Birrəng dünyadan qurtuluş
"Mən heç zaman içimlə
dışımın, dünənimlə
bu günümün sınırında
qurulan dar ağaclarından asılanlara
ağlamadım - düşündüm:
onsuz da
olacaqların çarəsi
mən deyiləm..."
Çağdaş bədii düşüncənin
yaradıcılıq axtarışları
və imkanları müstəqillik dövrü
Azərbaycan ədəbiyyatında
magik-realist nəsrin bir sıra maraqlı
nümunələrinin yaranmasına
gətirib çıxarmışdır.
İstedadlı yazıçı
Zahid Sarıtorpağın, həmçinin ekzistensial
roman kimi səciyyələnən
"Dərdin sarı
çəpkəni" (2014) əsəri də bu qəbildəndir.
Əsərin qəhrəmanı vaxtilə
institutların birində
müəllim işləmiş,
qardaşının sözü
ilə desək, "mağmın" Bulud müəllim günlərin
bir günü ayılıb görür
ki, dünya sarı rəngə boyanıb. Daha doğrusu, o, dünyanı sarı rəngdə görür.
Məlum olur ki, indiyədək bu nadir xəstəliyə dünyada
cəmi altı insan düçar olub və o yeddincidir. Onlardan biri, dünyanı yaşıl rəngdə görən yapon milyonçusu
ölməzdən əvvəl
xüsusi fond yaradaraq bu xəstəliyə tutulub sağalmayacaqları
elmi təsdiqini tapan kəslərin hər birinə fonddan üç milyon avro bağışlanılmasını
vəsiyyət edib. Buludun ticarət məqsədilə Moskvada
yaşayan oğlanları
onun bu xəstəlikdən
xilas olması üçün, nəinki
heç bir çaba göstərmir, əksinə, bundan yararlanıb laqeydcəsinə
milyonçu olmağın
sevincini yaşayırlar.
Lakin bu, çox da uzun sürmür - xəstə ideologiya ilə beyni zəhərlənmiş Şirvan
kimlərəsə qoşulub
"cihad" adıyla
Suriyaya gedir və orada ölür,
Sarvan isə pulları qumarda uduzaraq bir rumın
qızına qoşulub
onunla birlikdə Rumıniyaya gedir. Bütün bunlar isə onsuz da dərd içində üzülən Buludun fiziki-psixoloji durumunu daha da ağırlaşdırır.
Gözləri sarının, ruhu
isə sanki qaranlıq bir boşluğun çarəsizliyində
olan Bulud yalnız yuxuda hər şeyi öz rəngində görür, yuxu dünyanın rənglərini
onun gözlərinə
qaytarırdı, lakin
ruhunu saran bu birrəng üzüntünün
təsiri ona yuxuda da rahatlıq vermir, orada da qorxunc şeylər yaşayırdı. Bir tərəfdə
onu vurub öldürmək üçün
yaxınlaşmaqda olan
və ölümə
yozumlanan öküz, bir tərəfdə belinə dırmaşmağa
çalışdığı, lakin bir əli
ilə qanadından sallanıb qaldığı
nəhəng, uzun bacaqlı atlı qarışqa, bir də onu qolundan
tutub qaldırmağa çalışan, ölümdən
qurtulmağa çağıran
kimsənin həyəcan
və təşvişli
səsi... Yuxularından
birində öküz
qanlı buynuzları ilə Buludu atlı qarışqanın
belindən vurub salmağa az qalmışdı, lakin zərbəsi atlı qarışqanı yaralamış,
uzun bacaqlarını qırmışdı, sonra
yenə də onun arxasınca düşmüşdü. "Mən bilmirəm, axır vaxtlar yuxumdakılarımı çəkib
aşkara gətirirdim,
yoxsa aşkarımdakılarımı
dartıb yuxularıma
aparırdım? Arada qalan bircə o uzun bacaqları qırılmış atlı
qarışqaydı ki, ondan
da heç cürə
baş aça bilmirdim... Bir də mən idim, mən anasıölmüş,
mən yığvalsız..."
Sonra bu yuxulara gözlərinə çırpılmaqla
dünyanın rənglərini
bir anlıq da olsa geri qaytaran
bəxtinin şikəst
qaraçuxası çolaq
göyərçin də
daxil olur.
Yuxu, burada, obrazın fiziki durumunun və keçirdiyi daxili-psixoloji sarsıntıların
doğurduğu ruh halını ifadə edir, həmçinin, olacaqlarla bağlı ona şifrəli informasiya ötürür.
Hər dəfə həyəcan içində
oyanaraq "Allah, sən
saxla, axırda dəli olacam, vallah", - deyib sonra da özünü Kərbəlayi Əbülfəz
babasından eşitdiyi
"Hər yuxunun hökmü olmur" sözlərilə sakitləşdirməyə
çalışsa da, Bulud,
bir növ, "gerçəyin yuxulu üzü" olan bu irreal görüntülərin
başına gələcəklərin
şifrəli mesajı
olduğunu şüuraltı
olaraq özü də anlayırdı. Düçar olduğu qeyri-adi, anlaşılmaz xəstəlik, psixoloji durumun doğurduğu hallüsinasiya halları, təxminən, eyni məzmun içəriləyən
yozuma yönəlik yuxular, acımasız həyat... və bütün bunların müqabilində Buludun çarəsizliyi - "Deyəsən,
həyat qurbanlıq quzunun gözü önündə bıçağını
bülöv daşına
çəkib itiləyən
qəddar bir qəssaba dönür yavaş-yavaş. Gözüm
baxa-baxa, diri-diri sonuma götürür məni..." Lakin Buludun yaşamaq istəyi, birrəng üzüntüdən,
ömrünün saralmış
günlərindən qurtulacağına,
dünyanı bir daha öz rənglərilə
görəcəyinə ümidi
də ölməmişdi.
Çünki "Bu güzəran,
bu həyat bizi ölüm həddinə qədər
bezdirmiş olsa da, yenə də beynimizin künc-bucağında,
ruhumuzun yırtıq-söküyündə
Yaşamaq Eşqi qalmaqdadı". Dərdlə
baş-başa qalan Bulud da elə bu ümidə sığınıb qardaşı
Umudun təkidilə ata-baba yurduna qayıdaraq qonşu kənddə yaşayan keçmiş tələbə
yoldaşı Əlövsətin
yüz on üç yaşlı türkəçarəçi
nənəsinin yanına
gedir, onun dediklərinə əməl
edərək yeddi gün ərzində alatorandan Keçiqıran
dərəsindəki Qaynayan
nohura gedib dekabr ayında bu yeddi günün
birində, çox güman ki, cümə günündə fəcr vaxtı nohurun kənarında dərdinin
dərmanı olacaq sarı rəngli çəpkən gülünün
zoğ atıb zühur etməsini gözləyir.
Və nəhayət, ağrılı-əzablı
ruhi-psixoloji yaşantılarla
gözlərini açdığı
həmin o cümə
günü, həmin
o yeddinci gün, fəcr doğan zaman düz nohurun qırağında balaca bir daşın yanındaca açan həmin o heyrətamiz, o qeyri-adi sarı çəpkən gülü...
"- Hə, nə baxırsan? Sən hələ bir qollarını yana aç! Sən hələ bir qollarını çıxart
sudan görək!..
İlahi,
bu nə səsdi belə? Qulaqlarımda uzun-uzadı
qaytarış verən
bu səs nə qədər doğmadı, İlahi. Qəfil mənə elə gəldi ki, mən bütün ömrüm boyu bu sehrli səsin
sorağında olmuşam,
bütün ömrümü
bu səsi axtarmağa xərcləmişəm...
Bu o idi! Çəpkən gülünün yanındakı
daşın üstünə
qonmuşdu! Həmin o
- bəxtimin şikəst
qaraçuxası! O mənə
diqtə edirdi. Özümdən asılı
olmadan mən bu diqtəyə bütün varlığımla
təslim olurdum...
Onun dediyi kimi qollarımı
ixtiyarsız yanlara açıb suyun içində yavaş-yavaş
ayağa qalxmağa başladım.
- Başını döndər,
bir qollarına bax!
Baxdım.
İlahi, nə görsəm yaxşıdı?..
Qollarım azman qanadlara çevrilmişdi.
"Hiii!" eləyib
içimi çəkdim.
Bu vaxt o: "Qorxma",
- dedi - "tərpən
dalımca!" Sonra da boynunu
uzadıb çəpkən
gülünün saplağını
üzdü, onu dimdiyinə alıb Keçiqırana sarı qanadlanmamışdan öncə
bir də o ovsunlu, o sevgili səsiylə:
- Gəl, - dedi - çırp qanadlarını,
gecikirik!
Bu zaman üç hərfli bu "gəl" sözü qədim döyüşçülərin üçdişli çəngəli
kimi bir zərbəylə ürəyimi
üç yerdən deşib keçdi, acı sancıdan qıvrılıb səndələdim.
Elə bil, dərd dolu ürəyim bir suluğuydu və yırtılmağıyla görünməmiş
bir rahatlığa qovuşdurdu məni...
O, üzünü dərəyə
sarı çevirib ehmallıca tərpənərək
pırıltıyla uçdu.
Mən də arxasınca. Mən sudan qanadlanıb ayrılanda məndən də özüm boyda nəsə ayrıldı və baltalanmış qolsuz-budaqsız
bir ağac gövdəsi kimi şappıltıyla geriyə
- suya çırpıldı.
Ardınca da dərhal
paltarlı-paltarlı suyun
içinə yüyürən
Əlövsətin bağırtısı
eşidildi".
Bu da son! Olacaqlar artıq olmuşdu. Anlamını itirib monotonlaşan, bir çoxları üçün, o cümlədən
də Bulud üçün qəddarlaşan
həyat, onu bu şəklə salan nəfsinə yenik, mənəvi-əxlaqi
deqradasiyaya uğramış
insanlar və bütün bu nədənlərə etiraz
etmək iqtidarında
olmayan Buludun acizliyi onun sonunu
gətirir. Lakin bu da
var ki, hər son bir başlanğıcdır. "Hiii"
eləyib içinə
çəkdiyi və
bir "ahhhh"la dərindən son dəfə
üfürdüyü Buludun
son nəfəsi idi, canını qu tükündən də yüngülləşdirib ağrılarına
son qoyan, ruhunu əzablardan azad edib göylərə havalandıran son nəfəsi.
İndi onun ruhu göy üzünün bütün quşlarından
daha ucalarda, ünyetməz mübhəmliklərdə
uçurdu. Fəcrin burulğana çevrilmiş
gümüşü işığının
şövqündən sarısı
yuyulmuş gözlərini
qapayıb qapqara bir zülmətin içiylə bu burulğanın ortasında
uzun zaman sanki o göyərçinin arxasınca
sürətlə və
çırpına-çırpına qanad çalan Bulud bir də
ayaqları yerə toxunanda həmin o məhrəm səslə deyilmiş "Aç gözlərini, çatdıq"
sözlərindən sonra
gözlərini açır.
Nə o göyərçin
vardı, nə dərdinin o sarı çəpkəni, nə
də qanadları.
Bura təsəvvürə gəlməyəcək, izaholunmaz
sirli-sehrli bir aləm idi. Gözləri birrəng üzüntüdən qurtulmuş
Bulud burada tərpəşən gur işıq halələrinin
əhatəsində idi,
o halələrin ki, içərisindən
tanış, sevgili surətlər görünür,
ona əl edirdilər. "Budur, onlardan biri tərpənə-tərpənə
açıldı və...
bəyaz örtüyə
bürüncəkli... can sirdaşım
Şəfiqə bir şirin təbəssümlə
bircə göz qırpımında mənə
yaxınlaşdı...
O, əlimdən yapışıb
bir göz qırpımında məni
azman bir qayalığın yalçın
sıldırımlığına gətirdi. Buradan baxanda bütün Keçiqıran dərəsi
görünürdü. Dərənin
içi ağa bürünmüş insanlarla
doluydu...
- Onlar ki, kəfənə bürünüblər, ay Şəfiş,
ağappaq kəfənə...
- Onlar kəfənlə ağ günə çıxıblar, Bulud.
Bəs sən bilmirsən ki, Keçiqıranda
ağ günə çıxmağın yolu
ancaq kəfənə
bürünməkdən keçir!?
Gəl gedək... Bir azdan əməl dəftərini gətirəcəklər.
Dalınca da sorğu-sualın
başlanacaq. Bir az tələssən yaxşıdı.
O sayrışan halənin
içində doğmalarımız
bizi gözləyirlər".
Bulud bu İlahi aləmdə
izaholunmaz huzura, sevgiyə, işığa
qovuşmuş və bunun üçün, özünün də içindən keçirdiyi
kimi, sanki min illərlə çırpınıb-çabalamış,
min ilin əzablarından
keçmişdi. Bu düşüncə,
qeyri-ixtiyari olaraq, müəllifin "aradan neçə işıq ili ötdü görən // üzü işıqlığa çıxanacan
adamın // neçə
sərgərdan işıq
ili qoparıldı // onun Can Təqvimindən"
misralarını yada salır.
Əsərdə ümumiləşmiş səciyyədə alınan
Keçiqıran dərəsi
Buludun yaşadığı
cəmiyyətin mənzərəsini
əks etdirir. Rəmzi-məcazi məna daşıyan göyərçin
isə burada daha çox Buludun ruhunu simvolizə edir - əzablı fiziki məngənədə sıxışıb
qalmış ağrılı
ruhunu. Bu kontekstdə onun şikəst təsvir olunması da təsadüfi deyil. Göyərçinin şikəstliyinin
aradan qalxması ilə Buludun ruhunun qurtuluşu eyni anda gerçəkləşir.
Yerdən bir-iki metr hündürlüyə
güc-bəla qalxan göyərçin sürətlə
göyün nəhayətsiz
ənginliklərinə doğru
uçur və onu ruhi-mənəvi azadlıq olan İlahi aləmə "aparır", bununla da ruhun qurtuluşu təmin olunur. Burada ruhi-mənəvi varolma fiziki yoxolmanı şərtləndirir.
Başqa sözlə desək, Buludun maddi dünyada cismani sonu onun
İlahi aləmdə
ruhani həyatının
başlanğıcı olur
- dərdlərdən, ağrı
və əzablardan arınmış azad həyatının!
Romanda obrazın düçar olduğu qeyri-adi xəstəlik mətn və süjetyaradıcı,
xəstəliyin yaratdığı
ruhi-psixoloji haldan dolayı təsvir olunan irreal yaşantılar,
qarabasmalar, hallüsinasiya,
o cümlədən, əsərdə
geniş yer verilən təbiət varlığı isə daha çox mənayaradıcı, müəyyən
dərəcədə həm
də süjetyaradıcı
komponent kimi iştirak edir və bütün bunlar ümumilikdə, yaxud ayrı-ayrılıqda,
həmçinin, ideya-məqsədin
ortaya qoyulmasında, müəyyən mətləblərin
çatdırılmasında bədii priyom kimi alınır. Cəmiyyətdə mövcud
olan problem və ziddiyyətləri özünəməxsus
şəkildə diqqətə
gətirən "Dərdin
sarı çəpkəni"ndə
müəllifin demək
istədikləri əsərin
metafizik kontekstdə təqdim olunan və sözügedən aspektdə yazıçının
təxəyyül və
təsvir-ifadə imkanları
ilə maraq doğuran son süjet parçasında xüsusilə
diqqəti çəkir.
Romanda birrəng üzüntünün
obrazın gözlərində
yaratdığı görüntü
və təsvirlər
ayrı-ayrı nəsnələrin
rənglərilə müqayisə,
bənzətmə və
uyğunlaşdırmaların timsalında sarının
maraqlı və çeşidli çalarlarını
təqdim edir.
Əsərdə zamanlama amili də diqqəti çəkir. Belə ki, Buludun bu qeyri-adi
dərdə mübtəla
olması təbiətin
özünün də
sarıya boyandığı
payız fəslinə
təsadüf edir ki, bu da sözügedən fəsli səciyyələndirən
bu və digər xüsusiyyətlər
baxımından obrazın
fiziki və ruhi-psixoloji halı ilə assosiasiya doğurur. Dərdlə, xəstəliklə əlaqələndirilən
sarı rəng, təsadüfi deyil ki, müəllifin şeirlərinin
birində ölümün
rəngi kimi də təsəvvür edilir ("ölümün
adı qara // rəngi sarı") və burada qara ilə sarı
arasında kontekstlə
bağlı olaraq məna-mahiyyət baxımından
paralellik yaradılır.
Maraqlıdır ki, əsərdə Buludun
dərdinin dərmanı
hesab edilən çəpkən gülü
də məhz sarı rəngdədir. Paradoksdur. Məgər onun dərdi elə "sarı" deyildimi? Bəlkə,
"bu iyrənc və çözümsüz
dünya"da özünə
qapanıb yalqızlaşan
Bulud dar macalda elə öz dərdinə sığınmışdı? Lakin bu da var ki, çəpkən
gülü Buludun dərdinə əlac ola bilmir, daha doğrusu,
buna fürsət olmur,
bəlkə də,
buna gərək duyulmur
və el arasında ayrılıq rəmzi kimi qəbul edilən sarı rəng burada eyni anlamda
alınaraq sözügedən
funksiyanı yerinə
yetirir. Təbii ki, maddi olanla əlaqəli!
Niyə
məhz sarı? Fikrimizcə, bu önəmli amil sarının
doğurduğu assosiasiya
və müvafiq mənalarla ilgili olub, yuxarıdakı məqamlar da nəzərdə
saxlanılmaqla, başlıca
olaraq əsərin əsas məğzinin və yazıçı fikrinin çatdırılmasına
hesablanmışdır. Əslində,
burada, problem Buludun gözlərində deyil, dünyanın, daha doğrusu, həyatın özündə idi. Dünya, həyat təkcə Bulud üçün deyil, Keçiqıranın "zəmanə
adamı" ola bilməyən
sakinlərinin hamısı
üçün öz
rənglərini itirib
sarı şəkil almışdı, sadəcə
bunu fiziksəl olaraq görən Bulud idi. Dünyanın
sarı rəngdə görülməsi əsərdə
sarı və onun, bir növ,
ekvivalenti kimi düşünülən qara
və boz-bulanıq rəngli həyatı ehtiva edir. Təsadüfi
deyil ki, əsərin əvvəlində ruhunu incidən "bu tula misali gərdişdən",
bu saralmış həyatdan şikayətlənən
Bulud mövcud durumdan dolayı "Bəs yığışıb
hara qayıdım? Belə
götürəndə, qayıtmağa
heç yerim də yoxdu bu
xarabada. Tək bircə qapı qalıb üzümə açılası, o da sınıq-salxaq
gor qapısıdı...",
- deyir. Maraqlı məqamdır - Bulud harasa getmək, köçmək deyil, məhz qayıtmaq və qayıdacağı
ünvan haqqında düşünür. Ruhun
qayıdacağı (!) ünvan
isə bəllidir! Yalnız metafizik qayıdış, göylər
aləminə dönüş
mənəvi tənhalığa,
ruhun birrəng və saralmış həyatda çəkdiyi əzablara son qoyur. Və beləcə, ruhun xilası və qurtuluşu gerçəkləşir!
Aynur XƏLİLOVA
Ədəbiyyat
qəzeti.- 2024.- 26 oktyabr, №41.- S.30.