XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda ədəbi dil məsələləri -

Ön söz

 

 

 

Professor, Azərbaycan MEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədlinin "Ədəbiyyat qəzeti" oxucularına ünvanlanmış bu silsilə məqalələri Azərbaycan ədəbi dili tarixinin həm linqvistik, həm sosial-mədəni, həm də  siyasi-ideoloji baxımdan xüsusi maraq doğuran bir dövrünə həsr olunmuşdur.

 

Türkcənin təbii-tarixi diferensiasiyası nəticəsində təşəkkül tapan, orta əsrlərin sonu, yeni dövrün əvvəllərindən başlayaraq özünəməxsus ədəbi-normativ əlamətlərlə tarix səhnəsinə çıxan Azərbaycan dili XVII-XVIII əsrlərdə artıq nəinki ümumtürkcədən, hətta başqa oğuz dillərindən də əhəmiyyətli dərəcədə ayrılırdı. Və təsadüfi deyildi ki, XIX əsrin 30-cu illərindən etibarən, istər yerli, istərsə də əcnəbi dilçilik əsərləri Azərbaycan türkcəsi barədə müstəqil bir dil kimi bəhs etməklə yanaşı, türkologiyada (türk dilçiliyində) Azərbaycan  dilçiliyinin müstəqil bir sahə olaraq meydana çıxdığını xəbər verirdi. XIX əsrin sonu, XX əsrin əvvəllərinə gəldikdə isə, Azərbaycan türkcəsi, yaxud Azərbaycan dili artıq ədəbi səviyyədə yüksək funksional-üslubi göstəricilər nümayiş etdirirdi ki, bu, mükəmməl bir milli təfəkkürün (və millətin!) tarix səhnəsinə çıxması demək idi.

 

Əlbəttə, sözügedən dövr barədə heç də az yazılmamışdır. Xüsusilə, akademik Tofiq Hacıyevin əsərləri XX əsrin əvvəllərində Azərbaycan ədəbi dilinin müfəssəl mənzərəsini əks etdirir. Bununla yanaşı, hal-hazırda  türkologiyada ayrı- ayrı türk dillərinin dünəni, bu günü və gələcəyi müxtəlif mövqelərdən ciddi müzakirə obyekti olduğu günlərdə mövzuya yenidən qayıtmağın zəruriliyi aydın görünür. Əminəm ki, professor Nadir Məmmədlinin məqalələri Azərbaycan ədəbi dilinin tarixinə şübhə ilə baxanları, onun guya "sovet dövrü"ndə süni olaraq yaradıldığını iddia edənləri bir daha düşündürəcəkdir. Dil haqqındakı elmdən uzaq olub, onun qanunauyğunluqlarına etinasız yanaşanlara bəzən elə gəlir ki, iyirmi- otuz ilə bir dili tarixin arxivinə göndərib yenisini yaratmaq olar. Halbuki dahi Səməd Vurğun öz dövrünün dilinə "Vaqifin şirin  dili" deyirdi.

 

Sonda qeyd etməliyəm ki, professor Nadir Məmmədli bu məqalələri tərcümeyi-halı üçün əlamətdar olan altmış beş yaşı ərəfəsində qələmə almışdır. Elə bilirəm ki, elm adamı üçün ən böyük xoşbəxtlik özünün özünü bu cür əsərlərlə təbrik etməsidir. Və biz də kənarda qala bilmərik...

 

Nizami CƏFƏROV,

 

akademik

 

 

 

 

 

Nadir MƏMMƏDLİ

 

Filologiya elmləri doktoru, professor

 

XIX əsrin sonu, XX əsrin əvvəllərində

Azərbaycanda ədəbi dil məsələləri

 

Azərbaycan milli ədəbi dilinin formalaşmasının ağırlığı XIX əsrin sonu, XX əsrin əvvəllərinin üzərinə düşür. Bu zaman bütün funksional üslublar fəallaşır, nəsr forması önə keçir, yazılı ədəbiyyat şifahi xalq ədəbiyyatından ayrılır. Dövrün mədəniyyət xadimləri dil quruculuğu sahəsində köhnəliyə qarşı yeni formalar tətbiq edir, ədəbi dilimizin xəlqi, demokratik əsaslarla yenidən qurulub kütləviləşməsi üçün səylərini əsirgəmirlər. XVI əsrdən başlayan milliləşmə prosesi XIX əsrdə bütün dil yaruslarını əhatə edir, ictimai həyat təkmilləşdikcə dil də inkişaf edir. Dil hər bir xalqın təfəkkür güzgüsüdür - zaman keçdikcə cilalanır, xalqın tərəqqi göstəricisi olur. Onun inkişafının əsasını cəmiyyətin inkişafı, bu dildə danışan xalqın tarixi təşkil edir. Azərbaycan dramaturgiyasının və realist satirik nəsrin banisi M.F.Axundovun dili ilə müasir dilimizi müqayisə etdikdə, bir daha aydın olur ki, zaman keçdikcə ədəbi dil normalarımız yalnız əvəzetmə, seçmə əməliyyatı ilə daxili imkanlarına və ümumxalq danışıq dilinə arxalanır. Yaşadığı dövrdə dil sinfi səciyyə daşısa da, M.F.Axundov ona yalnız xalqın başa düşməsi meyarı ilə yanaşmışdır. Ona şöhrət gətirən, tanıtdıran əsərlərinin dilində məhz milli koloriti mühafizə etməsidir.

M.F.Axundov yeni dövrün yetişdirdiyi böyük sima, əsrlər boyu Azərbaycan xalqının yaratdığı mədəniyyətin məntiqi, qanunauyğun bəhrəsidir. Nəhəngliyi bundadır ki, kimsənin yolunu təkrar etməmiş, zamanın ən müasir məsələlərinin yaradıcısı olmuşdur. Şərq xalqları içərisində ərəb əlifbasının islahı, yeni əlifbanın yaradılmasının təşəbbüskarı da məhz M.F.Axundov olmuşdur. Onun fikrincə, əlifba yazı və oxu üçündür; savadlanmaq və maariflənməklə mədəni yüksəlişə çatmaq olar. Ərəb əlifbası Azərbaycan dilinin səs tərkibini lazımınca əks etdirə bilmir. "Müsəlman xalqları içərisində elə bir uşaq tapılmaz ki, müsəlman əlifbasına nifrət bəsləməmiş olsun. Çünki bu əlifbanı öyrənmək, ona birinci günlərdə riyaziyyatı öyrənmək qədər çətin gəlir"( M.F.Axundov. Əsərləri. III c., Bakı, 1962, s.78). Millətin tərəqqisi elmə yiyələnməkdir, bütün işlərin əsası bilikdir, bilik isə əlifbanın asan olub-olmamağından asılıdır. Bunun üçün ana dilində yüksək səviyyəli təhsil və hamının başa düşəcəyi, dilin tələblərinə cavab verəcək əlifba lazımdır. M.F.Axundovun yeni əlifba uğrunda yorulmadan, əzmlə apardığı mübarizə onun xəlqiliyi və demokratik görüşləri ilə bağlıdır. Vəfatından sonra əlifba məsələsi ardıcılları tərəfindən inkişaf etdirildi və XX əsrin əvvəllərində öz həllini tapdı.

M.F.Axundov nitqdə məzmun gözəlliyinə, bu gözəlliyin reallığı düzgün əks etdirməkdə görür; şeirdə emosional təsir hüzn və fərəh oyatmaqda "ziyadətər" olduğundan, bədii zövqü korlayan, bununla da "məzmun gözəlliyi"nə xələl gətirən söz və ifadələr işlədilməməlidir, ədəb qaydasından kənara çıxan "həcviyyat"a yol verilməməlidir. Fikrin dərinliyini başlıca şərt hesab edən ədib "gözəl məzmun tapmağ"ı Allah vergisi hesab edir: "...şeir əlahiddə bir bəxşi-ilahidir və maddeyi-qabiliyyəti şair xudadəddir və təhsil və tərbiyət o maddənin ancaq inbisatına və əşarın artıq zinaətinə bais olar. Adam yalnız belə əşarı... oxuyanda müstəme inana bilir ki, şeir vaqiən ləzzətə bais olurmuş" (M.F.Axundov. Əsərləri. II c., Bakı, 1961, s.202-203.). O, məsnəvi üsulunda yazılan "hekayəli" şeir formasını daha üstün tutur, inandırmağa çalışır ki, "məsnəvi tərzində hekayəli şeir rəğbətli məzmun" daşıyır, "elə bir məzmun ki, oxucu ondan həzz alır və müəllif bunun sayəsində ad qazan"ır ( II c., s.250). Mətləbi açıq - pərdəsiz, rəngsiz-boyasız, hər kəsin başa düşdüyü üslubda ifadə etməyin tərəfdarıdır. Maraqlıdır ki, ədib XIX əsrdə geniş yayılmış "ata məhəbbəti şivəsində" (şivə mənasındadır - red. N.M), "mülayim, moizə-nəsihət" üslubunda yazılan əsərlərin təsirsiz olduğunu, insanlar arasında bəd əməlləri ortadan qaldıra bilmədiyini qeyd edir. Mirzə Məhəmməd Cəfər Qaracadağiyə ünvanladığı məktubda yazır: "Əgər nəsihət və moizənin insanlara təsiri olsaydı, mərhum Şeyx Sədinin "Gülüstan" və "Bustan" əsərləri əvvəldən axıradək nəsihətdir. Bəs nə üçün İran camaatı 600 ildən bəri onları oxuyur, lakin oradakı nəsihət və moizələrə əsla əhəmiyyət vermir?" (II c., s.246). "Kəmalüddövlə məktubları"nın kəskin, sərt üslubundan narazılıq edən dostuna cavabında yazır: "Siz Kəmalüddövlənin ata nəsihətlərini eşitmək təmənnasında olmayın! Birdəfəlik bilin ki, nəsihət və moizə istər ata məhəbbəti ilə olsun, istərsə də cəhənnəm qorxusu və buna oxşar başqa təhdidlər altında söylənilsin, fərqi yoxdur, insan təbiətinə heç bir təsir edə bilməz" ( II c., s.248). Ona görə də moizə və nəsihəti yox, tənqid və rişxəndi daha üstün tutur, çünki ədəbi-bədii dil "qayətdə təsirli olmalıdır". Gəldiyi nəticəyə görə, yumşaq-mülayim ifadə tərzi, moizə və nəsihətlər insanların təbiətindən bəd əməlləri təmizləyə bilmir, bu, köhnə ifadə tərzidir. Bu çətinliyi aradan qaldırmaq üçün ifadə üsulunu dəyişmək lazımdır, tənqidi-istehzalı üslub daha oxunaqlıdır. Bəs tənqidi oxunuşa bu qədər maraq haradan qaynaqlanır? Müəllif cavabını belə verir: "Ümdə səbəb budur ki, tənqidi əsər istehza, gülgü və məsxərə yolu ilə yaranır" (III c., s.247).

M.F.Axundov yeni tipli bədii nəsrin, dramaturgiyanın əsasını qoymuş, Azərbaycan ədəbi dilinin gözəl nümunələrini yaratmışdır. M.Cahangirov milli təşəkkül mərhələsində Azərbaycan ədəbi dilinin aparıcı üslublarından danışarkən, "Aldanmış kəvakib"lə yanaşı, bədii üslubun nəsr qoluna aid başlıca seçmə dil-nitq materialını özündə birləşdirmiş dram əsərləri, hətta fəlsəfi traktatları, məktublarının dilini fərdiləşdirir və qeyd edir: "M.F.Axundov tiplərinin tərbiyə və davranışını düzgün əks etdirən söz və ifadələr işlətməklə şüur və inkişaf səviyyəsinə uyğun cümlələr qurur, surətlərin nitqinə üstünlük verib, tiplərin danışıqları ilə bir-birilərini səciyyələndirir, oxucu və dinləyiciyə kömək üçün hadisələri qabarıqlaşdırıb, bununla da dərkedilməni asanlaşdıran ifadələr işlətməklə, bütün bunları sadə, aydın, bitkin, yığcam bir dillə ifadə edib qüvvətli bədii təsir oyadır" (M.Cahangirov. Milli təşəkkül mərhələsində Azərbaycan ədəbi dilinin aparıcı üslubları. Bakı, 1989, s.175.).

"Aldanmış kəvakib" əsəri klassik üslub tərzindən milli dilə keçid mərhələsi üçün səciyyəvi olan nitq-ifadə formaları ilə zəngindir. Yəni bu əsərdə klassik üslubla xalq ədəbi dili qovuşur - yüksək rütbəli əyanların nitqi klassik ədəbi dilin ali üslubunda, sadə xalq nümayəndəsi Yusif Sərracın və ya müəllifin təhkiyəsinin dili milli dil üslubunda verilir. Məsələn, münəccimbaşı və müəllifin dilindən:

"Baharın əvvəli idi, novruzdan üç gün keçmişdi. Şah Abbas günortadan üç saat keçmiş qəsrdə öz məhbubəsi Səlma xatun ilə oturub söhbətə məşğul idi ki, xacəbaşı xacə Mübarək içəri girib, kürnuş edib ərz elədi ki:

Münəccimbaşı Mirzə Sədrəddin qibleyi-aləmin ziyarətinə müşərrəf olmaq istəyir, bir vacib işdən ötrü.

Şah Səlma xatuna işarə etdi ki, hərəmxanaya getsin və xacəyə buyurdu ki:

Mirzə Sədrəddini çağırın, gəlsin!

Münəccimbaşı şahın hüzuruna daxil olub kürnuşdan sonra əl-əl üstə qabaqda durub, dua və səna etdi. Şah soruşdu ki:

Mirzə, nə var?

Münəccimbaşı ərz elədi ki:

Qibleyi-aləm sağ olsun, bu övqat kəvakibin seyrindən belə məlum olur ki, novruzdan on beş gün keçmiş Mərrixin Əqrəb ilə iqtiranı vaqe olacaq..."

Vəzir Mirzə Möhsünün nitqindən:

"- Bu bəndeyi-kəminənin ixlası dövləti-əliyyəyə nisbət bədihiyyatdandır. Əlbəttə, qibleyi-aləmin xatirindədir ki, pedəri-büzürgüvarlarının əyyami-səltənətində bir para naqisül-əql kimsənələrin vəzarətə mübaşirəti olmaq səbəbilə xəzineyi-amirə nə mərtəbədə nüquddan xali olmuşdu. Bu keyfiyyətə hali olduqda mən tədbirinə iqdam etdim və qərar qoydum ki, çakərani-dərgahdan hər kimsə ki, bir şüğlə və ya bir vilayətin hökumətinə mənsub olsa, fəraxuri-halına görə bir məbləğ berəsmi-peşkəş xəzinəyə təslim etsin və əlavə hər zaman ki, qibleyi-aləm bir əmirin kaşanəsini təşrifi-qüdumu ilə mübarək etsə, sahibi-kaşanə əqmişeyi-nəfisə payəndaz və bir miqdar pul peşkəş eləsin" (M.F.Axundov. Bədii və fəlsəfi əsərləri. Bakı, 1987, s.171-172.).

Burada təkcə obrazların dili dəyişkən deyil, onların nitqi müxtəlif şəraitlərdə, vəziyyət və münasibətlərdə, əhval-ruhiyyədə, kimlərə müraciət etmələrində fərqlidir; bəzən belə əks üslubları eyni tipin nitqində də canlandırır. Povest ədəbi dilimizin klassik təmtəraqlı üslubdan xəlqiləşən milli dövrə keçid kimi mürəkkəb və ziddiyyətli inkişafı əməli şəkildə əks etdirir.

Ədib nəsr yazılarında qafiyəyə əhəmiyyət verməməyi tövsiyə edir. Onun fikrincə, qafiyə xətrinə yazılarda artıq sözlər işlədilir və vacib olmayan mənalar meydana çıxır. Bu üsul ərəblərdən bizə yadigar qalmışdır. Lakin bu aydın bir səhvdir, onu yazıda gözəllik şərtlərindən saymaq olmaz. Fəsahətli kəlam ondan ibarətdir ki, müxtəsər və aydın olsun (III c., s.25).

Janr problemini müxtəlif vasitələrlə sənətin tərbiyəvi mahiyyəti ilə əlaqələndirir. M.F.Axundov dramı "sənətlərin ən şərəflisi" hesab edir. Onun dram əsərlərində də klassik nəsrin mürəkkəb silsilələri milliliklə müvaziləşir, tiplərini dil-nitq, ictimai şüur, dünyagorüşü, yaş və cinsinə, təhsil və tərbiyəsinə və s. xüsusiyyətlərinə görə fərdiləşdirir. Burada da tipin dili ilə müəllif remarkasında xeyli fərq vardır. Belə bir dramaturji şərtə əməl edir: "Dram sənətinin şərtləri tələb edir ki, məclis üzvlərinin hər birinin işi onun danışığından tamam diqqətlə seçilsin" (II c., s.233). Pyeslərinin bədii materialını, mövzusunu dərin müşahidələri əsasında romantik dona bürümədən xalqın həyatından, real məişətdən götürmüş, ən tipik xüsusiyyətlərini qələmə almışdır. Böyüklüyü ondadır ki, obrazlarının xarakterini çox obyektiv və inandırıcı şəkildə yaratmışdır; komediyalarında əsas fikir süjetin inkişafından, xarakterlərin toqquşmasından doğur. Konkret xarakteri, tarixi tipikliyi və milli orijinallığı ilə yadda qalan tipləri heç vaxt ikrah hissi doğurmurlar.

Komediyalarındakı xalq dilinə məxsus söz və ifadələri, idiom, frazeoloji birləşmələri, atalar sözü və məsəlləri yazılı dilimizə ilk dəfə məhz o gətirmişdir. M.F.Axundov dilimizin tükənməz sərvətlərinə mükəmməl yiyələnmiş, səciyyəvi xüsusiyyətlərinə, qrammatik qanunlarına, leksik-semantik çalarlara, xalq dilinin zəngin və rəngarəng söz ehtiyatına, feodal dövrünün müxtəlif ictimai təbəqələrinin nitq normalarına, üslublarına dərindən bələd olmuş, dram əsərlərində - personajların nitqində onlardan məharətlə istifadə etmişdir. Cəmiyyətdəki imtiyaz və mövqeyinə görə seçilən bu surətlərin nitqi fərqlidir, onları özünəməxsus cizgilərlə fərqləndirir. Məsələn:

"Heydər bəy. Pərvərdigara, bu necə əsrdir? Nə at çapmağın qiyməti var, nə tüfəng atmağın hörməti var! Sabahdan axşamadək, axşamdan sabahadək arvad kimi dustaq alaçığın içində oturasan. Dövlət dəxi hardan olsun, pul hardan olsun? Ah, keçən günlər! Keçən dövrlər! Hər həftədə, hər ayda bir karvan çapmaq olurdu, bir ordu dağıtmaq olurdu. İndi nə karvan çapmaq olur, nə ordu dağıtmaq olur...

Hacı Qara. Allah kəssin belə bazarı! Belə alış-verişi. İt oğlu qədək, şilə verənin əli qurğuşun imiş! Üç aydır Qalada (Şuşa - red. N.M.) almışam, gətirib beş top satmamışam! Heç kəs malın üzünə baxmır. Deyəsən, ölətdən qırılanların sovxasıdır. Heç kəs yovuğuna gəlmir. Bu bazar ilə mən bir ilədək də buları satıb qurtara bilməyəcəyəm. Evim yıxıldı getdi!...

Hacı Qara. Allah bərəkət versin! Ağrın alım, mal ki, yaxşı oldu, bazar heç vaxt kasad olmaz. Günbəgün satılır. Dünən dükan lap boşalmışdı. Qalaya sifariş eləmişdim, qulbeçəniz bu malı təzə göndəribdir. Elə bu gün yığıb doldurmuşam. Hacı qadanızı alsın, hər nə qədər istirsiniz, seçin. Getdiyim Kəbeyi-beytüllah haqqı, Qurana and olsun, peyğəmbər haqqı, oğlum Bədəlin toyun görməyim, yalan deyirəmsə, tamam Ağcabədidə bundan yaxşı qədək və çit heç kimdə tapmazsınız! Buların qumaşı özgə qumaşdır. Müştəri macal vermir, göydə götürür. Sabah bura güzaranız düşsə, buların birin də dükanda görməzsiniz. Alın, aparın!

Molla İbrahimxəlil. Dəxi ki, gəlibsiniz, laməhalə gərəkdir ki, iksir kürədə qaynadığı yerdən uzaqlaşmayasınız. Necə ki, qanuni-kimya təqaza edir, bəşərti ki, əgər öz xeyrinizi axtarırsınız və mənim sizin haqqınızda çəkdiyim cəfanı itirməzsiniz, iksir butədən çıxıb tamam olan zamana qədər ki, bir saatdır başlanıb, itmamına iki saat qalıb, gərəkdir ki, meymunu yadınıza salmayasınız. Və meymun şəklini xatirinizə gətirməyəsiniz...

Molla Salman (yoldaşlarının halətindən və təsdiqindən cürətlənib cavaba iqdam edir). Ağa, tamam dağların heyvanatı meymun şəklinə, böyük həmdunələr sifətinə dönüb, uzun quyruqları ilə nəzərimdə basışırlar, üstümə hücum gətirirlər. Uf, bilmirəm necə edim, hara qaçım! Uf, lənətə gələsiniz, meymunlar!... Lənətə gələsiniz, həmdunələr!

Divanbəyi. Ey camaat, sizdən ötrü indi ibrət olsun! Dəxi vaxtdır inanasınız ki, siz vəhşi tayfa deyilsiniz! Sizə eyibdir yaman işlərə qoşulmaq. Bəsdir oğurluğa, tülkülüyə həris olmaq! Heç bilirsinizmi ki, rus dövləti sizə nə yaxşılıqlar edir və sizi nə bəlalardan saxlayır? Lazımdır ki, böyüyünüzü tanıyıb həmişə əmrinə itaət edəsiniz.

Hatəmxan ağa. Bu saatda mən sənə qandırım, balam! Mənə yəqin hasil olubdur ki, bizdə hər adət və xasiyyət var isə, əksi Parij əhlindədir. Məsələn, biz əlimizə həna qoyarıq, firənglər qoymazlar, biz başımızı qırxırıq, olar başlarına tük qoyarlar; biz papaqlı oturarıq, olar başıaçıq oturarlar; biz başmaq geyərik, olar çəkmə geyərlər; biz əlimiz ilə xörək yeyərik, olar qaşıq ilə yeyərlər; biz aşkara peşkəş alarıq, olar gizlin alarlar; biz hər zada inanırıq, olar heç zada inanmazlar; bizim arvadlarımız uzun libas geyər, oların arvadları qısa geyər; bizdə çox arvad almaq adətdir, Parijdə çox ər almaq".

Dram əsərlərində ədib xalq dili zəminində hamının başa düşdüyü cümlə formaları işlədir, nitq-ifadə müxtəlifliyini vahid qrammatik formalara tabe edir. Belə bir dil - ən azı səs tərkibinin milli (orijinal) əsaslar üzrə vahidləşib möhkəmlənməsinə, ümumanlam lüğət tərkibində çoxnövlülüyün aradan qaldırılmasına xidmət edir. Komediyalarında canlı-işlək ümumxalq danışıq dili sintaksisini ədəbi dilə gətirməklə klassik nəsr dilinin ənənə şəkli almış qəliblərindən - çoxpilləli ağır tərkiblər, dilimizin ruhuna, tələffüzünə uyuşmayan əcnəbi söz, ibarələrdən kənara çıxır, canlı dilin hüdudsuz imkanlarını, xalq dilinin üstünlüklərini misilsiz sənətkarlıqla nümayiş etdirir. Sadə cümlə növünün əksəriyyəti, yarımçıq cümlələr, intonasiyaya görə qruplaşan cümlə növlərinin bir qismi, xüsusən, sual və nida cümlələri, üzvlənməyən cümlə tipləri və s. ilk dəfə M.F.Axundovun komediyaları vasitəsilə ədəbi dilimizin nəsr qolunda təsbit olunub möhkəmlənmişdir (M.Cahangirov. s.164-165). T.Hacıyevin qeyd etdiyi kimi, səhnə öz dinləyicilərinə əyani surətdə ədəbi nitq aşılayır. Qiymətli emosional-psixoloji, ictimai-estetik fikirlərlə yanaşı, həm də onların vasitəsilə səhnə nitqi tamaşaçılar mühitinə daxil olur. Tamaşaçı - dinləyicilər sevdikləri obraz və aktyorları öz danışığı, tələffüz ədası ilə zehinlərinə həkk edirlər, ilk mərhələdə bu aktyor - obrazlara kortəbii surətdə yaranan təqlid tədricən şüurlu hərəkətlə əvəz olunur (T.Hacıyev. Azərbaycan ədəbi dili tarixi. Bakı, 1991, s.181).

M.F.Axundovun dil siyasətində terminlərə münasibəti çox maraqlıdır. Bu məsələ ilə bağlı kifayət qədər nəzəri mülahizələr irəli sürür və terminoloji prinsiplərə düzgün əməl etməyi tövsiyə edir.

Terminologiyamızın formalaşması, inkişafı və zənginləşməsində ərəb və fars mənşəli terminlərin tarixi rolu, xidməti vardır, bu, elm və mədəniyyət anlayışları ilə əlaqədar ərəb dilindən alınmış hazır terminlərin olması, ərəb, eləcə də fars dilinin yeganə alınma mənbəyi olması ilə bağlıdır. Həm də bu sözlər təkcə Azərbaycan dilində deyil, əksər şərq dilləri terminologiyasında eyni məna və məzmun daşıyırlar. M.F.Axundov məqalələrinin birində yazırdı: "Ərəblərin evi yıxılsın! Ərəb dilini öyrənmək o dildə danışan xalq olmadığımıza görə başımıza böyük bir bəladır". (III c., s.163). O, alınma terminlərin, xüsusilə də, yeni terminlərin ümumxalq dilində başa düşülməsi, yayılması və məhdudluqdan çıxıb kütləviləşməsi üçün əvəzolunmaz xidmətlər göstərmiş, seçmə prinsipi ilə ədəbi dildəki az başa düşülən terminləri ümumxalq sözləri ilə əvəz etmişdir. Dövrü üçün bu əvəzlənmələr ilkin cücərtilər idi. "Fehristi-kitab" məqaləsində olduqca maraqlı məsələyə toxunur: "Ona binaən təvəqqe edirəm ki, sən də mənim kimi adəmi türki dilində - adam yazasan, toxmu - toxum, cifti - cüt, müqəyyədi - muğayat, övrəti - arvad, qaidəni - qayda və habelə özgə əlfazı ki, xəvvas və avamın istemalında müştərəkdir, fəqət xəvvasa mütəəlliq olan əlfaz qoy öz imlayi-əslisində baqi qalsın; necə ki, təkəllümdə dəxi vəz`i-əslisi ilə tələffüz olunur" (Bədii və fəlsəfi əsərləri, s. 313). Ümumilikdə M.F.Axundov dövrün istilahlarından - ərəb və fars dilləri terminoloji mənbəyindən yan keçə bilməmişdir. Bunlardan bir hissəsi məhdud dairədə işlənən terminlərdir: cəzairçi, müt`ə, sihabi-saqib, nəvvabi-əşrəf, bösət, rükni-rabe`, həzliyyat, xilafi-məzaqi-müsənnif, məvaizi-əcibə, söfti-mütəkəllimə, mütəarif, hərarəti-nariyyə, əczayi-əsrariyyə, filizzafi-kəsifə, şəkkaki-müsəxxiri-əcinnə, fəqəreyi-əxirəra, düvəli-müəzzəm, məvadi-heyvaniyyə izafət birləşməli terminləri  mənbə dildə olduğu kimi işlətmişdir. Təsadüfi deyildir ki, bu kimi ərəb və fars mənşəli terminlər ümumişlək xarakter daşımadığı, bəziləri köhnə anlayışlar bildirdiyi və Azərbaycan dilinin leksik-semantik, qrammatik təbiəti ilə uyğunluq təşkil etmədiyi üçün ədəbi dilimizin sonrakı mərhələlərinə gəlib çatmamışdır. Qeyd edək ki, ərəb və fars mənşəli müxtəlif sahə terminləri M.F.Axundovun dilində eyni səviyyədə işlənməmişdir. Daha çox pedaqogika (məs.: təhsil, məktəb, kitab, dəftər, və s.), siyasi-ictimai, (məs.: parlament, məşrutə, duma, şuar, natiq, konsul və s.), tarix (məs.: bəy, xan, pristav, rəncbər, şah, vəzir, sərbaz, fərraş, fərman, divan və s.), ilahiyyat (məs.: imam, şeyx, axund, minbər, qiblə, şəriət, küfr, ibadət, ehsan və s.), iqtisadiyyat (məs., xərc, qiymət, məbləğ, bazar, sərvət, mülk, varis və s.), coğrafiya (məs.: çöl, biyaban, kürreyi-ərz, diyar, məşriq, məğrib), hüquq (məs.: hakimi-şər, şikayət, məhkəmeyi-mürafiə, şahid, varis, vəkili-mürafiə, divanbəyi, ədayi-şəhadət, zaminə vermək, şahidi-mötəbər və s.), idarə (məs.: ezamiyyət, təlimat, dərkənar, ərizə, şikayət, təxsisat, sənəd, əmlak, təsisat və s.), maliyyə (məs.: rüsum, sərmayə, iflas, məsrəf və s.), musiqi (məs.: müğənni, sazanda, rəqqasə və s.), ədəbiyyatşünaslıq (məs.: dastan, divan, ədib, əruz, məcaz, nəzirə, hekayə, beyt, iqtibas, mərsiyə, nəsr, rəvayət, təskirə, təxəllüs, faciə, həcv və s.) terminləri üstünlük təşkil edir. Ərəb mənşəli ictimai-siyasi və fəlsəfi terminləri bu gün də Azərbaycan terminologiyası, ümumiyyətlə leksik tərkibinin canlı elementləridir. Bu da ondan irəli gəlir ki, fəlsəfə terminləri, terminoloji mənası ilə yanaşı fəal danışıq vahidləridir. Ancaq bəzən Avropa mənşəli fəlsəfə terminlərinə də müraciət edir: "Naturalistlər şəriətçilərə deyirlər: səbəblərin silsiləsi, ya sonsuz olaraq uzanmalıdır..." (A. Axundov. Dilin estetikası. Bakı, 1985, s. 298). Dilçilik terminləri ərəb mənşəli olaraq qalır, ruslaşdırılmır, avropalaşdırılmır: əlifba, nəhv, sait, xətt və s.

 

(Davamı var)

 

Nadir MƏMMƏDLİ

 

Ədəbiyyat qəzeti.- 2024.- 7 sentyabr, ¹34.- S.16-17.