24 yaşında dünyasını dəyişmiş şair, nasir, ssenarist, dramaturq, bəstəkar, folklor araşdırıcısı, musiqi folklorumuzun toplayıcısı, rəssam  Ərtoğrol Cavidin 1930-cu illərdə qələmə aldığı bütün əsərlərini - "Yazıları, rəsmləri, bəstələri, məktubları" kitabını 2005-ci ildə, Turan Cavidin isə 1950-ci ildə yazdığı "Mərziyə Davudova" kitabını 2021-ci ildə nəşrə hazırlamış və onlara Ön söz yazmışam. - Bu, onların ilk kitablarıydı. 

Oktyabr ayı Cavidlər ayıdır. Cavidlərə məxsus oktyabrı qəzetdə necə təqdim etmək barədə düşünürdüm. Ən gözəli, sözü Cavidin övladlarına verməkdir. Ərtoğrolun kitabından Hüqonun "Gülən adam" romanı barədə 1939-cu il martın 28-də gecə saat 1 radələrində yazıb tamamladığı  qeydlərini, Turan Cavidin kitabından isə Mərziyə Davudovanın Şekspir əsərlərində oynadığı rollar barədə mülahizələrini təqdim edirəm.

Bu yazılar qələmə alınanda Ərtoğrolun 20, Turanın isə 26 yaşı vardı.

Ərtoğrol "Gülən adam" barədə qeydlərini yazanda, yəni 1939-cu ildə "xalq düşməni" Hüseyn Cavid Sibirdə həbs düşərgəsində, Turan Cavid Mərziyə Davudova barədə mülahizələrini yazıya köçürəndə, yəni 1950-ci ildə isə 59 saylı məhbus Hüseyn Cavid Tayşetdə Tayqa meşələrinin dərinliyindəki 59 saylı qəbirdəydi...  

Bu yazıları oxuyub görəcəksiniz ki, Cavidin övladları Cavidanə düşünüb. Onların bu yazılardan görünən Bayronik tənhalıqları daha çox qara talelərinin, dönük bəxtlərinin izharıdır. Alın yazısı kimi...

 

Azər TURAN

 

Hüqonun "Gülən adam"ı haqqında

 

Din, cəmiyyət təbiət mövzusunda yazılmış "Paris Noterdam kilsəsi", "Səfillər", "Dəniz əməkçiləri" üçlük romanlarından sonra Hüqo monarxiya, aristokratiya (xüsusilə, İngiltərə aristokratoriyası) inqilab mövzusuna 2-ci üçlüyü düşünür. Monarxiya mövzusunda roman yazılmayıb, lakin müəllifin buna olan münasibəti dramlarından mənzum əsərlərindən görülür. Aristokratiya mövzusuna "Gülən adam", inqilab mövzusuna isə "93-cü il" romanı yazılmış.

"Gülən adam" romanı 1869-cu il Gernsi adasında yazılıb (həmin il may ayında çap olub).

Bu əsər nəslən aristokrat olan, maraqlı macəralar keçirən Quinplenin lordlar palatasına, aristokratiyaya qarşı vurduğu ağır silləni təsvir edir. Aristokratiya mövzusu, XVII əsrin sonu əsasən, XVIII əsrin əvvəli İngiltərə mühitində cərəyan edir. Bu dövr kraliça Annanın dövrüdür.

V.Hüqonun bioqraflarından biri yazır ki: (Frank Marzial "Life of V.Hüqo"), "Hüqo İngiltərənin Anna dövründəki vəziyyətini tamamilə bilmir buna görə hər addımda səhv edir".

Bu səhv ayrı-ayrı təkanverici momentlərdə, bəzi obrazlarda ola bilər. Lakin "Gülən adam"dakı hadisə o dövr İngiltərə şəraitində ola biləcək, o quruluşa uyğundur. Bunlardan başqa, əsas prinsip aşağı kütlənin bir ovuc hakim sinfin bütün ağırlığı ilə əzilməsi, doğrudur. Bu hakim sinif içərisində aristokratiya xüsusi, əsas yer tutmaqdadır. Hüqo belə yazır:

Aristokratiya, krakus yumurtası - azadlıq üstündə oturmuş çalağandır.

Yazıçı, əsərdə hər momentdən istifadə edərək dövrün hüquqsuzluğunu, çərçivəliliyini... başqa mənfiliklərini verməyə çalışıb. O vaxtkı İngiltərə qanunları Ursusun sandığı üzərindəki yazılardan görülür...

"IV Eduardın nəşr etdiyi qanunlara görə, lord qətl hüququna malikdir. Qatil lord izlənilməz".

"Lord savadsız olsa belə, katiblik edə bilər, çünki o qanuna vaqifdir".

"Lordu vuran adamın əlini biləyindən kəsərlər".

"Bütün yer üzü - lord mülküdür".

Bu, hüquq boğan qanunları humanist Hüqo heç vaxt bağışlayamazdı.

Müəllif o dövr aristokratlarının əyləncəsini verirkən, bir sıra xarakterik klublar göstərir:

"Eybəcərlər klubu"nda çirkinlər üçün mübahisə edilir.

"O atlanır klubu"nda yoldan keçən qadını əlləri üstə gəzməyə məcbur edirlər.

"Fun klub"un üzvləri gecə evlərə, dükanlara soxulub soymaq, yıxmaq, yandırmaqdan həzz alırlar. Müəllif yazır ki, "fun" kəlməsinin "zarafat" kəlməsinə münasibəti duzla istiotun münasibəti kimidir.

Ən mürtəce klub "Böyük Moqoq klubu"dur. Onların əsas proqramı "Pislik üçün pislikdən ibarətdir". Onlar bir kəndlini meymun kimi oynatmaq üçün hər tərəfdən qılınclar batırır, baş barmaqları ilə yoldan keçənin gözlərini əzir...

Bunlara baxmıyaraq ən az da olsa, gənc kəlləsində Kromvel sağlığına şərab içilib.

Saray halı daha pozuqdur, məzmunsuzdur. Burda əyləncə üçün xüsusi adamlar var: Xoruz kibi banlıyanlar, it kibi hürə-hürə qabaqlarına atılanı qapanlar, heyvan səsləri çıxaranlar, eybəcər simalılar i.a...

Saray mənasız gülüşə ehtiyaclıdır. Bunun üçün, hətta normal insanları belə eybəcər hala salırlar. Bununla xüsusi cərrahlar məşğul olur (Kompraçikovlar). Onlar kral ilə əlaqə saxlıyır, II Karl bu məqsədlə 1 ailəni satmışdır...

Bir çox dövri momentlər vardır, onlar obrazlar haqda danışılırkən daha aydın görülür. Çünki o obrazlar o dövrün məhsuludur.

Müəllif ideyası ilə (saray aristokratiyanın bütün ağırlıqları ilə özlərindən aşağıdakıları əzmə) bağlı olaraq obrazları saray aristokratiya əzilənlər deyə 2 qismə bölürəm. Birinci bölgüyə kraliça Anna, ögey bacısı hersoginiya Joziana, Lord Devid Derri Moyr, Barkilfedro, Lord Klençarli daxildir.

Müəllif bu qrupa ümumən mənfi, xüsusən, fərqli münasibət bəsləyir. O yazır ki, "Saray arsızlar, zənginlər, tənbəllər, dedi-qoduçular, zülmkar, istehza qurbanları, səfil aqillərlə doludur, bunlar hamısı həsədçi şəxslərlə laqqırtı vurmaq ehtiyacını hiss edir.

Sarayın daxili həyatının detalları, obrazların hərəkətlərindən aydın görülür.

Heç şübhəsiz ki, bu qrupun başında II Yakovun qızı kraliça Anna durur. O, ölkəni idarə etmək vəzifəsi qarşısında özünü sadədil qızcığaz kibi aparır. Onu xalq məsələləri deyil, saray... maraqlandırır. O bəsit düşüncəyə malikdir...

Verdiyi əmrləri nəzərdən keçirəlim: "Qursi, Baron Qinsel, İrlandiya perindən başqa kimsə kral qarşısında başıaçıq dura bilməz".

"Yaxud: Mənim atam general-admiral adı daşımışkən, ərim o adı daşımalıdır". Onun əri Danya prinsi Georqun favoritkaları vardı. Hüqo yazır:

"Annanın əri ürəyini favoritkaları, yalanını isə qadını üçün mühafizə edir. Anna ən çox dövlət pulu üzərindəki kral taxtı rəsmi ilə oynuyur. Dərisi olduğundan açıq-saçıq paltarlar dəyişməklə vaxtını keçirirdi.

O, ögey bacısı Jozianaya daxilən mənfi münasibət bəsliyir, lakin zahirən özünü səmimi aparır.

Səbəbləri:

Joziana Annadan gözəldir, onun nişanlısı Annanın ərindən gözəldir onun anası zəngin ikən Annanın anası adi qadın olmaz.

Hüqo saray qadınına aid xüsusiyyətləri real olaraq doğru verib.

Aristokrat qız obrazı olaraq müəllif II Yakovun qızı Annanın ögey bacısı hersoginiya Joziananı verib. Bu obraz maraqlı xüsusiyyətlərə malikdir.

O süslər içində yaşamaq, məmurlarla əylənməklə vaxt keçirir. Daha doğrusu, o, həyatın mənasını mənasızlıqda axtarır sanki orada da tapır.

O cavan qız kibi qalmaq üçün nişanlısı Lord Devid Derri Moyrla evlənmədən məmnun deyildir. Əsl səbəb başqadır. O Derri Moyrun qadını olacağını düşünürkən, qadın deyil, azad, sərbəst bir qız kimi onun tərəfindən sevilmək istiyir. Çünki ailə quruluşu onun arzularını çərçivə arasına alacaq.

Daha başqa bir səbəb, qadın kibi Devid Moyru, nişanlısını sevməməsidir. "Joziana Devid bir-birinə qarşı xüsusi bir əda ilə naz-qəmzə göstərirlərdi. Onlar bir-birini bəyənir, lakin sevməyirdilər".

O səyyar aktyor, eybəcər Quinpleni sevir. Ona "...mən səni sevirəm, mən yalnız səni arzu edirəm. Tez gəl, gözlüyürəm" məzmununda məktub yazır. O zaman ki, kraliça əmri ilə rəsmi olaraq onun qadını olacağını bilir. Quinpleni odasından qovur. "İndi ki, siz mənim ərimsiniz, buradan gediniz... Siz burada dura bilməzsiniz. Burası mənim məşuqlarıma aid yerdir... Mən sizi görmək belə istəmirəm..."

Əgər Anna simasında bəsit düşüncəli qadın zəif hakim xarakterləri verilmişsə, Joziana yalnız meşşan aristokrat qızı nümunəsidir. Onlar yalnız öz hiss, arzu, duyğularının təminindən həzz alaraq heç bir fikir ideya ilə uğraşmırlar. Onların heç biri ailə anası deyil heç bir vaxt ideal qadın obrazı ola bilməz.

Nisbətən gənc aristokrat olaraq ölmüş, Lord Linney Klençarlinin qeyri-qanuni oğlu Lord Devid Derri Moyr verilmişdir.

Klençarlinin sərvəti Jozianaya verilib. Derri Moyr onunla evləndikdən sonra sərvətə sahib olacaq. Devid istər-istəməz Joziananı almalıdır. Bu burjua mühitindəki sərvət məhəbbət ziddiyyətidir. Devid aristokrat klublarında iştirak edir. O taxta bir evi yandırıb əyləndikdən sonra əvəzinə daş ev tikmişdir. Bununla bərabər, o xalq yarmarkalarında, sirklərdə, bokslarda iştirak edir, hakim olur. Lakin hər kəs onu "matros Tom-Cim-Cek" deyə, sevə-sevə çağırır. Xalq meydanlarında artıq o lord deyildir.

Bu hal onun xalqı sevməsindənmi, yaxud şenliyi sevməsindən doğur? Şübhəsiz, şenliyi sevməsindəndir. Lakin bu hal uzun zaman təkrar olurkən xalq adətləri, duyğuları da ona təsir edir.

Derri Moyr Quinpleni palatada təhqir edən lordların yolunu kəsərək vuruşa dəvət edir.

"- Sizə söylədilər, lakin siz heç biriniz anlamadınız. Buradakı ixtiyarların qulaqları kar, gənclərin isə başları kütdür. Siz hamınız qorxaqsınız. Hamının bir nəfər üzərinə hücumunu mən sevmirəm, bu mənim xasiyyətimdir...

Fernen Klençarli özünü bir lord kibi aparırkən, siz özünüzü ... kibi apardınız. Mən qəti olaraq sizdən birinizi öldürmək qərarına gəldim".

Burada o tam hüquqpərəstdir. Lakin o Quinplenin lord olması ilə bütün sərvəti uduzacağını düşünürkən mülkiyyətpərəst, eqoist duyğuları alovlanır. Buna görə Quinpleni görər-görməz duelə çağırır, halbuki bayaqdan onu müdafiə edirdi.

Artıq burada o Tom Cim-Cek deyil, Lord Devid Derri Moyrdur.

German romantizmində oxşarlar var ikən, yəni iki adam bir ad altında hərəkət edirsə, "Gülən adam"dakı lord Deviddə bir növ onun əksi vardır. Burada bir adam iki ad, iki sima daşıyır.

O Lord Devid olaraq aristokrat mənfiliklərini, eyni zamanda Tom-Cim-Cek olaraq xalq təsirilə bir sıra təmiz duyğuları (hüquqpərəstlik, həqiqətpərəstlik) özündə saxlayır.

Bu obrazın hərəkətlərindəki dəyişmələr xarakterindəki bu ikilikdən doğur.

Heç şübhəsiz ki, kiçik müsbət xarakterli Tom-Cim-Cek böyük aristokrat lord Devid Derri Moyrun kölgəsində qalır, sönür. Bu obraz hər şeydən əvvəl bir aristokrat gəncdir. Bu qrupun mürəkkəb xarakterli nümunəsi Barkilfedrodur. Onun mürəkkəbliyi daxililə xarici arasındakı ziddiyyətdən doğur. Daxilən qədər kinli, nifrətli isə, xaricən o qədər hörmətli səmimidir.

O ən mürtəce "Böyük Moqoq" klubu ideyasını daşıyır.

Müəllif yazır ki,

- "Zərər vermək Barkilfedro təbirincə, həzz almaq deməkdir".

Yaxud:

- "Əgər soyuq başqalarının iztirabına səbəb olursa, onun özü soyuqdan titrəməyə hazır idi". Bu arzuları təmin üçün Barkilfedro möhkəm iradəyə, böyük səbrə malikdir.

"O, xarakterində cəllad rəzilliyi ilə miqroqraf səbrini birləşdirmişdi".

Hüqo ümumiyyətlə saray karyeristləri, xüsusən, Barkilfedro haqda bu cümlələri yazır: "O daim gülümsərdi. O daim müntəzir, hörmətli, səmimi idi. O ümumən hər kəsə baş əyərdi. Ən zəif, xəfif külək onun belini yerə qədər bükə bilərdi. Bel fəqərəsi əvəzinə elastik çubuq olurkən, səadət qazanmaq asandır".

Xüsusilə Barkilfedro haqda:

"Onun neçə yaşı vardı?

Heç neçə, yaxud mövcud şəraitin tələb etdiyi qədər".

Demək, o özün şəraitə böyük məharətlə uydurur, o arientalistdir. O kərtənkələ kibi düşdüyü yerin rəngini alır. Bu xüsusiyyətlərə görə tez zamanda möhkəm karyera qazanır.

Anna onu gördükdən sonra başqa qulaq pıçıldayıcılarını dinləmək istəmədi. Hər kəs ona inanır. Joziana Derri Moyra, Derri Moyr Jozianaya, Anna bunlara kontrolluğu yalnız Barkilfedroya tapşırır. "Barkilfedro əli altında 3 qlaviş vardı: Joziana, Lord Devid Anna".

Hətta Joziana öz otağının açarını ona verir. O hər kəsin işinə yardım edir.

"Saray - dişli təkərlər sistemidir. Barkilfedro bu sistemə daxil olub, onun mühərriki olur".

Barkilfedro edəcəyi operasiya mərkəzində Annanı görür. O hamıya pislik üçün, hamıdan istifadə edir. Buna görə mühasirəsində olduğu hər aristokratın, hər kəsin psixolojisini öyrənir. Zəif tərəflərdən zərbə endirməyə çalışır. Onun ən çox nifrət etdiyi hersoginya Joziana idi.

Neyçün?

"...Joziana gözəl, ucaboylu, gənc, zəngin, cazib, şətarətli, şərəfli idi". Halbuki Barkilfedro bədheybət, xırda boy, şişman, yaşlı, adsız şərəfsiz idi. Nəhayət, bunların hamısının intiqamını almaq lazım idi".

O, "Matusina" göyərtəsindən atılan sürahini böyük sevinclə kraliçaya təqdim edir. Derri Moyru bütün sərvəti, hətta gözəl Joziananı itirməsi onun kirli ruhunu məmnun edir. Barkilfedro "özünün xüsusi lordu özünün yaratdığı lordun" olması yeni lordun, Barkilfedrova qarşı minnətdar, ödənilməyəcək qədər borclu olmasını düşünürkən İblis qəhqəhələri ilə gülür.

O mürəkkəb plan qurur. O, Jozianaya, lord Devid sarayına zərbə endirmək istərkən, ixtiyar Ursusun kiçik daxması dağılır. Nəticə daha acı olur. Hüqo bunu belə yazır:

"Barkilfedro qartalı nişan almışdı, lakin gövərçinə dəydi".

Bu obraz karferist, yaltaq aristokrat nümunəsi kibi verilib. Müəllif lordların, baronların, saray vəkillərinin... rütbələrinə çatma yolu proseslərini bir növ Barkilfedro simasında ümumiləşdirib.

Humanist Hüqo "başqalarının bədbəxtliyi əsasında qurulan bu səadətə acı-acı nifrət edir. Böyük romanist nümunələrini verdiyi aristokratiyanın hər tərəfini görür. Aristokratların hamısı yalnız yeyən, əyləncə ilə məşğul olan deyildi. İstisna olaraq onlarda da mütərəqqi fikirlilər, nisbətən müsbət ideya daşıyanlar vardı.

Demək, aristokratlarda da mütərəqqilər, hətta respublikaçılar belə vardır.

Əsərdə bunlara nümunə olaraq lord Linney Klençarli verilib. Bir obraz kibi o iştirak etmir, yalnız yazıçı o haqda məlumat verir.

"O Kromvelin həməsri, həmfikridir. İnqilab sönəndən sonra belə o öz fikirlərindən boyun qaçırmır. Lakin uğrunda çarpışdığı fransız xalqı II Yakovu təntənə ilə qarşılarkən, o içində acı bir duyğu hiss edir. O doğma xalqına, doğma yurduna nifrət edərək özü-özünü sürgün edir. İsveçrədə, Ceneva gölü sahilindəki bir sarayında pessimist həyat keçirir. Cəmiyyətdən küsülüb keçirilən bu həyat "Səfillər"dəki cənab J-nın həyatına oxşuyur. Hər ikisi kral əleyhinə olub, respublikaçıdır. Lakin cənab dinsiz ikən lord Linney Klençarli dinsiz deyil.

Klençarli yenidən İngiltərə peri ola bilərdi, sərvətin ala bilərdi, lakin tutduğu ideya bütün sərvətlərdən daha qiymətlidir.

(Demokratik respublika). O, 1650-ci ildə parlamentdə "kralsız, monarxsız, hakimsiz respublika müdafiəsində sadiq olacağına and içib. O demokratik respublikaçı olaraq sürgündə ölür.

Müəllif ona hörmət edir, çünki o da Klençarli kibi demokratik respublikaçıdır. Lakin əfsus, bu, Hüqoda humanizm ilə öz kəskinliyini itirir.

Bu obrazlardan başqa, əsərin bəzi səhnələrində aristokrat həyatını əks etmiş (saray, lordlar palatası). Aristokratiyadan müəllif əsasən, kraliça Annanı, hersoginya Joziananı, lord Devidi, karferist Barkilfedronu respublikaçı Klençarlini verib. Bu qrupa yazıçı ümumən mənfi, xüsusən fərqli münasibət bəsliyir.

Obrazların 2-ci bölümü olan əzilənlər nümunəsi olaraq Ursusun arabası (Quinplen, Deya, Ursus, Hoven) verilib. Avtorun bütün simpatiyası bundadır. Onun əsərlərində ana xətt kibi keçən humanizm bu qrupa aiddir.

V.Hüqo müsbət obrazlarını daima aşağı təbəqədən alıb: Qvazimodo, Esmiralda, Jan Valjan, Fantina, Kozetta, Qavroş, Quinplen, Deya, Ursus, Hoven...

"Gülən adam" romanında bu qrupun aktiv nümayəndəsi Quinplendir.

"Onun simasına gülüş maskası keçirilmiş. Daxili həyəcanlarda siması qorxunclaşır. O "Qomos" kibi simasında həm gülüş, həm ciddiyyət cizgiləri saxlayır".

Onu görə hər kəs istər-istəməz gülür. "Yas saxlayan şəxslər ondan saqınmalı idilər, çünki onu görür-görməz ədəbsiz-ədəbsiz gülməyə başlarlardı. Bir dəfə cəllad gəlmişdi, Quinplen onu da güldürdü..."

Müəllif cəmiyyətdə ən donuq, ən qatı insan cəlladı tanıyır, o cəllad ki, "uf!" demədən soyuqqanlılıqla bir həyatı bitirir.

Quinplen kiçik ikən digərbindir, başqasını düşünəndir. O özü soyuqdan ölmək qorxusunda ikən, Deyanı xilas edir. Daha başqa bir misal:

"Ursus - sənə deyirlər ye!

Uşaq bütün vücudu ilə titrəyərək, gözləri yaşarmış bir halda:

- Bəs siz?! - dedi, - sizə heç bir şey qalmayacaq". O, həyatın ağrıları haqda ilk məlumatı Portlend sahilində alıb, sonra Ursusun təsiri ilə böyüyüb: latın dilini, musiqini, nitq elmini öyrənir. O müxtəlif kütlələrə rast gəlmiş onların yuxarı təbəqə ağırlığı ilə əzilməsini duymuşdu.

Müəllif göstərir ki, o uzun zaman düşünür. Bir gün Ursusa belə deyir:

"Əyər hakimiyyət mənim əlimdə olsaydı, mən səfillərə yardım edərdim. Amma mən nəyəm? Aciz bir heçlik. Mən edə bilərəm? Heç bir şey! O Deyanı, sarayında katib olduğu lord Mermedyuqu tərifləyir. Lakin Quinplen necə nəticə çıxarır?

"- Zənginlərin cənnəti fəqirlərin cəhənnəmi üzərində qurulmuş".

Bir neçə fəsil keçdikdən sonra Quinplen artıq lorddur. Müəllif onun haqqında belə yazır:

"(Biz onu əvvəlki adı  ilə adlandıracayıq, əyər Klençarli lord isə, Quinplen insandır)".

O öz sarayındadır. Sərvət onu sərxoş etmiş. O sevinir:

- Mənim şəhərdə şəhərdən kənarda saraylarım var. Mənim bağlarım, ov yerlərim, meşələrim, karetlərim, milyonlarım var. Mən qonaqlıqlar verəcəm. Mən həyatın bütün sevincləri ilə əylənəcəm çöllərdən çiçək dərə bilməyən Quinplen gökdən yıldızları qoparacaq".

Bu sevinc uzun sürmür, yavaş-yavaş o tərəddüdə qapılır. Ursusun arabasına dönməyə tələsir.

"- Deya! Ursus! Mən sizinlə bir yerdə olacam. Siz idinizsə, mən ondan idim. İndi, mən isəm, siz ondan olacaqsınız. Gəliniz!.. Yox! Mən gəlirəm! Həm bu saat, bu dəqiqə".

Əsərin ideoloji zirvəsi Quinplenin palatadakı nitqidir. Buna görə mən nitqin əsas yerlərini qeyd edirəm.

"- Milordlar, siz zirvədə bulunursunuz. Çox yaxşı... Lakin sizdən daha aşağılarda, bəlkə daha yüksəklərdə isə bir şey var.

...Sizin səadətiniz o birilərin fəlakəti üzərində qurulmuş... Bilirmisiniz, siz mütəmadiyən çoxaltdığınız vergiləri kim verir? Acından ölənlər!..

Siz zənginlərin zənginliyini artırmaq üçün fəqirlərin fəqirliyin artırırsınız. Halbuki əksinə etmək lazımdır...

(Palatarın o günkü məsələsi Annanın əri Georqun maaşını 100.000 funt sterlinq artırmaq idi).

Uf!.. Bu quruluş yanlış əsasda qurulub. Lakin həqiqi quruluşun olacağı bir gün gələr. O zaman hakimlər deyil, yalnız azad insanlar olacaq. Siz deyirsiniz ki, mən qorxuncam. Yox, mən xalqam. Siz deyirsiniz ki, mən istisnayam... Yox, mən izdihamam. İstisna sizsiniz. Mən simvolam... Mən hər şeyi özümdə təcəssüm etdirirəm. Mən bəşəriyyəti necə yapmışlarsa, o şəkildə təmsil edirəm. Məni şikəst ediblər. Mənə yapmışlarsa, onu bütün bəşəriyyətə yapmışlar. Mənim gözlərimi, qulaqlarımı, ağzımı necə şikəst etmişlərsə, onun da - hüququn, qanunun, həqiqətin, əql düşüncəsin öyləcə pozmuşlar... Vaxt gələr ki, şatir (şən) səsinizə qarşı dəhşətli gurultu yüksələr. O vaxt bir dəfə çatmışdı... Onu respublika adlandırmışdılar, onu məhv etdilər, amma o yenə yüksələr. Lakin hələlik onu xatırınızda saxlayın ki, qılınclarla silahlanmış krallar seriyası qarşısına Kromvell balta ilə çıxır.

Çıxış möhkəm demokratik əsasda qurulmuş. Hüqo görüşləri ilə bağlı olaraq romantik humanist pərdədədir. Quinplen palata üzvlərindən xeyirxahlıq gözlüyür, onları barışmağa dəvət edir. Çünki: "Hüqo üçün sosial elmin məqsədi - cəmiyyətdəki bütün ziddiyyətlərin barışmasından ibarətdir" (L.Nekora "Sosialğnıy roman V.Qöqo. str. 169).

Quinplen xalq nümayəndəsi kibi, xalq simvolu deyə özünü adlandırır. O çirkindir - xaricən çirkin, daxilən təmiz idi. Hüqo bunların hər ikisini xalq simvolu kibi verib.

Bəzi tənqidçilər onu dvoryanlıq, feodalizm simvolu adlandırır (Hamsun). Lakin Quinplen "bir gün gələr ki..." deyərkən, gələcəyə "o zaman yalnız azad insanlar olacaq" deyərkən, yalnız gələcək respublikaya ümid bağlayır. Bu düşüncədə utopik sosializmin təsiri var.

Müəllifin, ideoloji ruporu olan Quinplenin lordlar palatasındakı çıxışı humanist Viktor Hüqonun Gernsi adasından Avropa aristokratiyasına müraciəti, daha doğru, ittihamnaməsindən başqa bir şey deyildir.

Quinplen qaydanı pozaraq kral taxtına baş əymədən çıxır. O iki yolayrıcındadır, ya Klençarli sarayına qayıtmaq, sərvətə uymaq, yaxud Ursusun arabasına dönmək, Deyanı sevmək.

Azad həyata, Ursus arabasına, Deyaya olan səmimiyyəti, lord həyatına... saray həyatına olan nifrəti bir-birinin ardınca yüksəlir, inkişaf edir. Nəhayət, o səfil Quinpleni lord Fernen Klençarliyə tərcih edir uşaq səbirsizliyi ilə "yaşıl qutu"nun durduğu Tedqaster mehmanxanasına yüyürür. Orada kimsə yoxdur.

Quinplen hörmət bəslədiklərini tapa bilir, nifrət bəslədiklərini əzə bilir. Çünki o acizdir. Buna görə intihara nəticə verir. Çaya atılmaq istərkən  bir şeyin toxunduğunu hiss edir. O insanlıqdan qaçan Ursusun insanpərəst Homosudur.   

Yazıçı Viktor Hüqonun əsas görüşü humanizm, məhəbbət xeyirxahlıqdır. O bir yerdə yazır ki:

"İnsan sevmək üçün yaranmış: o dostdur, qardaşdır... yaşıl budaqlar altında, zülmətdə, od içində, otlaq arasında, küləkdə insan heç bir canlı varlığı məhv etməməlidir".

Bu xətt romanda Quinplen Deya simasında verilib. Deya Quinpleni qızğın səmimiyyətdən doğan təmiz məhəbbətlə, bir xilaskarı kibi sevir. O sanki, Quinplenin daxili təbiətini görür onun saflığını duyaraq "sən gözəlsən!" deyir.

Deya kor olmasa idi Quinpleni sevərdimi? Bu sualı düşünürkən müəllifin Quinplen eybəcərliyi ilə Deya korluğu arasında bir uyğunluq yaratması daha aydın görülür. Birinin üzü maskalı, digərinin gözü pərdəlidir, onlar sevib, sevinirlər, çünki "iki bədbəxt bir yerdə xoşbaxtdır" ("Səfillər"dən).

V.Hüqonun qadın obrazlarından danışırkən Deya haqda belə yazırlar:

"Gülən adam"dakı kor Deyaya gəlincə, o haqda danışmaq lazım da deyil. Onda gerçək həyatdan heç bir şey yoxdur" (L.Nekora "Sosialğnıy roman V.Qöqo Akademiə 1992. st.401).

Hüqo yaradıcılığında romantik realist motivlər, elementlər sıx bağlıdır. Onları ayırmaq çətindir. Bu elementlərdən biri üstün olurkən oxucusunu aldadır. Obrazın reallığı romantiklikdən daha qabarıqsa, o real obraz kibi, əksinə isə, real tərəflərin yoxluğu kibi təsir bağışlayır. Deyanın real tərəflər görməməsi burdan doğur. Deya yalnız Quinplenin səmimi müraciətini eşidir yalnız o haqda düşünür, onu dərk edir. O obyektiv aləmi görmür, yanında isə quruluşa aid danışılmır, o mütaliə edə bilmir. Onun duyğu orqanlarına təsir edən yalnız Quinplenin sevgisidir.

Joziana teatrda hamının marağını cəlb etmişkən o Quinplenə darılır.

"- O qadını bura buraxmamaq olmazmı? - deyə sorur. Bu təsir son dəqiqələrinə qədər davam edir. Son səhifələrdə o Ursusa belə deyir: "Xatırındamı, atacan? Bir dəfə böyük lojada, sizin hersoginya adlandırdığınız qadın oturmuşdu. O zaman mən darıldım. Mənə elə gəlir ki, kiçik şəhərlərdə qalmaq Londona gəlməkdən daha yaxşıdır.

Deya yalnız Quinplenin sevgisini dərk edir. O aləmi doğru dərk edə bilməzdi: çünki əsas hiss orqanı yoxdur, o kordur. Deya reallığının büründüyü romantik pərdə başqa obrazlarınkına nisbətən daha nəzərəçarpandır. Lakin ona "gerçək həyatdan heç bir şey yoxdur" demək doğru deyil.

Romanın ən maraqlı, ən ziddiyyətli obrazı müxalifətə keçmiş xırda burjua alimi Ursusdur. O, artistdir, doktordur, filosofdur, antik kultura ilə maraqlanandır, bitkişünasdır, musiqişünasdır".

...Onu dəli zənn edib, dəlixanaya salmışlar, lakin şair olması aydınlaşınca azad etmişlər".

O pessimistdir. Ursus şəhər xalqına, şəhər həyatına qatı düşməndir. Azad, vəhşi, açıq-saçıq köçəri həyatı onun ruhunu daha da çox oxşuyur. Onun psixolojisi möhkəmdir.

"O çox çətin gülər heç bir vaxt ağlamazdı. O göz yaşları ilə sakit olmağı şadlıqdan müvəqqəti rahatlıq duymağı başarmırdı. İxtiyarlıq - mütəfəkkir xərabədir.

"O daim köçəri halda yaşardı. Şəhərə yaxınlaşırkən sanki meşələr, mağaralar onu cəzb edir. Meşədə o öz evindədir".

"Əgər o mağaranı təkərlər üzərinə qoyub səyahət etsəydi, öz idealına çatmış olardı".

O mizantropdur.

"Onun başlıca işi bəşər nəslinə kin bəsləməkdir".

O insanlığa nifrətini isbat üçün canavar Homo ilə yaşardı.

"O - Homo! olursan ol, dönüb insan olma!" "Mən özümün 2-ci tomumu tapdım" (Homo)

Ursus ayı dərisini göstərərək: "Mənim iki dərim var, bu əsl dərimdir".

Bunlarla bərabər o böyük humanistdir. O insan hüquqlarının tapdanmasını istəmir (bu sandıq üstündəki yazılardan görülür. O çolaqlara yardım edirkən, "sən yenə ayaq üstəsən göz yaşı vadisində istədiyin qədər gəzə bilərsən", dilənçilərə pul verirkən, "yaşa, zavallı, ye, uzun zaman yaşa, mən sənin katoqranı ixtisar etmək istəmirəm" deyir. O yardım edir, demək, humanistdir. Bununla bərabər pessimizmi ilə bağlı olaraq o həyatı "göz yaşı vadisi", "katorqa" deyə adlandırır.

Ursus boranlı çöldə səhərə qədər Deyanın anasını axtarır. Neyçün?

Yardım üçünmü? Quinplenin sözünü yoxlamaq üçünmü?

Səhər arabaya dönürkən o qadının olub-olmaması yox, diri, yaxud ölü olması haqda danışır. Demək, o yardım üçün arayırmış.

Bunlar bir yana dursun, Ursus 15-16 il Quinplenlə Deyanı bəsliyir. Demək, Ursus həm pessimist mizantropdur, həm humanist. O xırda burjua filosofu olaraq, fərdiyyətçidir (xəstələrə, dilənçilərə yardım - bundan doğur) cəmiyyətdən küsüb.

Ursus cəmiyyətə qarşı mizantrop, fərdə qarşı humanistdir. Neyçün bu xüsusiyyətlərdən, Quinplenə yalnız humanizm təsir edir? Ursusdakı mizantropluq Quinplenin humanizmini qüvvələndirib, pessimizmi optimizmə çevirir.

Neçin?

Çünki Quinplenin gülümsər Deyası var.

Ursusdakı bu iki zidd əhval-ruhiyyənin bəzən biri digərini yenir, kölgədə buraxır. Bəzən pessimist mizantropluğu o dərəcə qüvvətlənir ki, humanizmi heç nəzərə çarpmır. Yazıçı belə vaxtlarda onun qəlbinə toxuna-toxuna insanpərvərlik qığılcımını alovlandırır. Ən maraqlı bir misal: Quinplen həbs olurkən o sevinir.

"- Çox əla! Ay yaramaz! Quldur! Müftəxor! Üsyançı! Bunlar hamısı onun siyasətdən danışmasından oldu!.. Gerçəkdən mən çox məmnunam. Mənim işim yaxşı gətirir. Bu oğlanla qızcığazı himayəmə alırkən pis gördüm. Əvvəl Homo ilə mən çox sakit yaşayırdıq... Artıq Quinplen yoxdur. Mən özümü onların hər ikisindən xilas edilmiş saya bilərəm. Bir atışda iki dovşan vurulacaq. Deya bunları bilincə öləcək... Öl, Deya! Ah, mən məmnunam..."

O evə gəlir, elanları qoparır, teatro olmayacağın söyləyir. Bu vaxt Hüqo yavaş-yavaş onun qəlbinə enir. Deya yatmışdı, o birdən oyanaraq:

"- Fibi, Vnios! Vaxtdır. Tamaşanı başlamalı. Yəqin mən çox yatdım. Gəlin məni geyindirin!" - deməsi Ursusda yeni əhval-ruhiyyə oyadır. Quinplenin səsini, kütlə hay-küyünü təqlidə başlayır. Deya hiss edir.

"Ursus, Quinplen hardadır? -  deyə Deya sordu. Mən bilirəm, o bizi atdı, o yox oldu.

Ursus tamamilə özünü itirir. Bu ikinci zərbədir. Bu vaxt mehmanxana sahibi həbsxanadan Quinplenin paltarları gətirilməsin deyir. Ursus üçüncü zərbəni alaraq həbsxanaya yürüyür. Bayaq Quinplenlə girənlər indi bir tabutla çıxır. Ursus dördüncü zərbəni alaraq: "Ölmüş! Onlar onu öldürdü! Quinplen! Mənim yavrum! Mənim oğlum" - deyə hıçqırıqlar içində, boğulur. O çətin ağlardı, lakin indi göz yaşları onun yanağını islatmış.

Müəllif onun qəlbinin ta dərinliklərinə qədər enir - onun ruhunu dəyişən zərbələri davam etdirir.

Ursus geri dönmüş. Polisiya 24 saata Parisi boşaltma əmrini verir, yoxsa həbs ediləcəklər. Bu 5-ci zərbə ardınca sonuncu, qəti 6-cı zərbə gəlir. Ursus:

"Lakin mənim bir dostum var, mən onu ata bilmərəm. Quinplen..." deyərkən bir nəfər onun sözünü kəsib - "Quinplen ölmüşdür" - deyə cavab verir. Buradan artıq Ursus Hüqo ruhlu bir humanistdir. Müəllif Quinplenin həbsinə sevinən Ursusun qəlbinə toxuna-toxuna onu bura qədər yüksəltdi. Ursus xarakterindəki ikilikdən ən əsası onun humanizmidir. Hüqo romanlarına aid xüsusi kompozisiya burada da var. Tema bir çox kontrastlara, təsadüflərə malikdir.

Məs: Hadisələrdə:

Ursusun özünə heyvan, heyvana insan adı qoyması.

Kompraçikoslar xilas məqsədilə Himpleni ölüm qucağına atırlarsa, sağ qalır. Lakin yaşamaq üçün həris olan kompraçikoslar ölür.

Xarakterlərdə:

Ursus xarakteri ziddiyyətlidir, həm mizantrop, həm humanist.

Quinplenin xarici ilə daxili münasibəti. Eybəcər Quinplen insanlığın ən incə duyğularına malikdir.

Barkilfedronun daxili arzuları ilə, xarici münasibəti.

Derri Moyrdakı zidd ikilik...

Təsadüflər, gözlənilməyən momentlər daha çoxdur.

Məs: Quinplenin zindandan lord olaraq çıxması, Joziananın məktubu, Annanın məktubundan sonra Joziananın Quinplenə münasibəti, Tom Cim-Cekin Derri Moyr olması, Quinplen özünü çaya atmaq istərkən Homonun ona təsadüf etməsi...

Demək olar ki, Hüqonun əksər əsərləri təsadüflər üzərində qurulmuş (bununla reallıq da azalır). Mövzunun dinamikliyi səbəbi bu kontrastlar təsadüflərdir. Mövzunun ən sivri yerlərində Hüqo təsadüflər yaradır. Bu hal təkrar olmaqla təsadüfilikdən çıxıb normal hal vəziyyətin alır.

Fransız ədəbiyyat tarixçisi Jülvill özünün "XIX əsr Fransa ədəbiyyatının illüstrasiyalı tarixi" kitabında Hüqo dramlarındakı təsadüflərdən danışarkən belə yazır:

"Əgər bir gənc bir qadına qılınc çəkirsə, qadının onun anası olacağına şübhələnməyin. Əgər bir qoca bir qız cənazəsi üzərində amansızlaşırsa, onun qızı olacağına şübhə etməyin".

Mövzunun cərəyan etdiyi şərait nadir, xüsusi xarakterdə olmaqla marağı daha cəlb edir, eyni zamanda reallığı zəiflədir.

Məs: Kimsəsiz, boranlı çöldə köhnə cəsədli dar ağacı, gün işığı düşməyən yeraltı zindan, dolaşıq koridorlu saray.

Bu xüsusi dekorasiyalar real əsərdən çox, yuxu, xəyal mövzusudur. Bu xüsusi dekorasiyalarda obrazların girişi, münasibətləri, çıxışları da xüsusidir. Bunlar effektli qurulub. Məs: Joziananın teatra gəlişi.

Hamı ona baxırkən, o kimsəni saymır, məğrurdur. Hamı Quinplenə gülürkən, o heç gülümsünmür. Tam ciddi oturmuş. Gedirkən qızıl pul qoyması, Tom-Cim-Ceklə bir karetə minməsi.

Quinplenin romanda ilk görünüşü.

Qar, boran, kimsə yox, qaranlıq, sakitlik. Lakin kiçik Quinplen, yalın ayaqları ilə sürətlə iləriliyir.

"Matutina" sərnişinləri, kompraçikosların romandan çıxması. Onlar dua edə-edə batırlar. Su onların bədənlərinə toxunduqca, gəmi aşağı endikcə, tərpənmədən dua edirlər. Quinplenin "Deya, gəlirəm", deyə suya atılması...

Qəhrəmanın təntənə ilə romandan çıxmasına ən yaxşı misal "Dəniz əməkçiləri"ndə Jullyatanın batmasıdır. Mədd vaxtı, o dənizdəki qaya üstündə əlləri qoynunda duraraq uzaqlaşan "Kaşmir"i süzür. Su onun belinə, çiyninə, boğazına qalxır... O tərpənmir. Romanın sonunda yazıçı yazır ki;

"Gəmi üfüqdə tamamilə yox olan zaman, Jullyatanın başını su örtmüşdü. Hər tərəfdə dənizdən başqa heç bir şey görünmürdü".

Müəllifin dənizdə batan obrazları tamamilə başqa effekt verir. Çünki bir hadisə V.Hüqonun duyğularını olduqca sarsıdıb.

Hüqonun qızı Leopoldina toyundan bir neçə ay sonra Sena çayında boğulur. Əri Şarl Vaker onu xilasa atılır. Lakin qız ölmüş, Vaker tək sahilə çıxmaq istəmir. Buna görə sevgili qadınını köksünə qucaraq özü onunla birlikdə boğulub ölür.

Siz təsəvvür edin, bu hal qoca romanist, humanist Viktor Hüqoya necə təsir edər. Effekt üçün verilən bəzi momentlər tamamilə inandırıcı deyil.

Məs: Canavar Homo içində Ursus, 2 uşaq, başqa şeylər, kərpic soba olan arabanı tək çəkir.

Yaxud:

10 yaşlı Quinplen boranlı sahildə tək ikən kimsəsizlikdən, soyuqluqdan, qaranlıqdan, qarğalar didən dar ağacındakı cəsəddən, qar içindən gələn uşaq səsindən... sanki heç bir həyəcan duymur. O, bir söz belə demir.

Bəzi momentlər o dərəcə bitərəfanə (müəllif münasibətini göstərməyən kibi) təsvir edilmiş ki, başqa təsirlər bağışlayır.

Məs: "Matutina"nın batması yer altındakı soyuq, qaranlıq, rütubətli, sakit zindandan üzərinə daş yığılmış Xardqvamonun iniltisi ölməsi...

Yazıçı istər-istəməz özü acıyır. Səbəb humanizmdir. Bütün bu vasitələrdən romantik söz ustası romanın effektliliyi üçün istifadə etmiş.

Real səhnələr romantik pərdədə qədər dumanlaşırsa, reallığın itirirsə, V.Hüqonun, bu romanda vermək istədiyi "Aristokratiya"nın dövlətdəki əzici rolu teması da humanizm pərdəsinə bürünməklə bir o qədər öz kəskinliyini itirmiş.

 

Ərtoğrol CAVİD

 

Bakı 1939, 28-III

saat 1 (gecə)

 

Təqdim etdi:

Azər Turan

 

Ədəbiyyat qəzeti.- 2024.- 26 oktyabr, ¹41.- S.2-4.