"Taleyi
ilə barışan sənətkar"
Görkəmli publisist Fazil Rəhmanzadənin yenicə nəşr olunmuş
kitabı barədə qeydlər
Ondan başlayım ki, neçə ay öncə Azərbaycan yazıçılarının növbəti qurultayında hesabat məruzəsində publisistik əsərlər barədə tanınmış tədqiqatçı alim Azər Turanın geniş və məzmunlu məruzəsi maraqla dinlənildi. Həmin çıxışda görkəmli publisist Fazil Rəhmanzadənin ünvanına da xoş fikirlər eşitdik.
Onun "Bu işimdə bir can..." ikicildliyi məruzədə yüksək dəyərlə anıldı.
Çox zəhmətkeş qələm sahibi yaşının bu ahıl çağında da gənclik həvəsi və coşqusu ilə yaradıcılıq fəaliyyətindədir, oxucularını yeni dolğun publisist əsərlərlə sevindirməkdədir.
Azərbaycanın şanlı ordusunun erməni istilaçıları üzərində şanlı qələbəsindən ruhlanan söz ustası "Qarabağ - Azərbaycandır!" tarixi-publisistik kitabını ruh yüksəkliyi ilə yazıb bitirmiş və onu doğma xalqına hədiyyə etmişdir. Şövqlə qarşılanan həmin kitab hazırda Türkiyədə nəşrə hazırlanır.
Bu günlərdə isə onun "Taleyi ilə barışan sənətkar" publisistik kitabı da işıq üzü görmüşdür. Bəri başdan deyim ki, hər iki əsər yüksək bədii keyfiyyəti, təqdirəlayiq məzmunu ilə diqqət çəkir. Mən bu qeydlərimdə "Taleyi ilə barışan sənətkar" əsəri barədə təəssüratımı bildirəcəyəm.
Kitabın adı, təbii ki, öncə mənim də diqqətimi cəlb etdi. Oxuyub başa vurdum və hər şeydən xəbərdar oldum.
Ümumiyyətlə, nəzərə çatdırım ki, publisist indiyədək nəşr olunmuş kitablarında son nəticədə niyyətini açıqlamağa, əsil mətləbi dəqiqliyi ilə təsvirə çalışmaqla yüksək bədii gözəlliyi sərgiləyə bilmişdir. Bunu onun tarixi mövzuda, qələmə aldığı, habelə qüdrətli yaradıcı sənət xadimlərinə həsr etdiyi portret kitablarında görmüşük. Məhz nəzərəçarpan bu və digər məziyyətlərinə görə də əsərləri böyük maraqla oxunur və yaddaşlarda qalır.
Akademik Rafael Hüseynov müəllifin dahi müğənnimiz Rəşid Behbudova həsr etdiyi kitabına yazdığı Ön sözdə haqlı olaraq nəzərə çatdırır: "Rəşid Behbudov haqqında inanıram ki, yaxın və uzaq sabahlarda yeni-yeni kitablar yazılacaq. Lakin Fazil Rəhmanzadənin yazdığı onların hamısından seçiləcək. Axı, Fazil həm də şahiddir"...
Bu və bunabənzər fikirlərlə müəllifin "Ən böyük Niyazi..." monumental kitabına Kənan Hacının yazdığı Ön sözdə də rastlaşırıq. O, nəzərə çarpdırır ki, Niyazi barədə çox yazılıb, fəqət, Fazil Rəhmanzadənin kitabında bu sevilən sənətkarın bizlərə bəlli olmayan cəhətləri, başına gətirilən bəlalar, yaradıcılıq yollarında üzləşdiyi təsirli hadisələr dəqiqliklə, konkret olaraq açıqlanır. Bu və digər maraqlı faktlar ilk dəfə məhz Fazil Rəhmanzadənin kitablarında oxuculara çatdırılır.
Belə bir yanaşma ilə müəllifin təzəcə nəşr olunmuş "Taleyi ilə barışan sənətkar" kitabı barədə danışım.
Açığı, kitabı ilk dəfə əlimə alanda, nədənsə bir nagahani sual qarşısında düşüncəyə daldım. "Klassik və çox şöhrətli yaradıcı sənətkarlar barədə maraqlı silsilə kitablara imza atan bu müəllif nədən akademik dram teatrının sıravi bir aktyoruna üz tutub? Əsasən, kiçik rolların ifaçısı kimi dəyərləndirilən sənətkar barəsində kitab ərsəyə gətirmək istəyində olub?"
Kitabı oxuyub başa vurandan sonra həmin sualların cavabı mənə bəlli oldu. Bu, azmış kimi aktyorun milli səhnəmizdə 62 illik mürəkkəb yaradıcılıq həyatında üzləşdiyi çox məsələdən xəbər tutdum.
Kitabın bir yerində maraqlı məlumatla rastlaşırıq: "Hacıməmməd Qafqazlı nəhayət, ona verilən kiçik rollardan bezib və o, baş rejissor Aleksandr Tuqanovdan soruşur ki, niyə mənə həmişə kiçik rollar tapşırırsınız, axı, mənim iri rollarda səhnəyə çıxmaq potensialım var?! A.Tuqanov da ona mənasız cavabında bildirir ki, sən teatrda yerli komitənin sədrisən. İşin başından aşır. Odur ki, bunu nəzərə alaraq sənə kiçik rollar etibar etmək məcburiyyətindəyik.
Bəh-bəh... Bu da baş rejissorun aktyora verdiyi köntöy cavab...
Hələ bu, azmış kimi, onun da iştirakı ilə göstərilən tamaşalar barədə mətbuatda dərc olunan resenziyaların hamısında təxminən, eyni ənənəvi ifadələrlə qarşılaşırıq: "Hacıməmməd Qafqazlının da tamaşada çıxışı baxımlıdır". Vəssalam. Yaxud "Axund rolunu aktyor yaxşı oynadı"... Bu da peşəkar aktyorun ifasına verilən "tənqidçi" qiyməti. Özü də həmin qeydlərin altında çox tanınmış yazarların imzalarını görürük.
Müəllif bu anormal halı öz kitabında ürək ağrısı ilə qələmə alaraq yazır:
"Yeri gəlmişkən, bir haşiyə çıxmaq istəyirəm; kiçik rolu hər hansı möhtəşəm avtomobilin motoru ilə müqayisə etmək olar. Belə ki, avtomobilin motoru, necə deyərlər, onun "beynidir". Hərgah, motor lazımınca işləmirsə, yaxud zəifdirsə, o zaman bütövlükdə avtomobilin nasazlığı dərhal gözə çarpır.
Hərgah, kiçik rol ifaçısının tamaşanın "ağır yükünü" təkbaşına daşımağa "gücü çatmırsa" o zaman səhnədəki hadisələrin də ümumi təsiri zəifləyir".
Beləliklə, müəllif doğru qənaətə gəlir ki, kiçik rolların ifaçılarının da ümumilikdə tamaşanın böyük uğuruna öz töhfəsini vermələri mütləqdir.
Tamaşada kiçik rol ifaçısının əla oyunu həm səhnədəki hadisələrin ritmini artırır, həm də ümumi ansamblın çıxışına xoş rəng qatır. Bu baxımdan Hacıməmməd Qafqazlının iştirakçısı olduğu bütün tamaşaların böyük uğurunda sənətkarın oyunu da, necə deyərlər, saz "motor" timsalında olmuşdur.
Bütün bu və digər düşündürücü məsələlərə müəllif aydınlıq gətirir. Digər tərəfdən, F.Rəhmanzadə teatrda bu aktyora "solaxay" baxışların və soyuq münasibətlərin də anatomiyasını sərgiləyir, hadisələrin fərqinə varır, bunların nədən qaynaqlandığını qədərincə arayıb-araşdırmağı qarşısına məqsəd qoyur və son nəticədə başvermə səbəblərindən agah olur. Mənə bu barədə bir qədər ətraflı danışmaq gərəkdir.
Demək belə, məsələ beynində dolaşdığı zaman Fazil Rəhmanzadə birdən çox-çox illər öncə özünün çalışdığı "Bakı" qəzeti redaksiyasında yazıçı Gülhüseyn Hüseynoğlu ilə olan söhbətini xatırladı. Məhz həmin söhbət əsnasında eşitdiyi bəzi faktlar indi Hacıməmməd Qafqazlı ilə bağlı dolaşıq məsələlərin açımına bir açar oldu.
Müəllif özü bu barədə kitabında ayrıca bir bölümdə qocaman artistlə müşahidəsində maraqlı bir məlumat çatdırır:
"1968-ci ildə respublikamızda böyük şairimiz Mikayıl Müşfiqin anadan olmasının 60 illik yubileyinə hazırlıq ərəfəsində Gülhüseyn Hüseynoğlu redaksiyada yanımdaydı. Şair barədə xatirələrini qəzetimizin yubiley sayında vermək fikrindəydik. Gülhüseyn müəllim çox maraqlı faktları açıqladı. Ədib onu da xatırladı ki, həbsi zamanı Cəfər Cabbarlı, Mirzə Cəlil və digərləri "növbələrini" gözləyirdilər. Qəflətən ölümləri onları "qurbanlıqdan" xilas etdi. Hələ üstəlik, siyahıda bir sıra "şübhəlilər də, o cümlədən, Hacıməmməd Qafqazlı da! (stop!)... qeydə alınmışdı.
Dövlət təhlükəsizliyi orqanının əməkdaşları həbs zamanı şəxsən məni dindirərkən, bu aktyorun da barəsində suallar verir, kimlərlə olan əlaqələri və dostluğu barədə "səhih" məlumat çatdırmağı tələb edirdilər.
Axı, nə bilirdim ki, deyəydim də... Hacıməmmədi yalnız dram teatrının sıravi bir aktyoru kimi tanımaqdan savayı heç bir əlavə məlumatım yoxdu...
Nə isə, səs eşitmişdilər, ancaq bilmirdilər ki, haradan gəlir. Məlumatları vardı ki, Hacıməmməd Cəfər Cabbarlı və Mikayıl Müşfiqlə tay-tuş olaraq yaxındırlar. Hacıməmmədlə Cəfər bir sinifdə oxumuşlar.
Vəssalam!.."
Daha bir vacib məqam; müəllifin ciddi araşdırmasından sonra o da bəlli olub ki, Hacıməmmədin babası zamanında çox varlı mülkədarlardan biri imiş. Bu faktlar da sovetlər zamanında aktyorun taleyinə təsirsiz qalmamışdı.
Nə isə, ona qarşı təhdidlərin, sıxışdırmaların əsil məğzindən artist özü də uzun müddət baş açmadığından çaşıb qalmışdı. Məhz bu və digər səbəblərdən də həyatdan küskün idi, bədbinliyə qapılmışdı. Elə bu dərdlə də dünyasını dəyişmişdir. Allah rəhmət eləsin.
Kitabın ən oxunaqlı hissəsi, heç şübhəsiz, müəllifin müxtəlif çağlarda aktyorla baş tutan müşahidələridir. Bununla bağlı Fazil Rəhmanzadə oxuculara bildirir: "...Ömür keçir, gün ötürdü. Yəqinləşdirdim ki, artıq qeydləri, mənbələri, faktları bir daha gözdən keçirib səliqəyə salmaq, ədəbi bir material qismində üzərində ciddi yaradıcılıq işi aparmaq vaxtı çatıb.
Beləliklə, müxtəlif vaxtlarda, ayrı-ayrı vəziyyətlərdə pərakəndə qələmə alınmış qeydlərə bütöv müsahibə "donu" geyindirmək vaxtı çatıb. Məhz bundan sonra həmin qeydləri oxuculara təqdim etmək qərarına gəldim və ona belə bir başlıq seçdim: "Fələyin yazdığını mən poza bilsəydim..."
Doğrudan da, oxuyub yəqinləşdirirsən ki, həmin müsahibə kitabın ən oxunaqlı, şirin qələmə alınmış hissəsidir.
Teatrsevənlər, ümumiyyətlə sənət aşiqləri həmin müsahibədən xeyli bəhrələnir, teatrımızın keşməkeşli tarixindən, baş verən keçmiş hadisələrdən lazımınca xəbər tutur, eyni zamanda publisistin yüksək sənətkarlıq qüdrəti, həmin dövr sənət ocağının "yaşam tərzi"nə əməlli-başlı aşina olması bütün çılpaqlığı ilə özünü büruzə verir. Müəllif, sanki oxucunun əlindən tutub onu ən vacib məqamlarla üzləşdirir, müsbət hadisələr aləminin, örtülü qalan məsələlərin üstündən örtük götürülür. Yeri gəlmişkən, kitabdakı həmin söhbətdən daha bir parçaya diqqət edək:
H.Q. - Qulaq as, əzizim, Fridrix Şillerin "Valtenşteyn" əsərindən yəqin ki, xəbərin var. O, əsərin proloqunda yazır: "Əfsus ki, aktyorun canlı sənəti tez ötür, qeyb olur, iz buraxmadan: amma cansız heykəl, bir mahnı, şeir sənətkardan sonra uzun ömür edir.
F.R. - Sanki bu fikrin işığında sizin məktəb yoldaşınız Cəfər Cabbarlı da görün, məsələyə necə yanaşır:
"Ədib roman yazarkən özü roman deyildir. O kefi istəyəndə öz əsərini bir başqasına bağışlaya bilər.
Lakin aktyor obraz yaradarkən bu, elə onun özüdür.
O, həmin obrazı başqasına hədiyyə
olaraq bağışlaya
bilməz. Yaxud heykəltəraş özü
heykəl deyilmi? O, Hamletin heykəlini bağışlaya, başqasına
sata bilər. Lakin
Hamlet rolunu oynayan aktyor özü Hamletdir. O, məhz öz Hamletini bir əşya kimi nə cür
satsın? Aktyor bir rəssamdır ki, özü əsərdir. Başqa sözlə desək, aktyor sanki şəkildir. Daha doğrusu, aktyor bir musiqidir
ki, çaldığı musiqi
yenə özüdür.
H.Q. -
"Aktyor həyatı
əks etdirən bir qüvvədir" deyimində böyük həqiqət var. Ancaq aktyor sərbəst də deyil, hər şey, necə deyərlər,
"dirijor" çubuğundan
asılıdır. Əgər
rejissor obrazı, mövcud vəziyyəti daxilən duyub əsərin səhnəqrafiq
həllində bunu doğru-düzgün əks
etdirmirsə, aktyoru qınamaq yersizdi.
F.R. - Abbasmirzə və Ülvi Rəcəbin ifaçılıq baxımından
bənzərsizliyi barədə
çox danışmaq
olar. Bunların yaradıcılıq aləmi,
şəxsi həyat tərzləri, bir-birinə
münasibətləri barədə
az-çox məlumatlanmaq
maraqsız deyil.
H.Q. - Təbii, əlbəttə,
Ülvi çox azdanışan, təmkinli
bir insandı, təvazökar səhnə
ustasıydı. Abbasmirzə
isə bir qədər çılğın
təbiətliydi. Dedi-qodudan
uzaq, öz sözünün ağası
olan, mərdliyi ilə seçilən birisiydi. O ki, qaldı
"Otello"dakı çıxışlarına,
Abbasmirzə ilə Ülvi Rəcəb arasında sözün böyük mənasında
sağlam rəqabət
vardı.
F.R. - Amma
deyilənə görə,
bir ara aralarında
soyuqluq da özünə
yer alıbmış.
Bundan xəbəriniz vardımı?
H.Q. - Bu, sırf şəxsi bir məsələydi. Mərziyyə Davudova Abbasmirzə ilə ailə qurmuşdu. Sonra boşandılar. Mərziyyə
xanım Ülvi Rəcəblə tərəf
müqabili olurdu. Abbasmirzə isə Sona Hacıyevanın Dezdemonası
ilə "Otello"da
çıxış edirdi.
Ancaq günlərin birində həmin tamaşa axşamı Sona
Hacıyeva qəflətən
xəstələndi. Və
tamaşanın təxirə
salınması məsələsi
ortaya çıxanda
problem yaşandı. Nə
etməli? Bu zaman Ülvi
Rəcəb özü
təşəbbüs göstərib
ki, axşam Sona xanım
Dezdemona rolunda Mərziyyə xanımı
əvəzləsin. Və
tamaşa təxirə
salınmadı.
Biz aktyor heyəti Ülvi Rəcəbin bu nəcib hərəkətini
alqışladıq və
tamaşa yüksək
səhnə nümunəsi
kimi sənətsevərlərə
təqdim olundu...
F.R. - Bəs elə məqamında onların sənətdaşları Ülvi
Rəcəb və Mərziyyə Davudova cütlüyü əvəz
edəydi?!
H.Q. - Olmazdı. Çünki həmin axşam yalnız Abbasmirzə sənətinin fanatları
toplanacaqdılar.
F.R. - Bir məsələ də məni çox maraqlandırır. Abbasmirzə
və Ülvi Rəcəbin Otello, Hamlet rollarında
ayrı-ayrı tamaşalarda
çıxışları məlumdur. Bu, necə deyərlər, teatrda adi hal idi.
Bəs hər ikisinin eyni tamaşada
müxtəlif rollarda
görüntüləri baş
tutubmu?
H.Q. - Bəli. 1928-ci ildə
Aleksandr Tuqanovun quruluşunda
"Od gəlini"ndə Abbasmirzə Elxanı, Ülvi Rəcəb isə Aqşini eyni tamaşada sənətsevərlərə təqdim
etmişlər".
Müsahibədə belə maraqlı məqamlar barədə bilgimiz zəngindir. Təbii ki, həmin kitabı oxumağı hər kəsə məsləhət
bilirik. Ağıllı
oxucu bunların üzərindən elə
belə ötüb keçə bilməz.
Çox
məhsuldar yaradıcılıq
ömrü yaşayan
Fazil Rəhmanzadənin
hər kitabı bu və digər
mənada oxuculara hədiyyə timsalındadır.
Bu baxımdan müəllifin
ünvanına minnətdarlıq
duyğuları ilə
qeydlərimizi bitiririk.
Aydın AĞAZADƏ
Ədəbiyyat qəzeti.- 2024.- 26 oktyabr, №41.- S.14-15.