Yük
Hekayə
İnsan
ömrü boyu yük daşıyır. Kimi ailə
yükünü, kimi vicdan yükünü, kimi də
çiyinlərinə aldığı hansısa bir
yükü... N də iri anbarlardan birində yükdaşıyan
işləyirdi. Artıq bir il idi ki, bu ağır işi
görürdü. Baxmayaraq ki, iki diplomu vardı, amma bir
çox gənclər kimi universitet illərində
avaraçılıqla başını qatmışdı. Gənclik
şirin şeydir. Adamı nə günlərə salır.
Çılğın gənclik havası adamı evdə oturmağa
qoymur. N də belə gənclərdən idi. Gəncliyini yelə
vermişdi. O, "dolu" yaşamağı sevirdi. Qrup
yoldaşları dərs oxuyanda N qız sevirdi. Dəli-divanə
olub çöllərə düşmüşdü...
Yük daşımağı sevmirdi
N. Kim sevər axı?! Amma ümidi vardı ki, nə vaxtsa vəzifəsi
qaldırılar, ali təhsilli olmağına önəm verilər.
Bu minvalla düz bir il işlədi.
Danışığını, hərəkətini bilməyən
adamların içində itib-batdığını
görmürdü. Lakin içlərində dosent, hərbçi,
usta, idmançı da vardı. Tale hamını ovcuna
yığıb həmin anbara atmışdı...
Qocalı-cavanlı hər bir yükdaşıyanın üzündən zəhrimar
yağırdı. Kir-pasın, çirkin içində
cırıq-cırıq olmuş əlcəklərlə
irili-xırdalı yükləri sağdan-sola, soldan da sağa
daşıyırdılar. Kimi deyinir, kimi söyür, kimi də
qarğış edirdi...
Bir gün gecə növbəsində o qədər gərgin
iş gedirdi ki, bir işçinin ürəyi getmişdi. Bədbəxt
hadisə də az olmurdu. Elə Yeni ildə də işə
düşmüşdülər. Gecə saat on ikini gözləyirdilər.
Hər kəs evdən gətirdiyi yeməkləri stola düzməyə
tələsdiyi vaxtda yük maşınları anbarın
ağzına düzüldü. Dilxor olan işçilər
maşınlara doğru addımladılar. N də digərləri
kimi yükləri daşıdıqca telefonla bayram təbriki
yazırdı. Saat on iki tamam olanda alınlarından axan tər
damcılarını silə-silə, gözləri
işıldaya-işıldaya uzaqda görünən atəşfəşanlığa
tamaşa elədilər. N-in dostu K-nın başı mesaj
yazmağa bərk qarışmışdı. Üstünə
gələn yük maşınını görmədi.
Maşını görəndə artıq gec idi. O, yerə
yıxıldı və sağ ayağı təkərin
altında qaldı. Bağırtısı aləmi
başına götürdü, N qaça-qaça onun
yanına gəlsə də, artıq iş işdən
keçmişdi...
N bir il işləyəndən
sonra əsgərlik dövründə oxuduğu kitabları
xatırladı. Görünür, necəsə monoton həyatını
dəyişmək istəyirdi. Ona elə gəldi ki, təkcə
kitab oxuyanda özünü xoşbəxt hiss edib. Yenidən
kitab oxumaq istədi və o gündən telefonuna kitablar
yükləməyə başladı. İşdə vaxt tapan
kimi oxuyurdu. Şekspirin "Romeo və
Cülyetta"sını, Kamyunun "Yad"ını,
Kafkanın "Çevrilmə"sini oxuduqca ürəyinə
fərəh hissi doldu. Özünü azad, güclü hiss
etdi. Kitabların mistikası onu ələ aldı. Zaman ötdükcə
daha çətin əsərlərə baş vurdu. Don Kixotun
macəralarına həm güldü, həm ağladı.
Robinzonla adada "yaşadı". İvan İliçlə
"öldü". Sergi ata ilə "oyandı". Dorian
Qreyin portretini "çəkdi". Martin İdenlə səyahətə
yollandı. Qulliverlə "balacalaşdı",
"böyüdü".
Artıq
işlədiyi yerdə
anbardar vəzifəsinə yüksəlmişdi.
Fiziki işinin azalacağını düşünsə də,
elə olmadı. Əksinə, yükdaşıyanlara kömək
etməli idi. Həmişə nəsə, kimsə
çatmırdı. Adam, texnika, vaxt... Üstəlik,
bütün gördüyü işləri kompüterdəki
proqramlara yazmalı və rəhbərliyə göndərməli
idi. İşi başından aşırdı. Son zamanlar
işdə oxumağa vaxt tapmasa da, evdə, yolda oxuyurdu.
Oxumayanda həyat N-ə mənasız gəlirdi. Sanki oxuyanda
fikirlər beynində daha tez formalaşırdı. O qədər
oxudu ki, bir gün məqalə yazdı.
Yazıçıların həyatından maraqlı hadisələrə
istinad etdi. Beynindəki yükü vərəqlərə
boşaltdıqca ürəyindəki yükdən də azad
olduğunu hiss etdi. Tibet buddistləri haqqında məqalə
yazdı, işə Milarepa ilə başladı. Bir çox
balladaların, şeirlərin müəllifi aydınlanmaq barədə
tez-tez düşünərdi. O qərara gəlmişdi ki, bu
barədə tanımadığı insanlardan soruşsun.
Çoxundan soruşmuş, hər kəs fərqli şeylər
demişdi. Bir gün o, dağ cığırında
ağır yükdaşıyan qəribə rast gəlmiş,
eyni sualı ona da vermişdi. Qərib isə kürəyindəki
yükü yerə atmış, dərindən nəfəs
almışdı. Milarepa qışqırmışdı:
- Anladım! Bəs, aydınlanmadan sonra nə
baş verir?
Qərib
gülümsəmiş və
yükünü götürüb yoluna
davam etmişdi.
N növbəti bir il ərzində
xeyli məqalə yazdı. Kitab çap etdirmək istəyirdi.
Dostu K bunu öyrənəndə sevindi. N daha da həvəsləndi.
Kitab çap etdirmək üçün B nəşriyyatının
baş redaktoruna müraciət etdi. Həyəcanlı idi.
Amma onu narahat edən bir şey vardı. İşdən
bezmişdi. Özünü aqressiv aparırdı. İş
yoldaşları onu heç vaxt belə görməmişdilər.
N-in uzun illər ərzində ürəyinə
yığılan qəzəbi vukan kimi partlayırdı.
Artıq qəti qərara gəlmişdi. O gün səhər
"İşləmək istəmirəm!" - deyə
çığırmışdı...
İşə çatan kimi bunu rəisə bildirdi. Göygöz, bəstəboy
rəis belə məsuliyyətli işçini itirmək istəmirdi.
Üstəlik, N-dən incimişdi. Onu otağına təkrar
çağırıb dedi:
- Elə bilirsən, bu anbarda Tolstoyu yalnız sən oxumusan?
Tolstoyun səni xilas edəcəyini düşünürsən?
N sadəcə gülümsədi.
Gözləri par-par parıldayırdı.
- Mən rus dilində
Tolstoyun külliyyatını oxumuşam...
Rəisin
uzun-uzadı pafoslu çıxışını N artıq dinləmirdi.
Axırda rəis ona belə bir təklif etdi:
- Bu anbarın harasında
hansı vəzifəni istəyirsənsə, götür.
N-in cavabı qısa, amma ağır oldu:
- Mən sizinlə işləmək istəmirəm!
N çiynindəki ağır
yüklərdən birini yerə qoysa da,
qarşıda onu xeyli ağır yüklər gözləyirdi...
Nemət Mətin
Ədəbiyyat qəzeti.- 2024.-
26 oktyabr, №41.- S.11.