Körpə
Hekayə
Alberto Moravia
(1907-1990)
Yəhudi əsilli İtaliya yazıçısı Alberto Moravia ilk ədəbi uğuruna 1929-cu ildə çapdan çıxan "Biveclər" romanıyla imza atıb. Tezliklə İtaliyada hakimiyyətə yiyələnən faşistlərin romana münasibəti neqativ olur və mürtəce hakimiyyət orqanlarının təqibini hiss edən yazıçı ölkəni tərk etmək məcburiyyətində qalır. Məcburi səyahət uzun çəkir - 1933-cü ildən 1943-cü ilə qədər. Moravia özü sonralar bu barədə yazırdı: "Bu on il həyatımın ən pis illəridir; mən o illəri heç zaman həyəcansız xatırlaya bilmirəm". Gah Yunanıstanda, gah Çində, gah ABŞ-da, gah Meksikada məskunlaşan yazıçı bir çox məşhur əsərlərin, o cümlədən, "Həyat oyundur", "İntervü", "Diqqət", "Özgə həyat", "Çoçara" romanlarının və bütün dünyada maraqla oxunan "Roma hekayələri" silsiləsinin müəllifidir.
Körpə
Dünyaya nə səbəbdən bu qədər uşaq gətirdiyimizi "Kasıblara yardım cəmiyyəti" adından bizə maddi yardım göstərən xeyirxah sinyora da soruşmuşdu.
Tərslikdən həmin gün arvadım bir az dilxor idi və məlum həqiqəti ağına-bozuna baxmadan bütün çılpaqlığı ilə ortaya qoymuşdu. "Pulumuz olsaydı, axşamlar kinoya gedərdik, - demişdi. - Pul yoxdusa, daha neyləyək, yatağa girib başlayırıq uşaq düzəltməyə".
Bu köntöy cavabdan sinyora bərk incimiş, sağollaşmadan çıxıb getmişdi. Mən də arvadımı bəs deyincə danlayıb, abrını bükmüşdüm ətəyinə ki, sözü deməyin bir təhəri var; lap həqiqət də olsa, bax gör kiminlə danışırsan və o həqiqəti kimə deyirsən.
Subaylığın sultanlıq olduğu cavan vaxtlarımda yerli qəzetlərin "Roma xronikası"nı tez-tez oxuyurdum. Orda adamların başına gələn hər cür bədbəxt hadisələrdən söz açılırdı: oğurluq, qarət, qətl, intihar, küçə əhvalatları. Onda mənə inanılmaz görünürdü və heç ağlıma da gəlməzdi ki, qəzetdən oxuduğum bu müsibətlərdən haçansa özümə də pay düşə bilər. "Acınacaqlı fakt" - yəni insan o dərəcədə bədbəxtdir ki, başına bir iş gəlmədən, heç bir müsibət-filan olmadan, təkcə elə öz mövcudluğuyla yazıqlıq hissi doğurur.
Hə, onda çox cavan idim və bilmirdim ki, böyük ailəni dolandırmaq nə olan şeydir. İndi isə yavaş-yavaş "acınacaqlı fakt"a çevrildiyimi görüb dəhşətə gəlirəm. Misal üçün, qəzetdə yazılır: "Onlar ağır ehtiyac içində yaşayırlar". Baxıb görürəm ki, ən ağır ehtiyac içində yaşayan elə özüməm. Yaxud yazırlar: "Onların sığındığı evə əslində ev demək düzgün olmaz". Amma elə biz də Tormarançoda yaşayırıq; arvadım və altı uşağımla birgə döşəklərin arasında ayaq qoymağa yer olmayan balaca bir otağa sığınmışıq. Yağış yağanda daxmanın içindən su elə axır ki, elə bil bura otaq yox, Ripetta sahil küçəsidir. Ya da məsələn: "Hamilə qaldığından xəbər tutan zavallı qadın öz ciyərparasından xilas yolunu cinayətkar qərara əl atmaqda gördü". Yeddinci uşağımızın doğulacağını biləndə elə biz də arvadımla həmin yola əl atdıq: qərara gəldik ki, havalar imkan verən kimi körpəni aparıb hansısa kilsənin qabağına qoyaq, onu birinci görəcək insaf yiyəsinin ümidinə buraxaq.
Uşağı dünyaya gətirmək üçün həmin o xeyirxah sinyorların köməyi ilə arvadım xəstəxanaya qəbul edildi; özünə gələndən sonra təzə doğulmuş körpəsiylə yenidən Tormarançoya qayıtdı. Otaga girəndə yazığın birinci sözü nə olsa yaxşıdır:
- Xəstəxanada ürəkaçan bir şey olmasa da, mən orda qalmağa canla-başla hazır idim, təki bura qayıtmayım.
Körpə sanki onun nə dediyini başa düşdü: qulaqbatırıcı səslə ağlamağa başladı. Çox qəşəng uşaq idi, maşallah, həm də canı möhkəmdi. Səsinə isə söz ola bilməzdi: gecələr yuxudan oyanıb çığıranda hamını yataqdan dik qaldırar, heç kəsə dinclik verməzdi.
May ayı gəldi, havalar isindi, artıq küçəyə paltosuz çıxmaq mümkün oldu. Biz də Tormarançodan birbaşa Romaya yollandıq. Arvadım körpəni sinəsinə sıxmışdı, özü də uşağı altdan-üstdən o qədər əski-üsküyə, cır-cındaya bükmüşdü ki, elə bil onu qarlı düzənliyə aparıb qoyacaqdı. Şəhərə gəlib çatanacan, çox güman ki, dərdini, müsibətini boğmaqdan ötrü nəfəsi darala-darala, gözləri hədəqəsindən çıxmış halda, bir an ara vermədən, kirimək bilmədən nədən gəldi danışırdı...
Əvvəlcə körpəni qoya biləcəyimiz müxtəlif kilsələrdən söz salıb zorla izah eləməyə başladı ki, bəs varlıların baş çəkdiyi kilsələrdən birini seçmək lazımdır, çünki uşağı bizim kimi bir kasıbın tapmağındansa elə özümüzdə qalması yaxşıdır. Sonra dedi ki, yaxşısı budur, Madonna kilsəsi olsun, axı Məryəmin də oğlu olub, Məryəm ana hamısını anlayar, niyyətimizi də çin edər. Düzü, bu söhbətlərdən təngə gəlmişdim, içimdə qıcıq yaranmışdı: axı heç öz halım da onunkundan yaxşı deyildi; bu işə qol qoymaq istəmirdim. Amma özümə aşılayırdım ki, təmkini itirmək olmaz, sakitləşmək lazımdır, üstəlik, arvada da ürək-dirək verməliyəm. Bu qədər çənə döyməsinin qarşısını almaq üçün ona candərdi etirazımı bildirdim, təklif elədim ki, gəl uşağı Müqəddəs Pyotr kilsəsinin qabağına qoyaq.
- Yox, - dedi, - ora ayaqaltı yerdir, uşağı görməyə bilərlər... yaxşısı budur, via Kondottidəki balaca kilsələri sınaqdan keçirək, orda bahalı mağazaların sayı-hesabı yoxdur, bütün günü küçədən varlı adamlar keçir, münasib yerdir...
Avtobusa mindik. Adamların arasında arvadım naəlac qalıb ağzını yummalı oldu. Əvəzində uşağı ədyala daha bərk-bərk bürüdü, hərdən də ehtiyatla üzünü açıb tamaşa eləyirdi. Körpə isə çəhrayı sifətini cındaya basıb möhkəmcə yatırdı. O da, bizim kimi, pis geyimdə idi, yalnız yun əlcəyi babat görünürdü, özü də elə hey əllərini çölə çıxartmaq, sanki mavi əlcəklərini adamlara göstərmək istəyirdi.
Qoldoni teatrının yaxınlığında avtobusdan düşdük, düşən kimi də arvadım yenə ağzını açıb gözünü yumdu. Zərgər dükanının yanından ötəndə ayaq saxlayıb qırmızı məxmərdə vitrinə qoyulmuş zinət əşyalarını göstərə-göstərə dedi:
- Sən bir cah-cəlala bax, gör nə qiyamətdir! Elə adamlar da bu bahalı şeylərə pul xərcləməkçün bura gəlir... Burda kasıb-kusubun işi yoxdur, hamısı varlı-hallı adamlardı. Hə, gəlib buralarda alış-veriş edirlər, arada da dua üçün kilsəyə baş çəkirlər. Kefləri kök olur, uşağı görüb götürərlər...
O, bu sözləri brilyantlara baxa-baxa deyirdi və uşağı sinəsinə sıxaraq, sanki öz-özüylə müzakirə edirdi; hədəqəsindən çıxmış gözləri isə elə amansızlaşmışdı ki, ona söz deməyə ürək eləmirdim.
İçəri girdik. Bir neçə hücrəsi və mehrabı olan kilsənin hər tərəfi sarı rənglə boyanmış, ucuz mərmərlə döşənmişdi. Arvadım dedi ki, kilsə bayırdan başqa cür görünürdü, indi isə çox da ürəyinə yatmır. Bununla belə, barmağını müqəddəs suya batırıb xaç çəkdi. Sonra yenə körpəni sinəsinə sıxıb içərini narazı baxışlarla süzə-süzə ağır addımlarla tələsmədən gəzməyə başladı. Günbəzdən, üst pəncərədən parlaq işığın soyuq şöləsi süzülürdü. O, bir hücrədən o birinə adlayıb, kilsənin içində var-gəl edir, skamyaları, mehrabları, divardakı rəsmləri diqqətlə gözdən keçirirdi; sanki yoxlayırdı ki, görsün uşağı bura qoymağa dəyər, ya yox. Mən bir neçə addım arxada gəlirdim, bir gözüm də giriş qapısında idi. Bu vaxt gördüm ki, sarışın saçları qızıl kimi parlaq olan qırmızı geyimli, ucaboy bir sinyorina içəri girdi. Dar yubkası əyninə yapışmış qız tezbazar dua elədi, sonra tələsik xaç çəkib bizə tərəf baxmadan kilsədən çıxdı.
Bunu görən arvadımın dili açıldı:
- Yox, burda alınmaz... Bura bunun kimi cavanlar gəlir, bunların işi-peşəsi əylənməkdir, mağazalarda vaxt keçirməkdir. Gedək burdan.
Bunu deyə-deyə kilsədən çıxdı.
Korsoya qədər bir xeyli getdik. Yeyin addımlayırdıq: arvadım qabaqda, mən arxada. Venesiya meydanı yaxınlığında başqa kilsəyə girdik. Bu kilsə əvvəlkindən xeyli böyük idi, bahalı, qızılı pərdələri vardı, divardakı tutqun şüşənin altında gümüşü ürəklər par-par parıldayırdı. İçəri adamla doluydu, əksəriyyəti də şlyapalı xanımlar, yaxşı geyinmiş kişilər. Görkəmindən həqiqətən də, hamısı varlıya oxşayırdı. Keşiş minbərdə dua oxuyurdu, hamı da yönünü ona çevirmişdi. Fikirləşdim ki, əcəb girəvədir, bizi heç kəs görməz. Arvadıma yavaşdan pıçıldadım:
- Gəlsənə, burda sınaqdan keçirək.
Başını razılıqla tərpətdi və biz yandakı hücrəyə keçdik. Orda, deyəsən, heç kəs gözə dəymirdi, üstəlik, içəri qaranlıq idi, bir-birimizi zorla seçirdik. Arvadım ədyalın qırağıyla uşağın üzünü örtüb, qollarını yormuş namünasib bağlama kimi onu skamyanın üstünə qoydu. Sonra diz çökdü, üzünü əlləriylə qapayıb uzun-uzadı dua elədi. Mənsə bekarçılıqdan hücrənin divarlarından asılmış ürəkşəkilli gümüş ikonalara baxırdım. İrili-xırdalı yüzlərlə gümüş ikona. Nəhayət, arvadım dikəlib ayağa qalxdı; sifəti xalis ölü sifətiydi. Xaç çəkib kirimişcə hücrədən çıxdı, mən də onun dalınca getdim. Bu vaxt keşiş oxuyurdu:
- Və
İsa Məsih dedi: "Yolun haradır, Pyotr?"
Birdən
mənə elə gəldi ki, keşiş bunu məndən soruşur.
Arvadım
artıq girişdən bayıra çıxmaqdaydı ki, kimsə
onu arxadan səslədi; hər ikimiz eyni vaxtda diksindik.
- Sinyora,
sizin bağlamanız skamyada qaldı.
Baxanda
gördük ki, təpədən dırnağa qara
geyinmiş qadındır - bütün gün gah kilsədə,
gah tövbə kürsüsünün böyründə
dolaşanlardan biri.
-
İşə bax ey, - arvadım özünə gəldi, -
sağ olun, tamam unutmuşdum.
Tez
"bağlama"nı götürüb kilsədən
çıxdıq: nə ölüydük, nə diri.
Küçədə
arvadım yaxşı qazanca hesablanmış, intəhası
bazarda malına heç kəsin həvəs göstərmədiyi
satıcı kimi dil-boğaza qoymurdu.
- Bədbəxt
balam, heç kim yiyə durmaq istəmir, heç kimə
lazım deyil...
İndi o
yenə nimdaş paltarında tövşüyə-tövşüyə
irəli səkir, ayaqları sanki özü onu dartıb
aparırdı. Müqəddəs Həvarilər meydanına
çatanda kilsənin qapısı hələ açıq
idi. İçərinin geniş olduğunu gördük,
işıq da az idi.
Arvadımın
pıçıltısını eşitdim:
- Əsl
münasib yerdir.
Qəti
addımlarla yan hücrələrdən birinə keçib
uşağı skamyanın üstünə qoydu, bu dəfə
dua etmədən, xaç çəkmədən tələsik
çıxışa cumdu, sanki yer ayağının
altında yanırdı. Heç uşağın alnından
da öpmədi. Amma bir-iki addım atmışdı ki, qəfil
bağırtı səsi kilsəni başına
götürdü. Uşağın yemlənmək vaxtı
çatmışdı; öz vaxtını yaxşı bilən
körpə də oyanıb acından ağlamağa
başlamışdı. Bu çığırtıdan arvadım
lap başını itirdi: qaça-qaça əvvəl
qapıya cumdu, sonra geri atıldı, harda olduğunu
düşünmədən skamyada oturub körpəni
qucağına aldı, yaxasını da açdı ki,
uşağı əmizdirsin. Körpə hər iki əliylə
çılpaq döşdən yapışıb xalis canavar
balası kimi əmməyə başladı, elə həmin dəqiqə
də kobud, qaba səs eşidildi:
-
Allahın evində belə iş tutmurlar... Durun
çıxın burdan, haydı, küçəyə!
Bu, ağ
saqqallı qoca ponomar idi; səsi özündən təpərliydi.
Arvadım ayağa qalxdı, yaxasını düymələyib
uşağın başını örtdü, amma dilini dinc
qoymadı:
- Bəs
şəkillərdəki Madonna... o ki həmişə
uşaq əmizdirir.
Ponomar
cavabında nə desə, yaxşıdır:
- Həyasız
qadın, indi sən özünü Madonnaya tay tutacaqsan?
Bir
sözlə, kilsədən çıxıb
özümüzü Venesiyadakı balaca bağa verdik. Orda arvadım
yenə uşağa döş verdi, o da doyunca əmib
yatdı.
Yavaş-yavaş
axşam düşür, hava qaralırdı. Kilsələr
bağlanırdı, bizsə yorulub əldən
düşmüşdük. Elə yerimizdəcə oturub
qalmışdıq, ağlımıza fərli şey gəlmirdi.
Fikirləşirdim ki, gör lazımsız və mənasız
işə biz nə qədər vaxt sərf etmişik. Belə
düşündükcə lap ümidsizliyə
qapılırdım. Axırda arvadıma üz tutmalı
oldum.
- Qulaq as,
artıq gecdir, mən daha bacarmıram, bir qərara gəlmək
lazımdır.
- Bu sənin
balan, sənin qanındır, - arvadım özündən
çıxdı, - indi neyləmək istəyirsən, onu
it-pişik yemi kimi bir küncəmi ataq?!
- Yox ey, mən
elə demirəm. Amma belə şeyi, ya gərək heç
nə düşünmədən, gözünü yumub dərhal
edəsən, ya da heç etməyəsən.
- Yox, sən
sadəcə, qorxursan. Qorxursan ki, birdən mən fikrimdən
daşınıb onu təzədən evə apararam... Siz
kişilər hamınız qorxaqsınız!
Görəndə
ki ona bu dəqiqə söz deyiləsi deyil, məcbur qalıb
səsimin yumşaq yerinə saldım:
- Səni
yaxşı başa düşürəm, narahat olma. Amma sən
də başa düş: uşağımızın
başına lap nə iş də gəlsə, yenə ona
Tormarançoda, bizim mətbəxsiz komamızda böyüməkdən
yaxşı olacaq. Bundan arxayın ol. O xarabada qışda
qurdların, yayda milçəklərin əlindən tərpənmək
olmur.
Bu dəfə
heç nə demədi.
Hara
getdiyimizi özümüz də bilmədən via Nasionalla üzüyuxarı,
Neron qülləsinə doğru irəlilədik. Qüllənin
arxa tərəfində, bir az aralıda tamamilə adamsız
olan bir küçə var. Görəndə ki darvazaların
birinin qabağında boz rəngli boş maşın
dayanıb, beynim dərhal işə düşdü:
maşına yaxınlaşıb dəstəyi burdum, qapı
açıldı.
- Tez ol,
münasib məqamdır, qoy onu arxa oturacağa, - arvadıma
dedim.
Sözümə
qulaq asdı - uşağı oturacağa qoydu; mən də
tez qapını örtdüm. İşin hamısını
bircə dəqiqənin içində gördük. Sonra
arvadımın qolundan yapışdım və biz Kvirinal meydanına tərəf
qaçdıq.
Meydan
boş və qaranlıq idi. Yalnız sarayda bir neçə fənər
yanır, məhəccərin arxasından isə Romanın
sayrışan işıqları görsənirdi. Arvadım fəvvarənin
yanındakı skamyada oturdu. Büsbütün
qıvrılıb yumağa dönmüşdü.
Üzünü yana tutub birdən elə hönkürdü
ki, gəl görəsən!
Soruşanda
ki noldu axı, nədi səni qəfildən ağladan, nə
desə, yaxşıdır:
- Körpəni
ora qoyandan elə bil boş qalmışam, nəyimsə
çatmır... qucağımda, sinəmdəki yerində nəsə
çatışmır...
-
Aydındır, əlbəttə, səni başa
düşürəm... Amma keçib gedəcək.
Çiyinlərini
çəkib ağlamağa davam elədi, amma birdən-birə
göz yaşı qurudu; necə
ki küləkdə daş küçənin
yağışı quruyar, bax o cür. Qəfil yerindən
sıçradı, barmağını saraya tuşlayıb
çığırdı:
- İndi
gedərəm ora, kralın yanına keçib
hamısını ona deyərəm!
- Dayan
görüm ey, - tez qolundan yapışdım. - Bəyəm,
orda kral var? Başına hava gəlib sənin? Bilmirsən,
kral nə vaxtdandı yoxdur?
- Mənə
nə dəxli?! Kralın yerində kim oturubsa, ona deyərəm.
Orda kimsə var da! Kimsə olacaq da!
Bir
sözlə, əlimdən çıxıb darvazaya cumdu.
Yaxşı ki arxasınca ümidsizcəsinə olsa da
qışqırdım; qışqırmasaydım, hökmən
bir qalmaqal yaradacaqdı.
- Qulaq as,
mən fikrimi dəyişdim! Gəl gedək maşının
yanına, uşağı götürüb özümüzə
saxlayaq. Nə fərqi var: bir uşaq az, bir uşaq çox...
Görünür,
bu fikir bayaqdan başında fırlanırmış,
çünki kralla görüş barədəki təzə
xəyalını dərhal beynindən
sıxışdırıb çıxartdı.
- Görəsən,
hələ ordadır?
Bunu deyib
boz maşının dayandığı küçəyə
tərəf cumdu.
- Niyə
olmur kı?! Hələ heç beş dəqiqə keçməyib.
Doğrudan
da, maşın yerində idi. İntəhası arvadım
maşının qapısını açanda sifətindən
müştəbehlik yağan orta yaşlı harın bir
kişi darvazadan bayıra çıxdı və işi belə
görcək qışqırdı:
- Dayan!
Dayan görüm! Mənim maşınımda nə işiniz
var?
- Mənim
işim özümünküylədir, - arvadım kişiyə
tərəf dönmədən cavab verdi və
uşağı oturacaqdan götürmək üçün
aşağı əyildi.
Ancaq
kişi səsini kəsmədi:
- Siz orda
neyləyirsiniz, nə götürürsünüz?
Maşın mənim maşınımdır... Başa
düşürsünüz? Mənimkidir!
Gərək
bu yerdə arvadımı görəydiniz! O, dikəlib
kişinin üstünə atıldı:
- Səndən
kim nə götürür ki? Qorxma, səndən heç nə
oğurlayan yoxdur, sənin maşınına isə
tüpürməyim gəlir. Bax belə...
Və
doğrudan da qapıya tüpürdü.
- Bəs
o bağlama nədir? - kişi çaşqın halda soruşdu.
-
Bağlama deyil, öz oğlumdur... Baxa bilərsən!
Və
uşağın üzünü açıb kişiyə
göstərdi, ardınca yenə gözünü yumub
ağzını açdı:
- Belə
qəşəng oğlanı sən öz arvadınla
heç vaxt düzəldə bilməzsən, lap dünyaya təzədən
gəlsən də... Özün də məni tutub saxlamağı
ağlına gətirmə, yoxsa, qışqırıb polis
çağıraram, deyərəm uşağımı
oğurlamaq istəyirdin.
Bir
sözlə, kişinin üstünə elə
düşmüşdü ki, yazığın ağzı
açıla qalmışdı, sifəti pörtüb
qızarmışdı - az qalmışdı o
dünyalıq olsun. Nəhayət, arvadım kiridi, geri
dönüb kişinin böyründən sakitcə
ötüb keçdi və yol ayrıcında gəlib mənə
çatdı.
İtaliya
yazıçısı Alberto Moravia
Dilimizə
çevirdi:
Mahir
N.QARAYEV
Ədəbiyyat
qəzeti.- 2024.- 7 sentyabr, ¹34.- S.10-11.