Mərziyə Davudova
Azərbaycan teatrı Şekspirin
faciə və komediyalarını tamaşaya
qoymaqla az şöhrət qazanmamışdır.
"Maqbet", "Kral
Lir", "Romeo və
Cületta", "12-ci gecə",
"Otello" teatrın ən
gözəl realistik quruluşlarıdır. Bu tamaşalarda
aktyorların yaratdığı
əsl, Şekspir surətləri, Şekspir
teatrı incilərindən
hesab oluna bilər.
Azərbaycan səhnəsinin bəzi
aktyorları kimi Mərziyə xanım da gözəl "Şekspir
aktrisasıdır". Onun
yaradıcılıq yolu
Şekspir surətlərilə
sıx bağlıdır.
Mərziyə xanımın
böyük məharətlə
Dezdemona (1922-1935), Ledi
Maqbet (1936) Gertruda
(1926-30), Katarina (1927), Qoneriliya (1940) surətlərini yaratması
onun yaradıcılığında
mühüm bir hadisədir. Mərziyə
xanımın müxtəlif
vaxtlarda (1922-ci ildən
1935-ci ilə qədər)
ifa etdiyi Dezdemona surəti, görkəmli aktrisaların
yaratdığı Dezdemonaların
ən gözəllərindəndir.
"Otello"
quruluşunun böyük
müvəffəqiyyəti yalnız respublika daxilində qalmamış,
mərkəzə qədər
yayılmışdı. Malı
Teatr 1935-ci ildə
"Otello"nu tamaşaya
hazırladığı zaman Azərbaycan DDT-na aşağıdakı məzmunda
teleqrama göndərilmişdi:
"Moskva Malı Teatrı,
bu tamaşa mövsümündə dünya
klassiki Şekspirin
"Otello"sunu tamaşaya
qoyacaqdır. Bu pyesin quruluşunda sizin böyük təcrübəniz
və müvəffəqiyyətiniz
olduğundan bizim quruluş üçün
sizdə "Otello" haqqında
olan bütün materialları bizə göndərmənizi xahiş
edirik".
Mərziyə xanımın yaratdığı
ilk Dezdemona ilə son Dezdemonası arasında 12
illik bir vaxt keçmişdir. Bu müddət ərzində
o həmişə çalışmış,
surətin kəsirli cəhətlərini düzəltmişdir.
Şekspirin ən çox sevmiş olduğu surətlərdən
olan Dezdemonanı təfərrüatına qədər
verməyi bacarmaq asan deyildir. Lakin həqiqi sənətkarda mürəkkəb, çətin
surətlərə olan
böyük maraq hər bir şeyə
üstün gəlir.
Mərziyə xanım
da belə sənətkarlardandır.
Onun ifa etdiyi Dezdemona, demək olar ki, qüsursuz, mükəmməl,
əsl Şekspir Dezdemonası idi. Mərziyə xanım böyük tragik diapozona və temperamentlə bərabər,
gözəl zahiri əlamətlərə - uca
boya, mənalı gözlərə, qiymətli
və yığcam jestə və hər şeydən əsas qüvvəli, təsirli, gözəl səhnə səsinə
malik aktrisa olduğu üçün yaratdığı
Şekspir surətləri
dolğunluğu, mənalığı,
gözəlliyi ilə
məşhurdur. Mərziyə
xanımın Dezdemonasını
görən bir tamaşaçının bütün
həyatı boyu bu surət xəyalından,
gözləri qarşısından
getməz. Dezdemona - aktrisanın ən çox sevdiyi və böyük sevinc hissi və
iftixarla xatırladığı
surətlərdəndir. Mərziyə
xanımın yaratdığı
Dezdemona - nazlı, çox zərif, incə qəlbli, həssas, tükənməz
məhəbbətlə sevməyi
bacaran Venesiya qızıdır. Aktrisa Dezdemonanın hadisələr
gedişində təkamülünü
böyük məharət
və incəliklə
göstərməyə müvəffəq
olmuşdur. Dezdemona - Mərziyə xanım keçmişdə itaətli,
məhcub, ipək qəlbli, sevimli, Otello ilə evləndikdən sonra gözəl müharib, daha sonralar həyatın gözəlliklərindən zövq
alan və nəhayət, facianə məhv olan bir qadındır. Dezdemona - Mərziyə xanım Senat qarşısındadır. Sıxıntısına,
dərdlərinə əziyyətlərinə
görə sevdiyi Otelloya qarşı olan hisslərini söyləməyə gəlmişdir.
Mərziyə xanım
son dərəcə incəlik
və nəzakətlə
atasının könlünü
qırmamaq üçün
özünün övladlıq
vəzifəsini, könlünü
ərəbə verdiyini
söyləyir. Onun səsindəki qətiyyət,
etdiyi işin pozulmayacağını xəbər
verir. Dezdemona - Mərziyə xanımın
Senatda söylədiyi
incə, lirik monoloqunda ağıllı,
sevən qəlbin qüdrəti hiss olunur.
Son dərəcə yumşaq
qəlbli Dezdemona Otellodan Kassionun bağışlanması üçün
böyük bir əmniyyət və ürəklə rica edir. O, Kassio məsələsiylə bərabər
qadının sevdiyi əri üzərindəki
hökmünü də
yoxlamaq istəyir. Dezdemonanı Otellonun, onun ricasına, yalvarışlarına göstərdiyi
münasibət çox
maraqlandırır. Mərziyə
xanım Dezdemonanın
bütün işvəsini,
nazını, hökmünü
böyük təbiilik
və sadəliklə
göstərdiyi bu səhnədə əvəzedilməzdir!
Yaqo Dezdemonaya böhtan ataraq onun Kassio ilə
gizli görüşdüyünü
Otelloya xəbər verir. Həyatının böyük hissəsini hərblərdə keçirmiş
ərəb aldadılmasından
sarsılır. Otellonun
ilahə sandığı,
müqəddəs bir
varlıq, büt kimi pərəstiş etdiyi Dezdemonanın adi qadınlardan olduğunu bilməsi, onun geniş, ləkəsiz, həssas qəlbini parçalayır.
Dezdemonanın əsl fəlakəti də Otellonun Yaqoya sadədilcəsinə inandığı
vaxtdan başlayır.
Dəsmal səhnəsində
Dezdemonanı Otellonun dəsmalı tələb
edən səsindəki
sərtlik qorxudur. Dezdemona Mərziyə xanım Otellodan "bu hiddət və səsindəki sərtlik nə deməkdir?" deyə soruşur. Sualdan sonra pauza gedir.
Bu müddətdə Mərziyə
xanımın üzündəki
böyük heyrəti
və gözlərindəki
kədəri görmək
mümkündür. O, dünyalar
qədər sevdiyi Otellonun onunla belə rəftar etməsini heç bir zaman xəyalına belə gətirməzdi. Mərziyə xanımın
Otelloya birinci dəfə görürmüş
kimi, təəccüblə
baxması Otellonun özünü büruzə
verdiyini göstərir.
O, sərtliyini yumşaltmağa,
xətasını düzəltməyə
çalışır. Məsum,
heç bir şeydən xəbəri
olmayan, ricasının
"günahını" daha da doğrultmasına, dərinləşməsinə səbəb
olduğunu bilməyən
Dezdemona böyük bir səmimiyyət və saf ürəklə
Kassionu Otello qarşısında
tərifləyir, müdafiə
edir. Günahsız, pak məxluqun, vəfalı qadının
təhqir və rədd olunmasını Mərziyə xanım parlaq boyalarla göstərmişdir. Otellonun
sonrakı kobudluğuna,
əsəbiliyinə, hiddətinə
qarşı Dezdemona nifrət etməyir, yenə də onu ülvi eşq
və sədaqətlə
sevir, "onun elə sıcaq məhəbbətlə sevdim
ki, hətta onun qəzəbi və qabalıqları belə məni son dərəcə
özünə cəlb
edir" - deməsi gənc qəlbin tükənməz məhəbbətlə
çarpdığını göstərir.
Nəhayət, günahsız, məsum,
vücudun məhv olduğu səhnə! Dezdemona - Mərziyə xanım ölümünü
hiss edər kimi məhzun və kədərlidir. O, həzin
və kədərli səsilə anasının
Barbara adlı xidmətçisinin
rədd olunmuş eşqini nağıl edir və könlündə
düyümlənib qalmış
hıcqırıqlarını boğaraq qəmli söyüd haqqındakı
mahnısını oxuyur.
Mərziyə xanım
kədərli söyüd
mahnısı ilə tamaşaçıları riqqətə
gətirir və heyran qoyurdu. Dezdemona - Mərziyə xanımın, Otellonun onu öldürəcəyini
bildikdə öldürməməsi,
heç olmazsa bir gün sağ
buraxması üçün
etdiyi yalvarışlar,
məsum, günahsız,
saf qadın qəlbinin, təmiz vicdanının etdiyi yalvarışlardır. Dezdemona,
öldüyü zaman belə,
qatilinin sevgili əri olduğunu gizlədir və ona son nəfəsində salam yetirir. Dezdemona - Mərziyə xanımın yaradıcılığında
ən görkəmli yerdə durur. Aktrisa sevdiyi bu surətlə o dərəcədə birləşib
ki, özü söylədiyi
kimi, Dezdemona rolunu oynarkən özünü səhnədə
azad hiss edir.
Dünyanın ən gözəl
səhnələrində müxtəlif
Şekspir rollarını,
o cümlədən Otellonu
oynamış məşhur
tragik Bahram Papazyan Mərziyə xanımın
yaratdığı Dezdemona
surətinə böyük
qiymət vermişdir.
O, yazır: "Mən
dünyanın hər
bir hissəsində
Otello rolunu bir çox dezdemonalarla bir yerdə ifa etmişəm. Parijdə ardı kəsilmədən 17 gecə
Otellonu oynamışam.
Lakin Mərziyə kimi
elastik, işvəli, şüurlu oynayan Dezdemona az görmüşəm".
Mərziyə xanım Dezdemonadan
sonra Şekspirin "Maqbet" faciəsində
Ledi Maqbet surətini yaratdı.
"Maqbet" (1936) tamaşası
Az. DDT-ın parlaq,
yeni və böyük
qələbəsi idi.
Quruluşçu rejissor
A.A.Tuqanov çox gözəl, tam realistik teatr tamaşası verməklə Azərbaycan
Teatr tarixində yaşayacaq tamaşalara birini də əlavə etdi. "Maqbet" quruluşu, rus incəsənətinin ən gözəl quruluşları ilə, Malı Teatrın
"Otello" (1935), "Teatr revolyusi"nin "Romeo və
Cületta" (1935), Moskva Dövlət
Yəhudi Teatrının
"Kral Lir" (1935)
və SİQKA-nın
"Şıltaq qızın
yumşalması" (1938) quruluşları
ilə bir sırada durmaqdadır. Aktyorlarımızın da qazandıqları
müvəffəqiyyəti xüsusi qeyd etməliyik. Mərziyə
xanımın Ledi Maqbeti, Sidqi Ruhullanın Bankosu, Ələkbərovun Makduffu,
Sənaninin Malkolmu, Dağıstanlının yaralı
əsgəri, Vəlixanlının
qapıçısı ölməz
surətlərdir.
Şekspirin ən mürəkkəb,
ifası çətin
surətlərindən biri
Ledi Maqbetdir. Bu surəti hərtərəfli
vermək, onun əsərdəki mövqeyini,
rolunu göstərmək
yalnız nadir istedadlara
müəssərdir. Mərziyə
xanım Ledi Maqbet surətini asanlıqla yaratmamışdır.
Rol aktrisaya 1935-ci ilin yayında tapşırılır. Aktrisa
uzun müddət çətinliklər, əziyyətlər
çəkir. O, yalnız
"Maqbet" pyesini deyil, Şekspirin bir sıra əsərlərini
dönə-dönə mütaliə
və təhlil edir. Yeri gəlmişkən
söyləmək lazımdır
ki, teatrımızda rol
üzərində çalışmaqda,
müntəzəm mütaliədə,
gözəl həyat müşahidəsinə malik olmaqda
Mərziyə xanım
birinci yerdə durmaqdadır. Ona görə
də o, ciddi, əməyin nəticəsində,
çətinliklərə dözərək özünün
şah rollarından və Ledi Maqbetlərin
ən gözəllərindən
birini yaratdı.
Maqbet - şöhərtpərəstlik ehtirası ilə yanan, krallıq mənsəbinə çatması
üçün olmazın
cinayətlər edən
orta əsr İngiltərəsinin feodalıdır.
Onun arvadı Ledi Maqbet isə
ərini sevən, hiyləgər, zalım, xəbis, son dərəcə
şöhrətpərəst bir kübar qadındır. Mərziyə
xanım belə məziyyətlərə malik Ledi
Maqbet surətini yaratmaq üçün zəngin texnikasını,
gözəl ifadə vasitələri ilə sərf etmişdir. Mərziyə xanımın
Ledi Maqbeti adi qadınlardan çox fərqlənən,
kraliça olmaq üçün hər bir cinayətə, hətta doğma balasını belə məhv etməyə hazır olan siyasətçi, avantyura qəhrəmanıdır. O, ərinin
məktubunu alarkən
çoxdan bəri düşüncəsində dolaşan
məqsədini həyata
keçirəcəyi günün
yaxınlaşmasından sevinir.
Mərziyə xanım
- Ledi Maqbet əsər boyu təkamül edən surətlərdəndir. Əsərin
əvvəlində Maqbetin
qəlbində insanlıq
eşqi çox, xəyanət və hiyləgərlikdən əsər
belə yoxdur. Lakin tədricən Maqbetin, arvadının təşviqilə
dəhşətli cinayətlərə
sövq edilməsi nəticəsində ondakı
insani hisslər getdikcə aradan qaldırılır və
o müsbət krala, cani, iblis insana
çevrilir. Ledi Maqbet isə əvvələr hər bir xəbisliyə hazır, çox cəsarətli, tədbirli,
hiyləgər, ərinin
cinayətlərinin "aparıcısı",
qanında atəşlər
qaynayan iblisdirsə, sonda insanlıq hissləri oyanmış, etdiyi cinayətlərin ağırlığı altında
əzilərək əzablar,
iztirablar içərisində
inləyə-inləyə məhv
olan bir qadındır.
Mərziyə xanım - Ledi Maqbet bu təkamülünü,
düşüncəsində və duyğularındakı
təsiri böyük
məharətlə, heyrətedici
dərəcədə tünd
boyalarla qabarıq şəkildə göstərməyə
müvəffəq olmuşdur.
Mərziyə xanımın
yaradıcılığına ştamp, şarj kimi ünsürlər tamam yaddır. Onun Ledi Maqbeti
ştamplı cani deyil, o ən iyrənc, murdar hisslərə malik canlı
insandır. Aktrisa gözəl səhnə vasitələrilə, xüsusən
müstəsna qəribə
səsilə surətin
kamilliyini tamamlayır.
İxtiyarsız olaraq
görkəmli səhnə
xadimi, rejissor K.S.Stanislavskinin məsləhətini
xatırlayırıq: "Əgər sizə Şekspiri oynamaq lazım gəlsə, o
zaman müəllif sizdən
səs, səs, səs, yenə də səs tələb edər, yüksəlmələr və
enmələr tələb
edər".
Mərziyə xanım ahəngdar,
məlahətli, qüvvəli
səsindən sənətkarlıqla
istifadə edərək
gözəl Şekspir
surətləri yaradır.
Aktrisa dərin daxili gərginliklə, Ledi Maqbetin "Qanlı əllər"
- somnambulizm səhnəsini
oynayır. Teatr sənətinin bütün
incəliklərinə vaqif
olan Şekspir, hadisələri elə qurmuş ki, Ledi Maqbet ifaçısına,
rolun ən mürəkkəb, çətin
yeri olan "somnambulizm" səhnəsinə
hazırlanması üçün
III pərdənin 4-cü səhnəsindən
V pərdəyə qədər
uzun bir vaxt vermişdir. Ledi Maqbetdə insani hisslər cinayətlərinə peşmançılıq
da bu fasilə zamanı olur. Budur, Mərziyə xanım, ağ gecə köynəyində,
saçları pərişan,
gözləri somnambullarda
olduğu kimi, bir nöqtəyə zillənmiş halda bir əlində şam tutmuş, ağır, üzgün addımlarla irəliləyir.
Şamı yerə qoyduqdan sonra dəhşət saçan
nəzərlərini titrəyən
ağ əllərinə
zilləyir, əllərini
tez-tez ovuşduraraq pıçıltı ilə
"yenə ləkə"
deyərək danışmağa
başlayır. Əgər
pyesin əvvəlində
xəbis, cani Ledi Maqbet Dunkanı
öldürən Maqbetə
cəsarət, qüvvət
verərək dəhşətli
pıçıltı ilə
"Qapı çalınır,
yataq odasına çəkiləlim! Etdiyimiz
işin ləkəsini
bir stəkan su təmizlər" deyirdisə, indi insani hissləri oyandıran, cinayətinin dəhşətindən sarsılaraq,
qanlı əllərini
təmizləyə-təmizləyə
"Yenə qan qoxusu gəlir. Bu kiçik ağ əli Ərəbistanın
ətirləri də yuyub pak etməz..."
deyir. Bu böyük fərqli sözləri aktrisa pıçıltı
ilə, lakin tamamilə müxtəlif hisslərlə söyləmişdir.
Cinayətlərinin dəhşəti
- onun faciəli səsində təzahür
edir. Pıçıltı
getdikcə artır,
gah yüksəlir, gah da enir.
O, həm həyəcanlanır,
həm də sakitləşir. Mərziyə
xanım - Ledi Maqbetin ən kiçik və ən mürəkkəb səhnəsi olan "somnambulizm" səhnəsində
sənəti şahiqələrinə
qədər yüksəlir.
O, tamaşaçılara olmayan
bir şeyi, ağ əllərdə qan ləkəsinin izlərini göstərməyə
müvəffəq olur.
Bir tənqidçi aktrisanın,
bu səhnədə həddindən artıq coşduğunu, əllərini
çox hərəkət
etdirdiyini, gizlətmək
əvəzinə gözləri
qarşısında saxladığını
yazmışdır. Qeyd
etməliyik ki, bu səhnədə Ledi Maqbet somnambuldur. Somnambullarda isə şüur itmir, ancaq yatırılır və onlar adi
insanlar kimi görür və eşidirlər. Lakin onların
hərəkətləri rabitəsiz,
məntiqsizdir. Ona görə
də Mərziyə xanımın pıçıltıdan
çığırtıya və əksinə keçməsini təəccüblü,
kəsirli hal hesab etmək olmaz. Ləkəli əllərini gizlətməməsi
isə, ləkələri
görmək istəməməsindən
doğur. Unutmamalıdır
ki, o tam şüurlu deyildir.
"Maqbet" hökumət
tərəfindən parlaq
qələbə, mühüm
bir hadisə kimi qiymətləndirildi. Azərbaycan Xalq Komissarları Soveti və Azərbaycan K(b) P Mərkəzi komitəsinin
qərarı ilə quruluşçu rejissor A.A.Tuqanovla və Ledi Maqbet ifaçısı
Mərziyə xanım
Davudovaya Respublikanın
xalq artisti adı verildi və tamaşada xüsusilə fərqlənən
artistlər mükafatlandırıldı...
Turan CAVİD
Ədəbiyyat qəzeti.- 2024.-
26 oktyabr, №41.- S.4-5.