Öncə söz vardı...

 

Böyük şairimiz, mütəfəkkirimiz, Şərq dünyasının incisi Məhəmməd Füzulinin 530 illiyində könlüm istədi ki, "Öncə söz vardı..." adlı bir araşdırma məqalə yazım. Təhlil və qənaətlərimdən ibarət bu yazını Füzulinin uca ruhuna sevgi və sayğımın izharı kimi də dəyərləndirmək olar. Türk düşüncə tərzinin, təfəkkürünün ən uca məqamından bulaq kimi süzülüb gələn ulu sözümüz digər türk xalqlarının dil və ləhcə özəllikləri fonunda müəzzəm görünür və bizə çox gerçəkləri anladır. Bizə, həm də o həqiqəti anladır ki, türk dilləri arasındakı fərqlilik bənzərliklər fonunda xeyli cılız görünür. Bənzərlikləri isə eynilik adlandırsaq, daha doğru olar, zira, bir ağacın qol-budaqlarının eyni bir kökdən rişə atdığı bizə gün kimi aydındır. Günəş təki aydın və görünən gerçəklər isə həqiqətdən, reallıqdan da ötədir. Yəni hər gün Günəş kimi bir həqiqəti görmək gerçəklikdən də o yana, doğmalığı, adiliyi, təbiiliyi gətirir. Anamızın bağrından, sinəsindən, dilindən qopan hər sözümüz öz, xalis, doğma sözümüzdür.

Bu mənada, ulu sözümüz haqqında "Öncə söz vardı..." adlı yazımı Məhəmməd Füzuli ilə başlasam, lap yerinə düşər.

 

Türk oğlu türk mütəfəkkir, Azərbaycanın filosof şairi Məhəmməd Füzulinin "Söz" qəzəlinin məqtə beytindən əvvəlki beyt bu cür səslənir:

 

Olmayan qəvvasi-bəhri-mərifət arif deyil,

Kim, sədəf tərkibi-təndir, lölöi-şəhvar söz.

 

Füzuli sözü canlı görür, ona Tanrının Yerdəki səlahiyyətli səfiri, elçisi nəzəri ilə baxır. "İnsanı ucaldan da, onu yerlə-yeksan edən də sözdür" - deyir Füzuli. Türk düşüncə tərzində söz həmişə canlı olub, onunla canlı bir varlıq kimi davranılıb. Obrazlı desək, hər daim sözün başına tumar çəkilib, vaxtılı-vaxtında yeməyi, içməyi verilib, naz-qəmzəsinə, ədasına təhəmmül edilib. Özgə cür davrandıqda isə bizi cəzalandıran məhz söz olub. O söz ki, onunla savaşlar, hərblər başlayıb, o söz ki, onunla məhbəs, zindan həyatı çəkilib, yaxud da əksinə, sülhə, barışa nail olunub. Bəs müqtədir şairimizin yuxarıdakı beytdə söyləmək istədikləri nədir?

Sətri izahı aydındır: Mərifət dənizinin dalğıcı olmayan arif insan deyil. Şahlara, padşahlara layiq söz qiymətli sədəfə bənzəyir. Onun canı, mahiyyəti, tərkibi o zaman şahanə olar ki, onun bərqərar olduğu mərifət dənizində gərək üzməyi bacarasan. Füzuli sözünü bir qədər də incələməyə qayrət göstərsək, daha dərin mətləblərə vaqif olarıq.

Sirr deyil ki, sədəf və mirvarinin çox qəribə təbiəti var. Sədəf baharda suyun üzünə çıxır, əsasən aprel ayında yaz yağışından bir-iki qətrə, damcı udduğu müşahidə olunur.

Bu qətrələr onu ağırlaşdırıb dənizin dibinə endirər. Təbiətin qanunu ilə mirvariyə, gövhərə çevrilən bu qətrələr sədəfin bağrında yaşayar. Sədəf üçün ən qiymətli şey onun bağrında bəsləyib yetişdirdiyi gövhər olduğu kimi, Füzulinin fikrincə, insan sədəfində də ən qiymətli gövhər sözdür. Yəni ulu sözümüzdür.

- Ancaq hansı söz?

- Qəlbimizin ən dərin qatlarından çıxardığımız söz, zira, dərində olan nəsnə daha dəyərli olar. Nəzərə alsaq ki, bu il Məhəmməd Füzulinin anadan olmasının 530 ili tamam olur, o zaman mütəfəkkir şairimizin söz dəryasından daha bir damla götürməyə cəhd edəcəm.

Şairin məşhur "Vətənim" qəzəlinin mətlə beytinə diqqət yetirək:

 

Pənbeyi-daği-cünun içrə nihandır bədənim,

Diri olduqca libasım budur, ölsəm, kəfənim.

 

Pənbə-pambıq, cünun-ərəbcə divanəlik, dəlilik, vurğunluq mənasını verir. Dağ isə bildiyimiz coğrafi anlamda "dağ" deyil, dağ basmaq mənasında işlənir. Pənbeyi-daği-cünun, yəni "dəlilik dağının pambığı". Füzuli niyə belə deyib? Əski çağlarda dəliləri 3 üsulla müalicə edərdilər. Məsələn, böyük təbib, alim İbn Sina ərğənun musiqi alətini ixtira eləmişdi ki, onun hansı ladında, hansı tembrində hansı mərəzi (qızdırma, sancı) sağaltmağı əla bilirdi. Yəni birinci, çalğı yolu ilə dəlini müalicə etmək, ikinci, qan almaq yolu ilə, üçüncü isə daha mürəkkəb üsul olan - dağ basmaq metodu ilə...

Füzuli deyir ki,

- "Mənim Allaha olan eşqim elə bir mərhələdədir ki, birinci və ikinci yol daha karıma gəlməz. Bu metodlarla məni sağaltmaq mümkünsüzdür. İndi eşqimin yarası elə böyükdür ki, bu yaraları örtməyə, bədənimi yaralardan gizlətməyə böyük pambıq lazımdır və bu dünyada yaşadıqca həmin pambıq mənim libasımdır, çünki başqa libasa, əlbisəyə bədənimin ehtiyacı qalmır. Öldükdən sonra isə bu pambıq mənim kəfənimdir. Şair üçüncü beytdə "Beytül-həzənim" ifadəsini işlədir ki, ərəbcədən tərcümədə "hüzn evi" kimi səslənir. Bəs hansı "hüzn evi"ndən söhbət gedir, kimindir bu hüzn evi? Bu təbirin də kökləri Hz.Yaqub peyğəmbər dövrünə gedir. Füzuli məşhur tacik şairi Əbdürrəhman Caminin "Yusif və Züleyxa" poemasının motivlərindən istifadə edərək bu ifadəni ən dürüst məqamda istifadə edir. Bəs haradan gəlir "beytül-həzən"?

Hz. Yaqub peyğəmbərin oğlu Hz.Yusifin rəvayətindən. Məlum rəvayətdir, Yusifin ögey qardaşları onu quyuya atmışdılar, oğlunun ölüm xəbərini eşitcək, Hz. Yaqub evində qəbir düzəldir, gecə-gündüz onun yasını saxlayır, daim ağlayır və ağlamaqdan gözləri nurunu itirir. Bir də oğlu Yusifin sağ olduğu xəbərini eşidəndən və onu görəndən sonra gözləri görməyə başlayır. Füzuli daş dələn ahını, "hüzn evi"ni ancaq Hz.Yaqub peyğəmbərin "hüzn evi" ilə müqayisə edir.

Türkologiyamızın banisi Mahmud Kaşğari də ortaq türk dilinin həm mazisi, həm istiqbalı üçün böyük töhfələrdə bulunub.

Əvvəla, Kaşğari  özünün məşhur "Divani-lüğət-it-türk" əsərində türk dillərini 3 böyük dil qrupuna bölür: qədim uyğur, qıpçaq və oğuz dillərinə. Ulu, qutsal sözümüz ağızdan çıxır, insanlara böylə bir şəkildə təmas edir, ülfətimiz, məhəbbətimiz, istəklərimiz bu formada gerçəkləşir. Odur ki, ilk növbədə, "ağız" sözünün  türk dillərində ən fərqli variantlarını sadalamaq olar:

"Ağız" sözü - qazax, tatar, qaraqalpaq, noqay və balkar dillərində "auz", qırğızca "öz", altayca "üz", qaqauz dilində "az", xakasların dilində "as" kimi səslənir.  Türkiyə və Azərbaycan türkcəsində isə "ağız" şəklində tələffüz olunur.

Ulu sözümüz bütün  fərqli və bənzər cəhətləri ilə bizim sözümüzdür. Bu zaman ortaya belə bir ritorik sual çıxır: fərqlilik necə böyük olmağımızın, oxşarlıq isə bir kökdən pərvəriş tapmağımızın nişanəsi deyilmi, əcəba?!

- Nişanəsidir.

Onda ortaq türk dillərinin ən yayğın sözlərindən olan "elçi" sözünə də nəzər yetirək.

Bir çox türk dillərində və dialektlərində bu söz eyniliyini saxlayır. Qədim uyğurlarda "elçi", qədim qırğızlarda da eynən, "elçi" kimi tələffüz olunan ulu sözümüz "elçi", "səfir", "xəbərçi" anlamında işlənir. Məmlük qıpçaqlarında da bu sözə eynən, bu şəkildə rast gəlirik. Qırğız ədəbi dilində xəbərçi, elçi mənasında işlənən "elçi" sözü ilkinliyini saxlayır. Qazax ədəbi dilində və dialektlərində "elşi" kimi istifadə olunan söz "arabulucu" anlamını da ehtiva edir. Qaraqalpaq ədəbi dilində  "elşi", noqay ədəbi dilində də "elşi" kimi işlədilir. Doğma Azərbaycan türkcəsində isə "elçi" sözünün bir neçə variantlara - "elçi", "səfir", "xəbərçi", "müjdəçi", habelə "peyğəmbər" kimi məna çalarlarına malik olduğunu görürük.

Yeri gəlmişkən,  ulu sözümüz, həm də bizim ortaq təfəkkürümüz və düşüncəmiz deməkdir. Türk coğrafiyasını dolaşan daha bir qədim sözümüzdən də yazmağa dəyər.

"Əski" sözündən:

Qədim türkcənin Uyğur ədəbiyyatıbnda bu söz "eski" kimi yazılır, Mahmud Kaşğaridə də eyni formada yazılan "eski" sözünün qıpçaq türkcəsində də yazılışı bu sayaqdır: "eski". Qazax ədəbi dilində və dialektində də "eski" - "qədim", "köhnə", "işə yaramaz" anlamında işlənir.

Qaraqalpaq ədəbi dilində "eski", qaraqalpaq dilinin

Konrat - Şomanay dialektində də "eski" kimi təzahür olunur. Noqay dilində "eski", Azərbaycan türkcəsində isə "əski" kimi əksini tapıb. Dilimizin dialektlərində "əski" sözü, həm də parça və yararsız dəsmal anlamında işlədilir. Göründüyü kimi, türkün özü kimi sözü də birdir. Bir, birlik isə təkcə təkliyi ehtiva etmir, həm də cəmi, kəsrəti, türk xalqlarının ortaq gələnəklərini, dərdlərini, hədəflərini qapsayır.

(Yazımda böyük ədəbiyyatşünas-alimlərimiz Əkrəm Cəfərin və Əli Fəhminin mülahizələrinə, habelə müəllifi olduğum "Öncə söz vardı..." araşdırma-yazılarıma istinad etmişəm)

 

04.09.2024

 

Turan UĞUR

 

Ədəbiyyat qəzeti.- 2024.- 7 sentyabr, ¹34.- S.32.