90 dəqiqəlik
görüşdən aldığımız
dərs…
Bütün dünyada belədir: Universitet təhsili insan inkişafının aparıcı komponentini təşkil edir. Bu mənada həyatın vacib elementi dərrakəli insandırsa, dövrün
də ən əhəmiyyətli hissəsi,
bədii şəkildə
ifadə edəsi olsaq, kompozisiyası elmdir.
Düşünsək ki, qloballaşmanın konvergent (məntiqi təfəkkür), divergent
(yaradıcı təfəkkür)
təsirləri, elmi tərəqqiyə təkan
verən biliyin artan əhəmiyyəti, habelə informasiya və kommunikasiya inqilabı qarşıya elmli, şüurlu və düşüncəli
insan amilinin vacibliyini qoyur, o zaman mühüm sual doğur: Kimdir şüurlu insan? Əlbəttə, cavablar müxtəlif ola bilər. Ancaq bu cavabı
daha uğurlu zənn edirəm: “Ən başlıcası şüurlu insan topladığı biliyi, qazandığı təcrübəni
əməli fəaliyyətində
həyata keçirəndir.
İnsanlıq və bəşəriyyət üçün
xərcləyəndir”. Yaxud
həmin sualı müsahibə blits formatına salası olsaq: — Kimdir şüurlu insan? sualına — Müəllim!..
deyə cavab vermək olar. Əlbəttə, bizim digər peşələri
və orada çalışan insanları
aşağılamaq niyyətimiz
yoxdur. Nəzərə
alsaq ki, bütün peşələri
öyrədən müəllimdir,
elə həyat özü də müəllimdir, o zaman ortaq nöqtəyə gəlmiş olarıq. Həm də müəllim əməyi
bir ömür davam edir: baxça
dövrü, orta-ali məktəb və həyatımızın sonrakı
mərhələlərində belə insan oğlunu yetişdirir. Azərbaycan dilində belə bir qayda
var: söz birləşməsi sözə,
cümlə də söz birləşməsinə
nisbətdə daha dəqiq, aydın mənanı ifadə edir.
Bu məsələyə
bədii obraz qataraq deyərdik ki, orta məktəbdə
müəllim bizə
həyatı “söz-söz”
öyrədirsə, ali
məktəbdə bu məsələ söz birləşməsi şəklində
davam edir. Həyatın sonrakı mərhələlərində artıq
biz sərbəst “cümlə” qura bilirik… Amma elə
qələm adamları
var ki, onların
yaradıcılığında adi bir hərf,
rəqəm belə özünün tam mənası, geniş aspekti ilə seçilir… Belə müəllimlərdən biri
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya
nəzəriyyəsi kafedrasının
dosenti Zaur Babayevdir. Tədris etdiyi “İnternet jurnalistikası”
fənni tələbələr
tərəfindən xüsusi
maraqla qarşılanır.
Çünki tələbəyə
(fərdi şəkildə)
zaman daxilində mümkün qədər vaxt ayırır. Bununla belə auditoriyaya birlikdə — komanda şəklində işləməyə şərait
yaradır. Mövzu ilə bərabər, həm də tez-tez auditoriyaya tələbənin dünyagörüşünü
formalaşdıran sualla
müraciət edir. Bu, aktiv öyrənmənin
ən vacib atributlarındandır. Beyində
yaranan suallar təbii ki, dərs mövzusunun rahat qavranılmasını
və yaddaqalanlığını
şərtləndirir. Diqqətimizi
çəkən digər
bir məqam da var: dərs
prosesinin müəllim-tələbə
kontekstində aparılması.
Bu, müasir təhsilin ən başlıca kompenentidir… Məsələ bununla da bitmir. Öyrənmənin,
özünü inkişafın
yolu mütərəqqi
yanaşma, abstrakt ideya, fərqli prosedur şəklində davam edir. Zaur
Babayev tələbələrin
mənəvi, elmi inkişafı üçün
yaradıcı adamlarla,
sanballı fikir sahiblərilə davamlı
olaraq tələbələrin
görüşünü təşkil
edir.
Belə görüşlərdən
biri də yazıçı, publisist,
görkəmli dramaturq
Elçin Hüseynbəyli
ilə baş tutdu. Düzü, tələbələr bu görüşə çox
həvəsli, olduqca maraqlı idilər. Çünki qonaq ixtisasca həm jurnalistdir, həm də öz dərin yaradıcılığı
ilə gənclərin
qəlbinə yol tapmışdır. Görüş
Zaur Babayevin moderatorluğu ilə baş tutdu. O, Elçin Hüseynbəylini
salamlayaraq tələbələrə
daha yaxından təqdim etdi. Yazıçının M.V.Lomonosov
adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini
fərqlənmə diplomu
ilə bitirdiyini, uzun illər “Ulduz” jurnalının, habelə “Ədəbiyyat qəzeti”nin baş redaktoru olduğunu diqqətə çatdırdı.
Ən əsas məsələyə toxunaraq
qeyd etdi ki, Elçin Hüseynbəyli məktəbdir,
yenilikçidir, sintetik
janrlarda yazan yazıçıdır, həm
də informasiya modelini ilk təqdim
edənlərdəndir. Görüş
əsnasında qonağın
auditoriyanı ələ
alması, təbiətcə
həssaslığı, alicənablığı,
hərəkətcə müdrik
və qıvraqlığı
gözdən yayınmadı.
Elə ilk sualı da əziz
qonağa müəllimimiz
Zaur Babayev ünvanladı: — “Nəyi
yazmaq, yaymaq olmaz” sualına yazıçı açıq
şəkildə bildirdi
ki, hansı məsələ ki, dövlətin, millətin
mənafeyinə ziddir,
ondan qaçmaq gərəkdir. Sonra söz tələbələrə
verildi. Onlar hazırladıqları sualları
yazıçıya ünvanladılar.
Bundan öncə
Elçin Hüseynbəyli
alicənablıqla qeyd
etdi ki, “İnanmıram ki, bizim tələbələrin
verəcəkləri suallara
özlərinin cavabları
olmasın”. Bu fikir tələbələrə
ürək-dirək verdi,
onların çöhrəsində
təbəssüm yaratdı
və əlbəttə
ki, özlərinə
inam. Tələbələr
də qonağa suallar ünvanlayır, maraqlı cavablar alırdı. Banuçiçək
Kalbalıyeva sualdan öncə qeyd etdi ki, Elçin
Hüseynbəyli onun sevimli yazıçılarındandır.
Hətta məktəb
illərində qələmə
aldığı hekayənin
ilk cümləsini sevimli yazıçısına
ünvanlı fikirlərlə
başlayıb. Banuçiçəyin
“Yazıçı jurnalistdir,
yoxsa jurnalist yazıçıdır” sualına
Elçin Hüseynbəyli
“Jurnalistika faktlı ədəbiyyat, ədəbiyyat
faktsız jurnalistikadır”,
deyə hər iki sahəni bir-birilə əlaqələndirdi.
Tələbələr bu
görüşə sinəsi
dolu gəlmişdilər.
Aytac Kərimovanın
qonağa “Vətən
haradan başlayır”,
deyə ünvanladığı
sual yazıçının
“Vida” romanının təsirindən doğmuşdu.
Elçin Hüseynbəylinin
“Vida”sındakı həkimin,
Sabir Əhmədlinin
“Ömür Urası”ndakı
müəllimin çəkdiyi
mənəvi iztirabı
düşünməyin özü
belə ağrılıdır…
Bu təsiri tələbə qəlbində
duyan Elçin Hüseynbəyli “Vətən,
mənim evimdən, həyətimdən, kəndimdən,
rayonumdan, ölkəmdən
başlayır. Sonra dünyanı da bura əlavə elədim. Çünki dünya da bizim
evimizdir. Bunu belə anlasaq yer üzündə sülh olar, əminamanlıq olar”, deyə yazıçı
böyüklüyü ilə
fikrini auditoriyaya çatdırdı. Bu məqamda böyük alimlər Rafiq Əliyevlə, rəhmətlik
Xudu Məmmədovun təxmini eyni mənaya gələn “Vətən doğulduğun
komadan başlayır”
fikirlərini xatırladım.
Tələbə Türkan Əhmədova yazıçıya ünvanlayacaq
nə az, nə çox düz səkkiz sualın hazırlığını
aparırdı. Növbə
ona çatanda tarixi vərəqlədi, Folknerlə Tomas Vulf arasında baş tutan diskussiyaya toxundu, yaradıcılıqda özünü
göstərən ideya-bədii
xüsusiyyətlərdən bəhs etdi. Ürəyi dolu idi. Elçin Hüseynbəyli ilə baş tutan görüş tələbələr
üçün mənəvi
bir tərəqqi məsələsi olmaqla bərabər, həm də özünü inkişaf baxımından
da əhəmiyyətli
idi. Tələbələr
bilirdilər ki, bu günün hansısa qeydləri sabah onların həyatında müsbət
rol oynaya bilər. Yazıçı
da Türkanın timsalında tələbələrin
öyrənmək eşqini
görüb onlara böyük səxavətlə
özünün də
mənəvi qidalandığı
söz, fikir nəhənglərinin adını
çəkdi. Prustdan,
Bekketdən, Selincerdən,
Platonovdan təsirləndiyini
dedi. Bildirdi ki, istedadlı adam, ancaq istedadlı
kəslərdən əxz
edə bilər, özünü yetişdirə,
inkişaf etdirə bilər. Tədbir demək olar ki, yekunlaşmaq üzrə idi, ancaq buna baxmayaraq
Sevinc Abuşovanın,
Türkanə Məşədiyevanın
və digər tələbələrin sualları
səngimirdi. Tədbir
barədə, əziz
yazıçımız — Elçin
Hüseynbəyli haqqında
çox danışmaq
olar.
Elə görüş
əsnasında Jurnalistika
fakültəsinin dekanı
Vüqar Zifəroğlunun,
professor Akif Rüstəmovun, professor Qulu Məhərrəmlinin
yazıçı barədə
xoş arzuları görüşün ən
yaddaqalan hissəsinə
çevrildi. Sonda bir məqamı da qeyd etməyi
zəruri hesab edirik. Ədib kimi sevdiyimiz, pedaqoq kimi dəyər
verdiyimiz çox yazıçılarımız olub. Düşünürük
ki, Elçin Hüseynbəyli yaradıcılıq,
xarakter baxımından
müəllimdir. Çünki
onun oxucu auditoriyasını bugünkü
görüşünə gəldiyi
tələbələr timsalında
minlərlə tələbə
təşkil edir. Və Elçin Hüseynbəyli yaradıcılığının
da əsas qayəsi böyük mənəviyyatdan, Vətənə,
millətə, torpağa
sevgi dərsindən xəbər verir.
Banuçiçək
Kəlbəliyeva
Əsgər İsmayılov
Ədəbiyyat
qəzeti.- 2024.- 26 oktyabr, ¹41.- S.15.