İstanbul

 

Gəldim sənə, könlümdə tərk etmək istədiyim kədərlərimlə,

Hər ağrısı əziz İstanbul...

Ey ehtişamlı ayrılıqların şəhəri,

Zorlanmış vücudunla yalınayaq gəzərkən, sənin

hələ qürür yağır gözlərindən....

Ruhu dərbədər İstanbul...

Vəfasızlıq dolub-daşır qəmzələrindən.

İtmək istəyirəm dar sokaklarında,

Könlümə əsdir ən doğma mehlərini.

Yandırsın günəşin çiyinlərimi, oxşasın saçlarımı Ceviz Ağacı...

Boğazın ən ucqar künclərində sərxoşluqdan qəhqəhələrə boğulaq,

Yasla başını  çiyinlərimə -

Birgə ağlayaq, hıçqıraraq...

Unutmağa gedən yolların hardan başlayır, söylə mənə?

"Dərd-i fəraqın ilə düşəli sevdaya meyə"

Haliçdən başlayaraq axır əngin bir tənhalıq Ayasofiyaya.

Mən hardan başlayım unutmağa, kimdən başlayım tərk etməyə?

"Mübtəlayam, dəliyəm, düşmüşəm əsrarı-ney'ə"

Vəfasızlığı öyrət mənə, sevməməyi, ruhsuzluğu... ey amansız eşqlərin şəhəri,

Pierlottidən seyr edirəm yalnızlığımı, hər şey  aydın, hər şey açıq,

Günəşi görmək kimi açıq, aydın.

Amma yenə , yenə   bir ümid daşıyıram qəlbimdə,

Bəlkə, bəlkə o da sevər,

o da darıxar...

Bilmək olmaz, bəlkə o da, gecənin köksündə hönkürərək ağlayar,

O da, bəlkə gizlətmək üçün göz yaşlarını hamıdan

ayaqyalın sığınar bağrına yağışın...

Darıxar bəlkə, o da, sadəcə, bir dəfə qucaqlamaq üçün keçər milyonlarından...

Gələr bəlkə , gələr... amansızlıqla çırptdığı qapıya tərəf.

Qorxuram, qorxuram, əlimi buraxma, sevgilim,

Bükdüm boynumu  qapında qırx il kölə olmağa, könüllü könlüm ...

Ruhumun xarabalıqlarında göz döndərmə  məndən ,

Heç olmasa, baxışlarının kölgəsi asılsın boynumdan.

Deyəsən, bu dəfə unuduram səni,

Bağışla, Bakı, bağışla, məni...

 

24.08.2024

 

NARGİS

 

Ədəbiyyat qəzeti.- 2024.- 7 sentyabr, ¹34.- S.3.