Poeziya məhəbbətdən doğulur...

 

Qiymət Məhərrəmli haqqında

 

Mən istedadlı şairəmiz Qiymət Məhərrəmlini cəmi bir dəfə görmüşəm. O da şair Qoca Xalidin 70 illik yubiley tədbirində. Qiymət xanım bu yubileyə ailəsi ilə birlikdə gəlmişdi. Ömür-gün yoldaşı - "Yaşadım bu ömrü..." hekayələr kitabının müəllifi Gülməmməd İsrafiloğlu, bacısı, gəlini oğlu ilə birlikdə yubiley gecəsinə diri bir ovqat gətirdilər.

Həmin gün Qiymət xanımın "Bu dünya sənin yerindi" adlı sanballı şeirlər kitabı əlimə keçdi. Oxudum mənim bu söz adamları haqqında düşündüklərimin üstünə biri əlavə olundu; əndirəbadi səslənsə, şairlər inciməsinlər. Vallah, deyəsən, şairlər müsbət mənada, ayrıca bir insan növüdür.

İstər şeirdə, istərsə nəsrdə söz sənətkarı bəhs etdiyi şeyi əvvəlcə özü yaşayır. Məlum olduğu kimi, bu yaşantı nəsrdə daha uzunzamanlı olur. Şeirdə isə bu, an məsələsidir. Artıq yaşanan anı bədii mətnə çevirmək şairin seçdiyi sözlərin öhdəsinə düşür. Bədii əsərin, xüsusən, şeirin ömrü seçilən sözlərin xüsusiyyətindən asılıdır. Deməli, şeir yaşanan duyğu ilə sözün vəhdəti şəklində ehtiva olunursa, onda sözün çəkisi duyğunun çəkisindən bir qədəm yüksəkdə durur. Şairlik sənətində sözlə rəftara yiyələnmək bu sənətin əsl məziyyətidir. Çünki bədii təsvir ifadə vasitələrinin hamısı sözlə ifadə olunur. Emosiyalara gəldikdə isə, o heç şair olmayan adamlarda da ola bilər.

Qiymət xanımın kitabını oxumağa başlayanda duyursan ki, dilə qaynar sevgi var, çünki o, yaradıcı şəxsiyyətin əzəli əbədi missiyasını başa düşən sənətkardır. İnsan dünyaya düşən gündən onun obrazlı təfəkkürü bu təfəkkürü ifadə edən bədii sözü yaranıb. Onda hələ dilçi alimlər vardı, dilin publisistikası.

"Səni oxşamaz bu şəhər" şeirinin ikinci bəndi belədir:

 

Səndə dağ idim, düz idim,

Şəfəq dolu gündüz idim.

Kəpənək telli qız idim,

Şəhərdə birtəhər oldum.

 

Nümunədə şəhərdə yaşayan lirik qəhrəmanın doğulduğu kənddə yaşadığı anlar, kövrək nostalji xatirələr qabardılıb. İlk baxışda belə görünə bilər ki, şeirdə "birtəhər" sözünün ünvanı yoxdur. "Birtəhər oldum", yəni necə oldum? Lakin sözün ünvanı bütövlükdə şeirin mətnindədir. Mətnlə tanışlıqdan sonra məlum olur ki, bütün yaradıcılıq növlərinin, hətta ictimai söhbətlərin mütəmadi mövzusu olan şəhər-kənd məsələsi şeirin mərkəzində durur. Həmin şeirdə "Doğulub boya-başa çatdığı mühit insanın boyuna biçilir" düşüncəsi əsərin ideya istiqaməti kimi qəbul oluna bilər.

Bir-birinə çox yaxın, yanaşı torpaqlarda doğulub-böyüyən iki şairin bir-birindən xəbərsiz şəhərin mənəvi-məcazi soyuqluğunun bədii təqdimatına diqqət edək:

 

Qiymət Məhərrəmlidə:

 

"İnsanları balıq kimi,

İçi soyuqdu, buzludu".

 

"Sevgisi özündən soyuq,

Göz yaşı gözündən soyuq.

Üz qoyma, üzü soyuyub,

Səni oxşamaz bu şəhər..."

 

Şair Qoca Xalid Moskvada M.Qorki adına Ədəbiyyat kurslarını fərqlənmə diplomu ilə bitirib. Şəhərə ilk dəfə daxil olanda ilin ən isti ayında soyuq yağış yağırmış. Bu şeir həmin gün yaranıb:

 

qədər mağmınam, qədər qərib,

Soyuq qarşıladı bu şəhər məni.

Başıma buz kimi yağış əndərib,

Soyuq qarşıladı bu şəhər məni.

 

Gözünü gözümə elə zillədi,

Duydum verəcəyi zülmü, zilləti.

Deyəsən, xoşlamır "bizim millət"i,

Soyuq qarşıladı bu şəhər məni.

 

Hər iki şairin şeirlərində şəhər soyuqluğu seyrçi ovqatdan daha çox əyaniliyə, həyatiliyə söykənir, mətləbi ifadə edən sözlərdən başqa, əlavə sözlər işlənməyib, yığcamlıq təmin olunub.

Q.Məhərrəmlinin kitabını ""bəlayi-eşq"lə hörülmüş çələng" adlandırmaq olar. Böyük Füzuli dərdi şeirin əsas sərmayəsi sayırdı: "Şair olmaq üçün demə ki, zövqü-səfa lazımdır. Dərddən danış ki, şeir yarışında söz topunu apara biləsən" (Füzuli. Əsərləri, 5 cilddə, I cild. Bakı, 1958, səh.19).

"Bu dünya sənin yerindi" kitabında toplanmış şeirlərin çoxunu toplu halda bir yerdə "sevgidən doğulan qəm bəstələri" kimi xarakterizə etmək olar. Dərdin qədər çaları varsa, Qiymət Məhərrəmlidə onların hamısına rast gəlmək olur. İnsanlar içində tənhalıq dərdi, nizamı pozulmuş dünyanın dərdi, insanın ləyaqətinin tapdalanması dərdi, müharibə, cəhalət, bərabərsizlik, yırtıcı qənimətçilik, elmin, şeirin qiymətləndirilməməsi küll halında şairin əsərlərinə səpələnmiş dərd çalarlarıdır. Kitabdakı şeirlər oxucusunu inandırır ki, şəxsi dərdi olmayan şairin ictimai dərddən yazmağa mənəvi haqqı ona inandırmağa bədii gücü çatmaz. Onsuz da, şəxsi miqyasda görünən kiçik dərdin özü belə araşdırılsa, ictimai kökü üzə çıxacaq.

Qiymət xanım:

 

Məni məndən o yana

Bir kəs görmədi, neynim?!

Göydə Allah görmədi,

Yerdə bəndəsi, neynim?!.

 

- misralarında lirik qəhrəmanın talesizliyinin anlaşılmazlığının dərdini poetikləşdirib. Şairin dünyası:

 

Ögeyliyə ögeylərdən ögeydi,

Güneyinə həsrət qalmış Quzeydi.

Şəhidlərə məzar olmuş muzeydi, -

Dünyam mənim, dünyam mənim, dünyam...

 

Bu misralarda Vətənin bölünməsi dərdi ustalıqla ümumiləşdirilib.

Şair dərd haqqında yazdığı şeirlərin birində öz duyumu ilə xalq təfəkküründən süzülən düşüncənin poetik sintezini yaradıb:

 

Dağın dağ dərdi varsa,

Düzün düz dərdi var.

Dərdsiz bəşər görmədim,

Hər kəsin öz dərdi var.

...Ölənin qəbir dərdi,

Qalanın səbir dərdi,

Ağlayanın bir dərdi,

Gülənin yüz dərdi var.

 

Şeirlərin ümumi ruhundan anlaşılır ki, şairin dərddən yazmağı dərdi car çəkmək deyil, onu minlərlə, milyonlarla bölüşməkdir. Şairin yaradıcılığında dərd anlayışı dərk olunmuş həqiqət kimi anlaşılır, günümüzün reallığı, həyatiliyi, səmimiliyi mənasında başa düşülür.

Dərdin bir çaları da ümidsizlik dərdidir. Şairin heç bir şeirində ümidsizlik yoxdur, əksinə, həyat eşqi işıqla dolu şeirlərində şair nikbinliyinin təzahürü görünür:

 

Dərd-qəmi cümlə-cümlə

Daşıyıram özümlə.

İşığı nur gözümlə

Gördüm, könlüm açıldı.

 

Hər evə, hər ocağa

Göydən şəfəqlər yağa.

Özümü bu torpağa

Sərdim, könlüm açıldı.

 

Beləliklə, şair həyatın dərd-sevinc, qaranlıq-işıq kimi ziddiyyətlər üstündə bərqərar olduğunu oxucusuna təlqin edir.

Məhəbbət mövzusu poeziyanın baş mövzusudur. Bu, iki sevən tərəfin emosiyalarının bədii mətni şəklində təzahür edir. İctimai motivli şeirlər istər üslub, istər ifadə tərzi, istərsə mövzu cəhətdən bir-birinə çox bənzəyir. Bu yöndə bir şairin şeirini digərindən seçmək çətin olur. Yəni ictimai poeziya publisistikaya daha yaxın olduğu üçün fikrin ifadəsində yaxın notlar özünü göstərir.

Məhəbbət poeziyası isə lirik ovqata kökləndiyi üçün şairin "mən"i həmən görünür. Az-çox şeiri sevən, poeziyaya bələd olan adama məhəbbət şeiri oxusan, müəllifini cüzi yanlışlıqla söyləyə bilər, yəni iki adamın sevgisi eyni olmadığı kimi, iki şairin sevgi şeiri eyni ola bilməz.

Qiymət Məhərrəmlinin yaradıcılığında məhəbbət mövzusuna müxtəlif prizmalardan yanaşmalara rast gəlirik. "Sevgi cür olur?!" şeirində şairin bu ali insan duyğusu haqqında qənaəti inandırıcı ağlabatandır. "Sevginin tərifi, izahı, şərhi yoxdur" düşüncəsi oxucunu qane edir. Şair davam edir:

 

Min bir rəngə çalır təbiət yenə,

Hər gülün ləçəyi öpülsün gərək.

Çöllərə imılıq yağış yerinə

İnsanın sevgisi səpilsin gərək.

 

Buradakı "səpilsin" sözü çox məqamında işlənmişdir bəndi tamamlayır. Nəyisə səpirlər ki, cücərsin. "Çöllər" sözü dünyanın simvolu kimi verilmişdir. Əslində bənddə "qoy dünyanı sevgi bürüsün" fikri ümumiləşdirilmişdir.

Dini-fəlsəfi düşüncədə belə bir fikir formalaşıb ki, hər şey Tanrının zərrəsidir. Hətta abstrakt substansiyaların da idarə olunmasında mütləq bir əqlin iştirakı qəbul edilməlidir. Konkret olaraq, Tanrıdan kənarda heç mövcud deyil.

Qiymət xanım həmin şeirin bir bəndində bu düşüncənin poetik ifadəsinə nail ola bilib:

 

Torpaqdan cücərən yaşıllıq deyil,

Sevgidir - Tanrının öz ülfət payı.

Sevgiyə dönməsə, bil ki, haqq deyil -

Təmizlik, halallıq, mərifət payı.

 

Həm klassik ədəbiyyatımızda, həm çağdaş poeziyamızda təkbəndli şeir formasının - dördlüklərin gözəl nümunələri yaranmışdır. Klassik yazılı poeziyamızda rübai tuyuğ janrları təkbəndlər, yəni dördlüklərdir. Təkbəndli şeirlər hər hansı mövzuda yazıla bilər, ancaq ümdə cəhət odur ki, dərin məna ifadə eləsin. Bu gün yazılan şeirlərdə varislik ənənəsi davam etdirilir.

Qiymət Məhərrəmlinin təkbəndli, çarpaz qafiyəli bir şeirində məna dərinliyi diqqəti cəlb edir:

 

Tək-tənhayam... gecə uzun, yol qara...

Arzuladım bilsən, necə, tək səni?!

Göz yaşımla suladığım yollara

Kirpiyimlə çəkdim sənin əksini.

 

"Göz yaşımla suladığım yollara" misrası iki fikir ifadə edir; biri üzdədir, sadədir. Yəni, həsrət hicranla yüklənən lirik qəhrəman yollara o qədər baxıb ki, göz yaşları yolları sulayıb. İkinci mənası daha maraqlıdır: göstərilir ki, yol qaradır. Qara lövhənin üstünə şəkil çəkmək olmaz. Lirik qəhrəman göz yaşı ilə yolları sulayır ki, qara təmizlənsin, yuyulub getsin. Çünki yollara sevgilisinin əksini həkk etməlidir.

Şairin lirikasında sevən insanın səmimi etirafları da, insan ruhunun coşqun, alovlu, nəcib sevgisi , məhəbbət dolu qəlbin həsrət həyəcanları da çox təbii, sadə inandırıcı şəkildə ifadəsini tapır:

 

Məni göylərə çək, məni quş elə,

Lap elə dəlisov küləyə döndər.

Bir odlu sevgiyə məni tuş elə,

Ya da ki qanadlı mələyə döndər.

 

***

 

...Yaz görmədi yaz kimi,

Üzlər gördü buz kimi.

Yandı, yandı köz kimi,

Ürəyim kirimədi.

 

Özündə dilin möcüzəsini, sözün sehr qüvvəsini göstərən bir şeir qəlibimiz var. Bu, bayatı qəlibidir. Elin yaratdığı çiçək ləçəkləri olan bu janrda sözlər bütün gücünü göstərir. Bayatıda maqnit xüsusiyyəti, cazibə qüvvəsi var. Bayatıda sözlər çox diridir, fəaldan fəaldır bütün kütlənin ruhunu da, zövqünü səfərbər etməyə qabildir.

Söz adamlarının hamısı bu janrda qələm sınamır. Ara-sıra yazanlar da ucuz məhsul yaratmır. Çünki min illik tarixi olan bu zəngin xəzinəyə elə incilər bəxş etməlisən ki, eşidənlər sənin sözünün özünün təzə-tər nəfəsini hiss edib duymuş olsunlar.

Qiymət Məhərrəmlidə bayatının gözəl nümunələri vardır. Özü bu bayatıların hamısı cinas bayatılardır.

 

Güləsər,

İncə mehdən gül əsər.

Çıxart güllü yaylığın,

Gül bağçada gülə sər.

 

***

 

Su salar,

Haqsız kəslər susalar.

O qədər haqq gəzərəm,

Ayaqlarım su salar.

 

***

 

Sudandı,

Yar içdiyi sudandı.

Burdan yar keçdiyini

Yel gizlədi, su dandı.

 

Qiymət xanımın şeirləri həm çağdaş söz sənətinin intellekt yüklü sözləri, həm canlı xalq dilinə məxsus səmimilik təbiiliklə, zövqləri sığallayan ifadələrlə zəngindir. "İynənin gözündən keçib", "toyu tutulsun", "ətini şişə çəkəcək", "getdi damağın dadı", "bir yol su qatma aşıma", "dil-dodağı təpiyəndə", "su tökməklə quyu dolmaz", "atlını atdan salıb" s. xalq danışıq dilinə maksimum yaxınlıqla bağlı olan fraza-ifadələr onun şeir dilini folklor mühitinə daha çox yaxınlaşdırır.

Qiymət Məhərrəmli sözün xalq dilindəki məna incəliklərinə hələ yeniyetməlik ilk gənclik illərindən yiyələnməyə başlamışdır. İdillik kənd həyatı, Qafqaz dağının yaxın yamacına söykənən kəndin ecazkar mənzərəsi, camaatın dupduru ləhcəsi, nənələrinin babalarının duzlu söhbətləri bu "kəpənək telli qız"ın ruhuna gilə-gilə, damcı-damcı hopurmuş. Şair xalq dilinin şirin şərbətindən içə-içə dadlı-duzlu şeirlərini yaradır. Onu da təsadüf saymaq olmaz ki, Qiymət xanım bütün həyatını xalq yaradıcılığına həsr edib hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda elmi araşdırmalar aparır.

Lirik şeirdə yumorlu ifadələrin işlənməsi əsərə əlavə səmimilik şirinlik gətirir:

 

Üzüm-gözüm öyrəşmir heç

Bu üz-gözü boz şəhərə.

Kəndçiliyim tutur hərdən, -

Qayıt, get gəldiyin yerə.

 

...Üzümün tökülən suyu

Gəlib abrımı alası.

Bəyəm, adım kəndçi deyil,

Ay sağ olmuşun balası?!

 

Qiymət Məhərrəmlinin poeziyasında alliterasiyalara (samitlərin ahəngi) assonanslara (saitlərin ahəngi) tez-tez rast gəlinir. Şeirə xüsusi intonasiya elementləri gətirən danışıqla folklorun sintezi təsiri bağışlayan bu vasitələr Qiymət xanımın poeziyasında elə işlənmə tezliyinə malikdir ki, onun üslub faktına çevrilib:

 

Bənövşə bəndə düşdü,

Qızlar kəməndə düşdü.

Bəxtəvər bəndə düşdü

Baxışın köz vaxtına.

 

***

 

Mizan-tərəzimisən?

Tale qərəzimisən?

Bir eşq mərəzimisən

Dizi bükülü baxtım?!

 

Şairin yaradıcılıq palitrası janr etibarilə çox əlvandır. Bu, keyfiyyət üçün əsas şərt sayılmasa da, qələm sahibinin bədii düşüncəsinin zənginliyindən xəbər verir. Məsələn, böyük Füzulimizin "Türk Divanı" "Leyli Məcnun" poeması onun yaradıcılığında aparıcı yer tutur. Vaqifin təcnisləri araşdırma obyekti deyil. Bu yazıda bəhs etməyə imkan olmadığından, şairin sərbəst şeirləri, qəzəlləri, təcnisləri, təkbeytləri satiraları haqqında növbəti yazılarımızda daha ətraflı danışmağa çalışacağıq.

 

Yəhya Abbasov

 

Ədəbiyyat qəzeti.- 2024.- 7 sentyabr, №34.- S.26-27.