Yaddaşımın məzarlığında
uyuyan dostlar!
Yorulub yolda qalanınız da,
Ömrün baharında solanınız da,
Güzəran davasında həlak olanınız da -
Bir daha keçəməyəcəyim yollar,
Gəlişimə açılmayacaq qollar.
Ömrün bu başından
salamlar sizə...
Sevgimin göylərinə
hərəniz adına bir ulduz taxdım,
Yalqızlığın qaranlığından
baxdım,
baxdım...
Ömrüm kimi uzun imiş
səbrim
də.
O ulduzlar...
O ulduzlar uyuyacaq qəbrimdə.
***
Bu kənddə
məndən qərib adam yox,
Nə də
məndən sevimli bir qonaq.
Bunu kimsə duymasa da,
Anlamış yol üstə quruyan qovaq.
Ürəyim bələdçi,
xatirim ünvansız -
Gəlmişəm -
təmənnasız-filansız...
Bir də axı
dərviş hara, mələk hara?...
Gəldim,
eləcə salam deyəm
səni
tanıyan yollara,
ağaclara...
***
Ey könül şəhərimin
Əsrarəngiz sakini!
Səni
Tanrı atamış
-
Oldun şəhər hakimi.
Hüznlü axşamlara
Sən bir əsinti mehsən.
Dan üzünə səcdədə
Kirpiyimdəki şehsən.
Hardandı bu yasaqlar?
Götür, Tanrı eşqinə.
Apar bir keşikçi qoy
Məni
saray-köşkünə.
Nə bu güzərgahında
Qadağan saatları?!
Səbrimin üstən keçir
Hər gün fayton atları...
Haralarda
qoşarsan,
Kimlərdi sağın, solun?!
Xəyalımda yaşarsan -
Könlümdən keçir yolun...
***
Mən bir xəyalpərəst, sən də utancaq,
Əsir
ürəyimdən bir
qəm rüzgarı.
Min il də beləcə gözlərdim, ancaq
Həyat
bağışlamır utancaqları.
Günlər qanad açıb
uçur bir, iki,
Çox
da aldatmasın bizi xoş güman.
Bir gün də ayılıb görəcəyik
ki,
Ayrılıq nəğməsi oxuyur
zaman.
Sükut
qaranlıqdır, zülmət
nəğməsi,
Susdurub qəlbini durma, danış, din.
Təbəssüm məhəbbət müqəddiməsi,
Səpilsin yoluma təbəssümlərin.
***
Bir də eşidəsən köçüb karvanım
-
Yaddaşında açan səhərin
olum.
Ahının ucunda adım göynəsin,
"Eyvah"ına dönüm,
qəhərin olum.
Ruhum tufansonu kirimiş dəniz,
Xatirəm sahilə çırpılan
qayıq...
Küləklə danışan bir
sərsərini
Bəs kim ağlayacaq? Qayıt, sən qayıt!
Bir nağıl danış
ki yatsın uşaqlar
-
Zamanın yelləri acı
qəhqəhə.
Denən
biri vardı, birisi yoxdu...
Sonra da dərdləri tök bir qədəhə.
***
Sən,
ey yaddaşımın
üfüqlərində
mürgüləyən xəyal süsü!
Hələ də səslənir
ruhumda
o sevda türküsü...
Uğraşma göstərməyə o mələyi
mənə bir qadın qiyafəsində.
Bilirdim bir qadın olacağını,
Hələ
ondan bir az ötəsin
də...
Nadir Məmmədli
Ədəbiyyat qəzeti.- 2024.- 7 sentyabr, №34.- S.29.