Yeddi il ayrılığın
Yeddi il ayrılığın
balışımın içində,
başımın altında!..
Yeddi min
ilməsi var
yeddi il ayrılığın;
hərəsi bir çeşnidə...
Yeddi il ayrılığın
yeddi siqaret kimi
Külqabımın içində!
"Yeddi gümbəz"də
yatan
yeddi illik məzardır,
yeddi il ayrılığın,
üst-başını ot alıb...
Yeddi il ayrılığın
yeddi illik şərabtək
Dumanlıdır, dumandır;
Ayrılığın yamandır!..
Yeddi il ayrılığın
yeddi gün, yeddi saat,
Yeddi dəqiqə deyil.
Yeddi illik ömrümü
ot basıb, güvə yeyir;
Balışımın içində,
başımın altında!..
1970
Allah rizasına
Ayrılığın havasına
Düşdüm səfər sevdasına
Səfər etdim,
axır
yetdim,
məhəbbətin məcrasına...
Ordan o yan görünməzdi,
"Həyat"-"ölüm"
bilinməzdi.
Bu sevdanın qanadında
ölməyə də ərinməzdim...
Əyləndirdi bir qız məni,
Dilləndirdi "dilsiz" məni.
Bir od vurdu, alovlandım,
Yandırdı da külsüz məni.
Hey alışdım heysiz-heysiz,
Kefləndim də şərab-meysiz.
Sonra gördüm o qız yoxdu,
Dünya
yasdı o mələksiz...
Ayrılığın havasına,
Yol gedirəm qarasına.
Düşdüm səfər sevdasına,
Yazın
Allah rizasına...
1994
Hardasan
Başımda hay salan, qıy
çəkən
küləklər,
Könlümü hey ələk-vələklər.
Bu işə mat qalıb fələklər,
Hardasan,
sevgili böcəyim,
adaxlım?
Səsin
yox,
sözün yox,
özün yox,
Saçların yadımdan silinib,
kipriyin,
gözün yox!
Mən dəli, gülməli
təkəm tək,
Təsəlli verən bir kəsim yox,
Hardasan,
sevgili böcəyim,
adaxlım?
Bu yanda vəlvələ,
o yanda zəlzələ,
Gəl tutaq illəri əl-ələ,
Mən dərddən uçulan Şamaxı,
Sən
min il əvvəlki Qəbələ.
Hardasan,
sevgili böcəyim,
adaxlım?
1976
Ulu külək
Ulu külək,
Dəli
külək,
İçi hirslə dolu külək,
Uca çinar boylu külək...
Kefi gəlsə
yarpaqları dilləndirər,
Bayraqları yelləndirər!..
Dəliləşsə
çəpərləri aşıb keçər,
ağacları qırıb tökər...
Yol gedəndə saymaz gedər,
Gəmiləri,
maşınları,
adamları qoymaz gedə...
Ona görə
külək adı çəkiləndə
dəniz
coşub qəzəblənər,
acıqlanıb şirə dönər...
Ulu külək,
dəli
külək,
İçi hirslə dolu külək
baxmaz sağa, baxmaz sola,
Başı lovlu düşər
yola;
Çox
görübdü zırpılar
o,
hara gəldi çırpılar
o.
Amma,
kiçik dalanlarda, qalalarda
başı kəsik toyuq kimi
çırpınar o...
Ulu külək,
dəli
külək
İçi hirslə dolu külək
Bir kimsəni görməz gözü,
Göz açmağa qoymaz bizi...
1979
İnsanın bir zəif nöqtəsi haqqında
İnsanın bir zəif nöqtəsi varsa
o puldu!
Toxunsan
o nöqtəyə
insan ölə bilər!
Pulsuz-parasızlar
quldu, quldu, quldu...
Qullar nə danışar, nə dinə bilər!...
İnsanın bir zəif nöqtəsi də var...
o yalandı!
Yalan söz ilandı,
gizli çalandı.
Baxma yalançılar yağ içindədir,
Bu miras
Adəmdən bizə qalandı!..
İnsanın bir zəif nöqtəsi də var...
o sevgidi!
Sevgisi qaldırar ərşə
igidi
Sevgidən yüksəkdə tək
Allah durur,
Allah tək sevgidi,
İnsan
ikidi...
İnsanın bir zəif nöqtəsi də var...
o ölümdü!
Ölümsüz yaşayıb ölmək
zülümdü...
Zülmətdən yol keçib gəlmişəm ki, mən
Sonrakı ömrümüz
səssiz
filmdi...
1990
Məni dilləndirən
şairliyimdi
Biz bir cüt əkizi
əksliklərin,
Məni
dilləndirən şairliyimdi!
Aramızda çay var, dənizdən
dərin,
Səni
şullandıran acgözlüyündü!
Sən
dollar düşgünü, sırf sərvət soran,
Mən yalxı ürəyə barmağın soran
Sən eyzən teyxa yağ,
mən eyzən şoran
Məni
dilləndirən şairliyimdi,
Səni
şullandıran acgözlüyündü.
Hər yerə pul kimi
axırsan deyə,
Pulun arxasından baxırsan
"göyə"
Göylər də mat qalıb
hara söyləyə?!
Məni
dilləndirən şairliyimdi,
Səni
şullandıran acgözlüyündü!
Yallan, yallanan ol, mənsə
aldanan
Şullanar it kimi ələ
tullanan
Onunçun pullanır belə
pullanan
Məni
dilləndirən şairliyimdi,
Səni
şullandıran acgözlüyündü!
Dünyadı, qanana dana böyüdür,
Deyirsən onu da ana böyüdür…
Qutsal anaları məna böyüdür
Məni
dilləndirən şairliyimdi,
Səni
şullandıran acgözlüyündü!
Sən kimsən? Qul! Kölə! Elədən belə,
Cılızsan, cındırsan, "cır-cıp"san, ölə!
Siçantək daşıyıb yığırsan
çölə
Məni
dilləndirən şairliyimdi,
Səni
şullandıran acgözlüyündü!
17.10.2003
Bu gecə yarısında
Bu gecə yarısında
"Qu"
desən qulaq batar,
sükut
əriyir qulaqlarımda
-
qışqırmaq istəyirəm...
Bu gecənin yarısı
İtin
quduran çağı
-
oturub tək, kimsəsiz
səhəri gözləyirəm...
Bu gecə yarısında
Gecədən sübhə kimi
yol gedən var halbuki...
Bu gecə yarısında
xəstəxanalar oyaq.
Gecələr bir sınaqmış
xəstə xəstəyə dayaq...
Bu gecə yarısında
ürəyi dayananlara heyif!
Bu gecə yarısında
oyananlara
heyif!..
1979
Bayılda nəğmə
Bayılda
mənim
də
bir gilə
payım
var.
Bir o qız,
bir yağışlı gecə
Yadımdan çıxmayır indiyəcən...
Bayılda
bir axşam,
bir kərə
olmasan bayırda,
Sevməzsən Bayılı,
sevməzsən ayrıdan...
Yağışlar kəsəndə səsini,
Küçələr yuyanda əksini,
İşıqlar yağışdan üşüsə,
Yarpaqlar
xəlvəti görüşsə,
Onda döz, döz onda kişisən!..
Bayılda ömrümün parçası,
Ömrümdə bir Bayıl bağçası
Gəzirəm, dözürəm - sözüm
yox,
Dünyada heç yerdə
gözüm yox,
Bayılı sevirəm;
Bayılda
yaşaya
biləydim ayrıdan...
1974
Don Kixotlar
Oturanda
yuxarı
başda oturardılar...
Danışanda
Məclisi otarardılar...
Yerli, ya yersiz öyünərdilər.
Bir oturar,
bir durar,
bir geyinərdilər...
Dedikləri kəlməyəcən,
aldıqları nəfəsəcən
mükafat gəzərdilər.
Bir sözlə, dostlarımız
o illərin
Don Kixotuna bənzərdilər...
1984
Rəsul Rza və Əli Kərim
Rəsul
Rzanın böyük
yaradıcılığı var,
Əli Kərimin - gözəl!
Rəsul
Rzanı
Xəzərə bənzədərdim təlatümüylə,
Əli Kərimi Göy gölə,
sözməsəl!
1985
Dünya qəlizdi
Toğrulum otuz yaşındadı;
Cocuqluq havası amma
başındadı.
Gözü hələ də
kenquru torbasındadı.
Bunun günahı ya məndədi,
Ya
anasının şorbasındadı!..
Təbrizin
dili dilimdəndi,
eli elimdəndi.
Elə bilirəm amma
hansısa filmdəndi...
Dənizə də bel bağlama,
Bir gün elədi,
bir gün belə...
Xeyri yoxdu,
lap soyun gir bel-belə...
Nə boşaya bilirsən,
nə boşlaya bilirsən.
Əcəldi,
Cəncəldi,
Tələdi, tələ...
Toğruldu,
Təbrizdi,
Dənizdi...
Bunların işi
qadasını aldığım
Qarabağdan da qəlizdi...
2001
***
Taleyimin
ipliyindən tutub
yatmışdım onda.
Siqaret kayfını da
atmışdım onda.
Ayıldım gördüm röyamdasan,
Röyadan da şirin sevdamdasan.
Qürbətdə qalan
səs olmuşuq indi,
Ayrılıqda yanan kəs olmuşuq...
Azərbaycan
(Nəğmə)
Azərbaycan, Azərbaycan
mətin
torpağım,
Çoxum-azım,
alın
yazım,
elim-oymağım!
Tarlaların
Əlvan
paltar geyib əyninə,
Meşələrin
Yaşıl xalı sərib
qoynuna.
Qoca Qafqaz
qol dolayıb sənin boynuna
Azərbaycan,
Azərbaycan,
mətin
torpağım!
Çoxum-azım,
alın
yazım,
elim-oymağım!
Anam dedim -
Anam səndə uyuyur indi,
Qalam dedim -
Oğlum
səni qoruyur indi
Adın
gəzib
ürəklərdə yeriyir indi
Azərbaycan,
Azərbaycan,
mətin
torpağım!
Çoxum-azım,
alın
yazım,
elim-oymağım!..
Oktay ŞAMİL
Ədəbiyyat qəzeti.- 2024.- 19 oktyabr, №40.- S.26-27.