Könlündən bahar keçən
şair
Fəxrəddin Teyyubun şeirləri haqqında
Sinəsinə baş qoyduğum,
Hasarına daş qoyduğum,
Ağacına quş qoyduğum
Bağlar məni tanımadı - deyən şair əslində zamanla söz güləşinə çıxır, vaxta barmaq silkələyir. Qazandıqlarının, itirdiklərinin haqq-hesabını çəkir, bəlkə də. Heca-heca, misra-misra, sətir-sətir, vərəq-vərəq, həm də. Amma bircə şeydən arxayındı ki, sözü də əqidəsi kimi bütövdü, əyilməyib. Sözünə də, özünə də sahib çıxmağı bacarıb. Öyündüyü bir ürəyidi, bir peşəsi, bir də şairliyidi. Bütün bunları bir arada cəm etmək, yaşatmaq və qorumaqsa hər kəsə nəsib olmur. Bu həyatı dolu-dolu yaşamaq da hər adamın işi deyil axı. Tanıdıqca kəşf etdiyim, hər gün bir az da tanıdığım, doğmalaşdığım adamlar çox deyil. Ancaq deyərdim ki, hərəsi bir orduya dəyən adamlardı.
Ərklə söz verib söz aldıqlarım da bir ovucdu. Bir ovucun içində sözüylə həyat yoluna işıq tutan adam kimi adam, şair kimi şair Fəxrəddin Teyyub da var. Qışın şaxtasında, sazağında dünyaya bahar ətirli şeirlər gətirən, sözündən-söhbətindən doymadığım, sözün nazını sevə-sevə çəkən Fəxrəddin Teyyubdan danışıram. Arada bir fəsil fərqimiz var. Vəssalam. Amma ruhumuz eyni yerdədi. Elə sözümüzün canı da sevgidi, Vətəndi, torpaqdı, daşdı. Sözə sığalımız da oxşardı. Bircə fərq var: o, bahara qışdan boylanır, mənsə payızdan. Əsas odu eyni pəncərədən baxmağı bacarırıq. Ərkimiz də, görkümüz də özümüzədi. Heç kimlə işimiz olmaz. Bircə sözümüzə toxunmasınlar. Onun kimi mən də ürəksiz heç nə yaza bilmirəm. Elə bu yazını da ürəyimin səsiylə yazıram. Daha doğrusu, ürəyim diktə edir. Pafossuz, emosiyasız, sakit, səssiz. Qəhrəmanımın özü kimi:
Bu sönən ocağı qalayaq bir də,
Külünün altında köz qalıb axı?!
Gələndə nə cığır, nə də yol axtar,
Qəlbimdə həsrətdən iz qalıb axı?!
Sevginin haysız-küysüz izharı, həsrətin odu, alovu, ayrılığın göynərtisi şair dilində boyasız, bərsiz, bəzəksiz şeirləşir. Misra-misra hopur duyğularımıza. Amma hardasa bapbalaca, lap iynənin ucu boyda bir ümid var. O ümid yaşadır şair Fəxrəddin Teyyubu.
Məhəbbət qoxuyur hər yaşıl çəmən,
Dərənin yanında, çayın yanında.
Yerdə görüşməkdən utanıram mən,
Gəl gedək, görüşək Ayın yanında - deyən şair içindəki o gizlin işığı sönməyə qoymur. Söz-söz düşür o işığın dalınca. Bilir ki, hardasa bir işıq gözləyir onu.
Eyni zamanda çox üsyankar tərəfi var şeirlərinin. Haqsızlığa, ədalətsizliyə meydan oxuyan şairdi həmkarım. Həm də bütöv Azərbaycan sevdalısıdı. Vətənini cığır-cığır, hasar-hasar, yol-yol, divar-divar sevən şairdi həm də:
Ürəyim sızlayır, gözüm yaş tökür,
Nə vaxtdı nə göyün, nə də yerinəm.
Bir gözüm Arazdı, bir gözüm də Kür,
Həsrət körpüsüyəm, Xudafərinəm...
Çayın da dərdi var, yarası dərin,
Hönkürən dalğalar nə zillət çəkir.
Bir vaxt "mənəm" deyən müştəbehlərin
Səhvinin ağrısın bu millət çəkir.
Söz danışır, dilləşir dünyayla. Odlu-alovlu olsa da, yenə də pafossuz, içdən.
Fəxrəddin Teyyubun şeirlərinin çəkisi ağırdı. Hər ruh çəkə bilməz. Həm də şair dayazda üzməyi sevmir. Dərinə baş vurur. Baş vurduqca da daha qiymətli inciylə, sədəflə dönür oxucusunun yanına.
Şairin sözü azaddı, buxovlanmayıb. Onun şeirlərində hər kəs özünü tapa bilər. Şair hər kəsin diliylə danışmağı bacarır. Ona görə də şeirləri hamının ruhuna hopur. Bir sözlə, Fəxrəddin Teyyub sözünə arxalanan, sözü özünə qalxan edən şairdi. Sözüylə dağ yaran, qaya çapan, susuz səhraları gülüstana çevirən söz fədaisidi. Fəxrəddin Teyyub sözün əlindən tutub yeriyən şairdi, həm də. Onun sözü yalanı, riyanı, boyanı sevmir. Söz ona, o da sözünə söykənir. Heç kimə deyə bilmədiklərini varaqlara pıçıldayan şair ürəyinin yanğısını, ağrısını qələmlə birgə çəkir. Odunu qıraqdan hiss edirsən bu alovun. Yaxınlaşmağa qorxursan. Elə uzaqdan-uzağa vurulursan bu günəşə. Şairin ovqatını yazılarından duyursan; hansı havaya kökləndiyini də... Onun susmağı da şeirdi... Susqunluğunda da qəribə amiranəlik var. Oxucu sözünün hökmündən tanıyır Fəxrəddin Teyyubu. Zamana meydan oxuyan şair bəzən səhvini də elə gözəl ört-basdır edir ki, adamın bu səhvi onun üzünə vurmağa dili gəlmir. Dumduru fikirlərdə yuyunub təmizlənir bu əyər-əskiklər də. Bu da özünəməxsusluğun təntənəsidi. Əsas odu ki, bütün şeirlərində şair özüdü, öz düşüncəsi, öz fikri, öz ovqatıdı.
Görmüsünüz bir kimsəyə baş əyəm?
Haqqa qulam, nə ağayam, nə bəyəm,
Yükünüzü daşımağa dəvəyəm,
Mən olmasam, neylərsiniz, balalar?
- deyən şairin bir ata nigarançılığı
da var. Onlarçün həm
ata, həm də şair kimi narahatdı. Bu da ki, ikiqat məsuliyyətdi.
Amma bu yükün ağırlığından da usanmır, bezmir şair; sevə-sevə, həvəslə daşıyır
bu ilahi sevgini.
Fəxrəddin Teyyub sözün
ucundan tutub ucuzluğa getməyi də sevmir. Konkretliyə, müxtəsərliyə,
yığcamlığa öyrədib
qələmini. Bu da bir
ayrı məharətdi
şairçün, məncə.
Hansı
tərəfə baxırsa,
ordan bir şeir çıxır.
Külək də, yağış da, bağ
da, dağ da, qış
da, bahar da asanlıqla
şeirləşə bilir
şairin ruhunda. Şair təbiətə vurğundu, həm də. Özü də dəlicəsinə.
Ağacın, çiçəyin,
otun, kolun, daşın, torpağın
diliylə danışmağı
yaxşı bacarır.
Təsvirləri canlıdı.
Şeirlər adamla dialoqa girir sanki:
Deyəsən, sözün var mənə,
ay ürək,
Minib yanıma gəl köhlən atını.
Vaxt tapıb bir küncə çəkiləm
gərək,
Dinləyəm qəlbimin hesabatını.
Burda şair ürəyindən
nigarandı. Bu boyda ruhun qarşısında ürək salamat qalarmı? Zaman öz işini görür. Elə şair də dinc durmur,
daim axtarışdadı.
Hər gün bir şeir doğulur
Fəxrəddin Teyyubun
düşüncələrindən. Bir-birindən gözəl, təptəzə, qatı
açılmamış fikirləri
cilalayıb şeirə
çevirən Fəxrəddin
Teyyub yazmayanda darıxır. Yolda da yazır, toyda da, yasda da, yuxuda da, gerçəkdə də.
Yazır, sadəcə.
Əcəb də edir. Oxucunu öyrədib
şeirə. Yazmayanda
özünü günahkar
hiss edir sözün qarşısında. Elə
oxucunun da. Bu məhsuldarlığına
görə də bir ayrı alqışı
haqq edir şair. Fəxrəddin Teyyubun dili zəngin,
yaradıcılığı çoxşaxəlidi. Əsas
odu ki, bütün şeirlərində özünü
anladır. Poeziyada öz cığırı,
öz yolu var. Sözün qarşısında
alnıaçıqdı.
Tanrım,
istəyimi, arzumu göndər,
Göylər də, yerlər
də əmrinə möhtac.
Gəl məni bir anlıq
ağaca döndər,
Görüm, kəsiləndə nə
çəkir ağac
- deyən şair kökünə, soyuna bağlı olduğunu hayqırır. Onu bu torpaqdan, yurddan,
yuvadan qoparmaq olmaz. O bu torpağın
bir parçası olduğunu dəfələrlə
isbat edib. Bu sarıdan da xoşbəxt
şairdi.
Eyni zamanda şairin yoluna daş qoyanlara, sözünə göz dikənlərə,
xəbislərə, nadanlara
da veriləcək bir cavabı var:
Çörək tapmaz bir gün üzə ağ olan,
Bəxtəvərdi arxasında dağ olan,
Uğurumun ümmanında boğulan
Bədxahlarım, paxıllarım, var olun!
Demək,
bədxahlar özləri
də bilmədən uğura gedən yolda şairə əməllicə kömək
ediblər. Şair bir az da coşub,
ümidləri, arzuları
qol-budaq atıb, köklənib. Oxucu ömrünün sazaq çağında şairin
cəsarətinə də
heyran qalır. Ürəyindən keçənləri
sözə çevirmək
cəsarətini deyirəm.
Alın
yazısıymış səni
görməyim,
Elə görən kimi vurulmağım da.
Eşqin
dərəsində çəni
görməyim,
Sel kimi çağlayıb durulmağım da.
Əsdi
ürəyimdə gənclik
küləyi,
Ağaran
saçımı unutdum,
niyə?
Yerin yaraşığı, göyün
mələyi,
Mən necə göz yumum bu gözəlliyə?..
Su kimi içirsən bu misraları. Sevgiyə təşnə
könüllərə sərinlik
yağır bu sətirlərdən. Cəsarətlənir
fəsillər Fəxrəddin
Teyyub düşüncələrində.
Çiynindən dağ
götürülür həsrətin.
Ayrılığa söz
atan şair söz altında qalmır heç vaxt. Bu da bir istedaddı. Şairin fikirləri ipə-sapa yatmır. Duyğuları həmişə oyaqdı.
Ruhu yerlə göyün arasında didərgindi - gah Ayla, gah Günəşlə,
gah ulduzla, gah gecəylə,
gah səhərlə dərdləşir
şair. Bir yerdə qərar tuta bilmir. Şairlik də bu deyilmi?
Mənim
bir taxtım var sevgi dağında,
Qismətim üzümə gülənə
kimi.
Sevmək
günah deyil ahıl çağında,
Şair
sevməlidi ölənə
kimi.
Kimin gücü çatar bu ağırlıqda yükün altında yol getməyə? Bu boyda etirafın qarşısında nə
deyəsən axı?
- Heç nə. Susmaqdan başqa əlindən nə gəlir?! Sual verməyə də çəkinirsən. Cavabından
qorxursan. Həqiqətləri
eşitməkdən qaçırsan,
bəlkə də.
Amma məncə, elə
ən gözəl cavabdı bu etiraf.
Şanlı qələbəmizi doya-doya
yaşayan şair xalqına, Vətəninə
də ürəyindən
gələn duyğularıyla
gözaydınlığı verməyi unutmayıb nəhayətsiz bir sevinclə:
Ana, gözün aydın, şad xəbərim var,
Daha qarlı qış da bahardı bizə.
Qəhrəman oğullar, igid oğullar
Aldı
Qarabağı, qaytardı
bizə.
Həyəcanın, sevginin, sevincin
parıltısı ruhumuzu
qamaşdırır. Səmimiyyətdən,
məhəbbətdən, eyni
zamanda həsrətdən
yoğrulmuş misralar
yaramıza sığal
çəkir. Qürurlanırıq.
30 ilin ağrısı
çıxır canımızdan.
Çiynimizdən yük
götürülür. Azadlığın
yeli vurur adamı.
Şair
özüylə dostdu.
Ərki də, görkü də özünədi. Qarışqanı
belə incitməyə
ürəyi gəlməz.
İnciyəndə də
çəkilər öz
könül hücrəsinə.
Hirsini sözdən çıxar:
Bilməmişəm ürəyimin qədrini,
Xərcləmişəm gedənimin yolunda.
Qalamışam ocağını vədəsiz
Ölənimin, itənimin yolunda.
Eyni zamanda özündən narazı şairdi mənim bu balaca
yazımın qəhrəmanı.
Tərifi sevmir, qondarmalardan uzaqdı. Heç tünlüyü
də sevmir. Sakitliyə can atır.
Şairin
gözəl bənzətmələri,
təşbehləri, təsvirləri
yazdığı şeirləri
bir az da oxunaqlı edir:
Ay göyün üzündə
ocaqdı, oddu,
Salar işığını dağlar
belinə.
Zirvə
elə bil ki, Dədə Qorquddu,
Şəlalə kəmərin bağlar
belinə.
Onun yaradıcılığından belə yüzlərlə
nümunə gətirmək
olar. Yorulmadan, usanmadan, həm də.
Şair
sözlə oynamağı
bacarır. Eyni zamanda sözə sığal çəkməkdə
də mahirdi. Fəxrəddin Teyyubun sözündə qəribə
bir əminlik var. Bəziləri bunu lap özündənrazılıq kimi
qiymətləndirir. Amma sözü
tanıyan hər kəs bilir ki, bu güvəndi, arxayınçılıqdı, eqo deyil. Axı
şair sözünə
güvənməsə, yaza
bilərmi? Sözü
incitdinsə, qaçacaq.
Ələ düşməyəcək
bir də. Sözə balan kimi baxmağı bacarasan gərək. İstidən, soyuqdan, küləkdən, yağışdan
qoruyasan. Bu sarıdan Fəxrəddin Teyyub xoşbəxt şairdi. Sözdən yarıyıb
həm də. Yaşının payız
çağında da diqqət
mərkəzindədi və
sevilir. Dünyanı sözünün süzgəcindən
keçirən şair
hələ misra-misra yol gedir ruhunun
uçduğu yerə;
səbirlə, sevgi və həyəcanla. Hələ ki, sözünün
ocağına yığışanlar
biz bildiyimizdən də
çoxdu. Elə öz bildiyindən də. Sirrini, sözünüsə bir kağız bilir, bir də qələm.
Təranə Dəmir
Ədəbiyyat qəzeti.- 2024.-
7 sentyabr, ¹34.- S.25.