Musa Yaqubun şair obrazı
Musa Yaqub bizdən ilbəil uzaqlaşır, bu, həyatın
dönməz qanunudur, amma poeziyası bizə daha çox yaxınlaşır.
Çün o, həmişə dağlara, meşələrə,
dərələrə üz tutubdur:
O nədir,
üfüqə qar düşüb elə,
Bir cüna göylərdən
asılı qalıb.
Girib ünsiyyətə qaranlıq
ilə
Dərələr ucalıb, zirvə
alçalıb.
Kahalar ətrafa qaranlıq ələr,
Dağlar
çox qəribə
olur gecələr...
Şeir
1969-cu ildə yazılıb, 55 il əvvəl. Üstündən
adlayan illəri xatırlamaq istəməzdim, elə sürətlə
ötdü ki! Vətən sevgisi isə qocalmadı, onu
yaşamağa, şeir yazmağa səslədi.
Üzünü Vətənə tutdu və yazdı:
Bəlkə
də borcundan çıxmadım, Vətən,
Ömür bahar deyil bir də qayıtsın.
Ölsəm də, qoynunda qoy ölüm ki mən -
Çürüyüm, bir ovuc torpağın olum!
Bu, poetik
etiraf idi və onu doğma Buynuz kəndinə səsləyirdi,
şəhərə aparan yollar geri qayıtdı, arzu-istəyi
daxili inamına çevrildi, "Damla", "Qış
lövhələri", "Lələ", "Güllə
gəzdirən maral" şeirlərini qələmə
aldı.
Yatar sıx meşələr, səssiz-səmirsiz,
Yatar qoca palıd qol-budağıyla.
Alçaq budaqlarda salxımlanıb
buz,
Yatar ağacların son yarpağıyla.
Musa Yaqub
ata itkisinə elə acıyır ki! Bu yoxluğa dəfələrlə
qayıtmışdır. "Atamın xatirəsinə"
şeirini bir daha oxudum və özümü saxlaya bilmədim,
onsuz da payıza gedirəm. Mən əsərdən təsirlənib
ağlamaqda qəbahət görmürəm. Axı, şairlər,
yazıçılar əsərləri üzərində
göz yaşı tökmüşlər. Məşhur rus
yazıçısı A.Kuprin "Süleyman daşlı
qolbaq" hekayəsinin əlyazması üstə
ağlamış və azca sakitləşmişdir.
...Atamın
boz pencəyinə
qar yağırdı.
Samanlığın qapısında
düşüb qalan
Dəryazının əlcəyinə
qar yağırdı.
Orağının dəstəyi də
dönüb buza,
Qar yağırdı ruzumuza.
Musa Yaqub
şeiri atasının vəfatından çox sonra yazsa da,
inanmıram, ağlamasın...
Başqa
şairlərdən fərqli
olaraq Musa Yaqub Allahlıq iddiasına
düşmədi, çün Allah özü yaradan qüvvədir,
eləcə də İnsan. Musa Yaqub deyirdi ki, insanlar Allah qədər
səxavətli olsalar, bizdə heç bir problem yaranmaz. Allah
bizə çox şeyi əta edib: istedad, sevmək,
xeyirxahlıq. Naqisliyimiz ondadır, hansı mənəvi-ruhi
üstünlüklərə yiyələndiyimizi
anlamırıq. Şübhəsiz, yaradıcı adam
allahlaşa bilməz. Allah dərgahına yaxınlaşar.
Çün şeir yazanda, mən şəxsən, mən
olmuram, hər şeydən uzaqlaşıram, şeirlərimi
mahnı oxuya-oxuya yazıram. Ürəyim həmin predmetə
yaxınlaşır, üzbəüz qalırıq,
qoşalaşırıq, lap zərif çiçək olsun!
Musa Yaqub ürəyi dolanda, əzablarını içərisinə
çəkəndə şeirə hazır dayanır,
axı, şeir ovqatdan doğulduğu üçün hər
kəs şeir qələmə ala bilməz, şeir yazanda
sevgi günlərinə qayıtmalısan.
O
hansı bulaqdır gözündən içdim,
İçibən, bir sevda yoluna keçdim?
Guya ki, dünyanı dərk eləmişdim,
Bu sevgi yenidən ayıltdı məni.
Bir yaz
çəmənin küləyi oldum,
Bir açar qönçənin
gərəyi oldum.
O şehli bədənin köynəyi oldum,
Bu sevgi yenidən oyatdı məni.
Bahara
uzanmış ağac qoluyam,
Alça
budağıtək çiçək
doluyam.
Təpədən-dırnağa sevda yoluyam,
Bu sevgi yenidən ayıltdı məni.
Musa Yaqub
"Dağlar" şeirini yazdı, şairi
"ağuşuna çəkdi", hətta "Gözətçi
götürün məni", - pıçıldadı,
"olum bu günlərin bağbanı", - dedi, "olum
zirvələrin sultanı", - yalvardı.
Musa, bu
yerlərdən uzaq düşmə heç,
Təpə kölgəsində daldalanma,
keç.
Arxa da seçəndə dağdan
arxa seç,
Ram edər özünə dövranı, dağlar!
Şairin
"Apar məni bu ümidin dalınca" şeirində
sosial motivlər öz yerində, şair
narazılığı, nigarançılığı yox
deyil, şeirin bədii məziyyətində təmiz, ləkəsiz
poetik pafos estetik qavrayışın yolunu açır,
sönməz ümid doğurur.
O
qaranquş yuvası ki, soyuyub,
O çöldəki qərib
durna uyuyub,
Könlüm sənin ümidinə
çox uyub,
Apar məni bu ümidin
dalınca.
O ümid haradadır, görəsən?
Apar məni bu ümidin
dalınca,
Kor ocağım yanıb külə dönüncə.
Sən
get mənim taleyimin
önüncə,
Apar məni bu ümidin
dalınca.
Şair
ümidini söndürmür, baxmayaraq bir sevgi ümidini də
ürəyində yaşatmışdır.
Musa Yaqub poeziyasında zahirən nəzərə çarpmayan cəmiyyətdə
gedən qlobal proseslərə toxunur: - balacalar - böyüklər,
tənhalar - birləşmələr, ölülər - dirilər.
İnsanlar təbəqələşirsə,
bölünürsə məhvə, ölümə məhkum
olurlar, əllər bir-birinə yapışmayanda
ayrı-ayrılıqda qırılacaqdır. Qlobal auranı ləkələmək,
parçalamaq yaramaz, necə ki, Qarağacların taleyini
insanlar yaşaya bilər.
Yaşıl
taclı ağaclarla
Qarağaclar ölüb gedir,
əyilməyib son nəfəsdə
Quruyurlar
ayaqüstə
bu ağaclar.
Bəlkə yaxın olsaydılar,
Arxa durub bir-birinə
qurumazdı
Qarağaclar, qarağaclar.
Şeir o
halda həqiqi sənət əsəridir - şairin nar kimi
sıxdığı, hər bir dənəsindən
süzülən al-qırmızı şirə onun
misrasından süzülsün. Misralar şair vücudunun qan
damarıdır və bu qan poetik pafosa çevrilir. Şiller
yazırdı ki, poetik əsər ümumini ifadə etməlidir,
çün, hər bir poetik əsər lirik olmalıdır, əks
halda, o, poetik əsər sayıla bilməz, kamil şairdirsə,
insani hissləri ifadə etməlidir. Musa Yaqubun
poeziyasının təsir əhatəsi dərhal
özünü hiss etdirir. "İsgəndər
quşlar", "Məni aparma", "Tənhalıq",
"Payız", "Buynuza qar yağır" şeirləri
bu qəbildəndir.
Al Günəş
qayaya çilər nur, tökər zər,
Baharda uçarlar bəxtəvər-bəxtəvər.
Bir kimsə bilməz ki,
ömür edir nə qədər,
Qartaldan
asılı günləri,
yaşarlar -
İsgəndər quşları.
Bu quşlar
gözü toxdur, dağlar da, daşlar da onlar
üçün hamardı, beləcə halal yemlərini
taparlar, axı, elə iddiaları da yoxdur.
Musa Yaqub
şeirində poetik pafos poetik yükün çəkisindən
asılıdır və bir-birini şərtləndirir.
Şeirlərində Dünya - Kainat, İnsan - Vətəndaş,
Torpaq - Vətən, Məhəbbət - Sevgi kimi bəşəri
anlayışlar poetik məzmunun predmetləridir.
"Dünya", "Tərəzi", "Bir günah sənin,
bir günah mənim" və digər şeirləri müxtəlif
mövzularda qələmə
alınsa da, insan amili, vətəndaş mövqeyi, torpaq məhəbbəti,
intəhasız ömrün yaşantısı, bir sözlə,
poetik təfəkkür şairin
dünyagörüşünün məhsuluna çevrilir və
şeirin predmetini işıqlandırır. Musa Yaqubun
"Dünya" adlı unikal şeirini oxucu hər bir
ovqatında oxuya bilər. Şeir barədə, istedadlı tənqidçi
- ədəbiyyatşünas, professor Vaqif Yusifli maraqlı
fikir söyləmişdir: "Dünya şeirində şair
diqqəti müxtəlif biçimdə və müxtəlif
rəngdə nəzərəçarpan təzadlara yönəldir,
yaxşıyla yamanın, həqiqətlə yalanın, mərdliklə
namərdliyin, inamla bədbinliyin, işıqla zülmətin
yanaşı yaşadığını, bəzən birincilərin
qəhətliyini, qıtlığını göstərir,
öz daxili yanğısını, dünya üçün
məsuliyyət daşıdığını şeirin
ümumi ruhuna, ahənginə hopdurur". Həyat
materialından irəli gələn, bu gün də abstrakt, həlli
qeyri-mümkün insan ömrünün su kimi axıb harayasa
getməsini müəllif öz varlığında
görür, öz şair obrazını yaradır. Şair
"Dünya"nın fəlsəfi konsepsiyasına gəlib
çıxır. Mən şeirdə "metafizik"lik
axtarmaq istəməzdim, dünyanın təhlilinə vermək
cəhdinə varmazdım. Lakin şairin dialektik qanunlardan irəli
gələn subyektiv əsaslara müəllifin emosional
intellektual münasibətindən yan keçmədim, fikrin bədii
fakt üzərində üstünlüyünü
vurğulamaya bilməzdim.
Qoca
dünya bu ünvanlı, bu adlı,
Alıb
gedər karxanası kahadı.
Karvanından karvansa bahadı,
Deyən
varmı, ol mehmanam, nə deyim?
Beləliklə,
şair qoca dünyanın fiziki məkanını
simvollaşdırır və ideyanın bədii sübutunu əyaniləşdirir,
hisslə fikrin harmoniyasını pozmur. Şair nikbin ruh
yaşayır, Kainatı - Dünyanı vücudunda duyur,
görür və nəhayət, başlanan, uzaqlaşan, yenidən
başlanan fəlsəfi "triada"ya gəlib
çıxır:
Üfüq
mənəm, dəniz mənəm, kürrə mənəm,
Dünya
keçdim bu karvana görə mən.
Gəlib
çıxdım yenə
həmən yerə mən,
O, bu yanım, bu, o yanım, nə deyim?!
Musa
Yaqubun "Xəzanda bir əsim bahar küləyim",
"Bu dünyada sevinc də var", "Bir vida nəğməsi"
şeirlərində nə yoxdur?! Həyatda ömrünü
günahsız yaşamış, təbiətin
dağını, ağacını, çiçəyini,
çəmənini danışdıra bilən bir şairin həyat
eşqi - payız xəzəllərini ovcunda bükən,
ayaqlar altına səpələyən Musa Yaqub - belə
düşünürəm - yazır:
Xəzanda
bir əsim bahar küləyim,
Ay mənim ürəyim, payız çiçəyim.
Nə olub, nə görüb,
nə açılmısan?
Çöl-bayır saralıb solandan sonra,
Ağaclar lüt-üryan olandan
sonra,
Yarpaqlar
arxlara dolandan sonra,
Bu sevgi, bu ümid,
bu həvəs nədi?
Bu həzin,
içində vurnuxan eşqmi, sevgimi, məhəbbətmi?
Bütün bu mülahizələrin,
reallıqların məhvərində
şair Musa Yaqubun poeziyası dayanır, bu poetik dünyada xalq
şairinin möhtəşəm obrazı daha əzəmətli
görünür. Onun yaradıcılığında
ümman sakitliyi, ülvilik payı var.
Allahverdi Eminov
Ədəbiyyat qəzeti.- 2024.- 7 sentyabr, №34.- S.19.