Bağlayıcı düyünlər

 

Bir məqamda, insan başını aşağı salıb qaldırdığı anda nəsə yanıb sönür, bu, insanın qəlbindən gözünə çarpan ən sirli nəsnədir...

 

Ən müxtəlif, bir qayda olaraq seçib oxumadığın, sadəcə, qarşına çıxan bədii mətni oxuyanda həmin o görüntü (bəlkə də xəyali, yalnız özünə etiraf etdiyin nəsnə...) səni məşğul edir. İrihəcmli, böyük romanların bezdiriciliyini pozan, onları rels üstünə salan məqamlardan biri elə budur. Həmin bağlayıcı məqamlar, detal və elementlər olmasa, o mətnlər haqqında hansısa janrın ölçüsündə danışa, düşünə və həsb-hal edə bilməzsən. Elçininlüm hökmü" romanında o dəhşətli taun səhnəsinə qədər, həmin səhnənin bütün dəhşətini anlamaqda sənə kömək edən bağlayıcı düyünlər kimi. Romanda müəllimin qızının birdən xəstəliyə tutulması və buna əlac tapılmaması artıq qarşısıalınmaz xəstəlik və taun strixiyası yaradır. Hər bir bədii mətndə - roman mətnində bu külək mütləq əsməlidir.

Anarın "Qatardan qalan adam" hekayəsində mətndə bir-birinə sarıla-sarıla gələn əhvalatların, insanın şad-xürrəm halının qəfildən dönməsi, taledə olanların, qədərdə "nəzərdə tutulanlarn onun həyatını cəhənnəmə çevirməsi, belə olacağını heç zaman unamadığı psixoloji halətin - hamıyla birgə ölmək sevincinin (bəxtəvərliyinin) hekayənin məlum süjet xəttini "dağıdıb" şaxələndirməsi real və irrasional, şüur və şüursuzluğun sərhədində baş verir və insan ilk və son dəfə yaşadığı həyatı ciddiyə alır. Bu elə bir sərhəddir ki, insan bütün dəhşəti ilə geridə qalanların cazibə qüvvəsini hiss edir. Bu hekayədə, müəllifin bütün əsərlərində olduğu kimi, sözlər hərəkəti, necə deyərlər, "çox yumşaq" şəkildə - "soft" biçimdə hiss etdirir (bir az dar çəkmələrini çıxardı...). Əlacsız məqamın insan üçün yaratdığı mühit ona burdan qurtula bilməyəcəyini bildirsə də, insan son gücünü toplayıb müqavimət göstərir. Anarın əksər əsərlərində olduğu kimi düzxətli effekti hiss etdirən süjet qəfildən parçalanır, başqa bir mühit yaradır, bu üslubun yaratdığı mühitlər arasındakı qovğa mətnin hər bir nöqtəsində çırpıntılar yaradır (eqzistensial poetika).

"Qatardan qalan adam" hekayəsində bədii mətn məlum süjetin dəyişərək özünə, yəni inkişaf stixiyasına qarşı parçalar yaratması sayəsində gah ləngərlə, gah da çox sürətlə yaradılır. Bədii mətni təşkil edən bir-birinə zidd hissələrin qovuşub, daha doğrusu, təmasa girib tamamlandığı anda, bir də parçalanıb dağılmasını müşahidə edirik. Bu zəncirvari proses ümumən müəllifin süjetqurma poetikasına xas olan əlamətdir. Ümumən "Qatardan qalan adam" zahirən bilinməsə də, çox əndişəli dinamikaya malikdir. Fikirdə, düşüncədə (yuxuda, xəyalda...) dövr edən amansız yozmaların gerçəkliyə çevrilməsi həm ictimai sferanı, həm də insanın daxili aləmini bəlləyir. Hamıyla birgə ölməyin bəxtəvərliyi nə deməkdir, bu nə könül rahatlığıdır? Bircə şey deyə bilərik: bu detal bütün ictimai münasibət və sferanı ələkdən keçirib nazildən bir detaldır. "Yaxşı padşahın nağılı"ndan süzülüb "Gözmuncuğu"na dönən mineppe, janr ölçüsü burda da dəyişmir, əksinə, genişlənir, dünyanı, bütün dünyanı qapsayır. Dünya nə gündədir...

Burada janr, mineppe bir sıra janrların sərhədində formalaşır, mətndə sözlərin kəskin, insanı həyəcana gərib yaraladığını hiss etdirməsi məhz alt janrların qovuşub ayrılma, bütövü yaradarkən ondan biryolluq ayrılma stixiyasını doğurur. Bəzi sözlər işləndikləri məqama görə insani münasibətləri faş etdikləri kimi, bəzi hadisələr də bu janrda insanın dilə gətirməyə çəkindiyi hissləri çox açıq şəkildə faş edir, elə bir məqamda ki, qorxmursan, bu söz sənin dünyada son sözünmüş kimi səslənir. İnsan ölərkən nə danışa bilər ki? Amma bu vəziyyətdə sal divar kimi daş parçasının üstünə gəlib bütün dünyanı dağıdacağı halda, sənə o son sözü demək fürsəti verilir. Bu dəhşətdir.

 

Cavanşir YUSİFLİ

 

Ədəbiyyat qəzeti.- 2024.- 7 sentyabr, №34.- S.13.