Bir daha Varisin
"Qızıl cib
saatı" romanı haqqında
Populyar detektiv romanlar müəllifi Varisin son romanı "Qızıl
cib saatı" adlanır. Yazıçının
özünün dediyi
kimi, iki ilə ərsəyə gəlmiş bu roman janrına görə tarixi romandır və 1893-cü ildən
1993-cü ilə qədər
olan bir dövrü əhatə edir.
Hesab edirəm ki, yazıçının
tarixi mövzuya müraciət edərək
belə bir sanballı və oxunaqlı roman yaratması
təqdirəlayiqdir və
bu fakt onun
istedadından və böyük potensialından
xəbər verir.
"Qızıl cib saatı" romanı həm tarixilik, həm bədiilik, həm də faktoloji baxımdan janrın bütün tələblərinə yüksək
səviyyədə cavab
verir, - desəm, düşünürəm ki, səhv
etmiş olmaram.
Əminəm ki, ermənilərin vəhşi
və qaniçən,
riyakar simasını açmağa hesablanmış
bu əsər aparıcı
dillərə tərcümə
olunub yayılarsa, yüz illər bundan əvvəl dünyanın müxtəlif
ölkələrində özlərinə
məskən salaraq maskalanmış "məzlum",
"zavallı" obrazı
yaradan ermənilərin
maskasını açmaqda
mühüm bir vasitəyə çevrilmiş
olardı. Eyni zamanda hesab edirəm
ki, əsər həm
də gələcəkdə
öz vətənimizdə
türk-erməni, azərbaycanlı-erməni
münasibətlərinin öyrənilməsi
baxımından dəyərli
bir vasitə olacaqdır və gələcək nəsillər
tariximizin bu acı səhifələrini
həm də faktlarla, məlumatlarla zəngin "Qızıl
cib saatı" romanından öyrənəcəklər.
...Torağayların nəğməsi
ilə başlayıb,
elə torağayların
nəğməsi ilə
də bitən romanın birinci hissəsi 1993-cü il martın
2-si dramatik hadisələrlə
dolu olan tarixi hadisələrin başlanğıcı kimi
təqdim olunur. Bu o vaxtdır ki, dağılmış
SSRİ İttifaqının xarabalıqları üzərində
öz müstəqilliyini
yenicə bərpa etmiş ölkədə Dağlıq Qarabağ məsələsi ətrafında
başlamış "...müharibə
hər şeyin təhərini pozub".
Romanın birinci süjetində
cərəyan edən
hadisələr və
ya Əsli ananın başına gələn faciələr,
Birinci Qarabağ müharibəsində ərləri
könüllü olaraq
özünümüdafiə dəstəsinə qoşularaq
döyüşlərdə şəhid olmuş gəlinlərin, atalarının
qisasını almaq üçün cəbhəyə
yollanmış oğul
analarının ümumiləşdirilmiş
obrazını bacarıqla
və məharətlə
yaradıb. Əsəri
oxuyan hər kəsin gözləri önündə həmin hadisələr canlanır.
Sərhəd bölgələrində, təmas xəttində ərazilərimizin hissə-hissə
işğalı, soydaşlarımızın
bir-birinin ardınca şəhid olması, Əslinin əri dülgər İsanı
da evində gizlətdiyi
silahı götürüb
üç ay əvvəl
təzə yaranan könüllü batalyonuna
qoşulmasına vadar
etmişdi. "Heç
üç ay keçmədi
də mərmi partlayışında həlak
oldu. Camo gətirib yazığın beşaçılanını,
gümüşü portsiqarını
maşının üstünə
qoyan gün". Əsas hadisələr isə bundan sonra başlayır:
"Samir 17 yaşının içindəydi İsanın
ölüm xəbəri
gələndə. Gözünün
yaşı qurumamış
dedi, heç o yan bu yan
yoxdur. Mən də gedirəm vuruşmağa, atamın qanını almağa".
Lakin çox keçmir,
Əsli daha bir faciə ilə üzləşir, bircə balası - madarı Samir əsir düşür: "Dili qurumuş
Camodan xəbər gəldi ki, evimiz yıxılıb, Samir əsir
düşüb. Saçını
yoldu, üzünü
cırdı, dizlərinə
döydü, gecə-gündüz
ağı deyib ağladı. Bilirdim elə, bu Qara
Xoruz ili olan 1993-dən yaxşı
heç nə gözləməyə dəyməzmiş".
Artıq
37 gündür ki, Samir əsirlikdədir.
Əslinin də "bircə arzusu var: oğlu qayıdıb gəlsin. Və bu arzunun şiddəti
bənd-bərəni aşırıb
irəli şığıyan
sel qədərdir"...
Camo and içib ki, düşmən
tərəfdən əsir
düşən kimi onu Samirlə dəyişdirəsidir..."
Və bu yerlərdə mərdliyi, qorxmazlığı,
iri vücudu ilə yerli əhali arasında Ayı Camo kimi tanınan, özünümüdafiə
batalyonunun komandiri Camo
İmaməliyev dediyi
kimi də etdi. Birinci götürdüyü
əsiri Samirlə dəyişdirmək məqsədilə
Əsliyə təhvil
vermək üçün
gəlmişdi Camo. Əslinin
içinə "Samirlə
qovuşurmuş kimi bir sevinc dolmuşdu".
Lakin Əslinin iztirabları, əzablar və məşəqqətlərlə dolu günləri məhz erməni əsirinin onun evinə gətirilməsindən
sonra başlayır. Əsirin qanını içməyə hazır
olan, hətta bir neçə dəfə baltanı götürərək onu
öldürməyə hazır
olan Əsli, tədricən fikirlərindən
daşınır. Hadisələr
elə cərəyan edir ki, Əsli erməni əsirinin timsalında oğlu Samiri təsəvvür edir. Xəstəhal olan, Samir kimi çəlimsiz, arıq və sısqa bir uşaq təsəvvürü
yaradan erməni əsirinə oğul kimi münasibət bəsləyir, onun qayğısına qalır.
Xəstə mədəsini
dərmanla, hazırladığı
yeməklərlə müalicə
edir, paltarını yuyur, öz əlləri ilə övladı kimi çimizdirir. Hətta bütün risklərə,
həyati təhlükəsinə
baxmayaraq peşə etibarı ilə gənc və istedadlı musiqiçi-pianoçu
olan əsiri gecə vaxtı kənd klubuna apararaq buradakı pianoda onun çox
sevdiyi "Gözəl
dəyirmançı qızı"
əsərini çalmağa
şərait yaradır
və bununla da onun mənəvi güc almasına, yaşamasına vəsilə
olur. Əslində müharibənin ən gərgin bir dövründə, hər
gün yüzlərcə
şəhid qarşıladığımız
bir zamanda evində əsir saxlayaraq onu qayğılarla əhatə
etməsini qələmə
almaq müəllifin böyük riskidir. Lakin
o, bu riski nəzərə alaraq, humanizm prinsiplərinin təntənəsini ön
plana çıxarır. Bununla
da o, insanlığın bəşəriyyətin
ən yüksək dəyərlərinin fövqündə
dayandığını və
böyük ədəbiyyatın
əsas missiyasının
bəşəri və
yüksək insani dəyərlərə xidmət
etdiyini dünya oxucusuna təqdim edir. Bütün məhrumiyyətlərə, təzyiqlərə,
təhqirlərə, hücumlara,
mənəvi gərginliklərə
dözərək, oğlunun
dəyişdirilməsini gözləyən
Əsli, sonda əvəz almadan erməni əsirinin öz anasına təhvil verilməsini xahiş edir. Əsirə yemək gətirən əsgərə
deyir: "Xala qurban, Camoya deynən, gəlib əsiri aparsın. Deynən, Əsli dedi, sən Mir Həmzə ağanın cəddi, onu birbaşa anasına qaytar".
Final isə son dərəcə
kövrək notlarla yekunlaşır. Diqqət
yetirin nəfəs göynədən, ürək
dağlayan sətirlərə.
Aradan beş il yarım vaxt keçib: "Çiskinli payız günündə azərbaycanlı
məcburi köçkünlərin
Aran bölgəsində məskunlaşdıqları
çadır şəhərciyinə
UAİD adlanan beynəlxalq
təşkilat humanitar
yardım paylayırdı....Əsli Nurullayeva ona çatan payı... heydən düşmüş, odun kimi hissiyyatsız ayaqlarını lilli-palçıqlı
yolda arxasınca sürüyərək, bir
vaxtlar kənddə qonşusu olmuş Münəvvəri tapdı,
öz payını ona verdi... 1993-cü ilin 24 yanvar tarixində ermənilərə
əsir düşmüş
oğlu Samir Nurullayevin
yerinin müəyyənləşdirilməsinə
və azad edilməsinə yardım etmələri xahişi ilə ...yazdığı
məktublara cavab gəlib-gəlmədiyini öyrənmək
üçün komendantın
otağına baş çəkməli idi...Dörd yaşlı uşağının əlindən
tutaraq, qucağında
da südəmər körpəsi,
komendantın otağından
çıxan, olduqca gözəl gəlinlə
də salamlaşıb
(Samirin sevgilisi Nazilə idi - R.G.) ...içəri keçdi...Çıxıb adəti
üzrə dəhlizin
başına kimi gedərək üzərinə
qırmızı boya
ilə "Şəhidlərimiz"
sözü həkk olunmuş ağ rəngli taxta lövhənin qarşısında
dayandı. Altına
"İsa Nurullayev" yazılmış
şəklə baxıb
bir müddət kirimişcə göz yaşları axıtdı.
Pıçıldadı ki, "Bağışla məni,
ay İsa, məzarını yağıların əlində
qoyub, canımı götürüb qaçıb
gəldim". 1993-cü ilin
yayında kəndləri
işğal olunarkən
sonadək vuruşub şəhid olan tanış simalara ürəyi dağlana-dağlana
göz gəzdirdi, hamısı üçün
salavat çevirdi.
Camo İmaməliyev,... Şadman Rzazadə..., Baxış Əliyev..., Azər Quliyev..., Tariyel..., Dursun..., Əvəz..., Muxtar,... müxtəlif illərdə müxtəlif
cür başlayan həyatlar eyni tarixdə, eyni cür bitirdi...
Geri dönüb çıxmaq
istəyəndə...qulağına
tanış musiqi səsi gəldi. Küncə qoyulmuş kiçik ekranlı televizorda Rusiya kanalı ilə konsert nümayiş etdirilirdi. Pianonun dilləri üzərində
hərəkət edən
nazik, upuzun barmaqları dərhal tanıdı... Bu nə
hiss idi, qibtəydimi, həsəd idimi, ürəyini yerindən ovdu, qopardı, çəkdi, apardı..."
Ekrandakı pianoçu
Əslinin bir vaxt evində saxladığı, övlad
kimi qayğısına
qaldığı erməni
əsiri idi. Və bu sətirləri
oxuduqca əsərdə
hadisələrin inkişafına
və bu inkişafda müəllifin
təxəyyülünə heyran qalmaya bilmirsən.
Və müəllifin mətnə
əlavəsi: "26 ildir
ki, (Yazıçı romanı
tamamlayanda hələ
44 günlük müharibə
başlamamışdı və
atəşkəs müqaviləsindən
26 il keçirdi - R.G.) Qarabağ
müharibəsi dayandırılsa
belə, bu gün hələ də 3888 azərbaycanlının
itkin düşdüyü,
onların da böyük
əksəriyyətinin erməni
əsirliyində olduğu
təxmin edilir...Onlardan sağ qalanlarının gec-tez azad olunacaqlarına inamlarının və inamlarımızın tükənməməsi
arzusu ilə!
Amin!"
Bu əlavə ilə müəllif sanki özü də əsərin qəhrəmanlarından
biri olan Samirin əsirlikdən qayıdacağına inanır
və bununla da o, həm də oxucunu buna inandırmağa
çalışır.
Əsərdə şərti olaraq
birinci süjet adlandırdığımız hissəsinə bütün
təhkiyə boyu təsəvvüf düşüncəsi
hadisələri müşayiət
edir. Ən çətin anlarında Əslinin xəyalında,
gözləri qarşısında
böyük təsəvvüf
alimi, nəqşibənd
şeyxi Seyid Mir Həmzə Nigarinin nurlu siması canlanır. Əsli onun tövsiyələri ilə təskinlik tapır, onun nəsihətlərini dinləyir,
onun məsləhətləri
ilə hərəkət
edir, onun varlığı ilə yaşayır. Mən əsərdə qırmızı
xətlə keçən
müəllifin bu əlavəsini bir süjet xətti kimi də adlandırardım.
Müəllifin əsərə
bu əlavəni etməsi, bəlkə də onun mənşəyindən,
genetik yaddaşından
təsəvvüf düşüncəsinə
və ideyalarına rəğbətindən irəli
gəlmişdir.
Romanın ikinci əsas süjet xətti
1893-cü ildən Birinci
Dünya müharibəsinin
sonunadək olan dövrdə Osmanlıda və Azərbaycanda "erməni məsələsi"
ilə əlaqədar
cərəyan edən
hadisələri əhatə
edir.
Varis, bu romanı ilə ermənilər tərəfindən yaradılmış
saxta tarixin və erməniliyin riyakar simasının ifşasına yönəlmiş
çox əhəmiyyətli
bir əsər yaratmışdır. Romanın
bir məziyyətini xüsusilə vurğulamaq
istərdim. Əsərdə
baş verən hadisələrin üçüncü
şəxs tərəfindən
- milliyyətcə erməni
olan, "Daşnaksütyun"
partiyasının funksioneri,
ermənilərin törətdikləri
vəhşiliklərin iştirakçısı
və şahidi, erməni uydurmalarını
qələmə alan,
jurnalist Aşot tərəfindən nəqli
müəllifin diqqətəlayiq
uğurudur və məhz bu priyomla
o, bitərəf dünya
oxucusunu yüz illik bir tarixdə
erməni yalanlarına,
riyakarlığına, vəhşiliyinə
inandırmağa yönəlmişdir.
Uşaqlıqdan qəzetçi olmaq
arzusu Aşotu "Daşnaksütyun" partiyasının
Konstantinopol bürosuna
gətirib çıxarmışdı.
Lakin verilən ilk tapşırıqdan
onun əsas vəzifəsinin erməni
yalanları yazmadan ibarət olduğu məlum olmuşdu: "Bəzən tarixi həqiqətlər ümummilli
mənafelər naminə
təhrif olunmalı, qaraya ağ demək də məqbul sayılmalıdır.
Sənin əsas borcun, unutma, həqiqət yox, "Daşnaksütyun" partiyasının
və erməni millətçiliyinin ideyalarına
xidmət etməkdir".
Bununla belə "Daşnaksütyun" partiyasının,
onun qana susayan rəhbərlərinin
tapşırığına uyğun olaraq Osmanlını, İranı,
Tiflisi, Bakını dolaşan və erməni yalanlarından, vəhşiliklərindən dəhşətə
gələn qəzetçi
Aşot nə qədər erməni də olsa, bu
vəhşilikləri etiraf
etmək məcburiyyətindədir.
Dəyərli oxucularımız kimi
mənim də, ermənilərin Osmanlıda,
Azərbaycanda törətdikləri
kütləvi qırğınlar,
dəhşətli faciələr,
qandonduran cinayətləri
barədə, tarixi qaynaqlardan, salnamələrindən,
tarixi romanlardan müəyyən qədər
məlumatlarım var idi.
Erməni qaniçənlərinin
1918-ci ilin mart qırğınları
zamanı Bakıda, Göyçayda, Qubada və digər bölgələrimizdə törətdikləri
soyqırımı barədə
materiallar kifayət qədərdir. Bununla belə Varisin romanında
Aşotun dilindən nəql olunan qəddarlığın miqyasını
təsəvvür etmək
belə ağılasığmazdır:
"Bir mənzildə Sokolov ilk fotosunu çəkdi, iki yaşlı körpəni yeddi-səkkiz
verska (ən uzun mismar) uzunluqlu
kazaçkov mismarı
ilə daş divara pərçimləmişdilər.
İkinci mənzildə
növbəti fotosunu çəkəsi olan
Sokolov içini çəkərək
"heyvanlar" söylədi...Yataqda 13-14 yaşlı çılpaq qız uzanıqlı vəziyyətdə
əbədi yuxuya dalmışdı, bədəni
qançır-qançır idi, ayaqları arasında qan gölməçəsi yaranmışdı...
iki-üç milçək
vızıltıyla qan
içirdi. Biçarəni
onlarca şəxs sıra ilə zorlamışdı, elə
bu təcavüzdən
də dünyasını
dəyişmişdi, olduqca
ürəkdağlayan mənzərə
idi". Romanda təsvir olunan bu dəhşətli səhnələrin sayı
onlarcadır və oxuduqca adamın damarlarında qanı donur, tükü ürpəşir, bu vəhşi millətə
nifrət, qəzəb
iç aləmini körük kimi kükrədir. Hər bir azərbaycanlının,
hər bir türkün ibrət götürmək üçün,
nəticə çıxarmaq
üçün oxuması
gərək olan bir əsərdir Varisin bu dəhşət
saçan əsəri.
Əsərin ikinci süjet xəttinin bütün mahiyyətini və mənasını açmaq
üçün müəllif
əlavə bir süjet xəttindən məharətlə istifadə
etmişdir. Bu süjetin
əsas qayəsini türk yeniyetməsi, Aşotun uşaqlıq dostu Suatın faciəsi təşkil edir. Əslində əsərin "Qızıl
cib saatı" adlanması da təsadüfi
deyil və bəlkə də müəllifin qələmə
aldığı əsər
bu süjet üzərində qurulmuşdur.
Hadisələr XIX əsrin
sonlarında Konstantinopolda
cərəyan edir. Şəhərin əsasən
ermənilər yaşayan
məhəlləsində qonşu
yaşayan üç
ailənin - iki erməni və bir türk ailəsinin
3 yeniyetmə, 13-14 yaşlı
övladları - ermənilər
Aşot, Hamlet və türk Suat birgə böyüyür,
mehriban və xoşbəxt günlər
keçirirlər. Günlərin
birində Aşotun valideynləri evdə olmayanda, dostlar Aşotgildə oynadıqları
zaman olmazın hadisə
baş verir. Yüz illik tarixi olan, çox
dəyərli, üstü
yazılı antikvar qızıl cib saatı yoxa çıxır... Şübhələr
Hamletin üstündə
cəmləşərkən, Hamlet vəziyyətdən çıxmaq
üçün oğrunun
Suat olduğunu anası vasitəsilə Aşotun valideynlərinə
çatdırır. Bundan
sonra Aşotun valideynləri Suatgilə gələrək haray-həşir
salır, saatı Suat oğurladığını
onun atasına bildirir və saatı tələb edirlər. lakin Suat and-aman edir
ki, saatı o götürməyib.
Belə olan halda atası onu kəmərlə mökəm döyür, bədənini döyməkdən
qançır edir, üstəlik, evdən qovur və saatı
gətirməyincə evə
buraxmayacağını bildirir.
Suat dostları Aşot və Hamletə nə qədər yalvarsa da, onun günahsız olduğu barədə atasına bildirməyi xahiş etsə də, bir nəticə
hasil olmur və bütün bu haqsızlıqlara, təhqirlərə, məşəqqətlərə
dözə bilməyən
Suat çıxış
yolunu intihar etməkdə görür,
ayağına daş bağlayaraq özünü
körpüdən dənizə
atır. Qızıl cib saatının isə taleyi müəmmalı qalır...
Romanda Aşotun dili ilə nəql
olunan bu ürəkdağlayan acı
həyat hekayəsi oxucunu bütün əsər boyu gərgin vəziyyətdə
saxlayır və saatın taleyini bilmək üçün
əsəri tezliklə
oxuyub başa çatdırmağa vadar
edir...
O gündən Aşotun ürəyini didib parçalayan bu olayla bağlı bir şübhə toxumu cücərməyə
başlayır və
o, yaşadığı bu
hissləri bir cümlə ilə belə ifadə edir: "Hər bir türkə şübhə ilə yanaşmağa, məni yarı yolda qoyar düşüncəsinə
görə məsafədə
dayanmağa başladım".
Müəllif oxucunu intizarda qoyaraq Suat əhvalatının
əsl mahiyyətini əsərin finalına saxlayır. Oxucu nəfəs çəkmədən
mətndən ayrılmır,
əsərin finalını
gözləyir. Və
budur, nəhayət
ki, oxucunun uzun və həyəcanlı intizarının sonu. Konstantinopollu jurnalist Aşot həmin hadisəni belə nəql edir: "Bu səhər gəzintiyə
çıxanda (həbsxana
gəzintisi nəzərdə
tutulur - R.G.) qəfildən
məftil arakəsmənin
o üzündən - qonşu
baraqdakı erməni məhbusların içində
Hamleti gördüm. Əcəba, yuxumu görürdüm? Səkkiz
ili haqlayan ayrılıqdan sonra üz-üzə dayanıb...
hər ikimiz hönkürdük. Göz
yaşları içində
bütün keçmişimizi,
Konstantinopollu günlərimizi
xatırladıq... Ayrılarkən
Hamlet barmaqlarımızı konvoy zorla bir-birimizdən
ayıran məqamda məni məndən alıb göylərə qaldıraraq ordan şiddətlə yerə
çırpan sözləri
söylədi. "Həyatdır,
bəlkə bir daha görüşmədik....o vaxt saatı
Suat yox, mən oğurlamışdım".
Onu çəkən konvoyun zorlu əlləriylə daş divarın o biri başına çatıncaya qədər
hey təkrarladı: Suat
yox, mən! Mən oğurlamışdım!
Mən!
Mənsə taqətimi saxlaya
bilməyib dizi üstə
yerə çökdüm..."
Varisin bu əsəri tarixdən ibrət götürmək üçün
çox dəyərli
bir vasitə, erməni-türk, erməni-azərbaycanlı
münasibətləri fonunda
dünya erməniliyinin
törətdiyi qanlı
cinayətləri gələcək
nəsillərə və
dünya ictimaiyyətinə
çatdırmaq üçün
bir ismarıc, bir çağırışdır.
Hesab edirəm ki, əsər həm də ən ağrılı problemimiz
olan "erməni məsələsi"nə həsr
olunmuş ən dəyərli əsərlər
sırasındadır və
o, bu əsəri ərsəyə gətirməklə
müstəqillik dövrü
nəsrimizə çox
dəyərli bir töhfə vermiş, əsl vətəndaşlıq
mövqeyi, milli təəssübkeşlik
nümunəsi nümayış
etdirmişdir.
Ramiz Göyüş
Ədəbiyyat
qəzeti.- 2024.- 26 oktyabr, 341.- S.28-29.