Gecələr ay doğulmur 65 yaş üstünə...
Sənə məktub yazmışam, yalvarıram, oxuma çərşənbə axşamları
Camal Süreya
Heç sənə layiq deyil
sənə yazdığım yazı.
Ömür də, gün də, keçir
Nə qışı bəlli, nə yazı
Yalvarıram, oxuma,
vərəqləri qaralıb.
Sevdiyim ağacların
yarpaqları saralıb.
Nöqtələrin yerinə
bir "ah"ım var yazıda.
Yalan deyil, şahiddi
o bir Allah özü də...
***
Deyirsən
yağış yağır
Havalar
da soyuyub.
Nəmişlik dizə çıxıb
Körpüləri su yuyub.
Deyirsən
duman gəlib
Sizin dağlara yenə.
Onsuz da uzaqdasan,
əlim
çatmır rayona...
Bu duman
duman deyil
Nə də yağış, çən çisək
Hər şeyin bir sonu var,
Hər şey olub-bitəcək.
***
Yəqin
yetişib indi
Sarı-sarı limon dər.
Nə olur-olsun, amma
Mənə bir şəkil
göndər.
Çiçəkli
limon olsun,
Budaqları sapsarı.
Yazılı şəkil olsun,
bir üzü mənə sarı.
***
Yaşımız
ötüb-keçir,
Adımız da kiçilir.
Yadlaşır xatirələr,
Ayrılıqlar dirilir.
Duman gəlib,
pozulur
uzaq yolun güzgüsü.
Yaxında bir kədərdi,
bir də ölüm qoxusu.
***
Eyni ayda
doğulduq,
Payız
adlı fəsildən.
Əvvəlində səniydin,
bu ayın sonunda mən.
İndi
atəş üstünə
həsrətli nəğmə asım.
Yenə
yağış, duman,
çən
"yenə aylardan qasım".
Neçə
payız, qış keçdi,
sular axdı, duruldu.
Görən, neçə ayrılıq,
neçə sevgi doğuldu.
Yaddaşımda
yaşadı
sadəcə payız kimi.
Ayrılıqlar sonunda
eynəkli bir qız kimi.
***
Gör
harda yada düşür
yenə
dəniz qırağı.
Mən şamımı itirdim,
sən
"sehirli çırağı".
Yenə dəniz
qırağı,
oyandı
xatirələr.
Yalın
ayaqlarını
öpürdü ağ ləpələr.
Damla-damla
sıxırdı
Kirpiklər yaş çəpəri.
Göz yaşını gizlətdi
Eynəyin şüşələri...
Qaranlıq
çökdü nə tez,
dəydi
şəhər şəstinə.
Gecələr ay doğulmur
65 yaş üstünə.
Hərdən
bulanıq göydə
Sayrışır veyil-veyil.
Ulduzlar
da seyrəlib
Sayı
o sayda deyil.
Heç
kimə demə, yerin
qulağı var unutma.
Allah ağır eşidir
Üzünü göyə tutma.
İndi
bu gecələrdə
Bir sevgi izimiz yox.
Sığınmağa köksümüz,
Baş qoysaq, dizimiz yox.
Damla-damla
axırdı
Kirpiklər yaş çəpəri.
Göz yaşını gizlətdi
Eynəyin şüşələri...
Dənizli
xatirələr...
Dayanmışıq yanaşı.
"Olum gözlərin qurbanı",
Sənə gülmək yaraşır.
Minas
abi
Döşünə
alıb isti havanı,
iri qabarlı əlləriynən
cənub
küləyini mişarlayır
Minas abi,
budayır yamyaşıl feyxoa
kolunu.
Cənub
küləyi isti,
Mişarın nəfəsi şimal
soyuğu, çox soyuq,
Qorxudan qarın-qarına girmişdi
yaşıl budaqlar.
Dağdan
enmişdi - Minas abi,
uzun boyunu,
iri əllərini,
at ayaqlarını,
tünd
baxışını,
bir də səsinin yoğun yerini gətirmişdi şəhərə.
63 ildi
döşdəşirdi şəhərnən,
Öyrəşə bilmirdi yay havasına,
Nə qış havasına, yaz havasına,
Nə də qaraörtük asfalt yoluna.
Ən yaxın göy üzünə
Taadım
uzaq torpağına əli çatmırdı.
şəhərli ola bilmirdi, Minas kişi.
Sevdiyini
itirib oturmuşdu kirimiş,
(indi o qız da yoxdu
"Bir şüşə "sevgilim",
saçaqlı pendir və
göy-göyərti
Ya da təzə "madera",
Bu eşqi unut deyən yüzlərin acığına
İki bilet alırdı kinoya, teatra").
Ayrı
xatirəsi yoxuydu daha,
Bəyənmirdi şəhəri:
"Bu şəhərin otu yox, əncəri yox,
Reyhanı, nanəsi, pəncəri
yox.
Atı yox, qatırı yox,
Bir həyası, abırı
yox" bu şəhərin.
Deyirdi ki,
Bu şəhərin dəmir
atı, qır atı,
Yerin altında
Qanadlı qara qarışqası
uçaq-uçaq,
Göyün yeddinci qatında.
Xırda karlik
itlərinin səsi yox, səmiri yox,
Çörəyi dizinin üstündə
olan adamların
Balatası, xəmiri yox.
Bir ev qurub tikəni
yox,
Cızığından çıxanların
vaxt-bivaxt
Abırını ətəyinə bükəni
yox.
Bir qonşunun dəftərində
adı yox,
Yediyinin
damağında dadı
yox.
...
Çər
dəymiş atının çılpaq belində
rahat-rahat
oturmuşdu oğlan çağında.
indi yumşaq Buslarda
yanını yerə basa bilmir.
rahat ola
bilmir
göydələn
binalarının yuxarı qatlarında
oynaqları göyüm-göyüm,
sümükləri sızım-sızım,
dağ havası həsrətinin sözlü-sazlı nəğməsinə,
səsinə bənddi.
Arsız-arsız
gülür hərdən...
Bilirdi arsızlıq yaş məsələsidi,
qocalıq nişanəsidi arsız
gülüşlər.
Yola verməkdi
itən illərin hayıfını çıxa bilmək,
ayaq verib itənləri unutmaqdı arsızlıq,
Ömrə-günə od vurmaqdı arsızlıq.
Ot ələfi vərənmiyən
biçənəkdi,
Susuzluqdan
qabıq verən bir tənəkdi.
Sevdiyi gülü əliylə özgəsinə verməkmi...
(İndi
o qız da yoxdu
"Bir şüşə "sevgilim",
saçaqlı pendir və
göy-göyərti
Ya da təzə madera,
Bu eşqi unut deyən yüzlərin acığına
İki bilet alardı kinoya, teatra").
...
Böyüyüb,
böyüyüb tayını tapan
Bir çopur, ucaboy adamdı -
Arsızlıq.
Arsızlıq hər töhməti
udmaqdı -
Udmaqdı, udqunmaqdı,
Unutmaqdı arsızlıq.
(arsızlıq
yaş işidi, yaş məsələsidi,
qoca təntiyir,
uşaqlar arsız olmur, ağlıyır, kiriyir)
Arsızlıq uşaqlardan xeyli
uzaqdı,
Uşaqlar ağlayar, uşaqlar
kiriyər.
Gülər uşaq kimi, gülər şeytanlar,
Uşaqlar ağlıyar ac olanda
da,
Elə
... altı yaş olanda da.
Qulaq ağrısına məəttəl
olar,
Ağlayar-ağlayar, sora böyüyər.
Böyüyər arpa boyu
hər gün, hər saat.
Böyüyər atanın, ananın
qolu,
Uzanar bağçanın, məktəbin
yolu.
Uşaqlar böyüyər, başı
böyüyər,
Uşaqlar böyüyər, gözü
böyüyər,
Uşaqlar böyüyər, yaşı
böyüyər,
Uşaqlar böyüyər, sözü
böyüyər...
***
Tikanlı,
kölgəsiz innab ağacına
Oxşarı vardı Minas abinin.
Suyunu döndərib arxın önündə,
söykənib əlində yarağa
nəsə
düşünürdü sakitcə
Yorulub əldən düşüncə.
***
Abşeron
günəşi - yay xəstəliyi
Canını bişirəndə mazut qoxulu təri
Yapışıb xirtdəyindən
İçərişəhərin divarlarına
dirəyəndə küləyi.
Zopanın, dəyənəyin yeri
- qançır olmuş kürəyi
Qız qalasının damında
günəşlənən
zağlı polis çəkməsi
Yadına
düşəndə...
Sinəsindən qopan ah nəfəsini
qarsırdı,
Dodağı çatlayanda yüz
yerdən
qan rəngli nar koluna yaman oxşuyurdu
Minas abi.
...
Qaratelin
boxçasındakı
quru otlar - ədviyyələr
otaq-otaq
gəzirdi satılmaq üçün.
Boxçanın arxasına qısılmışdı
uzunətəkli qadın,
uzunətəkli,
iriyanlı Qaratel arvadın
quru istiotu, mixəşəri,
turş alçası -
quru qaxac qızların sevdiyi ədviyyədi.
Uzun boyun,
dik burunlu, tünd baxışlı
dağ təkəsi təkin
səsinin yoğun yerinə
salıb üstünə çəmkirirdi
-
uzunətəkli , iriyanlı Qaratel
arvadın.
"Durma qapı daaaaalında,
Gözüm qalıb xaaaalında".
İllər uzun-uzun keçdi
ömürdən,
burnu dik oğlan çağı,
bir az səbri dar,
genbalaq şalvar,
ağappaq köynək,
platformalı çustlar.
bir az havalı -
alnının qırışı yoxuydu hələ,
taleyin qarğışı yoxuydu
hələ.
70 il ötdü, Minas abinin
Qoruya bildiyi
Uzun boynu,
iri əlləri,
at ayaqları,
tünd
baxışı və
səsinin yoğun yeriydi.
Uzun-uzun
illər keçdi ömürdən
83 cür səs gəlir göydən...
qulaq as,
qulaq as, abi,
Allah ömür versin, Minas abi.
Azadlıq
prospekti, 2023
Xosrov NATİL
Ədəbiyyat qəzeti.- 2024.-
26 oktyabr, №41.- S.23.