Ov
Hekayə
Bəhram qapını
açıb hər tərəfin ağ örpəyə büründüyünü görcək öz-özünə: "Bəh, bəh!
Nə gözəl
havadı", - deyib uzunboğaz çəkmələrini
geyinib darvazadan çölə çıxdı
və ətrafı nəzərdən keçirib
küçə yuxarı
getməyə başladı.
Küçənin sonundakı
darvazanın ağzında
dayanıb qapını
döydü və bir az keçmiş,
qapı açıldı.
Sabahın xeyir, Cico.
- Aqibətin xeyir.
- Görürsən, nə gözəl havadı. Belə havada nə lazımdı? - Bəhram ətrafı nəzərdən keçirib
Cicoya baxdı.
- Nə lazımdı? - Cico sual dolu
baxışlarla Bəhrama
baxdı.
- Nə lazım olacağını bilmirsən?
Həmişə demirdin,
məni də ova apar.
Əsl ov havasıdı. Hazırlaş,
bir azdan gedək.
- Belə qarda?
- Bəs nə? Əsl yeyib-içməli,
ov havasıdı.
- İndi
mən neyləməliyəm?
- Çörəyini ye, əynini
geyin. Bir az da çörək, pendir götür. "Başı
xamırlı" da yaddan
çıxmasın, çöl
soyuqdu. Gedim Zülüyə də deyim, o da hazırlaşsın,
qayıdıram. Sən
də bir saata kimi hazır
ol.
- Oldu, - deyən Cico qapını örtüb evə getdi.
Aradan xeyli keçmiş Bəhram Cico da yanında Zülünün
darvazasının yanına
çatanda gördülər
ki, Zülü qapının
ağzında onları
gözləyir.
- Bəhram, bəs bunun tüfəngi hanı? - deyən Zülü əli ilə Ciconu göstərdi və güldü.
- Bu, tüfəngsiz ovçudu.
- Zarafatsız, Ciconun tüfəngi hanı? Ovu nə ilə
vuracaq?
- Ona tüfəng lazım deyil. Əgər sənin üçün çox maraqlıdırsa,
məsələyə aydınlıq
gətirim.
- Doğrudan, mənim üçün maraqlıdır.
Bu soyuqda, qara bata-bata hara gedir?
- Zülü, mən elə bilirdim ki, sən əməlli-başlı
ovçusan. Sənin heç ovçuluqdan anlayışın yox imiş.
- Sən elə danışırsan ki, elə
bil ovçu təkcə sənsən.
Mən tüfəng götürüb ov edəndə, sən hələ aşırmalı
şalvar geyinirdin.
Sözündən, səsinin ahəngindən
Zülünün incidiyini
hiss edən Bəhram üzünü Zülüyə
tutaraq dedi:
- Zülü, incimə, əzizim. Sualıma düzgün cavab versən, bilərəm
ki, doğurdan da, sən
ov edəndə mən aşırma şalvar geyinmişəm.
- Buyur, Boriq. - Zülünün sözünə
hər üçü
güldü.
- De görüm, ovçunun
ova getməsi üçün
nə lazımdı, Zülü?
- Tüfəng, bıçaq.
- Elə bu?
- Qalın pal-paltar, ov çantası, içində də yemək-içməyi, durbin,
belində qatardan əlavə, ehtiyat patron.
- Qurtardın?
- Hə, qurtardım. Məncə, daha heç nə qalmadı. Ovçu üçün lazım olan hər şeyi
sadaladım.
- Yaxşı, Zülü, sən sadaladıqlarının
hamısını biz götürmüşük?
Bir az fikirləşən Zülü, yanlarında onların söhbətinə
qulaq kəsilən Ciconun üzünə baxaraq güldü və dedi:
- Cico, sən bilərsən, mən sadaladıqlarımdan əlavə,
ovçu üçün
daha nə lazımdı? Görürəm,
sən bizim ikimizdən də ağıllı adamsan. Çünki biz ova tüfənglə,
sən tüfəngsiz
gedirsən, - deyən
Zülünün sözünə
gülüşdülər.
- Yox, Zülü, ovçu üçün
lazım olanların hamısını sadaladın.
Mənim fikrimcə, əlavə olunası bir şey yoxdur.
- Ovçu üçün
əsas lazım olanın adını çəkmədiniz. Bəhram
yoldaşlarına baxdı.
Zülü ilə Cico maraqla "Boriq, o nədi ki, biz bilmədik, amma sən bilirsən?"
- deyə soruşdular.
- Mən deyəndə ki, siz ovçu deyilsiniz, xətrinizə dəyir. İndi görürsən,
Zülü, səni yanımda hərliyə-hərliyə
ovçu eləmişəm.
Ciconu da sənin kimi öyrədib ovçu eliyəcəm.
- Yaxşı, bildik ki, sən yaxşı, təcrübəli ovçusan.
De görək, ovçu
üçün daha nə lazımdı ki, biz
bilmirik, amma sən bilirsən?
- Əsl ovçu üçün sizin sadaladıqlarınızla bərabər,
ov tulası da olmalıdır. Kinolarda görməmisiniz ki, ovun yaraşığı tuladı?
Ovu ürküdən,
vurulan ovu gətirən ov tulasıdı. Ov tulasının əziyyəti
ovçunun əziyyətindən
heç də az deyil, bəlkə
də çoxdur.
- Sənin sözünnən,
bizim tulamız yoxdur, onda biz ovçu deyilik? - Zülü ilə Cico hər ikisi
Bəhrama baxdı.
- Niyə, var. Heç tulasız da ova gedərlər?!
Zülü ilə Cico təəccüb qarışıq
maraqla: - Tulamız varsa, bəs hanı? Biz görmürük,
sən görürsən?"
- dedilər.
- Siz görə bilməzsiniz. Onu ancaq mənim kimi ovçular görə bilər, - deyən Bəhram yanınca addımlayan yoldaşlarına baxıb
gülümsündü.
- Göstər, biz də görək.
Zülü ilə Cico ayaq saxlayıb maraqla Bəhrama baxdılar.
Bəhram
yoldaşlarına baxaraq
güldü və dedi:
- Bəs, Cico nədi?
Zülünün qəhqəhəsindən tutulan Cico "Tüpürüm sizə də, sizin ovunuza da" deyib geri qayıtmaq istədikdə, Bəhram tez Ciconun qoluna
girərək, "Ə, axmaqlama,
hara qayıdırsan? Zarafat
edirəm", - deyib minnət eləməyə
başladı. Zülü
də Ciconun bir qoluna girərək,
"Boriqdi də, zarafat eləyir. Burda inciməli nə var?" - deyib Bəhrama dəstək oldu. Birtəhər Ciconun könlünü alaraq, qayıtmaq fikrindən daşındırıb
yollarına davam etdilər.
- Zülü, kolluqlara fikir ver. Buralarda dovşan çox olur. Rast gəlsə,
bir-ikisini vurardıq, günorta kabablayıb yeyərdik.
Bəhram
sözünü tamamlamışdı
ki, kolun dibindən dovşan tullana-tullana qaçmağa başladı.
Zülünün tüfənginin
açılmağı ilə
dovşanın havaya qalxıb qarda eşələnməyi bir
göz qırpımında
baş verdi. Dostlar sevincək özlərini dovşana çatdırdılar. Bəhram
dovşanın qulaqlarından
tutub havaya qaldırdı və dedi:
- Halaldı sənə, Zülü, tulalıqdan çıxıb əməlli-başlı
ovçu olmusan, - sözləri ilə Bəhram həm də Ciconun könlünü oxşamağa
başladı.
Bəhram
dovşanı Cicoya uzadaraq, - "Al, qoy çantaya, birini də vursaq, günorta yeməyimiz olacaq", - dedi.
- Yolumuz hayanadı, Boriq? - Zülü soruşdu.
- Qamışlı gölünə.
Göldə yaxşı
quş olur. Günorta yeməyini də gölün kənarında yeyərik.
Elə yaxşı deyil?
- Yaxşı fikirdi. - Zülü dostunun fikrinə dəstək oldu.
-
Zülü, sən o tərəfdən
hərlən, tək yulğunun yanına gəl, biz də bu tərəfdən gedək. Bəlkə, dovşannan-zaddan bir şeyə rast gəldik. Bəhram əli ilə Zülünün gedəcəyi
yerin istiqamətini göstərdi.
Vədələşdikləri yulğunun yanına çatanda Zülünün çantasında
iki dovşan vardı.
- Birini də mən vurmuşam, - dedi
Bəhram.
Gölün yanına çatan
kimi Bəhram dedi:
- Zülü, sən dovşanların adama birini soy, təmizlə,
biz də çır-çırpı
topalıyaq.
Bir azdan süfrə açıldı. Hərə
çantasında götürdüyü
çörəyi, pendiri,
arağı süfrəyə
qoydu. Sağlıqlar bir-birini əvəz etdikcə, şüşələr
də bir-bir boşalmağa başlayırdı.
Bəhram butulkanı götürdü ki, araq süzsün, baxdı ki, butulka boşdu. Əlini uzadıb o biri butulkanı götürdü. Gördü
ki, əlindəki butulka
da boşdu. Üzünü
yoldaşlarına tutaraq:
"Neçə şüşə
arağımız var idi?"
- dedi.
- Adama bir şüşə
gətirmişdik. Cəmi
üç butulka idi. - Zülü cavab verdi.
- Bəs burda dörd butulka var.
- Sənin gözünə elə görünür. Bilmirsən, başı xamırlını üç
içəndə dörd
saydırır adama? -
deyən Ciconun sözünə, "Hə...
Onu bilmirdim", - dedi Bəhram.
- Qalxın, görək göldə nə var, nə yox? - Zülü üzünü
yoldaşlarına tutdu.
- Siz gölün kənarında qamışlığı
ürküdün, quşlar
havaya qalxsın. Mən vuracam, siz daşıyın. - Bəhram tüfəngini hazırlamağa başladı.
Zülü: "Cico hürkütsün,
mən də atım", - dedi.
- Hə, Cico, sən qamışlığa
gir, quşları ürküt, Zülü ilə mən də vurum.
Cico qamışlığa girib
səs-küy saldı.
Bu zaman bir dəstə
quş havaya qalxdı. Bəhramla Zülü havaya qalxan quşlara atəş açdılar.
Bir quş havada bir-iki dəfə qanad çalıb sahilə yaxın yerdə suya düşdü.
Bəhram
sevincək çığırdı:
"Cico, tez cum suya, quş suya düşdü".
- Boriq, su dərin
olar, bataram, - deyən Cico qamışlıqdan cavab verdi.
- Ə, qorxma, qamışlığa
yaxın düşdü.
Sahilə yaxındı,
ora dayazdı, tez ol, - Bəhram
Ciconu tələsdirdi.
Arağın təsirindən çox
şeyi fikirləşmək
qabiliyyəti korşalmış
Cico özünü verdi gölə. Bir az keçmiş göldən çıxan
Cico titrəyə-titrəyə
əlində tutduğu
quşu Bəhrama uzadaraq: "al", - dedi və özü yaş paltarda sönmüş ocağın
kənarında bürüşdü.
Bəhram
quşu alıb o tərəf-bu tərəfinə
baxaraq, "Bu nədi,
ə?" - dedi.
Dişi-dişinə dəyən Cico güclə "bilmirəm" deyə bildi.
Zülü yaxınlaşıb quşu
Bəhramın əlindən
alıb o tərəf-bu
tərəfinə baxaraq:
"Boriq, nətər
ovçusan, görmürsən,
nədi? Qarğadı
də", - dedi.
- Qarğa nədi? Nə axmaq-axmaq danışırsan? Bu qarda,
soyuqda bir belə yolu gəlib elə bir qarğa vurmuşam? - deyən Bəhram acıqlı-acıqlı
Zülünün üzünə
baxdı.
- Yox, Boriq, iki
qarğa vurmusan.
- İki qarğa vurmuşamsa,
bəs, biri hanı?
- Boriq, vurduğun qarğanın biri budu, əlimdə ölüb. Biri də odu bax, sönmüş
ocağın kənarında
can verir. Narahat olma, uzağı, bir-iki saata o da öləcək. - deyən
Zülü donmuş Ciconu Bəhrama göstərdi.
- Hə... Yenə yaxşıdı. Gülləm
boşa getməyib.
Bir gülləyə iki
qarğa pis deyil, - deyən Bəhram baş verənləri dərk etmədən özündən
razı halda gülümsündü.
Fazil Sənan
Ədəbiyyat qəzeti.- 2024.- 7 sentyabr, №34.- S.22.