Çinar
yazıları
Hekayə
Adamları
bir-birinə doğmalaşdıran o fərəhli günlərin zirvəsi Şuşanın azad olunduğu gün oldu! Olur, dolub-daşan hisslərini tək
yaşaya bilmirsən, evdən çıxıb harasa üz
tutmaq, sevincini kimlərləsə bölüşmək istəyirsən.
Dostumla
votsaplaşıb köhnə "Bakı"
mehmanxanasının yerində salınmış parkda
görüşməyə vədələşdik.
Bakını
heç vaxt belə izdihamlı görməmişdim;
bütün şəhər mərkəzə axırdı.
Yollar, səkilər adamlarla doluydu. Maşınlar adam əlindən
yol tapıb irəliləyə bilmirdi. Sürücülər
aramsız siqnallar verir, bir-birlərilə maşın dilində
danışır, maşın dilində bir-birlərinə
gözaydınlığı verirdilər. Əsgər
forması geymiş gənc qızlar maşınların
açıq şüşələrindən
başlarını çıxarıb sevinclə
qışqırışır, müharibəyə
aparılmamalarının əvəzini, sanki bu yolla
çıxırdılar. Əllərində bayraq, hərəkətdə
olan maşınların banından bədənlərini
çıxaran coşqun gənclər təkərli postamentdə
yeriyən "Zəfər abidəsi"ydi. Neftçilər
xəstəxanasının ikinci mərtəbəsindən -
açıq palata pəncərəsindən yalın sinəsini
qabağa verib, bir əli ürəyinin başında, dibdən
kəsilmiş o biri qolunun sarğısı ilə "əl
eyləyən" qazi isə canlı "Qəhrəman
büstü"!
Taksist
cavan oğlan idi. Yolboyu yumruğunu sükana vurdu ki, neçə
dəfə vayenkomata getdim, məni əsgər aparmadılar!
Hər dəfəsində təskinlik verməyə
çalışdım, özü də razılaşdı
ki, əsas qələbədi, o da var. Varımızdı -
hamımızındı! Ayaqla daha tez
çatacağımı başa düşüb yarıyolda
maşını saxlamasını istədim. "Düş,
dayı, düş, vallah, heç nə lazım deyil. Mən
özüm də maşını atıb şəhərə
qayıdıram", - gənc qələbədaş
gedişhaqqı götürmək istəmədi. Təxmini məbləğin
ikiqatını oturacağa atıb, düşdüm.
Uğultu
qatı duman kimi şəhərin canına hopmuşdu;
ağla gəlməyən yerdən səs gəlirdi. Vədələşdiyimiz
yerdə dostumla görüşüb - heç vaxt olmayan kimi
bərk-bərk qucaqlaşdıq da
- insan selinə qarışdıq. Hara gedəcəyimizin
fərqi yox idi, hər yan qələbəlik idi.
"Nizami"
kinoteatrından sola dönəndə maşın yolunun
ortasında dövrə qurub rəqs edən coşqulu
insanları dostum Feysbukda canlı yayıma qoşdu. Ortaya
düşüb mən də o ki var oynadım, oynaya-oynaya
baxdım ki, ətraf binalar da bizə qoşulub şən-şən
oynayır.
Kukla
Teatrının yanındakı keçiddən nisbətən
sakit dənizkənarı bulvara çıxdıq.
Ağır qübbə kimi şəhərin üstünə
çökmüş səs kütləsi prospektin o
üzündə qaldı.
- Bu səs
adamı dəli edər, - neçə vaxtdı cəbhədən
gələn həyəcanlı xəbərlər, qələbəli
Tvitlər, fərəhli, yuxusuz gecələr hipertoniyalı
canıma təsirsiz ötüşməmişdi. Azacıq səs-küydən
qulaqlarım dolur, sinə-başım guppuldayırdı.
- Bəs
o evlərdəki xəstələr, qocalar neynəsin? -
Prospekt boyu bayraqlarla bəzədilmiş eyvanları göstərib,
dostum şübhə qarışıq təbəssümlə
mənə baxdı.
"Çinar
Bakını sevdi." - Bu sözləri isə səs-küydən
azca aralanmış, yanımızda ayaq saxlayan bəstəboy
qoca dedi. Yaşı səksəni ötərdi, zövqlə
geyinmişdi, görkəmindən hansısa
tanınmış rəssama, yaxud memara oxşadardın.
Ərklə qolumuza girib başını yuxarı tutdu,
iyirmi-otuz ilə Bakı iqliminə ancaq ki
uyğunlaşmış cavan çinarları göstərdi:
"Daha Bakı küləyi oları yerindən qopara bilməz",
- dedi, sonra öz sözünü başıyla təsdiqləyib
yoluna davam etdi.
Qəribədir,
bu ağacların yanından, bəlkə milyon dəfə
keçmişdim, amma heç vaxt çinar olduqlarının
fərqinə varmamışdım. İllərdi küləklərlə
çarpışmada olan bu inadkar pöhrələr əkildiyi
gündən gücünü, şirəsini deyəsən,
kökə, rişəyə vermişdi, qol-qanad
açmağa, böyüməyə -
çinarlaşmağa ancaq ki macal tapmışdı.
"Bəs
Bakı necə, çinarı sevdimi?" - bu yöndəmsiz
sual isə tum kimi çırtlayıb hardansa mənim
içimə düşdü, cücərdi, pöhrələndi...
dostumla sağollaşıb ayrılan kimi yay-qış
açıq havada gecələyən arabaçını
görmək keçdi könlümdən...
***
O qəribə
adam haqda mənə başqa bir dostum - köhnə əsgər
yoldaşım danışmışdı. Bazarda təsadüfən
rastlaşmışdıq, əlüstü hal-əhvaldan
sonra qoluma girib məni yaxınlıqdakı çayxanaya dartmışdı:
"Gəl, sənə maraqlı şey göstərəcəm..."
Bazarla
köhnə doqquzmərtəbənin arasında daim
ayaqaltı, basırıq, səs-siqnallı bir yerdəydi
dediyi yer. Diribaş talış balasıdı, - sonradan
dostlaşdıq, - hardansa köhnə pinəçi
budkası tapıb gətirib, necəsə icazəsini
alıb, böyür-başına stol-stul düzüb, samovar
qoyub, eləyib çayxana. Amma neynirsən, o şəraitsiz,
darqəlib yerdə adama bir çay verir ki, dadı
damağından getmir. "Binəqədidə qohumu var, həyətindən
Şollar axır, hər gün sürüb ordan təzə
su gətirir...", - dostum çayçını
ağızdolusu tərifləsə də, hiss edirdim ki, mənə
göstərəcəyi əsas şey o deyil.
"Görürsən
o evi?" - nəhayət, oturduğumuz yerə bitişik, dəmir
borularla əhatələnmiş qatı kölgəli
ağaclığı göstərmişdi. Bazar
maşınlarının, arabaların, orda-burda qalaqlanıb-tığlanmış
boş yeşiklərin
gediş-gəliş yolunu belə tutub iflic elədiyi bir yerdə, qəribəydi, o
yaşıl sahə qorunub toxunulmaz qalmışdı! "Evi
görürsən?" - ikinci dəfə deyəndə,
diksindim; təzə sulanıb-süpürülmüş nəm
torpağı, yuyulub ipə sərilmiş kişi dəyişəyi,
ağaca bərkidilmiş əldəqayırma əlüzyuyanı,
mıxdan asılmış məhrabası, boş banan
yeşiklərindən, karton qutulardan
"yığılmış" "divar mebeli"... ilə
o yer, doğrudan da, səhmanlı, qurulu evi
xatırladırdı!
"Bazarda
araba sürür, harda olsa, indi gələcək. Bir saat
buranı yiyəsiz qoymur, elə bilir, o olmayanda kimsə gəlib
evini dağıdacaq...", - o qəribə adam haqda
danışdıqları qaibanə maraq oyatmışdı məndə,
öz mağarasına qayıdacaq div kimi gözləmişdim
onu. - "Yaddaşını itirib... Heç kəsi
yoxdu...".
Sonrakı
hadisələr əməllicə tilsimləmişdi məni:
"həyətin" qapı yerindən arabasını
içəri salıb guya qarajında saxladı, tərli
köynəyini çıxarıb ipin üstünə
atdı, dabanını dabanına sürtüb dar çəkmələrini
bir qırağa itələdi, yerdəncə oturub kürəyini
ağ gövdəli ağaca söykədi, - ağacdı,
ağacdı da! - ayaqlarını uzadıb bir müddət hərəkətsiz
qaldı, tərli bədənini, corabsız ayaqlarını
yalayan yüngül mehdən xoşallandı - və
bütün bu "hadisələr" baş verdikcə, mənə
elə gəldi ki, kimdisə, bu adamı yaxından
tanıyıram: manerasından, hərəkətlərindən...
- dincini alandan sonra qalxıb "həyət-bacasını"
gəzdi, "divar mebeli"inin qapılarını bir-bir
açıb yoxladı, "gözümü çəkən
kimi aparırlar", - deyib, donuq baxışlarla bizə tərəf
baxdı, - onda yox! - su dolu balonları çıxarıb
ehmalca "məhəccərə" düzdü, öz aləmində
guya silib tozunu aldı, bir balon suyu aparıb əlüzyuyana
tökdü, oxxay-oxxayla sinə-başına su vurdu, - onda da
yox! - dizəcən çirmələnib ayaqlarının
qarasını yudu, bir dolu balonu da götürüb üstdən-aşağı,
başından belinə şırıldatdı, sonra məhrabasını
boynuna atıb yaş saçlarını silib quruladı,
biz-biz elədi və o pırpız, gülməli halıyla
çevrilib ikinci dəfə bizə baxanda - bax onda! -
tanıdım: Nağı oğlu Tağı!
"Amma
o, axı indi Ufada olmalıydı!.." - Nağı oğlu
Tağı ilə bağlı müəmma dolu bir hadisəni
yada salmağa çalışırdım ki, bir yarpaq, eləmə
tənbəllik, dolana-dolana uç, gəl qon
masamızdakı qəndqabının qapağına!
- Bu nədi?!
- heyrət içində yarpağı əlimə
götürdüm.
-
Yarpaqdı da, çinar yarpağı. İndi görürsən?..
Başımı
qaldırıb yuxarı baxanda əsasən akasiya, şam
ağacları ilə əhatələnmiş ağ-iri
gövdəli, gen çətirli, sağlam, tanış -
doğma çinarı gördüm!
***
Ay
işığında keçid olmur.
Keçmiş
döyüşçü heç vaxt belə
ağılsız işə qol qoymaz.
Amma o zəhrimar
arağın təsiri, bir də gör, neçə ildi Tağını
görmürdülər. Onun qürub kimi qızaran gözləri,
yalvarıcı baxışları qarşısında tab gətirməmişdilər.
Kanalın
üstündə hündür qovaqlı, yeltutan yerdə
oturmuşdular. Köhnə sinif yoldaşlarını,
dostlarını başına yığıb qonaqlıq
verirdi Tağı. Ufadan təzə gəlmişdi, əli
yaxşıydı. Kəndin kənd vaxtlarından,
qaçqınçılıqdan söz salıb pis oldular, o
vaxtkı məzəli əhvalatlardan danışıb, o ki
var güldülər, - haldan-hala düşdülər. Kefləri
yaxşıydı, birdən nə oldusa, Tağını
möhkəm ağlamaq tutdu. Nə elədilər, sakitləşdirə
bilmədilər. Ovutduqca hönkürtüsü şiddətləndi:
"Ürəyim partdıyır e, partdıyır, başa
düşürsüz?! Burdan-bura gedib dədəmin qəbrini
görə bilmirəm! Buz kimi sularımız axıb gedir,
bircə qurtumuna tamarzıyam!.."
"Səni
elə yerə aparım ki, Daşlı bulağın səsini
eşit!" - bax onda, dözməyib İso ayağa durdu. O da
sinif yoldaşlarıydı, Birinci Qarabağ müharibəsində
vuruşmuşdu.
Rusiyadan
üç-dörd günlük anasına dəyməyə gəlmişdi
Tağı, - kaş gəlməyəydi; o gəldi, bircə
gün sonra anası qospital yolunda ürəktutmasından
öldü, - aeroportdan taksini birbaşa
sürdürmüşdü Biləsuvara, qaçqın qəsəbəsinə.
Neçə illərin küsülüsü olsa da, - o vaxt
anasını tək qoyub Ufaya getmişdi, - qonum-qonşunun
yanında anası onu pərt eləmədi. "Nə
yaxşı gəldin", - deyib, boynunu qucaqladı. Hər
küncdən bir matah tapdı çıxartdı, sortbasort
balonları qucağında daşıyıb pilləkən
daşına düzdü, yaxşı toyuq-cücəsi
vardı, bir-ikisini kəsdirib biş-düş elədi...
Hamı dağılışıb gedəndən sonra isə
arvadın hikkəsi təzədən körükləndi, -
ona ən çox yer eliyən o idi ki, niyə o vaxt itkin
qardaşının pasportunu götürüb gedib! -
oğlunun üzünə baxmadı, nə dedi,
ortalığa dedi. Gecə keçənəcən həyətdə
oturdular, susdular... Tək-tük danışdıqları da...
öz həyatları deyildi elə bil, başqasının
nağılıydı... Atası Nağı adında
fağır kişiydi, rayonda işıqçı işləyirdi,
hər gün, qışın sazağında, yayın
qızmarında səkkiz kilometr yolu işə piyada gedib-gəlirdi,
qazancı çox olmasa da, dolanışıqlarına bəs
edirdi. Sonra nə oldusa, kişi sürətlə
arıqlamağa başladı, səbəbini bilən
olmadı, vaxtında üstünə düşmədilər,
həkimə aparmadılar, ayaq üstə, göz görə-görə
qurudu əldən getdi. Dalıyca Ənnağı getdi - balaca
qardaş: qaçaqaçda qoyun-quzusunu Arazdan keçirəndə
itkin düşdü; çay apardı, duman aldı,
düşmən əlinə keçdi, o tayda başına nə
oyun gəldi, - bilinmədi.
Sonra da o
özü getdi - Tağı.
O ili
institutu bitirib rayona su idarəsinə gəlmişdi.
Qeyri-müəyyən vaxtlar idi, bu gündən sabaha ümid
yox idi, qaçqınlıq düşdü, belləri tamam
qırıldı; hər şeyləri alt-üst oldu,
qaldılar havada: yolsuz, ruhsuz, çəkisiz...
Düşdükləri vəziyyət gülməli dərəcədə
ağlamalı idi, birdən-birə heç nəsiz heç
kimə çevrilmişdilər: varlısı, kasıbı,
vəzifəlisi, vəzifəsizi, müdriki, səyi...
Alınlarına yekə bir "Qaçqın"
damğası vurulmuşdu, qaraçı taboru kimi
düşmüşdülər çöllərə...
Çadır
şəhərciyində bir ilə yaxın boş-bekar gəzdi,
ortalıqda it döydü. Yekə darvazadan - Rusetdən
uşaqlar gəlmişdi, qoşulub olara getmək istədi.
"Beş-altı ay işləyib qayıdaram", - dedi.
Anası daş atıb, başını tutdu ki, olmaz; yeganə
ümidgahını əlindən buraxmaq istəmirdi. Hətta
pasportunu da apardı harasa soxdu ki, tapmasın. Tağı nə
qədər yalvardı, düşdü anasının
ayaqlarına, olmadı. Arvad iki ayağını bir başmaga
dirədi ki, olmaz: "Getmiyəssən, vəssalam!"
"Vəssalam, vəssalam da..." - bu da daha bir söz demədi,
sandıqda sənədlərin arasında eşələnəndə,
itkin qardaşının - Ənnağının pasportu
keçdi əlinə, onu götürüb getdi!
O gedən
- bu gedən!
Səhərə
az qalırdı, yuxu gözlərindən
tökülürdü, durdu anasının boynunu qucaqladı,
- arvad ha dartınsa da, - o üz-bu üzündən
öpdü, - ha qoluyla itələsə də, - dedi, ay arvad,
yekə qızsan, bu nazı-qozu qoy bir qırağa, dur yerimi
sal, yorğunam, üç min kilometr yol gəlmişəm,
iki oğul nəvən gəlib dünyaya, dur bir sevin, ikisi də
sənəddə "Ənnağı oğlu" gedir, birinə
dədəmin adını qoymuşam, öz adım heç
it dəftərində də yoxdu!..
Balaca
üzünü yaylığına sıxıb ağladı
arvad, ağız-burnunun heliyi göz yaşlarına
qarışdı...
"Öz
adım heç it dəftərində də yoxdu..." -
soyunub yerinə girsə də, bu söz onu yatmağa
qoymadı. Necə yəni, adım it dəftərində yoxdu!..
Ola bilməz ki insan yaşasın, amma adı heç yerdə
olmasın! Öl, başdaşında da başqasının
adı yazılsın! Əvvəllər heç vaxt fikirləşməmişdi
bu haqda. Nə axmaq taledi bu: ömrünün bir yerinədək
yaşa, ondan o yana öz adın itsin!..
Amma yox, -
bədəninə ilıq bir arxayınlıq axdı, - var!
"T+Ï=Ñ" - kənddə
çinarın gövdəsində kiril hərflərilə
adı yazılmışdı. "Tağı, üstəgəl
Pərvanə, bərabərdi Sevgi!". Dünya
dağılsa da, o ad ordan silinən deyildi!
Kənddə
çinar çox idi, kökündən göz yaşı
kimi saf bulaq qaynayan ana çinar isə bir dənəydi! Ruhu
vardı o çinarın; inanırdılar ki,
ata-babalarının, əbəcdadlarının ruhu neçə
yüz illərdi bu əzəmətli, güclü, sağlam
çinarda bərqərardı. Əziz bayramlarda
böyükdən-kiçiyə, bütün kənd
yığılardı o çinarın başına. O qədər
geniş, sıx çətiri vardı ki, hamıya yer
çatardı, hamı yüngüllük tapardı orda -
qocası, cavanı, uşağı... Tonqallar qalanardı,
yerdən xalça-palaz salınardı, ağacın ən qəlbi
budağından yelləncək asılardı, - o qədər qəlbi ki, yellənəndə
adamın içi uçardı, gedib çaylağı
görüb gələrdin, - uşaqlar sevincdən
qışqırışardı, oğlanlar
çığır-bağırla eşşəkbeli, dirədöymə
oynayardı, qızlar pıqqıldaşıb
gülüşərdilər, böyüklərin ürəyi
dağa dönərdi, sevinərdilər ki, ölənlərinin
ruhu şaddı, rahatlıq tapardılar ki, nə vaxtsa öz
ruhları da əcdadlarının ruhuna bu əzəmətli,
sağlam, ölümsüz ağacda qovuşacaq.
Əsgər
gedən oğlanlar o ərəfədə sevgi
etiraflarını yazardılar çinarın gövdəsinə.
Gecəynən - gizlin! Tale yazısı olmasa da, o yazı
heç vaxt silinməzdi. İllər keçdikcə
"qaysaqlayıb" daha qabarıq görünərdi.
Neçə
nəslin sevgi etirafları vardı o çinarın gövdəsində.
Tağıyla Ənnağının da vardı.
Bir
kişinin iki qızını istəyirdilər: Tağı -
Pərvanəni, Ənnağı - Qətibəni!
...Təmas
xəttinə yaxınlaşdıqca ətraf kəndlərin
işıqları tədricən yoxa çıxdı. Aşağıda
- solda adda-budda sayrışan işıqlar, dedilər,
İran tərəfdədi. Getdikcə vahiməli səssizlik
zolağına düşdülər; öz
maşınlarının uğultusundan başqa heç nə
eşidilmədi. Müharibə vaxtından tankların
tırtıl izi asfaltda qalmışdı deyə,
maşın yeridikcə tank səsi çıxarırdı.
"Müharibə
yolun yadındadı", - kimsə dedi.
Əsas
yoldan burulub dik qalxdılar. Qəlbidə bizim əsgərlər
dayanmışdı, yaxınlıqdakı kəndə getdiklərini
deyib, birinci postu rahat keçdilər. Tək-tük
işığı közərən kəndi sağda qoyub,
sola buruldular. Orda, dərədə möcüzə bir bulaq
üzə çıxmışdı. Maşından
düşüb yaş torpağa sərələndilər!..
...İsoyla
o, aralanıb yal yuxarı gedirdilər. Dərə-təpələrin
tanış qoxusu çəkib aparırdı oları.
"Burdan kəndə dördcə kilometr yoldu", - o gecə
göydən ulduzları da dərmək asan
görünürdü İsoya. Bir şey ki, yolu əlinin
içi kimi tanıyır, hər qarışını
dizin-dizin sürünüb. "Bu gecə kəndimizi görməsəm,
ölərəm!" - Tağının səsində təlaş
hiss olunsa da, istək daha güclüydü. Sərxoşluq
ürək verirdi. "İki saata çatdırıb
qayıtmasaq, qanımız getdi!" - aşkar olunmaq qorxusu
İsoda Tağıya görəydi; ona başıyla
cavabdehdi.
Çaqqal
izləri ay işığında aydınca seçilir.
Görsənən yerləri - quru, kol-koslu yalları,
daşlı-pıtraqlı açıqlığı
dizin-dizin süründülər. Təpə arxası azca dikəlmək
də olardı. "Qayıdanda asan olacaq, - İso deyəsən,
özü-özünə təskinlik verirdi. - Tut gəldiyin
yolun ucundan, qayıt. Təhlükə yoxdu, çünki
keçilib...".
Düz
yolla getmək olmazdı, - düz yol postun üstünə
çıxarır. Dağıdılmış, xaraba
qalmış evlərin arasıyla sürünüb
genişliyə çıxdılar. Ordan kəndlərinə
az qalırdı. Aralıdan hansısa çayın
"danışığı", postda
qışqırışan kefli ermənilərin səsi gəlirdi.
"Post itləri səhərəcən
oynaşır...", - İso xırıltıyla dedi. -
"Araznan da gedə bilərdik, amma orda da su minaları var,
bir toxunuş bəsdi ki, açıla, xosunvay olaq".
Kəndin
yerini tapsalar da, kəndi tapmadılar; tapdıqlarını
tanımadılar. Bir vaxtlar asfalt boyu təsbeh daşı kimi
düzülən şüşəbəndli, eyvanlı evlərin
yerində uçuq divarlar qalmışdı, daşlar
qalaqlanmışdı. Təpəsinə tənəklər
dırmanan qəlbi dağdağan, vən ağacların
yerində cır nar kollarından başqa heç nə yox
idi.
"Dədə
vay, çinar da yoxdu!" - deyib, Tağı, deyəsən,
huşunu itirdi.
"Qansız
uşağı, qansız!" - İso niyəsə öz həyətlərinə
tərəf qaçdı. Qayıdanda Tağını yerində
görmədi. "Bu hara rədd oldu?!" - deyib, var
gücüylə çığırmaq istədi, səsini
uddu; post yaxındaydı. Təlaş içində
özünü ora-bura vurdu, gümanı gələn hər
yeri axtardı, Tağıgilin yurd yerlərinə baxdı, dərə
aşağı yellənib, - son gümanı oraydı! - yal
döşündə qəbiristanlığı ələk-vələk
elədi, qəbir-qəbir gəzdi, - bütün qəbirlər
dağıdılmışdı, sümüklər üzdə
qalmışdı, - orda da tapmayanda İsonu soyuq tər
basdı, durduğı yerdəcə dizləri qatlandı.
Gecə tənhalığında
şeytan ağlına min fikir gətirdi: yəqin ələ
keçdi! Ələ keçdisə, vəssalam! Kələsər
dirəyinə bağlayıb işədincə döyəcəklər.
Barmaqlarını qıracaqlar, qulağını, dilini kəsəcəklər.
Dilini kəsməzlər, yox, dil hələ onlara lazım
olacaq; niyə gəldiklərini öyrənmək
üçün. "Axtarın, görün, kimi var! Ola bilməz
ki tək gəlsin, kimisə olmalıdı!" - işgəncə
verib onun da yerini öyrənəcəklər. Mütləq
öyrənəcəklər. Satmaya bilməz, insan olan kəs
o əzablara dözməz, o ağrılara tab gətirməz.
Heç kəs dözə bilməz.
Tağı
ölsə, - ağlına gələn fikirdən özü
də üşəndi, - onu qoyub qaçacaq. Başqa yol yoxdu:
özü silahsız, onların da sayı çox. O da, hələ
qaça bilsə. Belə olanda postlar gücləndirilir,
ayıq-sayıqlıq artır. Amma yerini dəyişə bilər,
bir zirzəmi tapıb gizlənər. Yox, orda da tapacaqlar.
Quyuda, qəbirdə gizlənsə də tapacaqlar. İtlərə
yedizdirəcəklər!
Ağlına
nə verdisə, durub, çaylaq aşağı
qaçmağa başladı! Dayanmadan,
daş-çınqıl demədən, qan-tər içində!..
Bir vaxtlar çinarın dağ kimi dayandığı yerə
çatanda kilidlənib qaldı; çinarın yoxluğunda
kəhriz də quruyub yoxa çıxmışdı. Bir
vaxtlar kənd uşaqlarının
qışqırışaraq tumançaq çimişdiyi,
qız-gəlinlərin paltar-palaz toqqaşladığı
daş kanavda... quru torpaq təpələnmişdi, - təzə
qəbir kimi, - o torpağın üstündə
üzüqoyulu düşüb qalmışdı
Tağı!..
Səhərisi
xəbər yayıldı ki, təmas xəttinə yaxın ərazidə
iki mülki şəxs minaya düşərək ağır
bədən xəsarətləri alıb...
***
Bazara
çatanda gözüm onu axtardı.
Bu yekəlikdə
şəhərdə qələbəni müjdələyəcəyim,
bəlkə də birinci adam o idi!
Hər
yeri gəzsəm də, onu yenə orda, - ağ-iri gövdəli,
gen çətirli çinarın altında tapdım. Sərin
noyabr günortası corablarını çıxarıb
arabasında yatmışdı. Elə rahat ki,
yırğalı beşikdə yatıb, deyərdin.
Onunla
söhbətləşməyə ürəyim atsa da,
şirin yuxusundan eləmək istəmədim.
Üstündəki
paltarı kənara itələyib nəhayət, özü
dikəldi, təəccüblə üzümə baxdı.
-
Tanıdın? - dedim.
- Hə,
- dedi, - orda çay içirdin.
- Kəndimizi
aldıq e, xəbərin var?
- ... - qəribə
şəkildə hıqqıldadı.
-
Yadında, yaşıl rəngdə velsebetin vardı, elə
bu araba rəngində, "Orlyonok"?! Bir dəfə mənə
sürməyə də vermişdin hələ...
Ayaqları
çəkmələrini tapdı, qalxıb diqqətlə
üzümə baxdı.
-
Yadındadı, çinara ad yazmışdın...
Bir az da
yaxına gəldi, dodaqları əsdi, ifadəsiz üzündə
tanış cizgilər sayrışdı.
- " T+Ï=Ñ", yadında?! "Tağı,
üstəgəl Pərvanə, bərabərdi Sevgi".
Sifəti
gərginləşib əyildi; nəsə vacib söz demək
istəyirdi, dağınıq yaddaşından o sözü
tapıb çıxara bilmədi. Sərt hərəkətlə
qolumnan tutub məni çinarın o üzünə
dartdı, ağ gövdəli ağacın üstündəki
çapıq izlərini titrək-sevincək barmaqları ilə
göstərdi. Niyəsə sevindi, gülmək istəyirdi,
gülə bilmədi, hıqqıldadı, - başa
düşdüm ki, bu neçə illər ərzində adam
gülməyi yadırğayıb! - bir şey kəsdirməsəm
də, ağacdakı çapıq yerləri get-gedə
aydınlaşdı, üç iri kiril hərfinə
çevrildi: "Ə+Ã=Ñ ".
"Q"
niyə?! - heyrət içində çevrilib bircə söz
soruşmaq istəyirdim.
Arabasını
sürüb getmişdi...
Mübariz
Örən
Ədəbiyyat
qəzeti.- 2024.- 7 sentyabr, ¹34.- S.6-7.