Qəvvas
Hekayə
Balıqlara
Deyirsən,
bəzən təsadüfən, bəzən də bilə-bilə
yiyəsiz heyvanları incitdiyimə görə əzab çəkirəm,
çünki bu adi incitmək deyil, köməksiz heyvanlar
ölürdü gözümün qabağındaca...
Sənin
sözlərini adda-budda yadına salım: yeniyetmə
vaxtı çayda iki balaca balıq tutmusan, balıqları
ovcunda sıxıb öldürəndən sonra suya atmısan.
Bax, burası anlaşılmazdı; madam tutduqlarını təzədən
çaya atıb həyat bəxş eləmək istəyirdin,
niyə öldürürdün? Sonra da gün batanacan suyun
üzündə qalan balıqlara baxıb pərişan
olurdun? Yəqin ağlın kəsməyib, yoxsa, belə
iş tutmazdın. Bir də ki, qəm yemə, cəmi bəşər
xirtdəyəcən günah içindədi, sən o zaman
uşaq olmusan, sənin günahın da bəzilərinin elədiklərinin
yanında elə həqiqətən, uşaq oyunudu. Düz
deyirsən, bu təsəlli sənə haqq vermir ki,
özünə: "aydan arı, sudan duru" kimi baxasan, amma
bəri başdan içini yeməyə də lüzum yoxdu, ən
sərfəlisi belə düşünməkdi ki, deməli, o
balıqların yazısı da elə
yazılıbmış, oracanmış... İraq-iraq, dəryaya
atılmış müqəddəsi qarnında hifz eləyən
balığı ovcunda sıxıb axırına
çıxmamısan ki, bir ömür içini
didib-parçalayasan. Nə keçmişə çox aludə
ol, nə gələcəyin dərdini çək,
çalış, bacar, bu gününü rahat yaşa.
Sonrasına Allah kərimdi...
Nə
bilmək olar, bəlkə Xudavəndi-aləm məxluqatı
qurtula bilməyəcəyi bəladan qurtarmaq, hifz eləmək
üçün öldürür? Bəlkə sən o
balıqları öldürməsəydin, başqası
tutacaqdı, öldürmək bir yana, tavaya atıb
qızardacaqdı, həzmi-rabedən keçirəcəkdi...
Gülmə, gülmə, düzünü deyirəm, bir var,
ölüb canını qurtarasan, bir də var, əsl
zırıltın öləndən sonra başlaya;
qızardılasan, yeyiləsən və ilaxır... Kim istəyər
ki, onu qızardıb yesinlər, şişə çəksinlər,
bişirsinlər?!.
Görürsən,
bütün günahlara haqq qazandırmaq mümkündü, dərinə
getsən, özünə ziyan verəcəksən, bir də
görəcəksən ki, dəli olub düşmüsən
çöllərə... Elə mən özüm, həyəti,
bağ-bağatı şumlayanda, sulayanda, elə gəzməyə
çıxıb aram-aram yeriyəndə bilmədən o qədər
qarışqanı, cücünü tapdalamışam ki...
Ayağımın altında o qədər canlı qalıb
ki... Sənin kimi fikirləşsək, gərək
yaşamayaq, yeriməyək, qanadlanıb uçaq, ya da ki,
buludların üstündə gəzək... Ərz eləyirsən
ki, mənim dostum-düşmənim yoxdu, adamlardan zəhləm
gedir, onlardan qaçıram, mənimki heyvanlardı,
qanadlılar, dördayaqlılar, cücülər, digər
canlılar... Bəs, ata-anana, qohum-qardaşına necə
baxardın? Başını aşağı salma, nolar
uşaq evində böyüyəndə, bəlkə hardasa
yaşayır, sağdı sənin valideynlərin?! Bu dünyada
ən ağlasığmaz şeyə belə hökmlə:
"ola bilməz!" - deməyin özü
ağılsızlıqdı. Lap belə ata-anan olmasın, səni
bir böyüdən, ağlayanda başına sığal
çəkən olub, ya yox? Demə ki, qapazaltı olmusan bu
vaxtacan, dünya xali deyil, tək-tənha, heç kəsin
köməyi olmadan özünə pis-yaxşı
gün-güzəranı nə təhər düzəldərdin?
Yıxılanda sənə əl uzadan, ayağa qaldıran
olub, həlbət ki... Yoxsa, sayılıb seçilən
svarşik də ola bilməzdin. Açıb-ağartmaq da
yaxşı düşmür, elə mən özüm də
az əl tutmamışam sənə, nolar, halal xoşun olsun, əl
tutmaq Əlidən qalıb, "yaxın qonşu uzaq qohumdan
irəlidi", deyiblər... Hər nə isə, bilirsən də,
bizim dildə nə deyirlər sənin sənətinin
adına? Hə, hə, qaymaqçı... Tfu, lənət
şeytana, çaşdırdın məni də,
qaymaqçı yox e, qaynaqçı... Məxluq sənin
başına and içir, hamı istəyir ki, sən yola verəsən
həyət-bacasındakı işləri, çünki əllərin
qızıldı, sənin bir-birinə qaynaqladığın
dəmir-dümür məhşərəcən ayrılmaz, sənin
yerinə kim olsaydı, evinin sütunu da əllərinə bənzəyərdi,
sənsə tənbəlsən, bir gün işləyəndə
bir həftə əlini ağdan-qaraya vurmursan,
papağını günə yandırırsan,
qazandığını da verirsən o zəhrimar arağa,
içib başlayırsan toz-torpaq içində
ağnamağa, yaxanı cırıb göz yaşı
axıtmağa ki, ay camaat, məni dara çəksəz də
azdı, mən haçansa, it ilində iki balaca
balığı ovcumda sıxıb öldürmüşəm,
mən nə bilim, pişik balasının quyruğunu
tapdalamışam, yiyəsiz itə təpik vurmuşam,
qanımı sorub atamı "yandıran"
ağcaqanadı şapalaqlamışam, zəhrimardan
içib hakim gözündə gördüyün ikiayaqlı
məxluqun imkanı olsa, nəinki balığı,
toyuq-cücəni, bütün dünyanı "hop" eləyib
birudquma yeyər, üstündən rahatca su da içər,
adamlar beş-üç manata görə bir-birini
şaqqalayır, sən də düşmüsən ortaya ki,
sahibsiz it-pişiklər belə gəldi, balıqlar belə
getdi... Belə rəhimlisənsə, yemə də mal-heyvan,
qoyun-quzu, toyuq-cücə ətini, elə yavan çörəklə,
düyü ilə, göy-göyərti ilə, meyvə-tərəvəzlə
başını girlə, gününü keçirt...
Keçirə bilməzsən axı, ay xətakar,
arağın yanında ət, balıq olmadısa, day nə ləzzəti?!.
Yaxşı
yadıma düşdü, sənin kimi sənətkarın bu
birgözlü daxmaya sığışmağı el-camaatdan
ayıb deyil bəs nədi? "Özünə
gün-güzəran düzəlt", - dedim, arvad əvəzinə
it-pişiyi doldurdun həyət-bacana,
qazandığını arağa verdin, it-pişiyin
qarnını doyuzdurdun, xətrinə dəyməsin, indi bu
evdən həqiqətən, it iyi gəlir, hansı
ağlı başında olan qız-gəlin yaxın durar sənə,
ay evi tikilmiş? Demirəm a, pis iş görürsən, yiyəsiz
heyvanları doyuzdurmaq, onlara kömək eləmək
savabdı, dünya yumrudu, axirət qalsın bir qırağa,
elədiklərinin bəhrəsini hökmən elə
üzü bəridə görəcəksən, buna zərrəcə
şəkk-şübhən olmasın, amma hər şeyin bir
həddi var, ifrat həmişə, hər yerdə qüsurdu, əstəğfürullah,
biz Yaradandan çox bilə bilmərik ki. Lazım gələndə,
məqamı yetişəndə göydəki kişi yoluna
qoyur hər şeyi... İstər heyvanlar olsun, istər
sıx meşədəki kiçik bir yarpaq...
"Hamını
bəzər, özü lüt gəzər", - deyiblər
sənin kimi əhlikeflərə, itdən-pişikdən nə
fayda, sən özünə gün ağla, həyət-bacanı
təmiz saxla, yaxşı ev-eşik tik, içib küçələrdə
yatıb qalmağı yığışdır, yaşın
keçir, bir də ayılıb görəcəksən ki,
ömür gedib, Əzrayıl da qılıncını
qaldıraraq dayanıb sənin başının üstündə
ki, düş qabağıma, vaxt-vədə tamamdı... Onda
neyniyəcəksən, ay yazıq? Kim ağlayacaq sənnən
ötrü? Mehrini sahibsiz heyvanlara salmağına bir söz
demirəm, and olsun oxuduğum "Quran"a. Deyirlər, o
dünyada o heyvanlar dil açıb şəhadət verəcək
adamlar haqqında ki, bəs, bəndələr yox yerdən
bizi incidib, axı Allah bizi onlara tapşırmışdı,
ikiayaqlılar isə tapşırılana, əmanət olunana
doğrudan-doğruya it zülmü verdilər. Sözsüz,
haqqüçünə desəm, bu əməlin savabdı, fəqət,
bədən də Allah əmanətidi axı, öz evin cəhənnəm,
nədən bədəninə zülm eləyib ruhunun evini
üfunət yuvasına döndərirsən?
Eh,
hırıldama, mənim nə vecimə, can sənin, cəhənnəm
Tanrının, di gəl, yenə sənə nəsihət eləyirəm,
ta o vaxtacan səndən əl çəkməyəcəm
ki, sən o araq zəhrimardan əl çəkib din-imana gələsən,
evlənib arvad-uşaq sahibi olasan. Mən də sənə
düz yol göstərməsəm, kim göstərəcək?
Ayıl, ayıl, silkələn, keçmişinin
üstündən qələm çək, özünə gəl...
Hə,
"arvad-uşaq" dedim, qəfil ağlıma gəldi,
arvad almaqdan ötrü heç uzağa getməyin də gərək
deyil. Mənim kiçik qızım sənin
gözünün qabağında böyüyüb, bizə
gediş-gəlişin olmasa da, yəqin hiss eləmisən ki,
necə dürüst, başıaşağı
uşaqdı. Başqa cür ola da bilməzdi, çünki o
qız mənim kimi din-iman adamının tərbiyəsini
görüb. Ancaq neynəmək olar, ər sarıdan bəxti
gətirmədi, yoldaşı naxələf
çıxdı, narkoman çıxdı, qarabaxt
balamın... Əri dostumun oğlu idi deyə səsimi
çıxartmırdım, qızımın da əvvəldən
meyli yox idi ona, di gəl, mənim sözümü çevirə
bilməmişdi. Eşitmisən də, axırda oğlan, yəni
mənim keşmiş kürəkənim tamam ağını
çıxartdı, bişərəf evimdən oğurluq eləyib
var-yoxumu, pulumu-qızılımı apardı. Ondan sonra
gördüm ki, cida çuvaldan çoxdan çıxıb,
qızımı gətirdim evə, oğlan da indi türmədədi...
Belə-belə işlər, ay bala, heç kəs bilmir ki,
xeyir hardadı, şər harda. Xeyir dalınca gedirsən,
şərə düşürsən, şər
başının üstünü alanda bir də
gözünü açırsan ki, o şərin içindən
yekə bir xeyir boylanır. Qızımın gül kimi bir
oğlu da var, zirək uşaqdı, bu il məktəbə gedəcək,
həyət-bacada görmüsən, yəqin. Tez-tez sənin
itinə-pişiyinə yemək də atır o uşaq
aramızdakı taxta hasarın arasından, ürəyi
yuxadı. Bilirəm ki, sən də mərhəmətlisən,
inşallah, xeyir işimiz baş tutsa, mənim nəvəmə
doğma atasından da yaxın olacaqsan. Mənim də bir əlim
sizin üstünüzdə olacaq, qoymayacam korluq çəkəsiz.
Bəs necə, balamı, nəvəmi çöldən
tapmamışam ki! Elə sən özün də mənim
balamsan, səni belə səfil-sərgərdan görəndə
ürəyim ağrıyır. Amma belə işdə zor
şeytanilikdi, səni tələsdirmirəm,
papağını qoy qabağına, yaxşı-yaxşı
fikirləş, yüz ölç, bir biç...
Nə isə,
söhbət quzunu qurda verər, xudahafiz, day mən tərpənim,
qaş qaralır, arvad-uşaq evdə təkdi, bir-iki günə
yenə gəlib sənə dəyəcəm. Durma-durma, otur, əziyyət
çəkmə, həmişə gəldiyim evdi, mən
özüm gedərəm...
Mübariz
Cəfərli
Ədəbiyyat
qəzeti.- 2024.- 19 oktyabr, №40.- S.31.