Hakan GÜNDAY
1976-cı
ildə atasının diplomat kimi
çalışdığı Yunanıstanın Rodos
adasında doğulub. İbtidai və orta təhsilini
müvafiq olaraq Brüsseldə və Ankarada, ali təhsilini isə
Hacəttəpə və Ankara universitetlərində alıb.
Dolanışığının təmini
məqsədiylə bir
müddət Antalyada zərgərliklə məşğul
olub.
Ədəbi yaradıcılığa 2000-ci ildə başlayıb. "Kinyas və
Kayra" (2000), "Zarqana" (2002), "Bic" (2003),
"Malafa" (2005), "Azil" (2007), "Ziyan" (2009),
"Az" (2011), "Daha" (2013), "Zamir" (2021)
romanlarının, "Malafa" (2010) pyesinin və "Dərz"
(2023) hekayələr kitabının müəllifidir.
Əsərlərində həyat verdiyi antiqəhrəmanların
araçılığıyla Günday ictimai əxlaqda və
ailə sistemindəki qüsurları qamçılamağa cəhd
göstərir. Cinayətin, psixotrop maddələrin və
anormal cinsi təmasların hakim olduğu mühitə
vaxtaşırı işıq tutduğu üçün o,
ölkəsindəki andeqraund ədəbiyyatının əsas
simalarından biri sayılır.
H.Günday kinossenarist
kimi də
böyük uğurlara imza atıb. Ssenarisi əsasında
2018-ci ildən çəkilməyə başlayan "Şəxsiyyət"
teleserialı IMDB reytinqində dünyanın ən
yaxşı 40 serialından biri seçilib.
Bundan əlavə, məşhur
müğənni Müslüm Gursəsin
həyat yolundan bəhs edən "Müslüm" (2018) bədii
filminin də ssenarisi onun qələminin məhsuludur.
"Daha" romanına görə Fransanın
nüfuzlu ədəbi mükafatlarından "Prix
Medicis"i qazanıb. 2022-ci ildə isə Beynəlxalq Herman
Hesse ödülünə layiq görülübdür.
Ayılma
1970-ci ildə
verdiyi bir müsahibədə 25 yaşlı Suadiyyə Dəm
belə demişdi: "Bir kinoteatr zalındakı
işıqlar yandığı müddətcə pərdənin
necə iyrənc göründüyünə heç diqqət
yetirmisiniz? O, necə çiyrindirici və bəyazdırsa, az
sonra səni o xəyallar dünyasına aparacaq möhtəşəm
tamaşanın həmin pərdənin səthində baş
verəcəyinə heç inanmağın gəlmir. Amma elə
ki, işıqlar sönür, o pərdə qaralır, bax, hər
şey məhz onda başlanır. Çünki sən də
bilirsən ki, film məhz həmin o qaranlığın
qoynundan boy göstərəcək. Həyəcanla gözləyirsən,
ürəyin ta ağzına qədər gəlir və sonra qəfildən
film başlanır! Buna görə də o deyim
yanlışdır, məncə. Yəni "bəyaz pərdə"
ifadəsi əsla kinonun sinonimi sayıla bilməz. Hətta bunun
tam əksidir! Çünki bəyaz pərdə olsa-olsa,
işıqlar sönənə qədərki gerçək həyatın
simvoludur! Bu isə o mənaya gəlir ki, "kino" deyilən
şey məhz qara pərdədən başlanır! Başa
düşdünmü, əzizim? Məsələn, şəxsən
mənə "qara pərdənin ulduzu" deyilsəydi, bu,
bəlkə könlümə daha çox yatardı! Hə,
başqalarına siz "bəyaz pərdənin ulduzu" da
deyə bilərsiniz, onunla işim yoxdur... Əslinə qalanda,
heç gerçək həyat da məni sən deyən
maraqlandırmır!"
Beləcə, Suadiyyə Dəm
o "qara pərdə"yə işıq salan ən
böyük ulduza çevrildi. Yəni kinonun qütb ulduzuna!
"Yeşilçam"ın hələ bir Yeni il
küknarı qədər gözləri
qamaşdırdığı illərdə şöhrətə
aparan yollar bir hədiyyə bağlaması misalı onun
qarşısında açıldı və o, düz 261 filmdə
baş rolları oynadı. Bədən çəkisi o 43 il
boyu heç dəyişməsə də, boyu dörd santimetrədək
qısaldı. İstəsə də, istəməsə də,
68 yaşına doldu. Ancaq hələ də gözəl
sayılırdı və bir gözəl kimi də öləsiydi.
Üstəlik, onunla birgə ölməyi arzulayan milyonlarca
kişinin içindən sadəcə beşini seçib,
onlarla evləndi də.
Sonra isə
məhkəməyə gedərək, boşanmaq istədiyini
bildirdi. Çünki həmin kişilərin heç birinin
böyründə yuxulaya bilmədi, yalandan özünü
yatırmış kimi göstərdi. Həyatda
"Yatmış gözəl" roluna hazırlaşarkən
litrlərlə cinə və tonusqaldırıcı
içkiyə üstünlük verdi. O qədəhlər
ucbatından isə düz üç dəfə hamiləliyi
yarıda kəsildi. Üç kərə ölü uşaq
doğdu, üç kərə də bunları unutmağa
çalışdı. Amma il gəlib, 2013-ə çatanda,
Suadiyyə Dəm daha dözə bilmədi və üz
tutduğu həkimə belə dedi:
"Yuxum qeybə çəkilib! Cavan qız olarkən də
belə idim... Yuxulasam belə, həmişə yataqdan
yorğun-arğın qalxıram. Əslində
axırıncı dəfə nə vaxt köksdolusu, dərindən
nəfəs aldığım da xatirimə gəlmir. Elə
bil qabırğalarım bir-birinə yapışıb...
Ceyranları görübsünüz də? Onlar da həmişə
ürkək və narahat dolaşırlar. Mən də
haçan yuxulamaqdan ötrü gözlərimi yumsam, eynən
o ceyranlardan biri oluram. Hətta o ara bir meşənin yeganə
ceyranına da çevrilirəm! Sanki hər kəs ardımca
düşüb və illah məni ovlamağa can atır!
Halbuki mən sadəcə yatmağa çalışıram..."
Həkimdən: "Başa düşdüm"
- cavabını alan Suadiyyə:
- Bunu heç zənn etmirəm, - dedi. Sonra sol əlinin
barmaq uclarıyla həkimin biləyinə xəfifcə
toxundu. Bu jestə "Suadiyyə Dəmin kişiləri
hayıl-mayıl edən sehirli təması" adı
verilmişdi. Sırf bu təmas sayəsində o, dörd
rejissoru özünə dəli kimi aşiq etmiş, beləcə
əsl ulduza çevrilmişdi. Gözləri qıyılan həkimin
ağzı qulaqlarına getdi. Sonra bu təklifi etdi:
- Onda, gəlin, sizi bir yuxu testindən keçirək.
- O, nəmənədir elə?
- Bir gecəliyinə klinikamızın
qonağı olun. Burada yuxu testi üçün hər şəraitə
malik gözəl otağımız var. Bədəninizə
bir neçə elektrod taxılandan sonra orada
uyuyacaqsınız. Biz isə yuxuya dalma prosesini, ürək
döyüntülərinizi, dərin yuxuya getmənizi, yəni
hər bir göstəricini qeydə alacağıq. Narahat
olmayın, əgər yuxuya getməsəniz, sizə həb də
içirərik... Bizdən ötrü ən vacib məqam -
yuxuya getmənizdir... Yeddi saat boyu qeydlər aparacağıq. Həmin
müddət ərzində cəmi bircə
saatlığına dərin yuxuya getsəniz, elə o da
işimizə yarayacaq. Buna nə deyirsiniz?
Suadiyyə soruşdu:
- O otaqdan dəniz
görünür?
- Dəniz kimdir ki?
- Otağın dənizə
baxıb-baxmadığını deyirəm
də...
Həkimin:
- Təəssüf ki... - sözləriylə
başlanan cümləsini yerindən qalxan Suadiyyə
yarımçıq kəsdi:
- Sabah axşamacan hazırlayın
o otağı.
Klinikanın yuxu mərkəzi
qısa bir dəhlizə açılan
üç otaqdan ibarət idi. Bunların biri hazırlıq,
digər ikisi isə müşahidə və yuxu
üçün nəzərdə tutulmuşdu.
Həkim
ilə qadın arasında ora-bura vurnuxan 28 yaşlı
qadının adı isə Məric idi. Suadiyyə Dəmin
yuxu testinə girəcəyini o, bir təsadüf nəticəsində
öyrənmiş, həmin axşamkı növbəni təhvil
almaqdan ötrü özü kimi texniki işçi olan
yoldaşına dil tökərək demişdi:
- O qadına hədsiz heyranam!
Sən canın, izn ver, bu gecə növbəsini mən
çəkim!
Razılığı almışdı.
Buna görə də uclarına elektrodlar taxılan naqilləri
birbəbir masanın üzərinə düzdüyü
anlarda həm gülümsəyir, həm də həyəcandan
əl-ayağı titrəyirdi. Axı yaşayan bir əfsanə
ilə tanış olacaq, bir gecə uzunu o canlı əfsanəni
izləmək fürsəti qazanacaqdı. Müşahidə
otağındakı monitor vasitəsiylə o qadına gözləri
dolusu baxa biləcək, hətta onun qəlb
döyüntülərini də dinləyəcəkdi. Səhər
açılıb, test yekunlaşanda isə heç kəs
Suadiyyə Dəmi onun qədər izlədiyini heç
cür iddia eləyə bilməyəcəkdi...
Gecəyarıya on beş dəqiqə
qalmış yuxu mərkəzinin dəhlizində bir meh əsdi,
sonra isə yatdı. Ardından Suadiyyə Dəm orada
zühur elədi... Əynində bürüncək var idi və
dəhlizə girən kimi onu soyundu.
- Gecə paltarımı götürmüşəm, canım! - deyib
gülümsədi və bürüncəyini əlüstü
Məricə uzatdı. Təlaşını güclə yenməyə
çalışan Məric isə hazırlıq
otağını nişan verərək, sadəcə:
- Bu...
Bu... Buyurun! - deyə bildi.
Dünyadakı bütün klinikaların
sahibinə xas bir əda ilə otağa
keçən Suadiyyə Dəm ətrafına göz gəzdirdi
və dönüb, ondan soruşdu:
- İndi
neyləyəcəyik?
Məric
boş kreslonu göstərdi. Bir taxta oturarmış kimi
orada əyləşən Suadiyyə maraqlandı:
- Adın nədir sənin?
- Məric.
- Hə, Məric, elə isə başlayaq, getsin!
Sonrakı bir saat boyu Meric on səkkiz dənə elektrodu tələsmədən
Suadiyyənin başına, gicgahlarına, çənəsinə,
sinəsinə və ayaqlarına taxdı. Həmin dəqiqələrdə
Suadiyyə heç dinib-danışmadı. İşini
yerli-yerində görsə də, Məric özünü nədənsə
heç yaxşı hiss eləmirdi. Yaşayan əfsanənin
saçlarının dibindəki bir-iki millimetrlik bəyazlıq
bu ulduzun hələlik həyatda olduğunu göstərsə
də, onları görən Məricin özündən
ixtiyarsız gözləri yaşardı.
- Hə, Suadiyyə xanım, artıq qalxa bilərsiniz...
Qoluna girən Məricin köməyi ilə yuxu otağına tərəf
yönələn Suadiyyə dedi:
- Vallah, məsələnin bunca əziyyətli olacağını bilsəydim,
heç razılıq verməzdim! Əsla verməzdim! Bu nədir
belə?! Düşdüyüm hala bax! Hər tərəfim
naqildir!
Məric
sadəcə bunu deyə bildi:
- Hə. Haqlısınız...
Suadiyyəni çarpayıya uzatdıqdan
sonra müşahidə otağına
keçən Məric elektrod bağlantılarını
yoxladı və bunun ardınca ona: "Yuxunuz şirin
olsun!" - dedi.
- Onu hələ sınayıb-görəcəyik, Məric
xanım! Şirin olacaq, yoxsa acı?
Aradan iki saat ötməsinə
rəğmən, Suadiyyə hələ də yuxuya gedə
bilməmişdi. Gözlərini sürəkli yumulu tutmuş,
amma heç cür mürgüləməmişdi.
Qapını açıb, qaranlıq otağa girən Məric
dedi: "Həb gətirdim..."
Bu dərmanı içdikdən
əlli bir dəqiqə sonra Suadiyyə
huşa getdi.
Məric
isə müşahidə
otağındakı hər iki monitoru diqqətlə
izləməyindəydi.
Bunların biri gecəgörmə
kamerasının önündə yatan
Suadiyyə Dəmin ümumi görünüşünü,
digəri isə elektrodlardan gələn siqnallara əsasən
qrafikləri özündə əks etdirirdi. Bu yuxu mərkəzində
işlədiyi dörd il ərzində Məric yüzlərlə
yuxulu insanı müşahidə elədiyi üçün
bu iş hər səfər ona xeyli cansıxıcı gəlirdi.
Hətta sırf bu səbəbdən işdən
çıxmaq niyyətinə də
düşmüşdü. Amma Suadiyyə Dəm yuxudakı hər
kəsə bənzəmirdi. Sanki indi də o, ekranda yatan bir
qadın, ya da uyuyan mələk rolunu... oynayırdı.
Adi vaxtlarda bu cür
növbələrdə Məric musiqi dinləyərdi, ancaq
indi qarşısında açılan səhnəyə sadəcə
səssizliyi yaraşdıra bilərdi. Şahidi olacağı
hər şeyi sonradan xatırlamağı umurdu deyə,
Suadiyyə Dəmin burada ikən aldığı hər nəfəsi
öz yaddaşında qoruyub-saxlamağa
çalışırdı. Klinikanın həmin mərtəbəsində
ikisindən başqa bir kimsənin olmadığını da
bilirdi. İkilikdə idilər... Biri yatır, digəri isə
onu izləyirdi... Biri dərin yuxuya getməyə
çalışır, digəri isə həmin anın nə
vaxt yetişəcəyini gözləyirdi.
Məric
daha dözə bilmədiyi üçün durub, otaqdan
çıxdı. Dəhlizdə dayanarkən dərin nəfəs
aldı və üsulluca iki addım atmaqla, yuxu
otağının qapısını açdı. Az sonra edəcəyi
əməli gerçəkləşdirməsəydi, ən
azı qalan ömrü boyu bundan dərin peşmanlıq
çəkəcəyindən arxayın idi. İndi yeganə
arzusu - ta uşaqlıqdan bəri heyranı olduğu bu
qadının yanında uzanmaqla, ona lap yaxından tamaşa eləmək
idi. Hə, sadəcə bunu diləyirdi... Suadiyyə Dəmin
yanında olmaq, vəssalam... Sonrası isə vecinə deyildi.
Nə olacadısa, olsun...
İstənilən halda həm kamera, həm də ölçü qeydlərini
təhvil vermək səlahiyyəti onda idi. Səhər ilk
iş kimi yaddaşa yazılan gecə qeydlərindən
lazımi epizodları silə və deməli, yox eləyə
bilərdi. Yəni Məricin Suadiyyə Dəmin böyrünə
ehmalca uzandığını nə bir kimsə görəcək,
nə də bundan xəbər tutacaqdı...
Nəfəsini içinə qısan
Məric burada, böyründə uzanan
misilsiz qadına tamaşa edir, saçlarının
arasından boy göstərən xeyli naqil sayəsində onun
qədim bir ilahəyə bənzədiyi barədə düşünürdü.
O dəm Məric gülümsədi və bu vəziyyətdəcə
donub qaldı, çünki Suadiyyə:
- Get... -
demişdi.
Məric
iş başında yaxalandığını, məhvə
sürükləndiyini, hər şeyin yerləbir olduğunu
sandı... Yerindəcə quruyub, qaldı. Qorxusundan heç
gözlərini də qırpmadı. Amma Suadiyyə məhz:
"Get..." demişdi. Gözləri qapalı vəziyyətdə
olsa da, belə demişdi. Odur ki, daha burada ləngiyə bilməzdi.
Məric yavaşca yerindən dikəlməyə
çalışırdı ki, Suadiyyə təkrar
danışmağa başladı: "Əfv elə... Məni
bağışla... Lütfən get..."
Suadiyyənin sayıqladığını başa düşən Məric
bayaqdan tutduğu nəfəsini buraxdı və eləcə
yerində qımıldanmadan ətrafına qulaq kəsildi.
"Reyhan... Reyhan, lütfən..."
Suadiyyənin tənəffüsü də, sayıqlamalarının
şiddəti də xeyli sürətlənmişdi. Bir an əvvəl
çarpayıdan qalxıb, getmək istəməsinə rəğmən,
Məric adi bir hərəkətinin nə ilə nəticələnə
biləcəyindən heç cür arxayın ola bilmirdi.
Yataqda dikəldiyi an Suadiyyə çımxırdı:
"Getmə! Reyhan, getmə!"
Suadiyyə artıq həm
ağlayır, həm
çığırır, həm də yumruqlarıyla yatağı
döyəcləyirdi. O Reyhan hər kim idisə, onun nə
getməsini diləyirdi, nə də qalmasını. Bəlkə
də Reyhandan dilədiyi tək şey onu əfv etməsiydi,
çünki artıq sadəcə: "Məni əfv elə!"
- deyə çığırırdı.
Bu çığır-bağır fonunda özünün
otağa girməsinin qəribə qarşılanmayacağını
düşünən Məric qadına
pıçıldadı: "Suadiyyə xanım!" Eyni
vaxtda yerindən qalxmağa da cəhd göstərdi... Məricin
səsini eşidən kimi Suadiyyə bu cavan xanımın biləyindən
yapışıb, onu var gücüylə sıxmağa
başladı: "Reyhan, məni bağışla! Mən
bacarmadım!"
Çarəsiz halda biləyini
sərt məngənədən xilas etməyə
çalışsa da, Məric bunu bacarmırdı. Suadiyyəni
oyandırmağa cəhd göstərməklə
yanaşı, ona hər hansı zərər yetirməkdən
də qorxurdu. Bu səbəbdən sadəcə
pıçıltıyla danışırdı:
- Oyanın, nə olar... Oyanın da... Suadiyyə xanım, siz
qorxulu bir yuxu görürsünüz...
Ancaq Suadiyyə oyanmaq bilmirdi. O, yalnız və yalnız
bağışlanmağı umurdu.
Hətta
buraxmadığı o biləyi
dodaqlarına tərəf aparmaqla, öpməyə də
çalışırdı...
Məric
buna dirənə bilmədi...
Reyhanın adından danışmağa məcbur qaldı:
- Səni bağışlayıram!
Eşidirsən məni? Səni əfv edirəm, Suadiyyə!
O dəm donub qalan Suadiyyə bir an sonra sanki özünə
gəlib dedi: "Reyhan... Səni sevirəm!"
Baxışlarını əlində tutduğu sənəddən
ayıran həkim gülümsədi.
- Suadiyyə xanım, baxın, testin bütün nəticələri
burada yazılıbdır... Göründüyü qədəriylə,
xeyli rahat yatıbsınız... Şikayətinizi dinləyərkən
mən, təbii ki, daha ciddi bir fəsadla
qarşılaşacağımızı umurdum, amma sizdə
yüngülvarı bir apne (yuxuda ikən insanın tənəffüsünün
qısa müddətə durması - A.Y.) varmış, vəssalam...
Bu fikirləri dilə gətirərkən həkimin üzündə
təbəssüm dolaşsa da, Suadiyyənin çöhrəsindəki
dərin ciddiyyət çəkilmirdi və onun gəldiyi
yeganə qənaət - başqa klinikaya gedib, fərqli bir həkim
tərəfindən müayinə olunmaq idi. Ürəyində
həkimi qınayırdı: "Sarsaq! Sarsaq hərif,
boşu-boşuna gör, nə qədər vaxtımı
aldı!"
Üç həftədən sonra
Suadiyyənin evinə
adsız-ünvansız bir zərf gəldi. İçindən
bir CD çıxdı. Oradakı çəkiliş
yarıqaranlıq mühitdə aparılsa da, bir baxmaqla
qadın özünü tanıdı. Hətta
özünü "qara pərdənin ulduzu" sayan Suadiyyə
oradakı görüntülərə tamaşa etməklə,
bəyaz pərdədəki Suadiyyə ilə də
tanış oldu. Artıq 68 yaşındaydı.
İnsanın öz-özüylə
tanışlığı heç bir yaş
üçün gec sayılmaz.
Amma
Reyhana zəng etməyə hazırlaşdığı an onun öldüyünü
xatırladı.
Hakan Günday
Dilimizə çevirdi: Azad Yaşar
Ədəbiyyat qəzeti.- 2024.- 19 oktyabr, ¹40.- S.27;
32.