Ruhumun şairi
Ağacəfər Həsənli haqqında
Səhər yenicə açılır, artıq yaz bitir, qarşıda isti yay ayları var, Günəş dağların arxasından az sonra yer kürəsini bağrına basacaq kimi boylanır, mən isə öz həyətimdə, həm də günəşin qənşərində oturmuşam, qarşımda ustad şairim Ağacəfər Həsənlinin şeirləri var. Mən şeirlərə baxıram, şeirlər isə misra-misra mənə gülümsəyir:
Eşq - Kəbədi, Tur dağıdı,
öp daşını, türbə kimi.
Münbit Vətən torpağıdı -
çək gözünə, sürmə kimi.
Bu şeirləri oxuyanda içindən bir səs gəlir - Ağacəfər Həsənlinin səsi, yaxından tanıdığımız adamların hamısı belə deyil, elə şairlər var ki, yaxından tanıyırsan, amma kənarda şeirini oxuyanda içindən yad səslər gəlir, qarışıq səslər, elə bil bazar kənarındasan. Amma Ağacəfər Həsənlinin şeirlərinin içində onun öz səsi var.
"Saxla" deyiblər samanı,
gün gələr, çatar zamanı.
Eşqsiz dəqiqəni, anı
yaşayarsan türmə kimi.
Eşqə Kəbə, Tur dağı,
vətən torpağına sürmə deyən Ağacəfər Həsənli qarşımda çırpınan o günəş kimidir,
günəşin çıxdığını, batdığını deyirik, əslində
günəş
bir yerdə dayanıb, Yer kürəsi fırlanır, bu şeirlərin müəllifi kimi Ağacəfər Həsənli də həmişə
var olacaq,
günəş
kimi daim parlayacaq. Necə ki şair deyir:
Sular
dirildi torpaqda,
Dağa-daşa ömür verdi.
Ərki
çatdı yamaclara,
Ağaclara əmr verdi.
Həqiqətən
də, bütün çirkli sular torpaqda dirilir, durulur, sonra
dağa-daşa ömür verir, ağaclara əmr verir ki,
ucalın günəşə sarı. Həqiqətən də,
Ağacəfər Həsənlinin şeirlərində sevgi,
mərhəmət, darıxmaq, irfan olduğu kimi özünəqayıdış
da var, kimsə buna özünütənqid də deyə bilər.
Bir misal göstərək:
Yaman
incimişəm özüm özümdən,
məni
barışdırma, küsmüşəm
indi.
Özümdən getmişəm özgə
sözüylə
ən zərif bağları kəsmişəm indi.
Yaşam
təcrübəmi alqışlamıram,
həyatda bişməmiş bir
alaçiyəm.
Mən özüm özümü
bağışlamıram,
mən özüm özümə
nəzarətçiyəm.
Mən
birinci dəfədir ki, özgə sözü ilə
özündən inciyən şair görürəm, bəs
burada şair nə demək istəyir? Məncə, bildirir ki,
ətraf aləmə, dostlarıma, günəşə
verdiyim dəyər özümdən də
böyükdür. Digər tərəfdən, burada şair
tam enerjiyə - eşqə münasibətini ortaya qoyur. Həmin
şeirin növbəti bəndində isə bir az da sərtləşir,
özünə nə qədər nəzarətçi olsa
da, özünü bağışlamır,
alqışlamır, bununla da demək istəyir ki, bir insan nə
qədər yaşayır-yaşasın, nə qədər həyat
təcrübəsi yığır-yığsın, heç
vaxt özündən razı qalmır, özünü bağışlamır.
Ümumiyyətlə, Ağacəfər Həsənli bir
şair kimi həmişə ətraf aləmlə
ulğaşıq yaşayıb, tam enerjinin bir parçası
olduğunu unutmayıb, hətta bir şeirində təbiətə
istehza ilə belə deyir:
Haçan
yağış yağmadı,
qar çiçək-çiçək açmadı...
qarğa
adamdan qaçmadı,
istirahət günüdü göyün.
Budağında
yaşıl sarğı,
söyüdlər hoppanar arxı...
Fırlanar zamanın çarxı
-
istirahət
günüdü göyün.
Ağacəfər
Həsənli həmişə iç səsini dinləyir.
Əgər real həyatda hansısa hadisəyə necə
münasibət göstərirsə, şeirlərində də
eyni münasibəti bildirir. İstər elmi, istər təbiət,
istərsə də sevgi şeiri yazsın, hiss və
düşüncələrinə söykənir. Misal
üçün:
Sən
uçub gedirdin ta uzaqlara
Dolan bulud kimi, itən
sis kimi.
Dilin gəlmirdi ki, durub deyəsən:
"kimi gözləyirsiz,
axı, siz kimi?"
Neçənci
qatına qalxırdın göyün,
Neçənci dəfəydi üz
turşutmağın?!
Onsuz havalanıb uçub gedirdin,
Məni
lazım idi ucuz tutmağın?
Bu sevgi
şeirində şairin yanaşması dəyişmir, yenə
də, sanki söhbət edirmiş kimi hisslərini poetik dillə
ifadə edir.
Ümumiyyətlə, deyə bilərik ki, Ağacəfər Həsənli
bütün dövrlərin şairidir. Şair var ki, yazır
və bitir, şair var ki, bitir və yazır, şair də
var ki, Ağacəfər Həsənli kimi, həmişə
var, həmişə olacaq.
Elşad Barat
Ədəbiyyat
qəzeti.- 2024.- 19 oktyabr, №40.- S.29.