Turan ellərinin söz
sənətkarı
Rüstəm Behrudinin doğum gününə
Turan ellərinin söz sənətkarı olan Rüstəm Behrudi bir şeirində deyir:
Ayrılıq sarıb hər şeyi,
Duman çökübdü hər yana.
İndi Allah
da oxşayır
Heç
bir kəsi olmayana.
Təklif
edirəm ki, Rüstəm Behrudinin "Məzarlıqda bitən
yovşan" adlı şeirlər kitabının ilk səhifələrindən
təsadüfən seçdiyim bu bəndi dönə-dönə
oxuyun, əgər oxudunuzsa, düşünün, əgər
düşündünüzsə, ilk iki misrada şair nə
deyir? Bu iki misranı ayrılığa, həsrətə,
darıxmağa aid şeir kimi qiymətləndirmək olar,
amma belə deyil, o misraların alt qatı var. Bəlkə də
şair özü də bunun fərqində deyil, amma Rüstəm
Behrudinin bütün yaradıcılığını oxuyub,
ona uzaqdan baxıb təhlil etsək, tamam başqa məna,
başqa xətt, başqa istiqamət ortaya çıxacaq. Belə
ki, "Ayrılıq sarıb hər şeyi" misrası
digər misralar kimi həm dinlərin, həm də elmlərin
üzərində deyilmiş bir misradır. Elmlər nə
deyir? Deyir ki, bütün enerjilərin cəmi tam enerjidir. Dinlər
nə deyir? Deyir ki, biz Onun zərrələriyik, yenidən Ona
dönəcəyik. Rüstəm Behrudi də bircə misra ilə
bunu demirmi? Hər şeyin canında ayrılıq olduğunu,
hər şeyin tam olmadığını qeyd edən şair
ikinci misrada bunun səbəbini açıqlayır, bildirir
ki, kainatda hər şey yarımçıqdır, yəni
ayrılığa düçardır, amma hər adam onu
görə bilmir, sanki hər yana duman çöküb,
adamlar baxır, amma görmür.
Növbəti iki misrada isə Rüstəm Behrudi bu
yarımçıqlığın, bu baxıb görə
bilməməyin Allah qatındakı
görüntüsünü verir, bildirir ki, Tanrının zərrələri
olan insanlar onu görə bilmədikləri üçün
Tanrı da təkdir, heç bir kəsi olmayan kimidir. Elə
dinlər də bunu deyir, Tanrı təkdir, heç nədən
yaranmayıb, heç nədən yoxa çıxa bilməz.
Amma burada qu quşunun tükü qədər nazik, hədsiz həssas
bir məqam var, türkçülük,
turançılıq - deyəndə ağlımıza bu
görüntünü gətirək ki, yaşlı və
müdrik bir adam, saç-saqqalı ağarmış, əlində
bir əsa və uca bir dağ başındadır, onun
üzünü yalayıb keçən xəfif küləklər
saçlarını yelləyir. O adamın müdrikliyi və
ucalığı ilə tənhalığı
arasındakı məsafəni düşünün, türkçülüyü
təmsil edən o adam yuxarıda izahatını verdiyimiz
formada "heç bir kəsi olmayan" Allahın "tənhalığına"
oxşayırmı? Əgər oxşarlıq
gördünüzsə, demək ki, o həssas məqamı
anlaya bildiniz. Elə isə burada bu cümləni demək yerinə
düşər: Turan ellərinin söz sənətkarı
Rüstəm Behrudinin poeziyasında sanki üzü Tanrıya
sarı bir boz qurd ulayır.
Rüstəm Behrudinin digər
bir şeirindən bir bəndə nəzər
salaq:
Hər
şeyi hüznə buraxdım,
Bir balıq misalıyam qumda.
Bağda
çiçəklərim öldü,
Balıqlarım akvariumda.
Şair
gör, necə dəqiq və gözəl izah edir, deyir ki,
mütləq həqiqətə, ilahi eşqə, kainatın
harmonik rəqsinə tabe olmasaq, yaşaya bilmərik. Hətta
bu gün hər şeyi hüznə buraxsaq, qumun üzərində
balıq kimi çırpınacağıq, çünki biz
bu günün hüznünü yanlış anladıq,
çiçəkləri dağ döşündən
toplayıb bir bağa saldıq, balıqları dəryalardan
yığıb akvariuma doldurduq, bununla da kainatın harmonik rəqsindən
kənarda qaldıq.
Rüstəm Behrudinin bütün
şeirlərini bir şeir kimi oxuyub təhlil
etsək, görərik ki, şüuraltı hədəf dəyişmir,
çünki maya eynidir. Şairin istənilən
kitabını götürüb təsadüfi bir səhifədən
ikicə misra oxuyuram və görürəm ki,
düşüncə məqsədi eynidir. Misal olaraq "Ay gəmi",
"Balıqçı, ay balıqçı",
"İblis", "Təslim olmaq", "Yer üzü
görüş yeri" kimi şeirlərinin adını
çəkə bilərəm. Professor Firudin Cəlilov illər
öncə belə bir fikir deyib: "Biz iyirminci əsrdən
iyirmi birinci əsrə bir şeir apara bilirik, o da Rüstəm
Behrudinin "Salam, dar ağacı" şeiridir". Mən
bu fikirlə müəyyən qədər razı deyiləm,
çünki o şeir onu yazan adamın bütövlük
ruhundan doğan misralardır. Eyni ruhdan sözə çevrilən
həqiqətlər isə dəyişməzdir. Alma
ağacının hansısa bir budağı heyva gətirə
bilərmi? - Xeyr. Yəni Rüstəm
Behrudinin bütün şeirləri bütün
zamanların həqiqətidir.
Elşad Barat
Ədəbiyyat qəzeti.- 2024.- 7 sentyabr, №34.- S.9.