Velosiped
Hekayə
Yaşadığım evin yaxınlığındakı fermaya iki-üç gündən bir baş çəkirəm. Azyaşlı oğlumu süd içməyə güclə razı salmışam. Körpə olanda heç dilini də vurmurdu südə. İndi isə "Ata, bax, inəy mənə süd göndərib, mööö", - deyərək süd dolu stəkanı ləzzətlə içir. Yaxud da, "görəy, kim tez içəcəy, sən, ya mən?", - deyib şirnikləndirirəm onu. Ardınca yalanı epitetsiz qoymayan insanları qucaqlamaq keçir ürəyimdən.
Bu yaxında bir səbət alıb velosipedimin qabağına bağlamışam. "Orda ölən duyğularımı daşıyıram", - deyib intellektuallıq etməkdənsə, fiziki yük daşıdığımı yazmağı üstün tuturam.
Atomobillərin əlindən hər dəfə ara məhlələrə girməkdən, yumurtaların bir neçəsini sındırmaqdan yorulmuşam. Xüsusilə, yağışlı havada kürəyimə sıçrayan palçıqdan zəhləm gedir. Yolda tez-tez əlimi kürəyimə sürtüb palçıq ləkəsi axtarmaq vərdişi formalaşıb artıq məndə. Adi hallarda belə, bəzən özüm də bilmədən əlim kürəyimə doğru əyilir. Çox vaxt belim belə qaşınanda kürəyimə palçıq ləkəsi yayırammış kimi hiss edirəm.
Yazmaq istədiyim mövzuları bədiiləşdirməkdə mənə çox kömək edən velosipedimə həsrətlə baxan uşaqların yanından keçdikcə içimdə, sanki başqa bir adam oyanır. O adam hansısa bir gecəqonduda sallağı oturub üst-başı çirk içində olan uşaqlarla oynayır. Uşaqların yerdəki su yığınına daş atmaları onun üz-gözünü isladır, kirpikləri açıq-yaşıl rəng alır. Lakin gülümsəyir, mənim təqaüdçü qocaların yanından keçərkən gülümsədiyim kimi.
Oxuduğum sonuncu romanı beynimdə təhlil edə-edə ferma ilə aramdakı məsafə qısalır. Velosipedin sürətini azaldıram. Sanki fermaya kimi romanın ideyasını beynimdə həll etməyi kimsə mənə dönə-dönə tapşırıb. Onsuz da, bu roman haqqında internetdə kifayət qədər yazılıb. Bu dəfə istəyirəm heç bir təhlillə tanış olmadan romanı analiz edim.
Vaxtilə suvarma məqsədilə salınan kanalın yanından keçdikcə, sanki yaşlı bir kişinin suda boğulan adamı xatırladan xırıltılı səsi gəlir qulağıma. Suyun üzündəki çirkli yosunları dartışdıraraq üzən ördəklərin vaqqıltısı ani bir səssizliyin başlayacağından xəbər verir. Bir anlıq kişinin öldüyünü düşünərək velosipedi saxlayıram. Sonra nədənsə kanalın kənarında başını qanadlarına sürtən boz ördəyə tamaşa etməyə başlayıram.
Fermada işləyən yaşlı kişi ağır addımlarla sifariş verdiyim məhsulları gətirir. Uzaqdan nəsə mızıldanır. Küçədə sürətlə şütüyən maşınların səsi o qədər güclüdür ki, kişinin səsi elə bil qırx metrlik quyunun dibindən gəlir. Yaxınlaşdıqca "düz demirəmmi, a bala?" - deyərək gözlərimin içinə baxır.
Telefon gün ərzində havanın arabir yağıntılı olacağını göstərsə də, bunu görməzdən gələcəkdim az qala. Nazik gödəkçəmi geyinəndən sonra əsirinə çevrildiyimiz cihaza dodaqlarımı büzərək minnətdarlıq edirəm.
Yağış damcıları sürətlə rəqs etdikcə pedalı tez-tez çevirirəm. Qəfildən təkərin altında qalan çay daşı bayaqdan taqqıldamaqda olan yumurtaların səsinə qarışır. Müvazinətimi saxlamasaydım, yəqin ki, israf etdiyimə görə özümü bir neçə gün qınayacaqdım. Hardansa yenə bayaqkı yaşlı kişinin səsini eşitdim. Bu dəfə boz ördəyin yox, yarpaqların xışıltısı batırır kişinin səsini.
Romandakı fikirlər, xüsusilə də, "bütün ikiayaqlılar pis deyil" cümləsi yaddaşımı yenidən silkələməyə başlayır.
Velosipedin gövdəsindən süzülən damcılar azaldıqca, sanki yağış beynimdəki qəribəlikləri yuyub aparır.
Yeqzar Cəfərli
Ədəbiyyat qəzeti.-
2024.- 26 oktyabr, №41.- S.25.