Bir Nazif vardı...

 

Elmi araşdırma

 

"Qarasubazardan olan professor" kitabına müqəddimə əvəzi

 

"Nəslimin yarpaq tökümü başlandı..."

Böyük türk şairi Nazim Hikmət bu sözləri 53 yaşında dünyadan köçən tanınmış azərbaycanlı həmkarı, alim şair Mikayıl Rəfili (1906-1959) haqqında demişdi.

Bizim nəslin - böyük ədəbiyyata ötən əsrin yetmişinci illərinin sonlarında gələn tənqidçi ədəbiyyatşünaslar nəslinin yarpaq tökümü isə dostumuz, filologiya elmləri doktoru, professor Nazif Qəhrəmanlını (1949-2012) itirməyimizdən başlandı.

Ardınca Arif Əmrahoğlu, Zaman Əsgərli, Kamran Əliyev, Məhəmmədəli Qıpçaq, Arif Rəhimoğlu, Arif Acalov, Şamil Vəliyev, Şirindil Alışanlı kimi tanınmış ədəbiyyat tarixçiləri, dilçi tənqidçilər sıralarımızdan getdilər. Şübhəsiz, ədəbi elmi fikir tariximizdə, milli düşüncəmizdə onların hər birinin özünəməxsus xidmətləri var, hər birinin yeri izi bundan sonra da görünəcək.

Nazifi Ensiklopediyadan tanıyırdım. Mən Ədəbiyyat İnstitutunun aspirantı, Nazif Azərbaycan Sovet Ensiklopediyasının (qurum o zaman belə adlanırdı) dil-ədəbiyyat redaksiyasının əməkdaşı idi. Bu mötəbər nəşrlə birliyinə - profil məqalələr yazmağa da onun təşviqi təşəbbüsü  ilə başlamışdım. Burada məni indi həyatda olmayan Araz Dadaşzadə, Azər Bağırov kimi nəcib ziyalılarla, Bağır Ağayev kimi "badə dostu" ilə tanış etmişdi. İki-üç görüşdən sonra aramızda elə qarşılıqlı inam etimad ab-havası yaranmışdı ki, hətta "məxfi" nəşri - Azərbaycan Sovet  Ensiklopediyasının Xalq şairi Rəsul Rzanın redaktorluğu ilə çıxan (amma sonradan kəskin tənqidə məruz qalan satışa buraxılmayan) yaşıl qapaqlı birinci cildini göstərmişdi. Yəqin ki, bir qədər mövcud rejimdən narazılıq kimi yozula bilən söhbətlərimiz, məlumat mübadiləmiz bundan sonra başlanmışdı.

1979-cu ilin bir payız günü Nazifin 30 yaşını kiçik vətənində qeyd etmək üçün tənqidçi Rəhim Əliyevin "Moskviç-412" markalı maşını ilə ata evinə - Quba rayonunun Birinci Nügədi kəndinə getmişdik. Uzun yol boyu, əsasən, ədəbiyyatdan danışmış, bolluca mübahisə eləmişdik. Adi vaxtlarda az danışan, qulaq asmağa daha çox üstünlük verən Nazif elmi-ədəbi səciyyəli mübahisələrdə həmişə  yerli-yataqlı, ortaya fakt, sənəd qoyan (Cəfər Cabbarlının məşhur qəhrəmanı demişkən, "sübutalnı-dokumentalnı!)  ehtiraslı  polemika ustası kimi çıxış edirdi.

Bayıldakı yalnız bir neçə adamın yerləşə biləcəyi kiçik mənzilində gözəl bir ailəvi qonaqlıq verdiyi yadımdadır. Nazif çoxumuz kimi sadə, imkansız ailədən çıxmışdı. Odur ki,  istər Qubada, istərsə Bakıda şahidi olduğumuz kasıbçılığı, darısqallığı, maddi sıxıntını ürəyinin genişliyi, qəlbinin səxavəti, təbiətinin  nəcibliyi səmimiliyi ilə kompensasiya edirdi. Daxilən zəngin, aqil insan olduğundan bu məişət çətinliklərinin fövqündə dayanmağı bacarırdı. Bəzən zarafatla özünü çəlləkdə yaşayan məşhur filosof Diogenə bənzətməyi vardı...

Çox saf, səmimi, hətta bir qədər sadədil idi. Dünyaya sanki təbii həya utancaqlıq hissi ilə gəlmişdi. İlk gənclik illərini çoxdan arxada qoyduğumuza baxmayaraq, yanında 18+ lətifə danışanda həmişə qızarırdı. Südlə, qanla keçən daxili mədəniyyətə malik idi. Bayağılığı, saxtalığı, qeyri-təbiiliyi əsla sevməzdi.

Nazif yalnız bir mövzu, bir dövr, bir ədəbi şəxsiyyətlə məhdudlaşıb qalan elm adamı deyildi. Yaradıcılıq diapozonu, elmi-bədii axtarışlarının çevrəsi kifayət qədər geniş idi. Ədəbiyyat tarixçisi ədəbiyyatşünas, ədəbiyyat nəzəriyyəçisi tənqidçi, yazıçı publisist kimi geniş, hərtərəfli fəaliyyət göstərirdi.

Tələbələrinin ürəyində yer tutmağı, onların dostu həmdərdi, güvənc yeri olmağı bacaran həssas, qayğıkeş istedadlı müəllim idi.

Kənddən, periferiyadan paytaxtı "fəth etməyə" gələnlərin hamısı kimi, onun da yolu çətin olmuşdu. Ədəbiyyatda da asan dalınca getmədi. Araşdırma seçimində həmişə qədirşünas olmağa çalışdı. Az tanınan, unudulan, sahib çıxılmayan müəlliflərin ədəbi irsinə üz tutdu.  Zahirən , bir az bənzədiyi şair-tənqidçi Mikayıl Rəfilidən yazdı. XX əsr klassik Azərbaycan şeirinin təkrarsız isimlərindən birini - Səməd Mənsuru müasir oxucuya tanıtdı. Bu kitabda haqqında söz açılan görkəmli türkoloq alimi - Krımın Qarasubazar qəsəbəsindən çıxan, Budapeşt Universitetindən doktorluq dərəcəsi alan Bəkir Çobanzadə şəxsiyyətini irsini öyrəndi. Cümhuriyyət qurucularından  baş nazir Nəsib bəy Usubbəyov haqda araşdırma apardı.

Bu, eləcə adını çəkmədiyim digər əsərlərini yazarkan, həmişə öz sözünü deməyə, öz qiymətini verməyə çalışdı. Sözünün, mülahizəsinin mövcud elmi-nəzəri fikirlə, "korifeylər"in dedikləri, yazdıqları ilə dissonans təşkil etməsindən çəkinmədi. Böyük Nizami demişkən, "öz süfrəsinin aslanı" olmağı hər şeydən üstün tutdu.

 

***

 

"Çapar" nəşriyyatı nəcib addım ataraq Nazif Qəhrəmanlının artıq biblioqrafik nadirəyə çevrilmiş kitablarından birini - "Qarasubazardan olan professor" əsərini yenidən nəşr edir. Həcmcə o qədər böyük olmayan bu kitab Krım tatarlarının Azərbaycanın müştərək övladı - böyük Türk oğlu Bəkir Çobanzadənin qısa həyatından, çağdaş türkologiya elminə verdiyi böyük töhfələrdən bəhs edir.

Deməzdim ki, bu kitabça professor Nazif Qəhrəmanlının yazdıqlarının ən yaxşısı, ən seçkinidir. Əsərin əsas məziyyəti onun ölkəmizdə Bəkir Çobanzadə haqqında ilk müxtəsər monoqrafik tədqiqat təcrübəsi olmasıdır. Görkəmli türkoloq alimin anadan olmasının 130 illiyinin qeyd edildiyi ərəfədə vaxtı ilə qardaş Türkiyədə işıq üzü görən maraq doğuran bu əsərin yenidən nəşri çox yerinə düşür.

Yazının adını "Bir Nazif vardı..." qoydum. Amma sonra düşündüm ki, həyatda olsaydı, bu il 75 yaşını arxada qoyacaq Nazif haqqında yalnız keçmiş zamanda danışmaq düzgün deyil. O yenə var, yaşayır. Kitablarında, dostlarının xatirələrində, tələbələrinin yaddaşında, yaxınlarının doğmalarının ürəyində.

hər kəsə öz həqiqi dəyərini verən,  möhürünü vuran intəhasız Zamanda...

 

Vilayət QULİYEV

 

Ədəbiyyat qəzeti.- 2024.- 7 sentyabr, ¹34.- S.4.