Kişilər gec ağlayır...
Fraqmental romandan parçalar
Quşa qıymayan ovçu
Milli Qəhrəman
Çingiz Mustafayevin xatirəsinə
Ov həvəskarı olan oturub-durduğu dostları
onu dilə tutub axır ki, günlərin bir günü yala gətirə bildilər. Ömründə ilk dəfə
o da çiyninə tüfəng
aldı, onlara qoşulub quş ovuna yollandı.
Dəniz
qırağındakı ovçuluq
limanı adlanan məkan məşhur idi. Payızın axır-axırlarında isti
ölkələrə köç
edən quşlar bu limanda qanad
saxlayar, qamışlıqlarda
sığınıb gecələyər,
səhərin alatoranında
qalxıb göyə qanadlanardılar.
***
Dörd-beş nəfər yoldaş
idilər. Hərəsi
də ayrı-ayrı
yerlərdə pusquda durmuşdu.
Dənizin qırağında ins-cins görünmürdü.
Əslində isə limana yüzdən çox ovçu gəlmişdi. Hərəsi
də bir tərəfdə gizlənmişdi.
Səhərin alatoranlığında quşlar göydə qatarlanıb görünən
kimi tüfənglər
açılmağa başladı.
Bir güllə, ikinci
güllə, üçüncü
güllə...
Bir partapart düşmüşdü
ki, limana ilk dəfə
ova gəldiyindən Çingiz
hər atəş səsindən sonra diksinirdi...
Bu atəş səslərini
sakit qarşılaya bilmirdi. Axır ki, dözə bilməyib dilə gəldi: - Əşi, bu dəniz sahilində elə bil İkinci
Dünya müharibəsi
gedir ki? - deyə köksünü ötürdü.
Ovçuların quşlarla
apardığı bu
"müharibə" onu
bərk sarsıtmışdı,
hər güllə açıldıqca göydə
bir quşun millənib daş kimi yerə düşməsi ürəyiyuxa
Çingizin qəlbini
parçalayırdı.
***
...Hə, həmin ov əhvalatından sonra Çingiz bir daha limana
ova getmədi.
"Yox, tüfəng ilə ov mənim
işim deyil, dedi, mənimki tilovla balıq tutmaqdır..."
***
Yer-göy lərzəyə gəlmişdi.
Toplar guruldayır, mərmilər
partlayır, avtomatlar şaqqıldayır, tankların
tırtılları torpağı
eşə-eşə bağrını
yarırdı, göy
üzünü bürüyən
qapqara tüstüdən,
qırıcı təyyarələrin
vahiməli uğultusundan
qorxmuş buludlar pərən-pərən düşmüşdü.
***
...Və bir vaxt
quşlara ov tüfəngindən atılan
güllələrin səsindən
qorxub özünə
sakit bir yer axtaran "Ovçu oğlan",
"Atəş!", "Atəş!!", "Atəş!!!",
"İrəli!!!" - deyə
bağıraraq öz
cəsarəti ilə
döyüşçü yoldaşlarını hücuma
səsləyirdi...
Əmri pozdular
Tağım döyüş əməliyyatını
qələbə ilə
başa vurmuşdu. Komandanlıq tərəfindən
növbəti tapşırıq
tutduqları mövqelərdə
möhkəmlənmək üçün
səngər qazmaq idi.
Belləri, külüngləri, torpaq qazan çalovları
əllərində hazır
tutmuş əsgərlər
işə başlamaq
istəyirdilər ki, tağımı
çaş-baş salan
yeni bir əmr gəldi. Tutduqları yüksəklikləri tərk
edib geri çəkilməlidirlər!
Bəs,
bu mühüm mövqeləri ələ
keçirtmək üçün
tökdükləri qanlar,
şəhid, yaralı
döyüşçü yoldaşları...
***
Qisas, intiqam hissi ilə
alışıb-yanan tağım
birdən coşub-daşdı.
Əllərindəki belləri,
külüngləri, çalovları
yuxarı qaldıraraq
hiddətlə səs-səsə
verdilər: "Burada
özümüzə qəbir
qazarıq, ancaq bir atdım da geri çəkilmərik!
İrəli!"
1992
"Gör, sənin nə qədər anan var..."
...Növbəti anım günü idi... Şəhidlər Xiyabanında
izdiham aşıb-daşırdı.
Hər bir şəhid anası övladının
məzarı üstə
sinə dağlayan səslə ürəyini
boşaldırdı. Kimisi
bərkdən hönkürtü
vururdu, kimisi sinəsinə əl atıb şaxsey-vaxsey gedirdi, kimisi için-için ağlayır,
kimisi layla deyir, kimisi isə
soyuq torpaq altındakı oğlunu arəstə-arəstə oxşayırdı:
Araz axar lil ilə,
Bülbül oynar gül ilə,
Səni
necə oxşayım
Bu qurumuş dil ilə...
Atalar aralıda durmuşdular. Anaların öz ürəklərini rahat boşaltması xətrinə
hələ ki susub lal durmuş, onları öz ciyərparələri ilə
baş-başa buraxmışdılar.
Əlbəttə, sonra
özləri də oğulları ilə görüşəcəkdilər. Kişilər onsuz da gec ağlayırlar...
...Kimin ağlına birdən-birə necə gəldi ki, gözlərini
dörd dolandırıb
ətrafa baxsın?! Xiyabanda uçan bir cüt zil
qara göyərçin
səs-küydən hürkməyib
bir şəhid məzarının üstündə
dövrə vurur, qanad çalırdılar.
...Sən demə, təkcə bir şəhid məzarının
üstündə yaxın-doğma
kimsə yox idi. Ola bilməzdi, belə bir anım
günündə harda
qalmışdı sinəsi
dağlı anası,
atası, doğmaları,
əzizləri...
***
Xəbər o soyuq qış
günündə şaxtaya
dönüb ürəkləri
dondurdu. Demə, o Şəhid oğul elə dünyaya gələn gündən anasız qalıbmış,
əvvəlcə körpələr
evində, sonra da kimsəsiz uşaqlar üçün olan internatda böyüyübmüş...
***
Bütün şəhid anaları
əlbəəl övladlarının
məzarlarından ayrılaraq,
anasız şəhidin
qəbrinin üstünə
toplaşdılar. Məzarı
üstdə sərilib
başdaşındakı şəklini
öpdülər. Əvvəlcə
için-için, sonra
da hönkürtü qoparıb
ağlayan anaların naləsi Xiyabanı başına götürmüşdü.
Bir ana axır ki, özünə
gəlib göz yaşlarını silə-silə:
- Rahat yat, ay bala, rahat yat, - dedi,
- gör, sənin nə qədər anan var...
Farağat
...Əsgəri xidmətini başa vurub evlərinə geri dönəcəyi günə
hər gecə yuxuya getməmişdən
qabaq kazarmada barmaqla hesablayıb saydığı sanılı
günlər qalmışdı.
Ağır döyüş təlimlərində
həmişə fərqlənmişdi.
Əlavə məzuniyyətə
buraxılan əsgər
gündəlik sıra
baxışlarında isə
məzəmmətlənirdi. Sırada farağat vəziyyətində düz
dura bilmədiyinə görə
onun ucbatından komandir hər dəfə cərgəni dönə-dönə təzədən
düzdürmüşdü.
Əsgər yoldaşları xətrini
çox istəyirdilər.
Şahidi olmuşdular
ki, dost yolunda canından
keçər. Deyib gülən, şən bir oğlan idi. Həm də
zarafatcılın biriydi.
Əsgər yoldaşlarına,
hətta bəzən elə gəlirdi ki, sıra baxışlarında
da qəsdən, bilərəkdən
düz dayanmır.
İstər yayın istisi, istərsə də qışın soyuğu olsun, cərgəni təzədən sıraya
düzülmək əziyyətinə
qatlaşdıra-qatlaşdıra, deyəsən, onlarla zarafatlaşıb bir növ məzələnir.
Xətrinə dəyəcəklərindən
ehtiytlanıb dodaqlarını
çeynəyə-çeynəyə dözüb durur, yalnız ürəklərində
onu söyüb yamanlaya-yamanlaya susub qalırdılar.
***
...Dava başlayan gün tabor heç sıraya düzülmədən
qəfil "İrəli!"
əmri ilə döyüşə atıldı.
Sıra
baxışı zamanı
boyca cərgədəkilərdən
ən qısa boy olduğundan axırıncı
durardı. "İrəli!"
əmrindən sonra isə o lap qabaqda, öndə idi. Düşmən atəşinə
də ilk tuş gələnlərdən oldu.
Ayağından yüngülvari
yaralanmışdı. Sanitar
məntəqəsində yarasını
sarıdılar. Cəmi
bircə gün onu burada saxlaya
bildilər. Həkimlər
deyib başa saldılar ki, ayaq üstə çox dura bilməz... Onların sözlərini ağızlarında
yarımçıq qoydu,
bu dəfə qətiyyətlə: - Noolsun,
- dedi, - ayaq üstə dura bilmərəm,
düşmən üstə
sürünə-sürünə gedərəm...
Onu yola gətirmək üçün komandiri çağırdılar. Əsgər:
- Cənab komandir, - deyə az qala
yalvardı: - Bir dəfə
təlim vaxtı döyüş tapşırığını
yerinə yetirəndə
düşmən səngərinə
sürünə-sürünə getməyi bizə əmr etmişdiniz...
İndi silah tutan əllərim ki, yerindədir!
Yenə də sürünə-sürünə...
Komandir onu qucaqladı.
***
...Axır ki, özünə
gəlib gözlərini
açıb dörd dolandıranda başa düşdü ki, bu dəfə onu hospitala gətiriblər. Çarpayıda uzanıb
qalmışdı. Bəs
harasından yaralanmışdı?
Yadında deyildi. Əvvəlcə qollarını
tərpətdi. Sonra da ayaqlarını
uzadıb-yığmaq istəyəndəsə
ağrıdan huşunu
itirdi...
Haçandan-haçana ağır-ağır
göz qapaqlarını
aralayanda başı üstündə əlində
qanlı tənzif tutmuş şəfqət
bacısını gördü...
***
...Qoltuq ağacına söykənib bir məzarın ətrafında
lal-dinməz dayanıb
durmuşdu. Hərbi mundirdə idi. Əsgər birdən söykəndiyi qoltuq ağaclarını yerə
tulladı. Üzünü
başdaşıya tərəf
çevirib dimdik farağat vəziyyətində
durdu. Sağ əlini gicgahına aparıb hərbi təzim verdi. Sonra da:
- Cənab komandir, - dedi - bütün döyüş
tapşırıqları yerinə
yetirildi, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Ayaq üstə özünü
güclə saxlasa da,
elə bil komandirin əmrini gözləyirdi: "Azad!"
Hələ də farağat
vəziyyətində idi
və bu dəfə qulaqlarına komandirin həlim səsi gəldi: "Bax belə, əsgər!"
"Azad!"
14.09.2023
Quş yuvası
Neçə vaxtdan bəri xeyli get-gəldən sonra axır ki, işə düzəlmişdi.
İndi qalırdı axtarıb-tapıb
iş yerinə yaxın bir yerdə qalmağa münasib bir mənzil kirayələmək.
Bu dəfə də bəxti gətirdi. Həmin iş yerində elə ilk tanışlıqdan birdən-birə
doğmalaşıb rəfiqə
olduğu qız canıyananlıqla ona bir ünvan verib:
- Sakit, səssiz-küysüz
bir məhəllədir,
- dedi. - Həyət evində, xudmani birgözlü ayrıca otaqdır. Ev sahibi də aman-zaman oğlu ilə ayrıca mənzildə qalır.
Rəfiqəsi sonra daha müfəssəl danışıb
dedi ki, qohumluğum çatdığına görə
tərifləmirəm, bəs,
ev sahibəsi xeyirxah bir xanımdır.
Kirayənişinlərə həmişə analıq
edib. Kirayə haqqını da heç vaxt dilinə gətirənlərdən deyil.
Sonra da köks ötürən qız:
- Oğlu da ədəb-ərkanlı
bir oğlandır. Müharibə qazisidir. - Sözünün ardını
gətirməmişdi: - Eh, nə deyim, hər ikisini özün yaxından görüb tanıyacaqsan...
***
Həftənin bazar günü idi.
Qazi oğlan evlərindən
o qədər də uzaq, aralı olmayan bir yerdə
öz şəxsi emalatxanasında çalışırdı.
Dəmir-dümür təmiri
ilə məşğul
olurdu. Öz əli-öz başı idi. Oğlan həyətdə ilk dəfə
kirayənişin qızı
qəfildən gördü.
Hansısa emalatxana alətinin ardınca evə qayıtmışdı.
Anası yaş paltarları ləyəndən
götürüb zivədən
asırdı. Kirayənişin
qız da əl-ayaq edib anasına kömək edirdi. Hər ikisi əlləri işdə
ola-ola həm də söhbətləşirdilər.
***
Həyətin dəmir darvazası
qəfil açıldı.
Ana ilə kirayənişin
qız qapıya tərəf boylandılar.
Ana təlaşlandı. Axı
oğlu bu vaxtlar evə gəlməzdi. Sübh tezdən evdən çıxar, bir də axşamdan xeyli keçmiş evə dönərdi. Günorta da elə iş yerində evdən apardığı
yeməklə nahar edərdi.
Oğlu
anasını sakitləşdirdi:
- Lazımi alətlərin
birini unudub evdə qoymuşam, - dedi, - aparmağa gəlmişəm.
Kirayənişin qız ev sahibəsinin ilk dəfə
gördüyü oğluna
gizlicə altdan yuxarı nəzər saldı. Doğrudan da, boylu-buxunlu, yaraşıqlı
oğlan idi. Oğlan da nədənsə
ayaq saxlayıb unutduğu alətin ardınca içəri keçməyə tələsmədi.
Oğlunun gözucu da
olsa, kirayənişin
qıza baxması ananın gözündən
yayınmadı. Ana az
qala oğlunun üstünə cummaq, onu bağrına basmaq istədi...
...Elə bil bunu
hiss edən oğlan cəld onlardan aralandı. Qız da elə bu zaman oğlanın bir ayağını çəkdiyini
gördü. Ana köks
ötürüb yanıqlı-yanıqlı:
- Erməninin tifağı dağılsın, - dedi,
- necə ki dağıldı,
neçə-neçə igid
oğlumuz şəhid
oldu. Mənim də oğlum davada düşmən gülləsinə tuş
gəlib şikəst
qaldı...
Ana sonra da gülümsəyib
gizli bir qürurla: - Özüm şahidiyəm ki, qohum-qonşuda
neçə-neçə subay
qız ardınca gizlicə necə baxır?! Saqqalı ağarmış, denən
birinə gözucu da olsa baxırmı?..
Ana sözünə ara verib susdu. Bir ara gözləri yol çəkdi, sonra da: - Kim bilir, bəlkə də qeyrətli balam şikəstliyi ucbatından
qızlara baxmağa çəkinir, - deyə
ah çəkdi.
Kirayənişin qız toxtaqlıq
üçün anaya
nə deyəcəyini
bilmədi. Əlində
alət yanlarından tələsik ötüb-keçən
oğlanın ardınca
baxa-baxa qalmışdı.
Ana qəhərləndi, göz
yaşlarını qızdan
gizlətməyə çalışdı.
Dolu ürəyini boşalda-boşalda boğuq
səslə: - Denən,
indiyəcən balam başını qaldırıb
bir qıza gözucu da olsa heç nəzər salırmı? - Ana elə
bil birdən dirçəldi. - Eh, nə
deyim, gözəl-göyçək
qızlar hələ də ardınca baxa-baxa qalıb.
***
Həyətlərində kirayənişin
qızla o qəfil rastlaşmadan sonra qazi oğlan elə bil huşyar
olmuşdu. Emalatxanada ona lazım olan hansısa bir aləti tez-tez "unudub" evdə qoyur, sonra da ardınca geri dönürdü. Hətta elə olurdu ki, həmin "unutduğu" alətin ardınca gəlsə də, bəzən geri, emalatxanasına əliboş qayıdırdı.
***
Son günlər arabir evlərinə günorta yeməyinə də gəlməyi var idi. Belə vaxtlarda kirayənişin qızla hər dəfə qəfil qarşılaşanda
hər ikisi bir-birləri ilə sadəcə yüngülcə
salamlaşırdılar... Başlarını
qaldırıb bir-birlərinin
üzünə baxmaqdan
sanki çəkinirdilər.
Ancaq gözaltı baxışlarını nə
qədər çalışsalar
da, heç biri gizlədə bilmirdi.
***
...Oğlanın bu dəfə də yaddan çıxarıb emalatxanada gərəkli bir alətin ardınca həyətə
qəfil girdiyi günlərin birində kirayənişin qızla
ana kölgəli ağacın
altındakı kətildə
oturub şirin-şirin
söhbətləşirdilər. Ana da, kirayənişin qız da
son vaxtlar elə bil daha da doğmalaşmış,
məhrəmləşmişdilər. Ana bundan xeyli məmnun
idi. Kirayənişin qızın söz-söhbətlərinə
indi daha huş-guşla qulaq asırdı.
...Payızın əvvəlləri
idi. Oğlan anası ilə kirayənişin qızın
söhbətinin üstünə
o yerdə gəlib çıxmışdı ki, qız
az qala ağlamsına-ağlamsına:
- Hə, ay xala, uşaqlığımdan bəri
ən çox köçəri quşlara
rəhmim gəlib. Qışın girməsinə
az qalmış kəndimizin üstündən
quşlar hay-həşir
sala-sala uçub köç edəndə hönkür-hönkür ağlayardım.
Evdəkilər məni
güclə ovundurardılar.
O vaxtdan bəri elə indi də
belə fikirləşirəm
ki, yəqin, hər quşun bir isti öz yuvası
olsa, daha uçub uzaqlara getməzlər...
Oğlan
eşitdiyi bu sözlərdən diksindi.
Anasının da bu dəfə duyuq düşəcəyindən daha
ehtiyatlanmayıb zəndlə
qızın üzünə
baxa-baxa qaldı...
***
Aradan günlər keçmişdi.
Günlərin bir günü qəfil bir qonaq darvazanı
taqqıldadıb həyətə
keçdi. Ev sahibəsindən kirayənişin
qızı xəbər
aldı. Yaşlı bir qadın idi. Ev sahibinin
həyəcanını, nigarançılığını
əlbəəl hiss edib
onu çox intizarda saxlamadı. Birbaşa mətləbə
keçdi ki, narahat olmasın: - Özgəsi deyil, kirayənişin qızın qohumlarındandır.
Uzun sözün qısası,
belə məlum oldu ki, bu yad qadın da elə bu şəhərdə, ucqar bir məhəllədə
tək-tənha yaşayır.
Gen-geniş ev-eşiyi
də var. Lap bu yaxınlarda kimdənsə
eşidib xəbər
tutub ki, bəs kənddən gələn,
qohumluğu çatan,
subay-salıq qohum qız kirayədə qalır. İndi də gəlib ki, o qohum qızı yanına qatıb evinə aparsın. İndən belə özü ona analıq, qız da ona övladlıq etsin...
O yad qadın bundan sonra da dəfələrlə
kirayənişin qızın
ardınca xahiş-minnətə
gəldi. Və belə gəlişlərdən,
xahiş-minnətlərdən sonra bir gün
kirayənişin qız
da ev sahibəsini qucaqlayıb üzrxahlıq
edə-edə: - Qaldığım
bu müddətdə mənə analıq etdiniz, - dedi. - Xalam da yalqızdır, onun sözünü daha yerə sala bilmirəm. İstəyirəm ki, - qız
udqundu. - Sabah yığışıb
gedəm...
***
Axşam anasından eşitdiyi bu qəfil xəbərdən oğlan çaş-baş qaldı. Hə, sən demə, kirayənişin qızın qəfil bir xalası peyda olub. Axtarıb-axtarıb axır ki, onu tapıb. İndi də, öz yanına aparmağa, birgə qalmağa razı sala bilib. Oğlunun haldan-hala düşməsi ananın gözündən yayınmadı.
***
Neçə vaxtdan bəri qaldığı evdən köç edən kirayənişin qızın elə bir yükü yox idi. Hamısını yığıb-yığışdırıb iri bir çemodana sığışdırmışdı. Ertəsi gün oğlan sübh tezdən yerindən qalxaraq, sonra da əlüstü bir stəkan çay içib həmişə olduğu kimi tez-tələsik iş yerinə yollanmadı. Müxtəlif iş alətlərinin saxlandığı anbara keçdi...
Əlində yır-yığış etdiyi iri meşin, ağır çemodan olan qız oğlanı həyətdə görəndə özünü itirdi. Yəqin ki, qanacaqlı, ədəbli-ərkanlı oğlan çemodanı əlindən alıb darvazadan bayıra çıxaracaq, taksi saxladıb minənəcən köməyini əsirgəməyəcəkdi.
...Oğlan əlindəki işi saxladı. Dik qızın gözlərinə baxdı. Qız özünü itirdi. Oğlanın əlində rəndələyib, yonub hamarladığı taxta bir qutu var idi. Quş yuvasına oxşayırdı. Əlindəki həmin taxta qutunu ciddi-cəhdlə həyətlərindəki köklü-köməcli ağacın gövdəsinə bərkitməyə çalışırdı. Qız elə bil diksindi.
Oğlan sanki qızın əlindəki çemodanı görmürdü. Üzünü qıza çevirib: - Quş yuvasıdır, - dedi. - Elə bil deyəcəyi sözləri dilinə gətirməyə nəsə ürək etmirdi. Axır ki, özünü toplayıb cəsarətlə: "Qoy həyətimizdəki quşların da öz yuvaları olsun. Ora-bura köç etməsinlər".
Lal-dinməz oğlanın elə bil dili açılmışdı:
- Yadımdadır, bir hacıleylək həyətimizdəki yeganə ağacın ən hündür budağında bir yuva qurmuşdu. Bir gün qəfil ildırım ağacı vurdu. Yuva dağıldı. Sonra bildim ki, bizim hacıleylək qonşumuzgilin ağacında özünə yuva qurub.
***
Elə bil qızdan nəsə bir söz eşitmək ümidilə çevrilib bu dəfə qıza tərəf dik-dik baxdı. Qız əlindəki çemodanı yerə qoymuşdu...
30 may 2022
Aydın TAĞIYEV
Ədəbiyyat
qəzeti.- 2024.- 26 oktyabr, №41.- S.20-21.