Füzuli sözünün sehri
Mərhum Samət Əlizadənin
1995-ci ildə yazdığı
məqalə
Elmi
araşdırma
Füzuli sənəti xalqın
dilindən və zəkasından od alıb şölə saçan, insan qəlbində min illər
boy atan ali və müqəddəs duyğuların hərarəti
ilə zaman-zaman daha gur yanan bir
ocaqdır. Bu ocağın
odunda yanmaq səadətdir, mən bu oda könüllü
atıldım...
Samət ƏLİZADƏ
(1938-2002)
Ədəbiyyat və mədəniyyət
tariximizin iftixarı olan Füzuli dünya ədəbiyyatı
tarixində də böyük hadisədir. Hökm kimi səslənən bu fikri aşağıdakı
danılmaz faktlar doğruldur: hələ heç kim Şərqin üç möhtəşəm dilində
(türk, fars və ərəb) divanlar bağlayaraq Füzuli kimi mükəmməl əsərlər
yarada bilməmişdir;
heç kimin qələmi mənsub olduğu dövrün ədəbi aləmindəki
bütün əlvan
forma və janrların
sınağına məruz
qalarkən Füzuli qələmi kimi gözəl və cilalı nümunələr
yaratmamışdır; "qəlb şairi" kimi tanınan şairimiz qədər heç kim oxucu ürəyinə
hakim kəsilməmişdir; ikinci elə bir şair tapmaq
çətindir ki, onun
yaratdığı ədəbi
məktəb qədər
sirayətedici olsun və öz davamçılarını çıxılmaz
təsir dairəsində
saxlamaq iqtidarında olsun; orijinal və təkrarsız üslub sahibi olan Füzuli kimi heç kəs ədəbi yaradıcılıq qarşısında
müxtəlif dövrlərin
(ictimai quruluşların)
və zamanların sınağından uğurla
çıxa bilmək
keyfiyyətini elmi-tarixi
və mənəvi dəyər şərti kimi irəli sürməmiş və öz yaratdığı əsərlərlə bu şərti dolğun şəkildə doğrultmaq
mümkün olduğunu
sübuta yetirməmişdir:
fars və ərəb dillərində
də yazmaqla və bu dillərdən
bəhrələnməklə yanaşı, ədəbi
dilimizi tarixən heç kəs Füzuli kimi həmin dillərin hegemonluğundan xilas edə bilməmişdir; nəhayət, çox az şairə müyəssər olar ki, mənəviyyatı, qəlbi
və ruhu hər misrasından görünsün və əzəli məhəbbətdən,
səmimilikdən yoğrulmuş
ədəbi şəxsiyyəti
yaradıcılığında və üslubunda Füzulidəki qədər
bütün əzəməti
və aydınlığı
ilə həkk olunsun!..
***
Füzuli
təkcə Azərbaycan
ədəbiyyatında deyil,
bütün Şərq
ədəbiyyatında əsərləri
dönə-dönə köçürülən,
yaxud nəşr olunan, çox sevilən və çox oxunan, ən tanınmış sənətkarlardandır. XX yüzillikdə
Türkiyədə, Azərbaycanda,
eləcə də başqa ölkələrdə
Füzulinin həyat və yaradıcılığı,
dili və üslubu haqqında onlarca tədqiqat əsəri yazılmışdır.
M.F.Köprülü, Ə.Qaraxan, Ə.Tərlan,
H.Araslı, Y.Bertels, Ə.Gölpınarlı, Mir Cəlal,
M.Quluzadə, M.C.Cəfərov,
Ə.Cəfər, V.M.Qocatürk,
H.Mazıoğılu, Ə.Dəmirçizadə,
H.Mirzəzadə, Ə.Mirəhmədov,
F.Qasımzadə, M.Adilov,
T.Hacıyev, A.Vəfalı,
Ə.Səfərli, S.Əliyev,
A.Rüstəmova, V.Feyzullayeva
və başqalarının
kitabları, məqalələri
bu gün də elmi dəyərini
saxlamaqdadır.
...Füzuli klassik şeir dilində özündən əvvəlki
ədəbi irsə, Şərq poetikasının
zəngin və mürəkkəb qayda-qanunlarına
sadiq qalmağı farsca divanının müqəddiməsində özünün
dediyi kimi, "əslinin səliqəsinə
(yəni türk şeiri ənənələrinə)
uyğun" yazmağı
bacaran, sənətdə
sələflərinin keçmədiyi,
xələflərinin keçə
bilmədiyi aşırımlardan
adlayan bir ustaddır. Onun zərif üslubu təkrarolunmazdır. Poeziyasındakı
xariqüladə qüdrət
və əzəməti
bədii söz qarşısında qoyduğu
misilsiz tələbkarlıq
doğurmuşdur.
...Füzuli sehrkar deyildi və öz ürəyinin qanı, dərin zəkası, nuru, fitri istedadı hesabına yaratdığı
sənət incilərini
layiqincə, ədalətlə
qiymətləndirə bilməyən,
çarəsizlikdən "sehr" adlandıran, onun özünü isə "əcaib üslublu" təbiri ilə səciyyələndirən
müasirlərindən, - adi
oxuculardan tutmuş, təzkirəçilərə qədər bir çoxlarından narazı
idi. Lakin qəribədir,
bu günün qədirbilən oxucuları
da bəzən ona sehrkar kimi baxır,
onun ucaltdığı
möhtəşəm söz
binasında hər bir daşın ülvi mükəmməlliklə
cilalandığını görüb
heyran qalırlar.
Füzuli
misra-misra, beyt-beyt böyükdür. Onun beytlərində qəfil bir şimşəyin parıltısı, əlçatmaz
zirvələrin qüdsiyyəti
var. Onun beytləri xəyyamanə rübailər
kimi sənətdə
həqiqi gözəlliyin,
məna dolğunluğunun
məhəki sayıla
bilər: hər beytin öz musiqi dili, - həmcins səslərdən,
gözlənilməz qafiyələrdən
bəstələnmiş melodiyası,
özünəməxsus obrazları,
aydın fikir istiqaməti və aforistik məzmunu vardır!..
...Füzuli şeirini şərhlərlə birlikdə
qavramaq istərkən
oxucu şairin məşhur kəlamını
bir məram kimi yadda saxlamalıdır:
"Elmsiz şeir əsası yox divar olur və
əsassız divar ğayətdə bietibar olur". Beləliklə,
elm şeirin əsası,
özülü kimi qiymətləndirilir. Lakin burada
"elm" sözünü düzgün və geniş mənada anlamaq lazımdır.
"Elmsiz şeir"
ifadəsi ilə daha çox qəzəl janrından olan şeiri düşünən şair
ən azı aşağıdakıları nəzərdə
tutmuşdur: 1) Bədii
fikir məntiqi mühakimə, tezis - antitezis üsulu ilə ifadə edilməli. 2) Həyat həqiqəti nə qədər obrazlı şəkildə olsa da, inandırıcı, ağlabatan
tərzdə əks olunmalı. 3) Elmi (dini və dünyəvi)
biliklərə, təsbit
olunmuş əqli nəticələrə istinad
edilməli. 4) Xalq təfəkkürü və
xəyalının inciləri
olan müdrik ifadələrə, qanadlı
sözlərə, atalar
sözü və zərb-məsəllərə əsaslanmalı.
Bu şərtlərin heç
olmazsa, birini gözləməyən şeir
"etibarsızdır", başqa sözlə, zəriflik və kamillikdən, imandan uzaqdır, - müxtəlif
zövqlərin və
idraki ölçülərin
sınağına dözmək
gücündə deyildir.
Füzuli isə deyilənlərin nəinki
birini, əksər hallarda hamısını qabarıq şüşədə
toplanan işıq kimi öz şeirində
cəmləşdirə bilir.
Füzulinin bir çox beytləri Quran ayələri,
peyğəmbərin hədisləri
və klassik şeirdə geniş yayılmış sufilik anlayışlarının köməyilə
izah edilə bilər. Lakin bu, şairin hər sözündə sufizm mətləbi axtarmağa əsas vermir...
"Füzulini şərh etmək?!" Bu sözlər
çox qəribə
səslənir. Bu ona bənzəyir ki, kiməsə
günəş bağışlamaq
istəyirsən, ancaq
əliboş gedirsən:
hərarəti öz qəlbində qalır, nuru gözlərində...
Füzuli
dəryadır!
***
Füzulinin Azərbaycan klassik
şeirini yüksək
zirvəyə qaldırması
Orta əsrlərdə
təkcə bədii fikrimizin deyil, həm də ədəbi dilimizin böyük nailiyyəti sayılmalıdır. Bu, ədəbi-mədəni
və ictimai-fəlsəfi
aspektdə o mərhələnin
başlanğıcıdır ki, hazırda dilimiz çatmış və öz vəzifəsini yüksək səviyyədə
yerinə yetirən üslublara şaxələnmişdir.
Füzulinin şeir dilini və yaradıcılıq
üslubunu yaxşı
mənimsəyən hər
kəs onda fikrin və xəyalın əlaqəli
dərinliyinə, geniş
mənada, bədii məzmunun dolğunluğuna
və estetik füsunkarlığına heyran
olmaya bilməz. Füzulinin fərdi üslubunun bünövrəsində
metaforik təfəkkür
durur. Məcazi düşüncə tərzi
özlüyündə təzə
hadisə deyildi. Bu cəhət Füzuliyə
qədərki islam Şərqinin üçdilli
poeziyasının bütün
ruhunu sarmışdı.
Lakin onun kökü, rişələri canlı
danışıq dilində
idi. Füzuli bu üsula ona
görə sığınmışdı
ki, onda bitib-tükənməyən
işıq və enerji görürdü...
Qətiyyətlə demək olar ki, bədii dilin məcazilik məsələsində Füzuli
ancaq ənənə ardınca getməmişdir.
O düşünüb-aramış, nəhayət, tapmışdır...
Füzuli "məcaz"
sözünə də
məcazi yanaşmış,
məcazi fikirləşmək,
duymaq yolu ilə bir-birindən yeni, təravətli ifadələrlə
maddi və mənəvi aləmin həyati və parlaq obrazlarını yaratmışdır. Əbəs
deyil ki, şair məcazı "həqiqət
günəşinin şöləsi,
nuru" adlandırır...
Aristotel
yazır ki, "Yalanı
necə məharətlə
işlətmək üsulunu
başqa şairlərə
ən çox öyrədən Homerdir".
"Aldanma ki, şair
sözü əlbəttə,
yalandır" söyləyən
Füzuli də Azərbaycan poeziyasında
şairlərə bədii
yalanı ən çox öyrədən
sənətkardır. İlk baxışda dil və üslubca yekrəng və yekcins təsir bağışlayan divan ədəbiyyatında
Füzulini bütün
əsrdaşlarından, sonradan
onun məktəbinə
daxil olan sənətkarlardan yüksəyə
qaldıran əsas təqlidedilməz cəhətlərdən
biri budur. Bu mənada, şairin yaradıcılığını layiqincə tədqiq etmiş H.Mazıoğılunun:
"Füzulinin şeirlərində
xəyal cəbhəsinin
zəif olduğunu görürük" fikri
ilə razılaşmaq
mümkün deyil.
Təzkirəçilər Füzulini dil və üslubuna
görə daha çox Ə.Nəvai
ilə müqayisə
etmişlər ki, onu Nəvaiyə yaxınlaşdırsınlar.
Bu səbəbdən iki
böyük sənətkarın
şeir dilindən bəzi paralel nümunələrə nəzər
salmaq əhəmiyyətlidir.
Qətiyyən Füzulinin
böyüklüyünü sübut etmək məqsədilə yox, hətta nəzirələrində
də orijinal olduğunu bir daha göstərmək üçün. Çünki
dövrünün görkəmli
ictimai xadimi olan Nəvai həqiqətən, dahi şairdir, əsl elm və sənət cəngavəridir. Ona görə
də Füzuli Nəvaini sevmişdir; onun dilində (üslubunda) Nəvaiyə
bənzərlik də
vardır. Amma bu sevgi və bənzəyiş
Nəvainin Nəsimiyə
sevgisindən, bənzəyişindən
artıq deyildir... Dil və üslubunun
zənginliyi, sənətkarlığının
mükəmməlliyi, xüsusilə,
bədii abstraksiyanın
inkişaf səviyyəsi
cəhətindən Füzulini
kiminsə məktəbinə
aid etmək, kiminsə
təsiri altına salmaq doğru deyildir.
***
...Ədəbi dildə söz yaradıcılığına
az qala biganə
qalmağı üstün
tutan Füzuli ifadə yaradıcılığı
sahəsində ciddi fəaliyyət göstərmiş,
Azərbaycan şeir dilinin müdrik, qanadlı və ibarəli poeziya dili pilləsinə yüksəlməsi üçün
çox böyük tarixi iş görmüşdür. Füzulinin
metaforik təfəkkürü
söz ustalarının
idrakına və təxəyyülünə işıq
seli kimi axmış, qiymətli bəhrələr vermişdir.
Ona görə də çağdaş ədəbi
dilimizdə C.Cabbarlı
və S.Vurğun kimi nəhəng sənətkarların dilində
romantik üslubla əlaqələndirilən onlarca
gözəl obrazlı
ifadənin mənşəyi
tarixən Nəsimidən,
möhkəm və mötəbər özülü
isə Füzulinin şeir dilindən başlanır.
***
Yüz illər, min illər keçəcək, dünyaya
gələn yeni nəsillər
Füzuli şeirlərini
təkrar-təkrar oxuyub
şərh edəcək,
lakin şərhlər
bitib-tükənmək bilməyəcək.
Şairin qədim dünyaya və gələcəyə doğru
gərilmiş xəyal
şəhpəri sənət
göylərində inamla
süzəcək. Onun
ölməz əsərləri
əbədi olaraq insanlığın xidmətindədir.
Nə yaxşı ki, tarixlər
yaşamış bu keşməkeşli dünyaya
ara-sıra Füzuli kimi insanlar gəlir:
müdrik və həssas, hər cür tamahdan, təkəbbürdən uzaq,
məğrur olduğu
qədər də sadə və təvazökar, ləyaqətsiz
bir mühitdə ləyaqət və şərəfini qorumağı
bacaran, tükü tükdən seçən,
sözdən söz çəkən, yer üzündə ülvi sevgini, sədaqəti, gözəlliyi və gözəllik duyğusunu,
haqqı, ədaləti,
azadlıq və əməksevərliyi, səbir
və təmkini, yaxşılığı, dostluq
və mərdliyi, neçə-neçə bəşəri
məziyyət və fəziləti təbliğ
və təlqin edən zərif ruhlu şair-insanlar!
Tarixdə Füzuli kimi şəxsiyyətlər yaşamasaydı,
təbii ki, bəşəriyyət
mənəvi iflasa uğrayar, qəbahətlər
dolu həyat üçün ancaq xəcalət çəkərdi.
Füzuli
paklıq mücəssəməsidir,
- bu gün də öz bədii sözü ilə ürəklərə
məhəbbət və
xeyirxahlıq körpüsü
salmaqdadır.
Füzuli
sənəti xalqın
dilindən və zəkasından od alıb şölə saçan, insan qəlbində min illər
boy atan ali və müqəddəs duyğuların hərarəti
ilə zaman-zaman daha gur yanan bir
ocaqdır. Bu ocağın
odunda yanmaq səadətdir...
Füzuli
"Divan"ından, - bu
dərin zəka və parlaq istedad mücrüsündən
hələ oxucular çox şey öyrənəcək, çox
qəlblər riqqətə
və ehtizaza gələcəkdir. Bu dirilik
suyundan içən hər bir adam
canlanacaq, həyatın
mənası haqqında
sonsuz düşüncələrə
- xəyallara dalacaq, bu dünyaya gəldiyinə sevinəcək.
Nə qədər ki, dünya və məhəbbət
var, Füzuli də olacaq. Bir millətin və dilin nəyə
qadir olduğunu göstərmək üçün
Füzuli kimi bir şairin varlığı kifayətdir...
Türk xalqları və türk dili durduqca Füzuli
yaşayacaq.
Füzuli
tarix içində mənəvi mənliyimizdir,
- dilimizin, mənəviyyatımızın
əbədi və canlı heykəlidir!
1995
Samət Əlizadə
Təqdim etdi: Cəlal
BƏYDİLİ
Ədəbiyyat qəzeti.- 2024.- 7 sentyabr, №34.- S.8-9.