XX əsrin
əvvəllərində Azərbaycan
ədəbi
dilində meyillər, dilin saflığı uğrunda
mübarizə
(Əvvəli ötən saylarımızda)
Ü.Hacıbəyov
dil məsələləri ilə ardıcıl məşğul
olmuş, onun incəliyini, estetik təsir gücünü,
fikri aydın ifadə etmək bacarığını və
yüksək xəlqi mahiyyətini əsaslandıra
bilmişdir. Məramı belədir ki, xalqı başa salmaq
üçün ona danışdığı dildə təsir
etmək lazımdır. Doğma dilini yad təsirlərdən,
yersiz hücumlardan qorumağı özünə borc və
şərəf bilmiş, saxta millətçiliyə
qarşı olmuşdur. Məsələn,
"Çı" imzası ilə dərc etdirdiyi
"Zurna" adlı felyetonunda dövrün yetkin dil mənzərəsini
dərindən əsaslandıra bilir:
"Anama dedim ki, gəl səni aparım parlamana.
Dedi: - Parlaman nədir?
Dedim: - Parlaman, yəni məclisi-məbusan.
Dedi: - Məclisi-məbusan nədir?
Dedim: -
O bir məclisdir ki, orada məmləkətimiz
üçün qanunlar düzəldirlər və ondan
başqa hər nə böyük və kiçik
qulluqçularımız var, hamısının əməllərinə
baxırlar.
Dedi: -
Ona bizdə divanxana deyirlər.
Dedim: - Sən deyən olsun, getdik
və arvadlara məxsus olan lojalardan tamaşaya başladıq.
Anam soruşdu ki, bu başda
oturanlar kimlərdir?
Dedim: - Məbus əfəndilər.
Dedi: - Məbus nədir?
Dedim: - Məbus, yəni deputat.
Dedi: - Deputat nədir?
Dedim: - Deputat o adamlara deyirlər ki, camaət onu
öz tərəfindən seçib və ixtiyar veribdir ki,
öz tərəfindən danışsın.
Dedi: - Bizdə onlara vəkil
deyirlər.
Dedim: - Sən deyən olsun.
Dedi: - Bəs o başda oturanlar kimlərdir?
Dedim ki,
nazir əfəndilər.
Dedi: -
Nazir nədir?
Dedim: -
Nazir, yəni ministr.
Dedi: - Ministr nədir?
Dedim: - Ministr məmləkətin
ən böyük qulluqçularıdır ki, bütün
işlərin hamısı onların əlindədir.
Dedi: - Bizlərdə onlara vəzir
deyirlər.
Dedim: - Sən deyən olsun.
Dedi: - Bəs o ortada oturan kimdir?
Dedim ki,
sədr cənablarıdır.
Dedi: - Sədr nədir?
Dedim: - Sədr, yəni predsidatel.
Dedi: - Predsidatel nədir?
Dedim: -
O adamdır ki, məclis onu özünə
başçı seçibdir.
Dedi: -
Ona bizdə ağsaqqal deyirlər.
Dedim: - Sən deyən olsun.
Dedi: - Bəs onun sağında və
solundakılar kimlərdir?
Dedim: - Katib əfəndilərdir.
Dedi: - Katib nədir?
Dedim: - Katib, yəni sekretar.
Dedi: - Sekretar nədir?
Dedim: - Sekretar o adama deyirlər ki, kağız oxuya,
kağız yaza, dəftər saxlaya.
Dedi: -
Ona bizdə mirzə deyirlər.
Dedim: - Sən deyən olsun.
Dedi: - Bəs bu oğlanlar kimdir?
Dedim: - Kosyorlar.
Dedi: - Nə?
Anamın
dili tutmadı. Dedi mənasını
anlat.
Dedim: - Onlar burda qulluq edirlər və
qulluqları da bundan ibarətdir ki, adamları sayırlar,
qaydaya baxırlar.
Dedi: - Onlara bizdə xəlifə
deyirlər.
Gördüm ki, anam çox
bilicidir, dedim, ay ana, kaş ki, sən mənimlə bütün
idarələrimizin hamısını gəzib, hər kəsə
özünə görə ad qoyaydın və bizə ana dili
öyrədə idin..." ("Azərbaycan" qəzeti,
25 aprel 1920).
Sözün qiyməti heç
də onun böyük və
kiçikliyi, zahiri gözəlliyi ilə
ölçülmür, özündən çox, onun
yaratdığı məna, aləm böyük, gücü dərin
olmalıdır. Əgər bədii əsər bu cəhətdən
xalqı razı salırsa, demək, əsərin dilindəki
xəlqilik bədii əsər üçün tələb
olunan səviyyədədir. Ü.Hacıbəyov
komediyalarına əbədi həyat hüququ qazandıran məhz
onların son dərəcə xəlqi dildə
yazılması, hamının danışdığı,
tez-tez işlətdiyi sözlərdən, ifadə və birləşmələrdən
istifadə etməsidir. Heç bir əsərində süni
yenilik arxasınca qaçmaq, dildə zahiri gözəllik, təmtəraq
yaratmaq hiss olunmur (Abdulla Abasov. Yazıçı Üzeyir bəy
Hacıbəyov. Bakı, 2013, s.279-280).
Xalqının məişətinə, tarixinə, mədəniyyətinə,
folklor yaddaşına, əxlaq tərzinə, adət-ənənəsinə,
şüur səviyyəsinə, zəngin və müdrik
dilinin bütün incəliklərinə bələd olan
Ü.Hacıbəyovun komediyalarında işlətdiyi kəlamlar
dillər əzbəridir, bir çoxu aforizmə, zərb-məsələ
çevrilmişdir: "Heç hənanın yeridir?",
"Tarixi-Nadiri yarıya qədər oxumuşam", "O
olmasın, bu olsun", "Bir nəfər molla, üç
manat pul, bir kəllə qənd", " Pulun var? Var,
var!", "Pulun var, gələrəm", "Bəs mənim
bir abbasım?", "Əşi, siz gəlini gətirəndə
bir baxmadınız görək, bu kişidir, yoxsa,
arvaddır?", "Mən dul, sən dul", "Mən nə
qədər, nə qədər qoca olsam da, dəyərəm
min cavana", "Məşədi İbad, sən bizə
xoş gəlib, bizi şad elədin", "Sən
qızı mənə vergilən, gör necə səni
şad edərəm", "Bəs elə isə, ver əlini",
"Axı, bunun bir anbar da toy xərci var", "Kişiyə
yox, kişinin puluna", "Pul dağarcığı",
"Mənə meymun deyib, sonra da əl verirsən?",
"Vaxsey!... Bəs mənim pullarım...", "Baxım
görüm, mal nə cür maldır, verdiyim pula dəyərmi?",
"Zərər yoxdur, arvad kişidən qorxsa,
yaxşıdır", "Qurban olasan ayağımın
altındakı hambala", "O qədər qəliz
danışırsan ki, bilmək olmur nə deyirsən",
"Qızın iki namizədi var", "Babalın Sərvərin
boynuna", "Çadramı sallam başıma,
üz-gözümü bəzərəm", "Evlənmək
su içmək kimi asan bir şeydir", "Bu başqa məsələ",
"Deyirlər ki, toy olacaq", "Dedim, ada dayan,
dayanmadı", "Nədir sənin dərdin, bu nə
ahu-zardır?", "Arşın mal alan, mal alan?",
"Halal olsun Süleyman, sən nə kələkbazsan,
şeytan", "Ay qız, Telli!", "Xanım, Allahın
altında Sultan bəyin on iki nəfər sən kimi
qızı olaydı", "Yoxsa, bu incinar-mincinar,
doxtur-moxtur, vəkil-məkil, uçitel-muçitel...",
"Arvad olmasına arvaddır", "Sən dul, mən
dul, gəl mənə bənd ol", "Gəl,
ikibaşlı qohum olaq", "Bax, ata, həm sən deyən
oldu, həm də mən deyən". Hətta xalq arasında
bu ifadələrin təsiri ilə "Qulaq asmaq da şərtdəndir",
"Allaha şükür ki, quş kimiyəm",
"Ədə, atamın adını hardan bilir?", "Məşədi
İbad kimi özündən çıxma",
"Arşınmalçı kimi nə düşmüsən
çöllərə" və s. aforizmlər
yaranmışdır.
Ü.Hacıbəyovun surətlərinin
nitqi yaratdığı
obraza uyğun qarğış, söyüş, qisas, hədə-qorxu,
tərif və s. hissi-psixoloji vəziyyətləri bildirən
söz və ifadələrlə zəngindir. Sabir
yaradıcılığının sənətkarlıq
xüsusiyyətlərini tədqiq edən C.Xəndan
yazırdı ki, qarğış insanın
dünyagörüşünü, psixoloji həyəcanlarını
və s. daxili portretini açır. Bədii ədəbiyyatda
bundan geniş istifadə edən sənətkarlar xalqla daha
çox bağlı olanlardır. Çünki, demək olar
ki, bütün qarğışlar xalqdan gəlir (C.Xəndan.
Sabir yaradıcılığının sənətkarlıq
xüsusiyyətləri. Bakı, 1962, s.388.). Ədib
sözün bütün imkanlarından - nominativ, məcazi mənalar,
ritorik sual, nida, təkrarlar, idiom, ibarə, hikmətli sözlər,
bənzətmə və təşbehlərdən məharətlə
istifadə edir. Məmməd Arif onun zəngin dilini, sözə
qənaətini, fikir yığcamlığını kamala
yetmiş müdrikliyi ilə qiymətləndirir: "…Yığcamlıq tələbi
dramaturqu məcbur edir ki, on söz əvəzinə bir söz
işlətsin, amma elə söz işlətsin ki, o söz on
sözün işini görə bilsin" (M.Arif.
Seçilmiş əsərləri. I c., Bakı, 1967, s.242).
Ü.Hacıbəyov canlı nitq ustasıdır, onun dili
xalqdan gələn dərin mənalı söz və ifadələrlə
zəngindir, məhz bu keyfiyyətləri ilə zəngin
publisist yaradıcılığı, məqalə, məruzə
və çıxışları, elmi-nəzəri
yazıları milli-əxlaqi ruhu, aydın, konkret mətləb
və məzmunu, şəffaf üslubu, qüdrətli dili,
yazı tərzi ilə o, müasirlərindən fərqlənir.
Alovlu publisist, obyektiv tənqidçi, teatrşünas, nasir Nəriman Nərimanov Mirzə Fətəli Axundzadə realist ədəbi məktəbinin ləyaqətli davamçılarından biri kimi, milli ədəbi irsimizin möhtəşəm, bəşəri, mütərəqqi ideyalarının təbliği və zənginləşməsində böyük işlər görüb. N.Nərimanovun fəaliyyətində ana dili bir problem kimi daim ön planda olmuş, Azərbaycan dilinə qayğı başlıca yer tutmuşdur. Hələ 1899-cu ildə "Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi" əsərini çap etdirəndə yazırdı ki, "millətçilər" o vaxt hələ türk (Azərbaycan) dilinin sərf və nəhvi olduğunu bilmirdilər". Hakimiyyətdə olarkən, N.Nərimanovun ana dilinə sədaqəti qüvvədə qalmışdır, məhz N.Nərimanovun fərmanı ilə Azərbaycan dili dövlət dili statusu almışdır. O, idarələrdə rəsmi üslubda yazışmaların rus dili ilə yanaşı, Azərbaycan dilində də aparılması haqqında sərəncam vermiş, 1921-ci ilin avqustunda məhz onun təşəbbüsü ilə İnqilab Komitəsi kargüzarlığın Azərbaycan dilində aparılması haqqında qərar qəbul etmişdir. 1922-ci ildə dövlət idarələrində məmurların ixtisarı zamanı bütün maneələrə baxmayaraq, Azərbaycan dilini bilənlərə xüsusi qayğı göstərilməsinə tapşırıq vermişdi. Bu o zaman idi ki, N.Nərimanov Genuya konfransına gedərkən, Bakıda milli dərslərinin sayını ixtisar etmək, Azərbaycandilli teatr truppası tamaşalarının sayının azaldılaraq, rusdilli teatr tamaşalarının sayını artırmaq haqqında açıq fitnəkar məqalələr və fikirlər irəli sürülürdü. N.Nərimanov qayıdan kimi bu məsələyə dərhal müdaxilə edir. "Bakinski raboçiy" qəzetində "Bəzi yoldaşlara cavab" sərlövhəsi ilə ana dilimizin Azərbaycanda mövqeyi haqqında sərt bir məqalə ilə çıxış edir. Məqalədə yazır: "Türk (Azərbaycan) dili Azərbaycanda dövlət dili elan edilmişdir və Azərbaycanda bu dilin hüquqlarından və üstünlüklərindən tam şəkildə istifadə olunmalıdır. Heç kim bunu ləğv edə bilməz. Azərbaycan öz ana dilindən imtina edə bilməz və heç kimə də imkan verməz ki, Azərbaycanda bu dilin mənasını, rolunu azaltsın. ...Biz gərək dövlət vəsaitinin 2/3 hissəsini türklərin (azərbaycanlıların) savadlanmasına və maariflənməsinə xərcləyək, partiyanın diqqətinin 2/3 hissəsini və ümumiyyətlə, bütün enerjimizin 2/3 hissəsini gərək türklərə (azərbaycanlılara) sərf edək. Rus dili mənim xoşuma gəlir, rus dilində mənə hər şey asan və aydın gəlir. Puşkinin gözəl şeirləri rus dilində yazılıb. Mən istəyirəm ki, türk (azərbaycanlı) uşaqları bunları bilsinlər. ...Türk (azərbaycanlı) uşaqları tək Puşkini deyil, həm də Şekspiri, Şilleri bilməlidir. Ancaq türk (azərbaycanlı) uşağı özünə doğma olan əsl proletar şairi Sabirin odlu-alovlu şeirlərini, xalq şairləri Vaqifin, Zakirin, Vidadinin şeirlərini biləndən sonra bunları bilməlidir" (H.Həsənov. Nəriman Nərimanovun milli dövlətçilik baxışları və fəaliyyəti. Bakı, 2005).
N.Nərimanov Azərbaycan dilinin saflığı uğrunda
daim mübarizə aparmışdır. O dövrdə
bütün sosialist respublikalarında rus dilindən söz alma dəb halını
almışdı. 1924-cü ilin mayında "Elmləri yeni tamam etmiş müəllimlərə açıq
məktub"unda yazırdı:
"Dilimizi lüzumsuz,
qeyrisinin dilinin təsiri altına salmaq işimizi təxirə salar. Bu səbəblərə görə biz dilimizi müstəqil bir şəklə salmaq üçün ən çox müəllimlərə ümid
bağlayırıq". Və ya:
"Bu vaxtadək hamı
üləmalar rus dilində oxunur idi. İndidən sonra isə türkü öz ana dilimizdə oxunacaqdır.
Bu vaxtadək təlim
kitabları rus dilində idi. İndi haman kitablar gərəkdir türk dilində olsun (…). Bu məsələlərin hamısını
müəllimlər ictimai
nəzərdən keçirib
yeni proqram düzəldəcəklər,
yeni təlim kitabları
seçib çap edəcəklər" (N.Nərimanov.
Seçilmiş əsərləri.
Bakı, 2004, s. 317).
Latın
qrafikasına keçmək,
yaxud onu islah etmək məsələsi məhz
N.Nərimanovun təşəbbüsü
və sədrliyi ilə geniş şəkildə müzakirə
olunmuşdur. S.Ağamalıoğlu
yazırdı: "1922-ci ilin
əvvəllərində Nərimanov
yoldaş tərəfindən
qurulmuş yığıncaqda
məruzə üzərində
ikigünlük mübahisədən
sonra iki komissiyon seçildi. Bunlardan biri ərəb əlifbası
yerinə latın əlifbasının keçirilməsi
üçün materiallar
hazırlayacaq, digəri
ərəb əlifbasını
islah edəcəkdi. İkinci komissiyon fəaliyyətsiz göründü
və çox yaşamadı. Birinci isə indi də
fəaliyyətdə olan
Yeni Türk Əlifba Komitəsinə çevrildi".
N.Nərimanovun bu təşəbbüsünü
Azərbaycan ziyalıları,
xüsusən də, Cəfər Cabbarlı alqışlayır, mətbuatda
bu barədə məqalələrlə çıxış
edir.
1921-ci il dekabrın 30-da Darülmüəllimin
binasında Bakı ziyalıları, mühərrirləri,
müəllimləri və
nüfuzlu hökumət
adamlarının iştirak
etdiyi əlifba qrafikasına həsr olunmuş birinci konfransı N.Nərimanov giriş sözü ilə açır və çıxışının
sonunda müraciət edir: "İndi ixtiyar özümüzdədir. Hərgah
biz indi bu əlifbaya keçməsək,
o zaman on ildən sonra
bu əlifba özü-özünə itəcək.
Odur ki, indi keçməli və elə etməli ki, on ildən sonra olacaq ədəbiyyatı zəhmətkeş balaları
oxuya bilsinlər".
1922-ci il dekabrın 3-də Tiflisdə Türk dram teatrının binasında
yeni qrafika haqqında məruzə ilə çıxış edərkən,
bir daha fikrini qətiləşdirir:
"Biz ləngiyə bilmərik,
bir ətrafa baxın! Bütün xalqlar irəli gedirlər! Bir dəqiqə
də gözləmək
olmaz!"
20-ci illərdə N.Nərimanovun
təşəbbüsü ilə yaradılan "Azərbaycanı Tədqiq
və Tətəbbö
Cəmiyyəti"ndə təxminən,
100 çap vərəqi
həcmində "Azərbaycan
dilinin izahlı lüğəti" hazırlanıb
çap olunmalı idi. Nəşrə o dövrün ən tanınmış simaları
- Aşmarin, Qubaydulin,
Meşşaninov və
Samoyloviç və
b. alimlər cəlb olunmuşdular. Lakin N.Nərimanovun
vəfatından sonra lüğətin nəşri
dayandırıldı və
taleyi naməlum qaldı.
Onun
milli dövlətçilik baxışlarında Azərbaycan
xalqının milli-mədəni
inkişafı, İslam dini
problemləri və Azərbaycan dilinə dövlət dili statusu verilməsi xüsusi yer tutmuşdur (Ətraflı
bax: H.Həsənov. Nəriman Nərimanovun
milli dövlətçilik baxışları və fəaliyyəti). Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, N.Nərimanov,
hətta Moskvada işləyərkən bəzi
rəsmi toplantılarda
Azərbaycan dilində
çıxış etmişdir.
N.Nərimanov zamanında siyasi
natiq kimi şöhrət qazanmış,
Azərbaycan natiqlik məktəbinin banilərindən
biri olmuşdur. Onun Bakının neft mədənlərində,
fabrik və zavodlarında, siyasi mitinq və yığıncaqlarda cəsarətli,
aydın və inamlı çıxışları
fəhlələri inqilabi
mübarizəyə səsləyirdi.
"Öz xalqını
ürəkdən sevən,
onun azadlığı
və səadəti üçün çalışan
natiq Nərimanov danışdığı hər
hansı bir məsələnin daha kəsərli sahələrini
qabarıq şəkildə
izah etməyə, dinləyiciləri başa
salmağa, onları maraqlandırmağa, düşündürməyə,
inandırmağa və
diqqətini həmin məsələnin həllinə
cəmləşdirməyə ciddi səy göstərmişdir. Dinləyicilərə
qaynayıb-qarışmaq, onlara
həssaslıqla yanaşmaq,
fikirlərini bilmək,
onları dinləmək
məharəti N.Nərimanovun
natiqlik sənətinə
xas olan xüsusiyyətlərdən idi"
(Əhmədov. Nəriman
Nərimanov. Bakı,
1982, s.300). Təsadüfi deyildir
ki, o, 1918-ci ildə "Natiqlər
və mitinqlər kollegiyası"na üzv
seçilmişdir.
XX əsrin əvvəllərində
məşrutə hərəkatının
yetişdirdiyi natiqlər
sırasında Cənubi
Azərbaycanda fəaliyyət
göstərmiş Məlikülmütəkəllimeyn,
Şeyx Səlim, Şeyx Məhəmməd
Xiyabani, Səttarxan, Seyid Cəfər Pişəvəri, Səid
Səlmasi, Məhəmməd
Biriya, Rahim Qazi, Cahanbaxş
və başqalarının
adını çəkmək
olar.
Nadir
MƏMMƏDLİ
Ədəbiyyat qəzeti.- 2024.-
26 oktyabr, №41.- S.24-25.