Leytenantın son
döyüşü və
ya Zəfər savaşından pay verənlər
Vüsal dəstə
üzvləriylə birgə kəşfiyyatdan qayıdıb taqımdakı
əsgərləriylə görüşdü. Onlar təpədəki
yeganə ağacın kölgəsinə toplaşıb, nəyisə
qızğın müzakirə edirdilər. Baməzə
zarafatlar, gülüş səsləri son günlərdəki
uğurlu döyüşlərin yaratdığı xoş
ovqatdan xəbər verirdi. Komandirin kəşfiyyatdan nikbin,
yüksək əhvalla qayıtması hamının kefini
açmışdı. Xüsusi tapşırıq yerinə
yetirilmiş, yeddi nəfərdən ibarət kəşfiyyat
qrupu qiymətli məlumatla geri dönmüşdü. Gənc
komandir döyüşçülərə bir-bir nəzər
yetirib uca səslə:
- Həə,
uşaqlar, görürəm, bu yüksəkliklərin
düşməndən təmizlənməsinin sevincini
yaşayırsınız. Oğulsunuz, oğul! Vətən
keşiyi, el təəssübü çəkirsiniz. Halal
olsun sizə, - dedi.
Fərasəti
ilə döyüşçü dostlarından seçilən
Ülvi dil boğaza qoymadan:
-
Uşaqlara baxıram, ürəyim dağa dönür,
komandir. Dava meydanına nər kimi
şığıyırlar. Dözümümüz, iradəmiz
gavurların axırına çıxacaq, inşallah!
Vüsalın
şaqraq səsi dağda-daşda əks-səda verdi:
- Az
qaldı, igidlər! Yağının başını əzməyə
lap az qaldı.
***
Vüsal
hünərli yaşıdları kimi, cəbhəyə
könüllü yollananda çox gənc idi.
Ömrünün 21-ci baharını yaşayırdı.
Çöhrəsindən səmimiyyət,
baxışlarından mehribanlıq oxunurdu. Onunla ilk dəfə
üz-üzə gələnlərdə, bəzən "bu
ki yeniyetmədir" təsəvvürü yaransa da, əslində
belə deyildi. Vüsal ilə ünsiyyətdə olan, onun
dünyaya baxışını, həyata münasibətini
duyan hər kəs bu gəncin əqidəsinə, insani keyfiyyətlərinə
heyran qalırdı. O sanki yaşını xeyli
qabaqlamış, vaxtından əvvəl kamala dolmuşdu.
El-oba
üçün əsim-əsim əsən vətənpərvər
ürəyi vardı. Belə olmasaydı,
torpaqlarımızın bütövlüyü,
Qarabağımızın düşmən tapdağından
nicatı uğrunda mübarizəyə can atmazdı.
Vüsal
Cəsarət oğlu Muradov 1999-cu ildə Sumqayıtda
ziyalı ailəsində dünyaya göz açıb, əslən
ağdamlıdır. Sumqayıt şəhərindəki 25
saylı orta məktəbin yetirməsidir. O, hərbçi
olmaq istəyi ilə 2014-cü ildə Cəmşid
Naxçıvanski adına hərbi liseyə qəbul olunub. Bu
liseyi əla qiymətlərlə bitirdikdən sonra təhsilini
Heydər Əliyev adına Ali Hərbi Məktəbdə davam
etdirməyə qərar verib. Kəşfiyyatçı olmaq
arzusundaydı. Vüsal 2017-ci ildə imtahanları uğurla
verərək bu hərbi məktəbin kəşfiyyat
bölməsinə qəbul olunub. Seçdiyi ixtisasa mükəmməl
yiyələnməsi ağır təlimlər zamanı
köməyinə çatıb. 2020-ci il sentyabrın 27-də
Vətən müharibəsi başlayanda dördüncü
kursda oxuyurdu. Sentyabrın 29-da leytenant rütbəsi
aldığı gün cəbhəyə yola
düşür. Hərbi biliklərini nəzərə
alıb onu taqım komandiri təyin edirlər.
***
Vüsalın
başçılıq etdiyi yeddi nəfərlik qrup
Qubadlının strateji əhəmiyyətli kəndlərinə
kəşfiyyata göndərilmişdi. Xüsusi
tapşırıqla gələn kəşfiyyatçılar
öhdələrinə düşən işi bacarıqla
görür, erməni quldurların möhkəmləndikləri
döyüş mövqeləri, düşmənin canlı
qüvvələri və texnikası barədə məlumatları
dəqiqləşdirirdi. Vüsalın dil bilgiləri
hamının karına gəlirdi. O, Qubadlıda olduqları ərazidə
qarşılarına çıxan, erməni dilində
yazılmış lövhələri, plakatları
asanlıqla oxuyur, istiqaməti dəqiq müəyyənləşdirirdi.
Bütün cəhdlər uğurlu alınmışdı.
Bu, qarşıdakı hücum əməliyyatının
müvəffəqiyyətini təmin etmək deməkdi.
Vüsalın kəşfiyyat dəstəsinin üzvləri
rabitədən baş çıxarır, dalğanı
tutmağı bacarır, silahsız və səssiz işləyə
bilirdi. Bəzən qisamüddətli kəşfiyyata getsələr
də, əlavə tapşırıqlara görə yeni plan
üzrə işləməli olurdular. Təpələrə
qalxır, saatlarla dinməz-söyləməz müşahidə
aparır, düşmənin mövqeyini gözdən qoymur,
masxalat hərbi geyiminə bürünüb dağda-daşda
dizin-dizin sürünür, xəritə çəkirdilər.
Sonra isə Zəngilanda və digər bölgələrdə
apardıqları uğurlu kəşfiyyat əməliyyatlarını,
üzləşdikləri riskli anları bircə-bircə
xatırlayırdılar.
Cəbhədəki
ən yaxın dostu Niyaz Yaqubovun dediklərindən:
- Xocavənd
istiqamətində irəliləyərkən ehtiyat ərzağımız
tükənmişdi. Uzun yol bizi yormuş, taqətdən
salmışdı. Döyüşə girməyimizə
sayılı saatlar qalırdı. Əsgərlərimizdən
bir neçəsinin yorğun haləti komandirimizin
gözündən yayınmadı. O, öz su qabını və
çantasından axtarıb tapdığı
üç-dörd şokoladı həmin əsgərlərə
verdi. Vüsalın bu qayğıkeşliyi, son tikəsini
bizimlə bolüşməsi elə xoş təsir
bağışlamışdı ki... Onun döyüş
zamanı cəsarəti, qorxmazlığı, daim öndə
gedib, bizi arxasınca aparması qəlbimizi titrədir, ruh
yüksəkliyimizi, uğur qazanacağımıza
inamımızı artırırdı. Vüsalın ən
böyük arzusu Qarabağımızın tacı, həsrətində
olduğumuz Şuşanı və ata-baba yurdu, doğma
Ağdamı görmək idi.
Oktyabrın
20-də xüsusi tapşırıqla Füzuli istiqamətinə
yollandıq. Alabəzək payız fəsli, necə deyərlər,
özünü göstərməkdəydi. Meşənin ayaq
altına rəngbərəng xalıtək döşənmiş
xəzəl xışıltısına qarışıb
gedirdik. Hava soyuq və çiskinliydi. Gənc komandirimiz
başını qaldırıb səmaya nəzər
saldı. Tutqun, gözü dolmuş buludlara baxıb:
-
Hansısa şairin bir şeirində payız saralıb solan
bahara bənzədilmişdi. Qarabağımızın
payızı kimi. Amma nə etməli,
Qarabağımızın payızı da, yağmuru da,
çiskini də gözəldi, - dedi.
Sonra
üzünü əsgərlərinə tutub, onlara ürək-dirək
verdi:
- Həə,
uşaqlar, ruhdan düşməyin. Sabah yenə
qızılı payız günəşi bərq vurub,
yolumuzu aydınladacaq! Gün o gün olsun ki,
Qarabağımıza tezliklə bahar gəlsin!
...Təyin
olunmuş əraziyə gecə saatlarında çatdıq.
Digər taqımların şəxsi heyəti ilə bir araya
gəldik. Vüsal komandir heyəti üçün
ayrılmış yerdə yox, öz əsgərləriylə
birgə quru yerdə, taxtanın üstündə gecələdi.
Oktyabr
ayının ortalarında Zəngilan bölgəsində
uğurlu hərbi əməliyyatlar aparılır, ordumuzun
gücü, qüdrəti uzun illər nisgilli qalan ürəklərimizdə
qürur hissi doğururdu. Əsgər və zabitlərimizin
hünəri sayəsində yeddi yüksəklik və
üç kənd bir gündə alınmışdı.
Artıq bu bölgənin bir neçə kəndindən ermənilər
qorxu-hürkü içində təxliyə olunurdu.
Vüsalgilin taqımı itkilər vermişdi. Nemət Həsənov
Qrad qəlpəsindən aldığı yaradan şəhid
olmuş, taqım komandirinin müavini Qənbər Salayev isə
ağır yaralanmışdı.
***
Leytenant
Vüsal Muradovun taqımı Xocavəndə, Hadrut istiqamətinə
yol aldı. Dolanlar kəndinə getməliydilər. Komandir bərk
soyuqlamış, hərarəti qalxmışdı. Xəstəhal
vəziyyətinə baxmayaraq, əsgərlərini
ayıq-sayıq, sərvaxt olmağa
çağırırdı. Ertəsi gün
komandanlığın döyüş əmrinə əsasən,
əsgər və zabitlərimiz hərəkətə
keçdilər. Vüsalgilin döyüş mövqeyi erməni
quldurlarla 200 metr məsafədə idi. Öndə gedən
igid komandir üç-dörd erməni gavurunu cəhənnəmə
vasil etdi, amma düşmən gülləsi onu yaxaladı. O,
sol çiynindən yaralanmışdı. Vüsalla eyni
döyüşdə olan əsgər Ülvi Mustafazadə nəql
edir ki, komandir şirtək vuruşan silahdaşlarına hər
vəchlə dəstək verir, həm də bizə
özümüzü qorumağı tapşırırdı.
"Şəhidlik uca zirvədir, amma nahaq güllənin
qurbanı olmayın", deyirdi. Vüsal yaralansa da,
döyüşür, silahı əlindən yerə qoymurdu.
Az sonra ratsiya ilə onun şəhid olduğunu bildirdilər.
Əsgər
Məhərrəm Aslanlının dediklərindən:
- Həmin
döyüş əməliyyatı zamanı bizim taqım iki
qrupa bölünmüşdü. Komandirimiz Vüsal Muradov
birinci qrupun önündə gedirdi. Mən ikinci qrupda idim. Onun
vurulduğunu rabitə vasitəsilə eşidəndə
köməyə getmək istədiyimi bildirdim. "Komandirin nəşini
indi çıxarmaq mümkünsüzdür, hamınız
şəhid olarsınız" cavabını eşitdik. Amma
döyüş yoldaşlarım Daməd Abbasov, Elmin
Əliyev, Zahir Məmmədov, Mustafa Şirinli və mən qərarımızda
israrlı idik. Biz taqımdan ayrıldıq və hadisə
yerinə gəldik. Vüsal bu ərazidəki Ziyarət
dağının ətəyində şəhid olmuşdu.
Duyuq
düşən ermənilər indi də bizi nişan
almağa başladılar. Snayperimiz Zahid Məmmədov (Molla təxəllüslü)
Vüsalı vuran erməni qruplaşmasını zərərsizləşdirdikdən
sonra biz şəhid komandirimizin nəşini atəş xəttindən
çıxara bildik. Onu da deyim ki, səhidimizi
çıxarıb meşəyə girdiyimizi görəndə
gavurlar bu dəfə yaşıllığa divan tutmağa
qalxdılar, ağacları mərmi ilə odlayıb
yandırırdılar.
Məhərrəm
sonrakı olayı da nəql elədi. Bildirdi ki, təhlükəsiz
bir yerdə ayaq saxlayan sadiq döyüş dostları
düşmənlə çarpışan, ölüm-dirim
savaşında şəhadətə yüksələn igid
Vüsalla vida anlarını yaşadılar. Cəsur komandirin
alnından öpüb, silah tutan, tətik çəkən əlini,
biləyini sıxdılar. Önündə sayğı
duruşuna qalxdılar. Baxışlarını Vüsalın
həyatdan doymayan yarıaçıq gözlərinə dikib
bir an xəyala daldılar.
Ülvi
üzünü çiyindaşlarına tutub:
- O musiqi
səsini, nəğməni eşidirsiniz? - deyə soruşdu.
Sonra təkrar xəbər aldı:
-
Eşitmirsiz? Hardasa uzaqlardan əzəmətli olduğu qədər
həzin və ümid dolu bir nəğmə ətrafa
yayılır:
Barıt
qoxulu bu yollar
Səni bəs
nə vaxt qaytarar?
Səndən
təsəlli bir zabit mundiri,
Bir
cüt ulduzlu, aylı poqonlar.
Hay ver mənə,
cənab leytenant!
Xoş
müjdəli bir savaşdan
Pay ver mənə,
leytenant...
Bu
kövrək melodiya gerçək idi, yoxsa, gerçəyin əks-sədası?
Bəlkə intizarında olduğumuz, yaxınlaşan,
artıq astanaya çatan Qələbəyə
çağırış idi? O möhtəşəm Zəfərə
qovuşmaq eşqiylə soyuq səngərlərə atılan,
torpaqlarımızı işğaldan qurtarmaq naminə
oddan-alovdan keçən, düşmənin başını əzən
oğullarımızın harayı, haqq səsiydi, yəqin.
Əsgərlər
cəsur komandirin nəşini piyada briqadasının
yanındakı toplanma məntəqəsinə gətirib təhvil
verdilər. Bir gün sonra isə kəşfiyyatçılarımız
həmin ərazidə erməni mövqelərinin arxa tərəfinə
keçərək dəqiq məlumatlar çatdırdı.
Artilleriyamız işğalçı ordunun texnikasını
və canlı qüvvəsini məhv etdi. Sevinirdilər ki,
şəhidlərimizin, o cümlədən, "bizim cənab
leytenantın" - Vüsal Muradovun qanı yerdə
qalmadı. Onun şəhid olduğu son döyüşündən
bir həftə sonra Şuşamız işğaldan azad
edildi.
Dürüst,
azad fikirli, mərd oğul, mərhəmətli, saf insan idi
Vüsal. Əsgərlərinin əksəriyyəti yaşca
ondan böyük olsa da, silah yoldaşlarını çox
sevir, hər birinə ehtiramla yanaşırdı. Odlu yollarla
birgə yürüdüyü döyüşçü
dostlarının fərasətini, sərrast
atıcılığını dəyərləndirir,
zarafatından qalmayıb onlara "sükanı belə
saxlayın" deyirdi. O, əsgərlərinə örnək
idi. Döyüşkənliyi, yurdsevərliyi ondan öyrənirdilər.
Anası
Kəmalə xanımın sanki ürəyinə
dammışdı. Evdə də, işdə də qərar
tuta bilmirdi. Aci bir xəbər onu kabus kimi izləyirmiş, sən
demə. Həmin günlərdə şəhərə gətirilən
üç şəhiddən birinin oğlu Vüsal
olduğunu biləndə ananın gözündə yer-göy
qaralmış, aləm başına fırlanmışdı.
Amma nə qəm! Gözünün nuru, bir nəslin
oncülü, qədd-qamətli zabit oğlu Vüsal Vətən,
yurd naminə canından keçmiş, şəhadətə
yüksəlmişdi. O, Sumqayıtdakı Şəhidlər
Xiyabanında torpağa tapsırıldı. Atası Cəsarət,
qardaşı Yusif onun qəhrəmanlığı ilə
qürur duyur. Vüsal indi təkcə bir ailənin yox,
bütün şəhidlər kimi, Azərbaycan
xalqının övladı, fəxr-fəxarət yeridir.
***
Cəmaləddin
Ruminin belə bir deyimi var: "Ürəklə istədiyiniz,
etdiyiniz hər şey sizə hökmən geri dönəcək".
Nəhayət, istəyimizin gerçəkləşdiyi bir
zamana yetişdik. Vəhdət və güclü inam möhtəşəm
Zəfərə apardı bizi. Vulkantək püskürən,
bir cınqı himə bənd Vətən oğulları
öz müdrik Sərkərdəsinin qətiyyəti, dəmir
yumruğun gücüylə qalibiyyətlə bitən 44
günlük Vətən müharibəmizdə düşməni
susdurub, tar-mar etdi. Qarabağımız və digər yurd yerlərimiz
işğaldan azad edildi.
Bu
günlərdə yurdumuzun hər yerində Zəfər təntənəmizlə
bağlı tədbirlər keçirilir. "Vətən
uğrunda", "Cəsur döyüşçü" və
"Xocavəndin azad olunmasına görə" medallarına
layiq görülən şəhid leytenant Vüsal Muradovun
xatirəsinə Beynəlxalq Muğam Mərkəzində
düzənlənmiş tədbirdə maraqlı anlar
yaşanıb. Tədbirin təşkilatçısı və
aparıcısı, istedadlı gənc şair Qabil Ədalət
və qəhrəmanın silah yoldaşları onun
döyüş yolu, göstərdiyi şücaət barədə
danışıblar. Səhnəmizdə, bəlkə də
ilk olan gözlənilməz sonluq hamını sevindirib. Şəhid
Vüsalın hərbi paltarını geyən aparıcı,
Kəmalə ananı səhnəyə dəvət edib, şəhid
anasının əlini öpərək "anam, daha qaralar
bağlama" deyib,əlindəki mavi kəlağayını
onun çiyninə atıb. Həyəcan içində olan
ananın gözlərində şəhid balasının
yaşarılığına, ölməzliyinə inamın
doğurduğu sevinci bir görsəydiniz...
Zemfira
Məhərrəmli
Ədəbiyyat
qəzeti.- 2024.- 26 oktyabr, №41.- S.16-17.