Atlılar,
qanadlılar
Bineyi-qədimdən
adamlar quşlara həsəd aparıblar, çünki özləri
qanadlanıb uçmağı
bacarmayıblar. Bəlkə içlərindəki yekə
qibtəyə görə diri tuta bildikləri quşları qəfəsə
salmağı, qəfəsdə saxlamağı
xoşlayıblar? Özləri isə gah uçan xalça
uydurublar, gah bər-bəzəkli hava şarı düzəldiblər,
gah da röyada göy üzünə qalxıb yalnız vaqeədə,
yuxuda uçublar. Düzdü, deyirlər, göz
qırpımında ruhları hər iki dünyanı
dolaşıb geri qayıdan müqəddəslər də
olub. Amma bu qəliz, dolaşıq
söhbətdi, sənlik deyil. Yekəxana
danışmayım, bu söhbəti xırdalamaq heç mənlik
də deyil, sonsuzacan üzbəsurət oturub çək-çevir
eləsək də, bir yana çıxa bilməyəcəyik.
Əlqərəz,
axır ki, illər, qərinələr, əsrlər ötəndən sonra quşlara həsəd aparanlar
özləri qanadlana bilməsələr də, dəmir təyyarələr
yaradıb buludları yaxından seyr elədilər. Fərqinə
varmadılar ki, uça bilməmələrinin,
qanadlarını itirmələrinin günahı elə
özlərindədi. Belə nəql eləyirlər ki,
qurbanolduğum cəmi məxluqatı qanadlı
yaradıbmış, intəhası, günaha batıb
qadağanı pozanlar, loru dillə desəm,
cızığından çıxanlar qanadlarından məhrum
olub. Bəzi rəvayətlərdə
"atlılar-qanadlılar", kəlməsi də yəqin
elə buna görə işlənilir. Tamam günah içində
çabalayanlarsa, nəinki qanadlarını, get-gedə
ayaqlarını da itirib, qalıblar sürünə-sürünə...
Yəqin bizim ömrümüz çatmaz bunu görməyə,
ancaq yüz faiz əminəm ki, Adəm övladlarının
da axırı elə sürünməklə bitəcək. Bəlkə
də ayaqlarını itirmədən sürünəcəklər.
Başa düşməyəcəklər ki, uçmaq bir
yana, yerimək də yasaqdı onlara. Daha doğrusu, yasaq-zad
deyil, di gəl, əndazədən çıxıb tamam
ağ elədiklərinə görə yerişlərini
itiriblər, qalıblar sürünə-sürünə... Uçmaq
uçün qov kimi yüpyüngül olmaq gərəkdi,
beşikdən-qəbrəcən sərvət yığan,
var-dövlət hərisi olan necə qanadlana bilər?
Övladlarından, törəmələrindən tutmuş,
qızıl-gümüşünəcən, pul-paranacan
heç nə sənin deyil, o yekəlikdə
ağırlıqla göy üzünə, səmaya, asimana,
yüksəlmək mümkün olmayacaq, uzaqbaşı, yerin
altına gömüləcəksən... Bir ayağı gorda
olanlar belə dünyaya indicə gəliblərmiş kimi sərvət
hərisidilərsə, məxluqata necə, nə təhər,
nədən öyüd-nəsihət verəsən? Əslində
bütün öyüd gözlərinin qabağındadı.
Deyirlər, əməlisaleh bir kişinin qəflətən
gözünə bədheybət bir varlıq
görünür, kişi vahimə içində soruşur
ki, sən kimsən? Həmin bədheybət də sakitcə
deyir ki, Əzrayılam. Kişinin zəhri yarılır,
güc-bəla ilə xəbər alır ki, məndən nə
istəyirsən? Əzrayıl gülümsünür ki,
qorxma, hələ sənin əcəlin çatmayıb, sən
din-iman adamısan, de görüm, vaxtı yetişəndə
sənin canını necə alım ki, könlün xoş
olsun? Kişi qayıdır ki, elə də, belə də, fərqi
yoxdu, hərəmiz bir can borcluyuq, canı alınanın
könlü xoş ola bilməz, necə yazılıbsa, eləcə
də alarsan canımı, halal xoşun olsun, sən əmr eləyən
deyilsən, icraçısan, amma canımı
almamışdan qabaq mənə xəbər verərsən
ki, yır-yığış eləyim, bu dünya ilə
tamam-kamal üzlüşməyə, vəsiyyət eləməyə
macal tapım. Əzrayıl razılaşıb qeyb olur. Nə
isə, ay ötür, il dolanır, bir gün yenə
Əzrayıl kişinin gözünə görünür ki,
əcəlin tamamdı, gəlmişəm sənin
canını almağa, day bu vaxta zərrəcə o yan-bu yan
ola bilməz. Kişi qorxudan vahimə içində dilini
ağzında zorla sürüyə-sürüyə
çaşqın-çaşqın mızıldanır ki,
axı sən mənə söz vermişdin ki, əcəlim
çatmamışdan xəbərdarlıq eləyəcəksən,
sən boyda mələyə yaraşarmı vədinə xilaf
çıxmaq, məzlum bəndəni aldatmaq? Əzrayıl
gülümsünür ki, səhvin var, ey bəni-Adəm, mən
vədimə xilaf çıxmadım, səni də
aldatmadım, yaxşı yadına sal, atan öldü, əmin
öldü, qardaşların öldü, arvadın
öldü, qonum-qonşun axirət dünyasına
köçdü? Bəs xəbərdarlıq ayrı nə təhər
olar?..
Sən
heç sərvət əsiri olan qanadlı görmüsən,
quş görmüsən? Cünki bir dəfə göy
üzünə qalxıb qanad çalmaq, dövrə vurmaq, süzmək
yerdəki bütün özülsüz, bünövrəsiz
ötəri, fani, gəldi-gedər var-dövlətindən,
cah-cəlaldan irəlidi... Ona görə adamlar həmişə
qanad açıb uçmaq həsrətində olublar, di gəl,
nəfslərinə də hakim kəsilə bilməyiblər,
nə yardan doyublar, nə əldən qoyublar, bir əldə
iki qarpız tutmaqla həlbət ki, yalnız dəmir
qanadlının içində əyləşib uçmaq
görüntüsü yaratmaq mümkündü. Sən
qanadlana bilmirsən, havada qala bilmirsən, uça bilmirsən,
səni bir anlığa göyə qaldırırlar, sonra da
layiq olduğun yerə endirirlər. Sən özünəbənzərləri,
Adəmlə Həvvadan törəyənləri aldada bilərsən,
əstəğfürullah, tanrıyasa kələk gələ
bilməzsən, Allah sənin, öz bəndəsinin kələkbazlığına
kinayə ilə, istehza ilə qımışır. Sən
yaradanı aldada bilsəydin, ölümsüz olardın, əbədi
olardın, axirət əzabından, məhşər mizan-tərəzisindən
qurtula bilərdin... Bu isə sənlik deyil, bunu heç vaxt
bacarmayacaqsan, ən azı, uçmaq istəyənlərə
daş atıb vurmağının, uçanların
qanadını qırmağının ucbatından...
Sürünməyə məhkumlar, gözdən pərdə
asanlar heç vaxt uça bilməz, çünki öz
gözləri həqiqətən, pərdəlidi.
Hamını aldatmaq istəyənlər ən əvvəl
özlərinə kələk gəlirlər, kim nə eləyirsə,
özü-özünə eləyir;
yaxşılığı da, pisliyi də...
Aş-qaşıq məsələsi bir yana, hansı daş-tərəzi
ilə çəkiblərsə, onları da eləcə, eyni
cür ölçəcəklər...
Yerdəki
heyvanlara baxanda quşların bəxti gətirib, adamların
bir elə əli çatmır onları incitməyə, tamam
"qapazaltı" eləyə bilməyiblər
qanadlıları. Özün bilirsən də, əvvəllər
kəndimizdə bir dənə yiyəsiz göyərçin
yox idi, indi il-ildən bəd gəlir, camaat özü
ac-yalavacdı, hərə öz hayındadı, day göyərçin
saxlayan azdı. Kimdi onlara dən alan? Ona görə yazıq
quşlar sahibsizlikdən vəhşiləşərək
artıb, yem, dən, su axtarışındadı bütün
günü, yerə bir ovuc tum tökürsən, bir dəstə
göyərçin qonur ətrafına, bir andaca dənələrin
axırına çıxır... Allah
kasıbçılığın üzünü qara eləsin,
baisin, insanlara, heyvanlara zülm eləyənlərin də
kökünü kəssin!..
Matdım-matdım,
təəccüblə
üzümə baxıb çaş-baş qalma ki,
bayaqdan molla var-dövlət yığanları, nəfsinə
hakim ola bilməyənləri lənətləyirdi, indi
kasıbçılıqdan gileylənir. Mən nə dediyimi
yaxşı bilirəm, hər şey qədərində
yaxşıdı. "Qədər" dünyanın ən
böyük sözüdü. Yüz mənası var, yüz
cürə yozulur. Bütün hallarda yerimək sürünməkdən,
uçmaq yeriməkdən yaxşıdı. Uçanda mələkmisal
olursan. Ona görə quşlar digər canlılardan, hətta
insanlardan da irəlidi. Cünki qanadlarını qoruya biliblər,
itirməyiblər...
Yaman əsnəyirsən,
bu gün çox işləmisən, yəqin
Əlpaşanın xarabasında. Amma çalış, zəhmət
haqqını bəri başdan al ondan, yoxsa, o əclaf
çox cığal adamdı, hərliyib-fırlayıb bir bəhanə
ilə sənin pulunu kəsəcək. Yəqin bilməmiş
olmazsan, çox adama pislik eləyib o. Allahsızın biridi,
ömründə məscidə-zada ayaq basmaz,
Allahı-tanrını tanıyan adam camaata pislik eləyə
bilməz axı... Məndən olsa, elə şələşür
adamdan uzaq olmağın məsləhətdi. Elə adamdan
aldığın pulun da bərəkəti olmaz. İntəhası,
yenə özün bilən yaxşıdı, uzaqdan məsləhət
vermək asandı, hərə öz işinin çəmini
daha yaxşı tapır...
Nə isə,
zəmanədən giley, adamlardan şikayət qocalıq əlamətidi.
Mən də day qocalmışam da, gərək
üzürlü sayasan. Şoğərib xəstəlik
yayılandan məscid bağlanıb, mən də
qalmışam boş-bekar... Bekarçılıqdan gəlib
səni salıram çənəmin altına, uzun-uzadı
deyinib sənin başını xarab eləyirəm. Gülmə-gülmə,
bilirəm ki, mənə könülsüz, candərdi qulaq
asırsan. Day mən gedim... Sənin üçün yarpaq
dolması gətirmişəm. Ürəyin istəyəndə
qızdırıb yeyərsən. Amma qatıq gətirmək
yadımdan çıxıb. Bura gəlib çatanda
baxmışam ki, qızım dolmanın yanına balaca bir
şüşədə qatıq qoymağı unudub. Zərər
yoxdu, mən özüm də bura gəlməmişdən
yemişəm, yaxşı dolmadı, nə təfavütü
var, elə qatıqsız ötüşdürərsən,
gedər. Əslində qatıq dolmanın dadını dəyişir,
qoymur damaq ətin təamından ləzzət alsın...
Mübariz
CƏFƏRLİ
Ədəbiyyat
qəzeti.- 2024.- 7 sentyabr, ¹34.- S.15.