"Dahilərin
iş rejimi"
kitabından seçmələr
Əvvəlcə Meyson Karrini tanıyaq
Meyson Karri - amerikalı yazar və redaktordur.
Onun 2013-cü ildə işıq üzü görən "Dahilərin iş rejimi" adlı
kitabı indiyədək 17 dilə
çevrilib və 100 min ədədlik tiraj tezliklə
satılıb-tükənib. Haqqında "The New Yorker",
"The Guardian", "The Wall Street Journal" və "The Believer" kimi
nüfuzlu nəşrlərin
müsbət rəy çap etdiyi bu kitab NPR versiyası üzrə "İlin kitabı" elan olunub.
Adıçəkilən kitabda keçmiş dövrlərdə
yaşamış və
müasirimiz olan 161 dahi yazarın, bəstəkarın, rəssamın,
filosofun və digər məşhur insanın iş rejimi avtobioqrafik, bioqrafik və dəqiq tarixi faktlar əsasında oxuculara təqdim olunub.
Həmin kitabdan sırf yazarlarla bağlı bölümlərin sizlərə
təqdimatını davam
etdiririk.
(Əvvəli burada)
Vladimir
NABOKOV
(1899-1977)
Rusiyada doğulan bu yazıçı özünün
qəribə iş rejimi ilə başqalarından seçilirdi.
1950-ci ildən başlayaraq, o, yazacağı mətnlə
bağlı öz ilkin qeydlərini kiçik karton kağızlara köçürür,
bunları isə kitabxanaların kataloq sistemlərindəkinə bənzər
xüsusi siyirmələrdə
saxlayırdı. Yazı
prosesinə başlayana
qədər gələcək
romanın tam şəkildə,
həm də ən xırda detallarına qədər beynində formalaşdığını
Nabokov vaxtilə öz
müsahibələrində də vurğulayıb. Bu cür iş metodu isə ona böyükhəcmli bir mətnin ayrı-ayrı bölümlərini
məhz şüurunda
doğulan ardıcıllığa
uyğun şəkildə
yazmaq kimi bir imkan tanıyırdı.
Sonrakı mərhələdə
yazar hazır səhifələri bəlli
ardıcıllıq üzrə
düzməklə, həm
ayrı-ayrı bölümləri,
həm də kitabın hissələrini
asanca şəkilləndirməyə
nail olurdu.
Karton kağızları topladığı
həmin qutu, eyni zamanda onun
üçün elə
yazı masasını
da əvəz edirdi: məsələn, "Lolita" romanının ilk variantını
yazar özünün
Amerikaya səfəri əsnasında yazmağa başlayıbmış və
gecələr yol kənarında saxladığı
maşınının arxa
oturacağında yerini
rahatlamaqla işləyirmiş.
Özünün dediyinə
görə, həmin şəraitdə o, nə
əlyazmalara bir gərək duyurmuş, nə də hər hansı səs-küydən əziyyət
çəkirmiş. Beləcə
bir neçə ay sərasər işlədikdən
sonra yazar karton vərəqləri arvadına təhvil verirmiş ki, hazır mətni makinada yığsın, bunun ardınca isə mətni bir neçə kərə oxumaqla, düzəldib, kamil hala gətirirmiş.
Cavan vaxtlarında Nabokov ard-arda
siqaret tüstülətməklə
yataqda yazmağa adətkar imiş. Yaşa dolduqdan sonra isə o, tütün çəkməyi
tərgidir və özünə yeni vərdişlər
tapır.
1964-cü
ildə verdiyi bir müsahibədə o, bildirirdi:
"İş gününə
mən, adətən çalışma otağımdakı
köhnədəbli, amma
misilsiz sekreterimin (çıxış üçün
kürsünü xatırladan
mebel - A.Y.) arxasında,
həm də ayaqüstə yazaraq başlayıram. Elə ki
dayanmaqdan baldır əzələlərim keyləşməyə
başlayır, adi yazı masasının ardında duran rahat kreslomda əyləşməyə üstünlük
verirəm. Ağırlıq
hissi onurğa sütunum boyu irəliləyəndə isə
mən kiçik kabinetimin bir küncündə duran divana uzanıram".
Sözügedən dönəmdə yazarla
xanımı İsveçrənin
Montröy şəhərindəki
"Palace Hotel"in ən
üst mərtəbəsində
yerləşməklə, Cenevrə
gölünə baxan
altıotaqlı apartamentdə
məskunlaşıbmış.
Sözügedən müsahibədə Nabokov bildirmişdi:
"Qış fəslində mən səhər yeddiyə yaxın oyanıram: hər səhər balkonumun məhəccərinə qonaraq,
şux səslər çıxaran Alp zağcası
(dolaşası - A.Y.) mənim
üçün zəngli
saatı əvəz edir: bu iri
quş qara və parlaq lələklərə, sarı
rəngli və qaba bir dimdiyə,
qıpqırmızı ayaqlara
malikdir.
Sonra bir qədər yatağımda qalmaqla, həmin günlə bağlı xəyalımda
müəyyən planlar
qururam. Saat səkkizə doğru həmişəki ardıcıllıqla
təraş olur, səhər yeməyi yeyir, bəlli poza almaqla meditasiyaya
köklənir, sonra isə vanna qəbul edirəm. Nahara qədərki saatlarda öz kabinetimə çəkilib
işləyir, bunun ardınca həyat yoldaşımla gölün
ətrafında gəzintiyə
çıxmaqla, iş-gücə
bir qədər fasilə verirəm. Müəyyən dövrlərdə
XIX yüzilin az qala, bütün görkəmli rus yazarları - Jukovski, Qoqol, Dostoyevski və bir çox
şairlər - məhz
burada dincəliblər,
Tolstoy isə buradakı
otel qaravaşları ilə tez-tez eşq-məşqlə məşğul
olub və təbii ki, sonradan hələ bunun altını da çəkib.
Yeri gəlmişkən,
eyni fikri elə Nitsa və ya Roma barədə də söyləmək olar.
Saat birə doğru ikinci nahar süfrəsi
başında biz bir araya gəlirik və 13.30-da başlanan çalışmalarım fasiləsiz
qaydada ta 18.30-a qədər
sürür. Sonra ingiliscə
çıxan qəzetləri
almaqdan ötrü köşkə yollanır
və saat yeddidə şam süfrəsinə əyləşirəm.
Yeməkdən sonra yazı-pozu ilə heç məşğul olmuram. Doqquza doğru isə yatağıma girirəm.
On ikinin yarısına
qədər yerimdəcə
mütaliə edir, sonra yuxusuzluqdan ta saat birə kimi yatağımda o üz, bu üzə
çevrilirəm".
Bir başqa müsahibəsində
isə biz onun aşağıdakı etirafına
rast gəlirik:
"Mənim son dərəcə
bəsit vərdişlərim
var, hərçənd ağız
dadıma da bir elə düşkün-zad
deyiləm. Çox sevdiyim yumurtalı vetçinanı restoranların
o səhvlərlə dolu
menyularında sadalanan
təamlara mən əsla dəyişmərəm".
"Böyük həvəs duyduğum digər əyləncələrin sırasına
futbol matçlarının
təkrar translyasiyasına
baxmaq, ara-sıra bir qədəh şərab içmək
və ya tənəkə qabdan pivə sümürmək,
çəmənlikdə uzanıb,
günəş vannası
qəbul etmək, habelə yeni şahmat məsələləri qurmaq
daxildir".
Yazarın çox düşkünü
olduğu kəpənək
ovlarını da bu siyahıya əlavə etmək tam yerinə düşərdi: bu əyləncə ilə
o, Alp yamaclarında məşğul
olurdu. Bəzən gün ərzində 25 kilometrlik məsafəni qaçaraq qət etdiyi üçün qışdakıyla müqayisədə,
Nabokovun yuxusu tamamən ərşə çəkilirmiş və
o, özüylə bacarmadığına
dair hamıya acı-acı şikayətlənirmiş.
Frenk BAUM
(1856-1919)
"Oz diyarından gəlmiş heyrətamiz sehrbaz", habelə bu nağılın davamı
sayılacaq onlarla iri və kiçikhəcmli
hekayətin müəllifi
kimi tanınan bu yazar 1910-cu ildə Çikaqodan Hollivuda köçüb.
Orada aldığı
torpaq sahəsində xanımıyla birgə tikdiyi geniş və rahat evə
isə "Ozkot" adını verib.
Ömrünün əsas qismini
Baum ən sevimli məşğuliyyətlərindən saydığı yaradıcılığa
və bağbanlığa
həsr edib. Bağbanlıq elminin sirlərinə o, necə dərindən yiyələnibmişsə,
evinin arxa həyətində yetişdirdiyi
çiçək növləri
sayəsində hələ
bir neçə mükafata da layiq görülübmüş.
Səhər saat səkkizdə
oyanan Baum yaxşıca
qəlyanaltı edir, üstündən də qaymaqlı və şəkərli olmaqla, dörd-beş fincan qəhvə içirmiş.
Yeməkdən sonra o,
bağban geyimində həyət-bacada saatlarca çalışırmış. Saat birdə ərlə arvad nahar süfrəsində bir araya gəlirmiş.
Yalnız bundan sonra Baum qısa müddətə yazı masası arxasına keçirmiş.
Öz mətnlərini o, şezlonqda
uzanıb, siqara tüstülətməklə, həm
də daşınabilən
püpitrdə (not dəftərini
şaquli vəziyyətdə
saxlamağa yarayan, ayaqlı mexaniki qurğuda - A.Y.) yazırmış.
Ancaq bu məşğuliyyəti o, çox
vaxt yarımçıq
qoyub, təkrar gül kollarının yanına tələsirmiş.
Az əvvəl bellədiyi
torpağı alaq otlarından təmizləyərkən,
yazdığı əsərin
süjetindəki növbəti
dönüş barədə
düşünür, həmçinin
xəyalında yaratdığı
surətlərin sonrakı
aqibəti ilə bağlı bir qərara gəlirmiş.
Baum özü də daima şikayətlənirmiş
ki, "qəhrəmanlarım mənimlə heç cür yola getmirlər".
Con
MİLTON
(1608-1674)
Ömrünün son 20 ilini Milton gözdeşən
zülmət içində
keçirib: hətta gözlərinin tutulması
da onun məhsuldar yaradıcılığına əsla
mane olmayıb və o, özünün
10.000 misraya sığan
şah əsəri -
"İtirilən cənnət"
poemasını məhz
həmin dövrdə
qələmə alıb.
Eynilə
Dekart kimi, Milton da səhərin ilk saatlarını
yataqdan qalxmaz və həmin vaxtı səssizlik içində düşüncələrə
dalmaqla keçirərmiş.
Amma adıçəkilən filosofdan fərqli olaraq, bu şair
üçün yeni gün
xeyli erkən başlanırmış - nisbətən
ilıq mövsümlərdə
saat dörddə, soyuq qışda isə saat beşdə.
Kiraladığı mirzə səhərin gözü açılan kimi yarım saat boyu Milton üçün
"Bibliya"dan parçalar
oxumalıydı. Bunun ardınca
təkbaşına qalan
şair beynində yaratdığı bəlli
sayda misranı hafizəsində tuturdu. Saat yeddidə təkrar ona baş çəkən mirzə müəllifin diktəsiylə hazır mətni kağızlara köçürürdü. İlk bioqraflarından birinin yazdığına görə,
mirzəsi işə bir azca ləngiyəndə
cırnayan Milton onu bu sözlərlə tənbeh edirmiş: "Gəl, çıx da! Sağım vaxtı çatıb axı!".
Bu diktə prosesi bitdikdən sonra mirzə kağıza köçürdüyü mətni
müəllifə oxuyurmuş.
Yalnız bu yaradıcı iş bitincə, evdə səhər süfrəsi
açılırmış. Sonrakı üç-dörd
saat boyu bağda gəzib-dolaşan
Milton günün ikinci
yarısında öz
ziyarətinə gələn
qonaqları qəbul edirmiş. Yüngülvarı
şam yeməyindən
sonra isə bir qədər qəlyan tüstülədən
şair axşam saat doqquzda yatağına
girirmiş.
Ayn REND
(1905-1982)
1942-ci ildə Ayn Rend özünə
ədəbiyyatda danılmaz
bir yer qazandıran
"Mənbə" romanı
üzərində tamamlama
işləri aparır.
Sürəkli əziyyət
çəkdiyi yorğunluğun
caynağından qurtulmaq
məqsədilə həmin
günlərdə həkimə
müraciət edir. Çalışma şövqünü
bəlli bir səviyyədə saxlaya bilsin deyə, həkim bu qadın
yazara o vaxtlar istehsalına təzə-təzə
başlanan "benzedrin"
həblərini məsləhət
görür.
Bu təklif qısa müddətdə öz müsbət təsirini göstərir: əgər
trilogiyanın birinci hissəsini bitirməyə
Rend bir neçə ilini həsr eləmişdisə, "benzedrin"in
köməyilə o, sonrakı
ilin hər həftəsi ərzində
irihəcmli bir fəsli bitirməyə
nail olur. Həmin 12 ay
boyu o, var gücüylə,
həm də gecə-gündüz yazıb-yaradır,
bəzən bir neçə gün ard-arda yatağına girmədən, elə paltarlı halda divanda mürgüləməyi
daha uyğun sayır.
Hətta
bir kərə sərasər, 30 saat boyu yazıb-pozan bu xanım sadəcə,
ərinin hazırladığı
yeməyi dadmaq, bitirdiyi növbəti fəsli və oradakı dialoqları ona oxumaqdan ötrü
öz işinə ara verir. Hətta
bu mətn yaradıcılığında müəyyən fasilə
yarananda belə, o, yazı masası arxasından qalxmaq istəmir.
Sonrakı dönəmdə tutduğu
makinaçı qadın
onunla əməkdaşlığına
dair bunları bildiribmiş:
"Ayn
son dərəcə intizamlı
birisiydi. Yazı masası arxasından durmağa əsla həvəs göstərməzdi.
Yazı prosesi qəfildən, onun öz deyimiylə, "dalana dirənəndə"
də bu müşkülə məhz
masa arxasında çözüm
tapmağa çalışır,
ilham pərisi geri dönsün deyə, əsla durub, otaqda var-gəl eləmir, radio, ya da televizoru açmağı isə heç ağlına da gətirmirdi. O da var ki, masa arxasında
qaldığı müddətdə
Ayn həmişə yazıb-pozmurdu
və bir dəfə kabinetdə kağızların xışıldadığını
eşidərkən mən
onun məhz "pasyans" oynadığına
şahid olmuşdum. Bəzən o, qəzet oxuyurdu, ya da hərəkətsiz bir pozada - dirsəklərini masaya, çənəsini
isə ovuclarına söykəməklə - duruxub
qalırdı, gözlərini
pəncərədən dışarı
zilləyərək nələr
barədəsə düşünürdü".
Məhz
"Mənbə" romanını
bitirməkdə "benzedrin"
Rendin dadına yetişsə də, bu qadın yazar
artıq həblərdən
tamamilə asılı
vəziyyətə düşür
və sonrakı otuz il boyu "amfetamin" qəbuluna aludə olur. Sözügedən stimulyatorlardan
gen-bol istifadə onun davranışlarında
ruh düşkünlüyünə,
əsəbiliyə, çılğınlığa,
hətta paranoyaya yol açır. Ancaq bütün bunlar onun ətrafındakıların
diqqətini sən deyən cəlb eləmir, çünki
Rend dünyaya gəldiyi
gündən bəri,
zatən, bütün
bu ziddiyyətli ovqatların məngənəsində
çırpınırdı.
Meyson Karri
Amerikalı yazar
Dilimizə çevirdi: Azad Yaşar
Ədəbiyyat qəzeti.- 2024.- 7 sentyabr, ¹34.-
S.30-31.