Təbiətdən qaynaqlanan mənəvi saflıq
Faiq
İsmayılovun şeirləri
haqqında
Ötən
əsrin səksəninci illərində Azərbaycan poeziyasına
çox istedadlı bir şairin - Faiq İsmayılovun gənc
yaşlarında yazdığı şeirləri yeni bir ruh gətirmişdir.
Onun kiçikhəcmli şeirləri bütün bir
düşüncəni, hissiyyatı və mövzunu
özündə birləşdirir. Şair az sözlə daha
çoxunu deyir bu şeirlərdə. Sadə, lirik, təsirli
bir dillə oxucunun ruhunu dəyişir. Səmimiyyət və
incəliklə yazılmış bu "iynəboyu"
şeirlərdə şair özünü ifadə etməyi
bacarmışdır. Əsl şair məhz bədii
sözün gücü ilə insanların ürəyinə
toxunur, onları müdriklik, acı, sevinc, sevgi və həyatın
ən dərin mənaları ilə tanış edir. Xalq
yazıçısı Anar yazır: "Özü şeirlərinin,
yəqin ki, qısalığına görə "iynəboyu"
adlandırıb. Amma bu "iynəboyu"da çox
yığcam, çox qısa, çox lakonik şeirlərdə
böyük və zəngin bir dünya yerləşib -
şairin İçəri dünyası - qüssələri,
həniri, ətraf aləmi tamamilə başqa gözlə
görmək qabiliyyəti". Gənc yaşlarında həyatdan
köçən şairin şeirləri zamanın
sınağından keçmiş, zamanın
ötürdüyü bütün sınamalara baxmayaraq, həmişə
təzə və yaşamağa dəyərli
qalmışdır. Faiq adlı çox istedadlı şairi
oxucularla ilk dəfə tanış edən Azər Turan
olmuşdur. "İynəboyu böyük dünya"
kitabında toplanan şeirlərində şairin müxtəlif
mövzulu şeirlərinə rast gəlmək
mümkündür. Lakin təbiət mövzusunda, təbiət
detalları ilə zəngin olan şeirləri
orijinallığı ilə fərqlənir. Bu şeirlərdə
şair təbiəti gözəllik və sirr kimi görməyi
bacarıb, onun gözündən dünyanın ən dərin
mənalarını təsvir etməyi bacarıb. Təbiət
şairin iç dünyasının ən yaxşı tərcümanıdır.
Küçələrdə,
tinlərdə
burula-burula,
avara adamlar kimi
yıxıla-dura
nə axtarır bu külək,
nə itirib bu şəhərdə?!
Ac canavar kimi ulaya-ulaya,
daşı, divarı yalaya-yalaya,
qocanı,
cavanı dolaya-dolaya,
hamını bezdirdi bu sərsəri külək,
bu şuluq külək.
Müəllif
külək obrazı ilə insan ruhunun cari halını poetik
vasitələrlə ifadə etməyi bacarmışdır.
Külək sadəcə, təbiət hadisəsi deyil, o daha
çox şeyi simvollaşdırır və onun mənasını
şair ruhunun dərinliklərində tapmaq
mümkündür. Şeirdə külək simvolu çox
vaxt azadlıqla əlaqələndirilir. Küləkdə nəzərəçarpan
məhdudiyyətlər yoxdur; onu qadağan etmək və ya
saxlamaq olmaz. Bu, şairlərə azadlıq susuzluğu, ona
olan həvəs və uçuş hissi haqqında fikirlərini
çatdırmağa imkan verir. Külək həm də
müstəqilliyi və mistik gücü simvollaşdıra
bilər. Bədii sözün məsuliyyətini hiss edən
müəllif məhz cilalanaraq illərdən bəri gələn
ənənələrə qarşı çıxır,
orijinal, zamanla uzlaşan poetik nümunə ərsəyə gətirmişdir.
Poeziyada
təbiətin mənzərə
xüsusiyyəti kimi rolu ictimai motivlərin
ifadəsi üçün mühüm ola bilər və ya
müəyyən ictimai kontekstlərlə əlaqələndirilə
bilər. Poeziyada "insan və təbiət" tandemi bu
poetik nümunədə vurğulanır. Məlumdur ki,
şair təbiəti çox sevirdi və onun əzəmətli
gözəlliyinə və müdrik balansına heyran
qalırdı, məhz onda o, Allahın ən gözəl
yaradılışını görürdü. Şairin
poeziyasında təbiət mövzusuna müraciət təsadüfi
deyil, əksinə, əhəmiyyətlidir, şeirlərinə
kədər, hüzn hakim idi. Yaradıcılığında
şeirlərdən başqa, dramları, esseləri, hekayələri,
povesti olsa da, Azər Turanın dediyi kimi,
yaradıcılığının təməl cizgisini,
şübhəsiz ki, "İynəboyu şeirlər"i təşkil
edir.
Yağma
qar!
Məni
qarabuğdayı doğub
anam,
çətin ağaram.
Tutaq ki,
ağartdın saçlarımı,
ağartdın dabanları yeyilmiş
42 ölçülü ayaqqabılarımı.
Tutaq ki,
ağartdın geyimimi-keçimimi,
ağarda
bilməzsən bəxtimi,
özünü yorma, qar,
Yağma
qar!
Çətin ağaram!
Şeirdə
qarın simvolik mənası vurğulanır. Şeirin ilk hissəsində,
qarabuğdayı doğulan şairin çətin
ağaracağı ifadə edilir. Bu, yaşamın
zorluğunu və mübarizəni simvolizə edir.
Saçların, dabanların və geyimlərin
ağardılması, zamanın və təbii proseslərin
insanın həyatını dəyişdirə bilməyəcəyini
göstərir. Şair, qarın bəxtini ağartmağa
qadir olmadığını vurğulayır və ona
özünü yormamağını xahiş edir. Bu şeir,
həyatın dövrünü və dəyişimləri təmsil
edir. Şair həyatından, yaşadığı çətinliklərdən
danışır. O iddia edir ki, onun da taleyini dəyişmək
olmaz. Bəlkə də, bu, taleyin qarşısında acizliyin
və ya keçmişi dəyişdirə bilməməyin
ifadəsidir. Şair şeirdə təbiət motivlərindən
istifadə edərək öz hiss və duyğularını
bir məcrada canlandırmağı bacarıb. Müəllif təbiəti
poetik mətləbin əsas ifadəçisi kimi təqdim
edir. Onun şeirlərində təbiət fikir
formalaşdıran bir qüvvə kimi xüsusi rol oynayır.
Faiq İsmayılovun təbiətə və təbiət
hadisələrinə poetik don geyindirməyi də məhz onun
iç dünyasının saflığının daimi
yaşarlılığını təmin etmiş oldu. Tənqidçi
Elnarə Akimova bunu belə səciyyələndirir:
"Saflığı rəmzləndirən bütün
detallar təbiətdən nəşət tapır, onunla
hansısa şəkildə əlaqələnə bilir. Faiq mənəvi
saflığı təbiətin bir parçası bilib ona
sonadək sadiq qalmağı meyara çevirdi..."
Payıza
baxıram pəncərələrdən,
budaqlar cansızdır,
rəngi
qapqara.
Budaqlar səmaya
mıxlanmış kimi,
ağaclar çarmıxa
çəkilmiş kimi.
Mələklər hardadı,
qeybə
aparsın?!
Payıza
baxıram pəncərələrdən,
yarpaqlar
hamısı
ürək şəklində
Saralmış ürəklər,
Solmuş
ürəklər
Son dəfə xırıldar,
əgər tapdasan.
Alım
ayağımı çiyinlərimə!
Payız
fəsli həmişə təbiətin ölümü ilə
əlaqələndirilir. Payız keçid dövrü
olduğu üçün insan duyğuları da sevincdən kədərə,
ümiddən məyusluğa keçə bilər. Bu fəsil
insana hər şeyin müvəqqəti olduğunu
xatırladır. Şairin təbiətlə
qarşılıqlı əlaqəsi daxili
dünyasının əksi kimi metaforaya çevrilir və hər
bir element - külək, yarpaq, ağac dərin və şəxsi
bir şeyi simvollaşdırır. "Faiqin şeirlərində
təbiətdə, ətrafda görünəni seyr və təsviretmə
insanın öz içinə boylanışıdır və
nə qədər kədər və hüznə köklənsə
də, "ötəki" dünya, fərqli, içində
olduğumuzdan daha yaxşı, bəlkə, daha hüzurlu bir
dünya ümidi duyulmaqdadır" (Mətanət Vahid).
Beləliklə, Faiq İsmayılovun
şeirləri təkcə onun ruhunun
güzgüsü deyil, həm də dövrünün, cəmiyyətinin
güzgüsüdür. Yaradıcılığı
özünəməxsus simvolizmi və obrazları ilə
seçilir. Çox vaxt sadə və mürəkkəb
olmayan obrazlardan istifadə etsə də, eyni zamanda dərin məna
kəsb edir. Məsələn, ağac, külək, bulud, kənd
oğlanı və digər motivlər milli təbiətin və
ruhunun simvollarına çevrildi şeirlərində. Təbiət
şairə mürəkkəb duyğu və fikirləri ifadə
etmək üçün istifadə edə biləcəyi zəngin
simvollar və metaforalar toplusu kimi xidmət etmiş. Təbiət
şairin emosional hallarını və mənəvi təcrübələrini
əks etdirən güzgüyə çevrilməklə
yanaşı, ona dünyada öz yerini dərk etməyə
kömək edə bilmişdir. Bütün bu amillər təbiətin
şairin mənəvi dünyasına güclü təsir
göstərməsinə, onu ruhlandırmasına, onu
duyğularla doldurmasına, düşüncə və hisslərinin
şeirlə ifadə olunmasına yardımçı
olmağa imkan vermiş. Ramiz Rövşənin dili ilə desək,
"Faiq bir çox şeirlərində rəssam kimi
görünmədən göstərməyə
çalışır".
Çiçəklər
çoxdan solub,
amma çiçək ətri
var
bütün duyğularımda.
Rəmzləşdirilmiş
bu şeir parçasında müəllifin həyat yolunu
açıq şəkildə görmək
mümkündür. Bu bədii nümunə həm də incəliklə
doludur və hadisələrin çox keçməsindən
sonra da keçmiş təəssüratların və
duyğuların bizdə necə qaldığını
metaforik şəkildə təsvir edir. Necə ki müəllifin
həyatdan köçməsindən sonra bu "iynəboyu"
şeirlərin əbədiyaşarlığını şərtləndirir.
Ceyran VƏLİYEVA
Ədəbiyyat qəzeti.- 2024.- 26 oktyabr, №41.- S.10.