“Kral”
Hekayə
"Odessa
hekayələri" silsiləsindən
Nikah mərasimi bitincə, ravvin əvvəlcə kresloya çökdü, sonra qalxıb otaqdan çıxanda bütün həyət boyu masaların sırayla düzüldüyünə
şahid oldu. Onların sayı-hesabı
bilinmirdi və bir ucu hələ
Hospital küçəsinə açılan darvazadan da
o yana uzanmaqdaydı.
Bu məxmər örtüklü
masalar ilanvarı biçimdə düzülmüşdü,
örtüklərin hər
birinə isə ən müxtəlif rənglərdə yamaqlar
vurulmuşdu: bunlardan ən çox diqqəti çəkən
isə narıncı və qırmızı rəngli yamaqlar idi.
Evlərin hamısı indi
mətbəxə çevrilmişdi.
His bağlamış qapıların
digər üzündə
yanan alovun gur və üz
qarsıyan dalğaları
adamın ağlını
lap başından alırdı.
Bu alovun tüstüyə
qarışan şüaları
qarıların çöhrəsini,
arvadların sallaq buxaqlarını, yağlı
və sallaq döşlərini qovururdu.
Qan qədər qırmızıya, qudurmuş
itin ağzından axan selik qədər
isə çəhrayıya
çalan tər damlaları ətrafa şirintəhər ətir
yayan toppuş insan gövdələrini bürüyürdü. Qabyuyanları
hesaba qatmasaq, üç aşpaz qadın axşam yeməyi hazırlayırdı
və həmişə
olduğu kimi, bu işə səksən yaşlı,
xırda-mırda və
qozbel olduğu üçün adama burulu "Tora" müshəflərini
xatırladan Reyzl özü nəzarət edirdi.
Şam yeməyindən əvvəl
qonaqlardan heç kəsin tanımadığı
cavan bir oğlan həyətə girdi. Benya Kriki
soruşdu. Krik ilə bir kənara
çəkiləndən sonra
o cavan oğlan dedi:
- Qulaq as, Kral, sənə deyəcək iki-üç kəlmə
sözüm var. Məni
bura kostetskili Hana xala göndərib...
"Kral" ayamalı Benya Krik dedi:
- Haydı, de o iki-üç
kəlməni.
- Hana xala tapşırdı deyim: dünən məhəlləyə təzə
icra məmuru gəlib...
Benya Krik dilləndi:
- Mən bunun sorağını ta srağagündən
almışam. Başqa?
- Bir yerə topladığı
məhəllə camaatı
qarşısında çıxış
edib...
Benya Krikin buna da cavabı ləngimədi:
- Təzə süpürgə
təmiz süpürər.
Yəqin yoxlama da aparacaq. Başqa sözün?
- Basqının vaxtını
bilirsiniz, Kral?
- Günü sabah.
- Yox, Kral, bu
gün olacaqmış.
- Bunu sənə kim dedi, ə?
- Bunu Hana xala söylədi. Hana xalanı
yəqin tanıyarsınız?
- Hə, tanıyıram. Davam elə.
- Bir yerə topladığı
camaat qarşısında
çıxışı zamanı
icra məmuru deyib ki, biz Benya Krikin nəfəsini kəsməliyik, çünki
əlahəzrət imperatorun
idarə etdiyi məmləkətdə Kral-mral
nəkarə imiş?!
Kral bu gün
bacısını gəlin
köçürür və
bütün yaxınları
o məclisə yığışacaq.
Deməli, biz də basqını elə bu gün etməliyik...
- Başqa?
- Belə olunca, casusların canına yamanca qorxu düşüb.
Deyiblər ki, belə
əziz gündə evinə basqın eləsək, Benyanın qəzəbinə tuş gələrik və xeyli qan tökülər.
İcra məmuru bildirib ki, mənliyimi mən qalan hər şeydən daha əziz tuturam...
Kral
dedi:
- Gedə bilərsən.
- Bəs basqın barədə Hana xalaya nə deyim?
- De ki, Benyanın basqından xəbəri var.
Cavan oğlan durub getdi.
Onun ardınca dostlarından daha üç nəfər Benyaya eyni xəbəri gətirdi. Yarım saatdan sonra təkrar
ona baş çəkəcəklərini bildirdilər. Həqiqətən
də, baş çəkdilər. Vəssalam.
Süfrə arxasına keçərkən
böyük-kiçikliyə heç bir məhəl qoyulmadı. Axı küt qocalıq da elə gözüqıpıq gənclik
qədər zavallı
bir şeydir. Heç varlılar da hamıdan əvvəl süfrə başına oturmadılar, çünki
dolub-daşan pulqabıların
da astarı bütün
hallarda yoxsulların göz yaşıyla islanmış olur.
Masanın baş tərəfində
məclisin səbəbkarı
kimi bəy ilə gəlin əyləşdi. Onlardan bəridə Kralın qayınatası Sender Eyxbaum
yer aldı. Buna onun haqqı çatırdı. Bu Sender Eyxbaumun
qəribə sərgüzəştini
bilməkdə isə
fayda var.
Bəs görəsən, "soyğunçular
kralı" Benya Krik necə gəlib Eyxbaumun kürəkəni olmuşdu
axı? Əlli doqquz baş sağmal inəyin sahibi bu quldurbaşını
özünə necə
kürəkən seçmişdi?
Bu məsələnin də əsl səbəbi soyğunla bağlı idi. Düz bir
il əvvəl Eyxbauma
ünvanladığı məktubda
Benya bunları yazmışdı:
"Müsyö Eyxbaum, sabah Sofiya küçəsi,
17 ünvanındakı darvazanın
dibinə 20 min manat qoymağı sizə təklif edirəm. Bunu etməsəniz, başınıza gətiriləcək
müsibət bütün
Odessanın dilinə düşəcək.
Hörmətlə, Kral Benya".
Niyyətini get-gedə daha açıq şəkildə
bildirdiyi sonrakı üç məktub cavabsız qalınca, Benya ölçü götürməyə məcbur
qaldı. Gecə qapısına gələn
o doqquz nəfərin əlində uzun dəyənəklər vardı
və bunların uc qisminə qətrana batırılmış
əski-üskü sarılmışdı.
O doqquz məşəl
alışdığı an Eyxbaumun tövləsi də alova büründü.
Tövlənin qıfılını
qıran Benya inəkləri birbəbir qovub, bayıra çıxardı. Əlindəki
bıçağı hazır
tutan bir cavan isə onların özünə
sarı gəlişini
gözləyirdi. Tək
zərbə ilə heyvanları yerə sərməkdən ötrü
o cavan öz bıçağını inəklərin
düz ürəyinin
başına sapladı.
Yerdə yaranan qan gölməçəsində
məşəllərin əks
olunan işığı
al-qırmızı qızılgülləri
xatırlatmağa başladığı
məqamda isə atəş səsləri də eşidildi.
Həmin
atəşlərlə Benya
tövləyə qaçışan
malabaxan qadınları
oradan qovmağa çalışırdı. Bunu
görən digər soyğunçular da havaya
atəş açmağa
başladılar, əgər
belə etməsəydilər,
qadınlar qəfil gülləyə tuş gələ bilərdilər
axı. Altıncı
inək böyürərək,
Kralın ayaqlarının
dibinə səriləndə
alt tumanda və başılovlu halda həyətə qaçan
Eyxbaum soruşdu:
- Bununla nəyə nail olacaqsan, Benya?
- Mənim pulum, sizin isə inəyiniz olmayacaq, müsyö Eyxbaum. Bunu anlamağa nə var?!
- Benya, evə keçsənə.
Evdə
ikən razılığa
gəldilər. Yortulan
inəkləri bərabər
şəkildə öz
aralarında böldülər.
Tam toxunulmazlıq qazanması
barədə Eyxbauma möhürlü sənəd
verildi. Amma əsl macəra da məhz bundan sonra yaşandı.
O dəhşətli gecədə,
bıçaqla yortulan
inəklər böyürəndə,
onların buzovları
analarının qanları
içində dəbələnəndə,
məşəllər qara
donlu qızlar kimi havada ora-bura
yellənəndə, malabaxan
və sağıcı
qadınlar isə tapançaların lüləsini
görüb, karıxaraq
ciyilti qoparanda, bəli, məhz o dəhşətli gecədə
ahıl Eyxbaumun qızı Çilya da yaxasıaçıq gecə
köynəyindəcə özünü
həyətə saldı.
Beləcə, Kralın
zəfəri bircə
anda... məğlubiyyətə
döndü.
Hadisədən iki gün sonra Benya hər
hansı xəbərdarlıq
eləmədən aldığı
bütün pulları
Eyxbauma geri vermək üçün
axşamüstü bu
kişinin evinə təşrif buyurdu. Geyindiyi narıncı kostyumun manjeti altındakı brilliyant qolbaq yamanca göz qamaşdırırdı.
Otağa girib, salamlaşandan sonra o, qızı Çilyanı
ona ərə verməsi təklifiylə
Eyxbauma müraciət
elədi. Bunu eşidib, yerə sərilən qoca əlüstü yerdən
qalxmağı da bacardı.
Canında daha iyirmi ilə yetəcək qədər
güc-təpər vardı,
axı onun.
Kral dedi:
- Bura baxın, Eyxbaum, bu dünyadan köçdüyünüzdə sizi ən nüfuzlu
yəhudi qəbiristanlığında,
həm də darvazaya yaxın bir yerdə torpağa tapşıracağam.
Eyxbaum, sizə çəhrayı mərmərdən
başdaşı qoyduracağam.
Yaxın vaxtda sizi Brodski sinaqoqunun
icma başçısı
seçdirəcəyəm. İndiki məşğuliyyətimi
atmaqla, Eyxbaum, sizin əsl iş ortağınıza
çevriləcəyəm. İki yüz baş inəyimiz olacaq. Sizi çıxmaq
şərtilə, bütün
süd istehsalçılarını
bazardan vurub, çıxaracağam. Yaşadığınız
küçədən hər
cür oğru-əyrinin
ayağı kəsiləcək.
On altıncı stansiyada
sizin üçün
yaylaqevi tikdirəcəyəm...
Cavan ikən əməlisaleh biri olmadığınızı, yəqin
özünüz də
unutmayıbsınız. O vəsiyyətnaməni
kimin saxtalaşdırdığı
barədə pıçıltıyla
danışmam daha məsləhətlidir, elə
deyilmi?! Kürəkəniniz
isə "Kral" olacaq. Hansısa burnuselikli yox, hə, məhz "Kral" olacaq, Eyxbaum...
Beləcə, Benya Krik dediyinə nail oldu, çünki gözüqara
biriydi, belələri
isə bütün dünyaya meydan oxumağı bacarır. Təzə evlənənlər
ilk üç ayı
pısmırıqlı Bessarabiyada,
üzümlüklər diyarında
yaşadı, günlərini
yeyib-içməklə, sevib-sevişməklə
keçirdi.
Sonra Bazedov xəstəliyindən
əziyyət çəkən,
qırx yaşlı bacısı Dvoyranı ərə verməkdən
ötrü Benya Odessaya qayıtmalı oldu. Sender Eyxbaumun macərasını danışıb-bitirdiyimiz
üçün, məncə,
biz də artıq Kralın bacısı, Dvoyra Krikin toy məclisinin təsvirinə
davam edə bilərik.
Axşama
doğru hindtoyuğu,
qızardılmış toyuq
və qaz əti, ləvəngili balıq və səthindəki limon suyu damlalarının incilər
kimi bərq vurduğu balıq buğlaması süfrələrə
verildi. Bişmiş qaz başlarının üzərindəki çiçəklər
təmtəraqlı dekorları
xatırladırdı. Yoxsa,
Odessadakı dənizin
sahilə cuman köpüklü dalğaları
qızardılmış toyuqları
da öz bərabərində
gətirmir axı.
Qaçaqmalçılıqla əldə olunan ən misilsiz mallar, məmləkətimizin hər
tərəfində fəxarət
mənbəyi sayılan
bütün nemətlər
o ulduzlu və lacivərd gecədə həm cazibədarlığını
qoruyur, həm də qəlblərdə dərin həsəd hissi oyadırdı. Xaricdən gətirilən
şərab mədələri
isindirib, ayaqları muma döndərməklə,
beyinləri dumana bürüməklə qalmır,
mədələrdən döyüş
şeypurunun səsinə
bənzəyən güclü
hıçqırtıların da qopmasına rəvac verirdi. Üç gün əvvəl Port-Səiddən yola çıxan "Plutarx"
gəmisində işləyən
zənci aşpaz Yamayka romuyla dolu iri butulkaları,
su qədər rahat içilən madera şərabıyla dolu şüşələri,
Pirpont Morqanın tütün plantasiyalarında
bükülən qalın
siqaraları və Yerusəlim ətrafındakı
bağlarda bitən portağalları gömrük
qapısından hər
nə cürsə keçirə bilmişdi.
Bütün bu nemətləri Odessa dənizinin
köpüklü dalğaları
sahilə sırf ona görə atmışdı ki, yəhudi
toylarında kasıb-kusubun
da ağzı bir azca dada gəlsin. Dvoyra Krikin toyunda
yəhudi dilənçilər
Yamayka romunu su yerinə, həm də "düt" deyincə içib, məsti-xumar olduqları üçün
qoltuq ağaclarıyla
yeri döyəcləyir,
qulaqbatırıcı səslər
çıxarırdılar. Jiletinin yaxasını açan Eyxbaum gözlərini qıyaraq,
bu məclis əhlini süzür və razılıqla ıçqırtı vururdu.
Orkestr tuş çaldı. Bu səhnə oradakılara bir növ, diviziyanın
baxış üçün
düzülüşünü xatırlatdı. Sadəcə,
tuş çalındı,
ha. Soyğunçular əvvəl-əvvəl
yad adamlarla məsafəli
davranmaqdan ötrü
qapalı dairələr
şəklində oturdular,
amma sonradan həmin adamlar səssizcə durub, məclisi tərk elədilər. Lyova Kaçap araq şüşəsini öz
sevgilisinin başına
çırpdı. Topçu
Monya isə havaya atəş açdı. Köhnə
adətlər üzrə
qonaqlar bəy ilə gəlinə hədiyyə və nəmər verməyə
başlayanda isə, bu səxavət yarışı heç bir hədd-hüdud tanımadı. Sinaqoq xidmətçiləri masanın
üstünə sıçramaqla,
gur tuş sədaları altında nəmərin miqdarını
və hədiyyə verilən gümüş
qaşıqların sayını
oradakılara bəyan
eləməyə başladılar.
Həmin dəqiqələrdə
Kralın dostları damarlarında mavi qan axmasının və hələ də varlığını
qoruyan moldavan cəngavərliyinin nə
demək olduğunu hamı qarşısında
gen-bol sərgilədilər.
Gümüş məcməyiyə
qızıl sikkələr,
üzüklər və
bir düzüm mirvari atan bu
adamlar əcəb səxavətliydilər!
Moldavan kübarları əyinlərinə
moruğu rəngdə
jiletlər geyinib, çiyinlərinə də
pas rəngdə pencəklər
salmışdılar, koppuş
ayaqları isə səma mavisi rəngdə, damdar dəri şalvarlara bürünmüşdü. Soyğunçular
qəddlərini şax
tutub, qarınlarını
içəri çəkməklə,
musiqinin təqtinə
uyğun biçimdə
əl çalır,
"Öpüşsünlər!" - deyə bağırıb,
gəlinə, Kralın,
yəni Benya Krikin bacısı - qırx yaşlı Dvoyraya tərəf çiçəklər atırdılar:
şiddətlənən zob
xəstəliyinin təsiriylə
getdikcə idbarlaşan
və gözləri hədəqədən çıxan
gəlin isə üst-üstə təpələnən
yastıqların üzərində,
Eyxbaumdan "sağılan"
pula satın alınmaqla,
indi qüssəli görkəmlə susub-oturan
ütük bir oğlanın böyründə
əyləşmişdi.
Hədiyyə-nəmər mərasimi başa çatanda sinaqoq xidmətçilərinin
səsi kallaşmış,
kontrabas isə skripkanın səsini boğmağa başlamışdı.
O ara həyətin havasına qəflətən
bir yanıq qoxusu qarışdı.
Əvvəllər yük daşımaqla
məşğul olan və həmkarları arasında köntöy biri kimi ad çıxaran
ata Krik oğluna üz tutdu:
- Benya, heç bilirsən, ağlıma nə gəldi? Benya, məncə, bizim anbardır ey, bu yanan...
Kral sərxoş atasını
sakitləşdirdi:
- Atası, sən canın, ye-iç, o cür vecsiz şeylərin də
he-e-ç dərdini çəkmə...
Ata Krik də oğlunun
məsləhətinə qulaq
asdı. Yəni yeyib-içdi. Amma yüksələn
tüstü getdikcə
daha boğucu olmağa başladı. Səmanın bir qismi, hətta çəhrayı çalar
da qazandı. Sivri qılıncı xatırladan
alov dilimi düppədüz göyə
sancılmışdı. Yerlərindən
sıçrayan kişi
qonaqlar havanı qoxlamağa, onların arvadları isə ciyildəşməyə başladılar.
İş bu yerə çatanda soyğunçular da bir-birləriylə
baxışdılar. Bütün
bunlara zərrəcə
məhəl qoymayan Benya heç cür təskinlik tapmır və çarəsizliyə qapılaraq
təkrarlayırdı:
- Hə, onlar mənim məclisimə qanıqaraçılıq salmaq
istəyirlər. Rica edirəm,
əzizlərim, siz yemək-içməyinizdə olun...
Hələ axşamüstü həyətə
baş çəkən
o cavan oğlan bu dəm haradansa
təkrar zühur eləyərək dedi:
- Kral, sizə deyiləcək iki kəlmə sözüm
var...
Kral dilləndi:
- Haydı, de: axı mənə deyiləcək
o iki kəlmə sözü sən hardan olsa, tapırsan…
Naməlum cavan oğlan xısın-xısın gülərək
dedi:
- Kral, gülünc görünsə də, sizin sahə hazırda şam kimi alışıb-yanmaqdadır…
Dükançıların matı-qutu qurudu. Soyğunçular isə buna hırıldaşdılar.
Qəsəbə quldurlarının
"xaç anası"
sayılan altmış
yaşlı Manya qoşa barmağını
ağzına salaraq, necə bərkdən fışqırıq çaldısa,
böyür-başında oturanlar
yerlərində yırğalanıb,
ləngər vurdular.
Benya xatırlatdı:
- Manya, indi siz
iş başında deyilsiniz. Özünüzə
bir az toxtaq
verin, Manya...
Bu sarsıdıcı xəbəri
gətirən cavan oğlan isə hələ də gülməyinə ara verməmişdi. Çənəsini
önə uzadaraq dedi:
- Sahəni tərk edərkən o həriflər
qırx nəfər idilər. Oradan on beş metr aralandıqları
an alov göyə yüksəldi... Yanğını
görmək istəyirsinizsə,
tələsin...
Amma gedib o yanğına tamaşa etməyi Benya öz qonaqlarına
yasaqladı. İki yoldaşını yanına
salıb, özü oraya yollandı. Sahə dörd yandan güclü alova bürünmüşdü.
Şəhər polisləri
iri yanbızlarını
burcudaraq, tüstüyə
qərq olan pilləkəndə qaçışır,
sandıqları pəncərələrdən
aşağı tullayırdılar.
Həbs olunanlar da o səs-küydə qaçıb,
aradan çıxdılar.
Yanğınsöndürənlər canla-başla
işə girişsələr
də, yaxınlıqdakı
krandan su gəlmədiyi məlum oldu. İcra məmurlarından biri, o haqqında "təzə
süpürgə yaxşı
süpürər" deyilən
hərif o dəm qarşı səkidə dayanmışdı və
ağzının üstünə
düşən bığlarını
gəmirirdi. Yəni bu "təzə süpürgə" artıq
heçcə nəyə
yaramırdı.
Yanından ötərkən Benya
bu icra məmuruna
hərbi salam verərək, canıyananlıqla
dedi:
- Allah heç canınıza dəyməsin, zati-aliləri.
Bu bədbəxt hadisə
barədə görəsən,
bəs siz nə düşünürsünüz?
Bu ki əsl müsibətdir...
Sonra baxışlarını yanan
binaya dikərək, başını buladı,
ağzını nırçıldatmaqla
heyfsiləndi:
-
Ay-yay-yay...
Benya evinə döndüyü
vaxt səma artıq şəfəqlərə
büründüyündən küçə fənərləri
söndürülmüşdü. Qonaq-qara dağılışmışdı,
başlarını öz
çalğı alətlərinin
baş qisminə söykəyən musiqiçilər
isə mürgüləyirdilər.
Bircə
Dvoyra hələlik yatmağa tələsmirdi.
O, öz karıxmış
ərini gərdək
qurulan otağa tərəf, həm də ikiəlli necə itələyirdisə,
o ara ağzında tutduğu siçana dişləriylə hərdənbir
toxunmaqla, onu iştahayla süzən acgöz pişiyi xatırladırdı.
İsaak
Babel
Yəhudi əsilli rus-sovet
yazıçısı
Dilimizə çevirdi: Azad Yaşar
Ədəbiyyat qəzeti.- 2024.- 26 oktyabr, ¹41.-
S.31-32.