkəb
idi. O, bəzən kənd toylarında qulağını üç
gün, üç gecə Məmişin zurnasına dirəməli,
onun bəmini zilini diqqətlə izləməli, bircə səsi belə nəzərdən qaçırmamalı
olurdu. Belə hallarda gecə yarıdan xeyli keçmiş zurna ağzında
mürgü də döyərdi, amma ordu və qulağı
uzun illərin təcrübəsində öz
vəzifəsinə alışdığından,
nə ağız nahiyəsi boşalar, nə də bəmi zilə, zili bəmə qatardı. Elə yata-yata, dan yeri sökülənə qədər
gah alçaqdan, gah da ucadan
züüüüüü edərdi. Yuxulu züyçünün bu
aramsız züyü
Məmişə də,
nağara vurana da ləzzət verərdi və onun məsum
körpə kimi yuxulamasına göz yummağa zəmin yaradardı.
Onların dəstəsi hərdənbir
aşıq Qəmbərqulunun
yanında, bəzi mötəbər məclislərdə
də çalırdı.
Bu mənzərəni görmək
bir ömrə dəyərdi: qabaqda tökməboy aşıq
Qəmbərqulu, ortada
eşməbığ, xəşəlqarın
Məmiş, onun dalınca nağara vuran Qəmil və lap arxada arıq, uzuntıraq Mürşüdqulu ordunu doldurub züy tuta-tuta süfrənin başına fırım-fırım
fırlanırdılar. Qabaqda
gedən aşıq və sazançılarla müqayisədə, Mürşüdqulunun
vəzifəsi bir az gərəksiz, bir az mənasız
görünsə belə,
arxada dabanbasaraq addımlayan züyçü
yaxşı bilirdi ki,
bu dəbdəbəli
səs-küydə ağzını
sərçə balaları
kimi açan sükut boşluqlarını
doldurur, buna görə
də dəstənin işi onsuz aşa bilməz. Beləcə düşünə-düşünə
fərəh hissi keçirir, qabağa məğrurcasına baxaraq
züyha-züylə yoluna
davam edirdi. Hələ siz təsəvvür edin ki, rayonda bərkgedənlərin
izdihamlı məclislərində
bu vəzifəni layiqincə yerinə yetirmək, arxada gedə-gedə səsləri
bir-birinə qatmamaq, bəmi-zili mahircəsinə
ayırd etmək nə qədər mürəkkəb, nə qədər məsuliyyətli
məsələ idi, ələlxüsus da, aşıq
Qəmbərqulunun səsi
Məmişin qara zurnasının səsinə
qarışanda məsələ
lap müşkülləşirdi. Amma Mürşüdqulu bu cür vəziyyətdən
həmişə üzüağ,
alnıaçıq çıxmışdı,
çıxırdı və
çıxacaqdı.
Züy tutmaq hər oğulun hünəri deyil, fəqət, buna rəğmən, Mürşüdqulunun
artıq həddi-buluğa
çatmış oğul-uşağı
atalarının bu peşəsinə dodaq büzür, hərdənbir
evdə narazılıq
salıb yekəxanalıq
edirdilər.
Belə
məqamlarda Mürşüdqulu
qürur hissi ilə bildirirdi: "Mən sənətkaram, balam, sənətdə hərənin öz yeri var. Biri o birini əvəz edə bilməz!"
Uşaqlar inadlaşıb, züyçülüyün
sənətə heç
bir aidiyyəti olmadığını isbat
etməyə çalışanda,
Mürşüdqulu da öz
müqavimətini artırar,
dərinə gedib daha geniş mənalı dəlillər
gətirərdi:
- İki nəfərdən biri züyçüdür!
Həyat biney-başdan
belə qurulub, lütfən, kimsə kiminsə züyünü
tutmalıdır, biri çalır, o biri də ona züy
tutur.
- Hamı çalır, züy tutanı-zadı yoxdur! - bu etirazı
bir dəfə Mürşüdqulunun arvadı
gözlənilmədən, Mürşüdqulu üçün
qəti gözlənilmədən
ortaya atdı. Mürşüdqulunun matı-qutu
qurudu, dili dodağını təpdi.
Uşaqlardan hər sözü gözləyərdi,
amma indiyə qədər dili-ağzı
özündə, hər
çətinliyə sinə
gərən vəfalı
ömür-gün yoldaşından,
onun züyünə züy tutan bağrıbadaş qadından
bunu gözləməzdi.
Arvad xeylağını nə bilmək olar! Kim bilir, onun ürəyində
ağzından qan iyi gələn neçə aslan yatır?! Bu etibarsız arvadın, qəflətən
uşaqlara qoşulub öz vəfasızlığını
büruzə verən
bu qadının kəndin toy-düyünündə
neçə dəfə
qol qaldırıb Mürşüdqulunun züyünə
oynadığını kim
saya bilər? Bəli, məhz Mürşüdqulunun züyünə!
Çünki Mürşüdqulunun
zövcəsinin ağzı
nədir, öz halal-hümbət əri
dura-dura, həmin məclisdə
ola-ola, gözü baxa-baxa
özgə bir kişinin çaldığı
havaya oynasın!? Mürşüdqulu bilirdi
ki, qız-gəlinə qoşularaq
qollarını çiçəkləyən
şaftalı budaqları
kimi açıb süzə-süzə ortalığa
gələn arvadı
hamıdan fərqli olaraq nə uzunboğaz Qəmilin nağarasının tappıltısına,
nə də Məmişin qaydasına oynamaz. Oynayammaz! Qadın, özü bunu özünə rəva bilməz, Mürşüdqulunu el içində rüsvay etməz! O yalnız halalca ərinin tutduğu uzun-uzadı, aramsız züyə oynaya bilər!
Amma sən demə, arvadın da qəlbində
gizli etiraz vulkanı qaynayırmış.
Qaynaya-qaynaya da püskürmək
üçün öz
məqamını, öz
saatını gözləyirmiş.
Püskürdü. Bir püskürməklə də Mürşüdqulunun
üz-gözünü, ömrü
boyu arvad-uşağının
cəfasını çəkən,
bir tikə çörək üçün
durmadan dolub-boşalan
qara gün dağarcığı ordunu
yandırb pörtdədi.
Mürşüdqulu haçandan-haçana
təkcə bunu deyə bildi:
- Həə?
- Hərə öz havasını çalır,
züy tutanı-mutanı
yoxdur! - uzun illərdən bəri gizlin-gizlin qaynayan vulkan alov dilini
bir də çıxardı, Mürşüdqulu
hiss etdi ki, amansız
od bu dəfə onun qalan yerlərini
də yandırdı.
Uşaqlar bundan ləzzət
alaraq susur, atalarının nə deyəcəyini, indi necə dəlil gətirəcəyini qəribə
bir maraqla gözləyirdilər.
Mürşüdqulu daxilindəki səsin zilə qalxdığını hiss edib
elə zildən dilləndi:
- Kim tutmur, az!? Hamı
züy tutur, hamı! Özbaşınalıq
edib mənimlə söz güləşdirmə,
əzəl başdan dünya belə qurulub, hər ailədə evin kişisi çalır, ailənin yerdə qalan üzvləri ona züy tutur!
Daha geniş mənada desək, - Mürşüdqulu bu yerdə dərindən nəfəs alıb, ordunu vərdişi üzrə doldurub boşaldandan sonra sözünə davam etdi, - Amerika çalır,
Avropa ona züy tutur! Eşitdin? Gözünü
aç, dünyaya yaxşı-yaxşı bax!
Görünür, arvad eşitdi də, baxdı da, inandı da, çünki
onun vulkanı sürətlə püskürdüyü
kimi sürətlə
öləziyərək alov
dilini qatlayıb öz içinə qaytardı. Mürşüdqulu
cəfakeş ordlarını
yenidən doldurub, sözünə nəsə
əlavə etmək istədi, amma arvadın da, uşaqların
da yazıq-yazıq susduqlarını
görüb fikrindən
daşındı, bir
müddət beləcə
ordu dolu qaldı. Bu əsnada, qadının fikrindən qeyri-ixtiyari belə bir kəlmə keçdi: "İndi ağzında
düdük olsa, lap zildən züyüldədərdi,
özü-özünə züy tutardı".
Bir gecə dəstə başçısı Məmiş
iti hürüdə-hürüdə
Mürşüdqulugili şirin
yuxudan oyatdı. O, xoş xəbər gətirməsə, bəlkə
də, Mürşüdqulu
zurna yoldaşını uzun
müddət bağışlamazdı.
Amma xəbər xoş
idi, xoş sözü azdır, zurna səsi kimi olduqca şad və cingiltili idi. Məmiş onu həyətə çağırıb bığını
eşə-eşə dedi:
- Göstəriş var, bu yaxınlarda çox hörmətli bir qonağın qarşısında
çıxış edəcəyik.
Sabahdan etibarən gərgin məşqlərə
başlamalıyıq. Bu gün
məni çağırmışdılar.
Dedilər, ayın sonunda O... - Məmiş bu yerdə gözlərini
bərəldib barmağını
elə uzağa tuşladı ki, Mürşüdqulu
barmaqdan o yanda ləngərlənən müəmmalı
sonsuzluğu apaydın
gördü, - nə qədər gözlənilməz
olsa da, Onun özü bizim ölkəyə təşrif
buyuracaq.
Dəstə yoldaşının barmağının
qeyri-müəyyən istiqamətini
görüb, "O" hərfini
eşidəndə Mürşüdqulunun
həyəcandan qeyri-ixtiyari
ordu top kimi doldu.
- Bildin də, kimi deyirəm?
- Bildim... Adı nədi?
- Adını mən də bilmirəm, amma bilirəm ki, O, bəşərin ən məşhur sənətkarıdır.
- Mən də elə bilirəm.
- Qonaq, rayon mərkəzinə
gedərkən, bizim kəndin ayağından keçəcək. Zatən,
başqa yol da yoxdur. Odur ki, biz Onun qarşısında çıxış edib gözəl bir zurna havası çalmalıyıq.
- Biz Onun qarşısında çıxış edəcəyik?
- Mürşüdqulu heyrətlə
soruşdu.
- Bəli, Onun qarşısında!
- Biz?
- Bəli, biz. Xaricdən gələn belə bir qonaq üçün
uşaq-muşaq çalmaz
ki? Tapşırıq verib
dedilər, ayın sonunda yol qırağında
durub qədim el havası olsun deyə, "Uzundərə"ni, ya da
"Aman nənə"ni çalmalısınız
ki, hörmətli qonaq
bizim qədim el havalarının ab-havası ilə tanış olsun. Yaxşı hazırlaşın,
elə çalın
ki, O heyran olsun!...
- Deyirsən, "Aman nənə"ni
çalaq? - Mürşüdqulu
xeyli udqunandan sonra soruşdu.
- Bəlkə də "Uzundərə"ni çaldıq,
hələ baxaq.
İndi get, yat, dincəl.
Səhər doqquzda bizdə ol. Məşqlərə başlayırıq.
Qəmilə də demişəm.
"Gecən xeyrə qalsın!" - deyən Məmişə "xeyrə
qənşər", deyib
Mürşüdqulu evə
elə qayıtdı,
elə bil Qaqarindir, kosmosa ilk uçuşdan öncəki
gecəni yatmağa, yaxşı-yaxşı dincəlməyə
gedir.
Bundan sonra düz üç həftə məşq elədilər;
evdən səhər səkkizdə çıxan
Mürşüdqulu evə
gecə saat onda, on birdə, bəzən bundan da gec qayıtdı. Belə şeylər sizə asan gəlməsin. Otuz illik toy-mağar təcrübələri olsa
da, bu nə toy idi, nə də
mağar, daha doğrusu, ikisi də bir yerdə
idi, hələ bundan qat-qat artıq, son dərəcə məsuliyyət
tələb edən bir hadisə idi.
Neçə gün, neçə
gecə çala-çala
düşündülər, fəqət, heç cür təsəvvürlərinə
gətirə bilmədilər,
o boyda qonaq yol kənarında durub bunlara nə
təhər qulaq asacaq, çaldıqlarını
necə dəyərləndirəcək.
Görəsən, bunlardan
hansının üzünə
daha çox, daha diqqətlə baxacaqdır?
Mürşüdqulu dəstənin başqa üzvlərindən
fərqli olaraq öz boyunun hündürlüyünə ümid
bəsləyir, güman
edirdi ki, O aşağıdakıları
görə bilməyəcək,
məhz onun üzünə zillənəcək,
bəyənib yadında
qalanı da onun züyü olacaqdır.
Həmin
məşq müddətində
Mürşüdqulunu evdə-eşikdə
tanımaq olmurdu. Fikirli-fikirli gəzir, az dinib, az
danışırdı, hər
sözə cavab vermirdi, ətrafdakılara
yuxarıdan aşağı
baxmağa başlamışdı.
Qapı-bacada gəzinəndə
ordu dolu olurdu, hər yoldan ötənin salamını almır, hamı üçün ordunu boşaltmırdı.
Salam verib kəlmə
kəsdiyi kənddə
sayılan kişilər
idi. Arvadının dediyinə görə, gərgin məşqlərdən
sonra ordu dolu yatırdı.
Gah "Uzundərə", gah da "Aman nənə" məşqləri
sona çatdı və intizarla gözlədikləri gün
də gəldi.
Axşamdan danışdıqları kimi, sübh tezdən üzlərinin tükünü təraş
etmiş, saçlarını
vurdurmuş halda, başlarında buxara papaq, əyinlərində
səliqəli pencək
və qalife şalvar yol qırağında əvvəlcədən
göstərilən yerdə
peyda oldular. Amma çalmadılar, özlərini
Onun üçün saxladılar.
Yolboyu
on metrdən bir məktəbli könüllülərdən
ibarət ağ paltarlı oğlan və qız düzülmüşdü.
Mal-qaranı, qoyun-quzunu otarğaya çıxaranlar
yola tərəf gəlir, bu qəribə mənzərəyə,
zurnaçılar dəstəsinə
və yol kənarında seyrək bitən çobanyastığı
kimi düzülən
könüllülərə heyrətlə baxırdılar.
Gün günortanın yerini haqladı, amma qonaqdan bir xəbər-ətər
yox idi. Bomboş trasda ara-sıra rayon sakinlərinə
məxsus müxtəlif
markalı maşınlar
şütüyürdü.
Sazançılar, gözləməkdən gözlərinin kökü
saralsa da, dözdülər.
Özlərini, vəfalı
qadınlar kimi sədaqətlə yolunu gözlədiklərinə saxladılar,
vüsal anlarını
dönə-dönə, xəyalən
canlandırdılar. O isə
gecikirdi.
Mürşüdqulu, Onun harada duracağını,
onlara hardan tamaşa edəcəyini səhərdən gözü
ilə yüz dəfə ölçdü,
yerini yüz dəfə dəyişdi:
"Yox, orda yox, burda... mən
burdan daha yaxşı görünürəm.
Yox, yox, bir az bəridə
dursa, daha yaxşıdır, birbaşa
üzümə baxar".
Dəstənin üzvləri
yorğunluqdan yerlərini
dəyişdikcə, Mürşüdqulu
da hörmətli qonağın
yerini dəyişməli
olurdu: "Bəlkə
bura daha yaxşıdır, xeyr, ora lap əladır!"...
Günəş çoxdan qüruba
tərəf əyilmişdi.
Birdən Mürşüdqulu
hiss elədi ki, yolda bir canlanma yarandı.
Orda-burda pıçıldaşdılar
ki, gəlir! Yaxınlaşır!
Lap yaxındadır!..
Rayon rəhbərlərindən biri
(Mürşüdqulu onu
mədəniyyət şöbəsinin
müdiri kimi tanıyırdı) təcili
gəlib zurnaçılar
dəstəsini özü
bildiyi qayda üzrə düzdü. Mürşüdqulu bu mərdimazarlıq ucbatından
qonağın yerini yenə dəyişməli
oldu. Artıq neçənci dəfə
idi ki, gözü ilə Ona layiq və müvafiq yer axtardı.
Bu canlanmadan sonra yarım saat da keçdi.
Birdən
yola və ətrafa bir çaxnaşma düşdü
ki, Mürşüdqulunun qeyri-ixtiyari
dizləri əsdi, ordunun iç divarları qurudu.
- Gəlir! Gəlir! Hazır olun! Lap yaxındadır!
Bu an rayon mədəniyyət
şöbəsinin müdiri
gəlib dirijor kimi zurnaçıların
düz qabağında
durdu (Bu mazarrata görə Mürşüdqulu
qonağın yerini
son məqamda bir daha dəyişdi), o zurnaçılara əmranə
səslə:
- Mən "çalın",
deyəndə çalın!
- dedi.
Məmiş, "baş üstə!"
deyib, müdirin əmrini zabitəli baxışla dəstənin
daha iki üzvünə ötürdü.
Nəhayət, yolda sürətlə
gələn qara maşın göründü,
göründüyü kimi
də vıyıltı
ilə keçib getdi. Mürşüdqulu düşündü: güman
ki, bu muştuluqçu,
müjdəçi maşın
idi.
Bundan sonra çox keçmədi, yolun başında qeyri-adi bir maşın peyda oldu. Mürşüdqulu
ömründə belə
maşın görməmişdi.
- Çalın! - Rayon mədəniyyət
şöbəsinin müdiri
əlini yelləyib çevikcəsinə yola
tərəf çevrildi.
Mürşüdqulu, keçirdiyi güclü həyəcandan
ordu qurumuş olsa da, əlləri əsə-əsə zurnanın
ucunu titrəyən dodaqlarının arasına
yerləşdirib qulağını
Məmişin qara zurnasına dirəyərək
"Uzundərə"nin züyünü
tutdu. Bir zurnaçı
kimi taleyinin burda və bu
an həll olunduğunu
bildiyindən elə tutdu, elə tutdu, ömründə belə züy tutmamışdı.
Maşın onlara yaxınlaşdıqca
zurnaların səsi gurlaşır, zurnaçıların
həyəcanı artırdı.
Yolunu intizarla gözlədikləri adam indicə gəlib onları dinləyəcəkdir.
Görəsən, O, Mürşüdqulu
onun üçün təyin etdiyi yerdəmi duracaq?
Elə bu ara gözəlliyi
göz oxşayan həmin maşın onların təninə gəldi... və bir az bundan
öncə keçən
maşınlar kimi bu da vıyıltı ilə keçib getdi.
Maşın keçərkən, Mürşüdqulu ordunu bacardıqca doldurdu və uğultu səsi zurnaların səsinə qarışsa
belə, o möhtəşəm
anda, o təkrarsız
məqamda (bu maşın kimi sürətlə keçən
anın içinə
sığsa da, sığmasa
da) ömründə ən
yaxşı, ən vacib, ən məsuliyyətli, ən mənalı, ürəyin
dərin qatlarına yatan bir "züüüüüüüüüüüy!"
elədi.
O sürətli anda nağara bircə dəfə də olsun, tappıldaya bilmədi, amma həmin həlledici məqama sığan Mürşüdqulunun uzun
züyü mühərriyin
uğultusundan yaranan divarı yara-yara qonağın qulağına
mütləq çatdı,
çatmaya bilməzdi,
çünki maşın
qənşərdən keçərkən
qara şüşə
arxasından, deyəsən,
kimsə Mürşüdqulunun
üzünə zilləndi.
Bu "deyəsən" və
"kimsə" sözlərini
öz aramızda deyirik, yoxsa, Mürşüdqulu o gündən
etibarən hər məclisdə, hamının
yanında "deyəsən"in
əvəzinə, "dəqiq"
sözünü, "kimsənin"
yerinə isə
"O" hərfini işlədirdi.
Deyirdi, cani-dildən çaldığım
"Uzundərə"nin könülöxşayan
züyünü eşidən
kimi, dəqiq gördüm, O, düz gözümün içinə
baxdı.
Düzdür, onun bu sözünə inananlar
da olurdu, inanmayanlar da,
amma inananlar çox, inanmayanlar az, lap az idilər.
Əsas
odur ki, buna evdə-eşikdə,
elə kəndin özündə hamı inanırdı. Hələ
Mürşüdqulunun arvadının
dediyinə görə,
bu hadisədən sonra üç gün, üç gecə onun ordunun köpü yatmamışdı. Həmin
əlamətdar hadisədən
sonra el arasında Məmişin dəstəsinə hörmət
birə-beş artdı,
hamı onları məşhur musiqi xiridarının qarşısında
(bəziləri "önündə"
deyirdilər) çalan
zurnaçılar dəstəsi
adlandırırdı. Son zamanlar
onları toya-düyünə
çox nadir hallarda çağıran imkanlı
kişilər, həmin
kübar məclisdən
sonra bu şanlı dəstəni
hər toya, hər şənliyə çağırırdılar. Hətta onlara görə öz aralarında toy cədvəli
tutmuşdular. Cavanlar
da istəyirdilər onların
toyunu elliklə urvat qazanan dəstə
çalsın. Zurnaçılar
da etibarlı cədvəl
üzrə hər yerə gedirdilər, Mürşüdqulu da fürsət
düşdükcə, əziz
qonağın qarşısında
tutduğu züydən,
Onun gözünü züyçünün orduna
və gözünə
zillədiyindən ağızdolusu
danışırdı.
Belə
möhtəşəm uğura
rəğmən, kimsə
züyün dəyərini
xəyalən belə
kiçiltməsin deyə,
söhbətinin sonunda
mütləq əlavə
edirdi: Gör, züy nə qədər əhəmiyyətli
şeydirsə, qos-qoca
Avropa cavanca Amerikaya züy tutur.
İmir MƏMMƏDLİ
Ədəbiyyat qəzeti.- 2024.- 19 oktyabr, №40.-
S.20-21.