Parisdə
üç türk rəssamı
Elmi araşdırma
Abidin
Dinoyla dörd il bundan qabaq, o, Sovet İttifaqına gələrkən
tanış olduq. Vaxtilə ölkəmizdə teatr təhsili
almış bu görkəmli rəssam Türkiyənin ən
böyük sənətkarlarından biridir. Çox vaxt vətən
öz böyük oğullarının qədrini bilmir, vətənə
cəlayi-vətən olmuşların özləri yox,
şöhrətləri gəlib çıxır, vətəninin
özünü şöhrətləndirən şöhrətləri.
48-ci ildə
Abidin Dino iki rəssam dostu Avni Arbaş və Səlim Turanla
birlikdə Türkiyənin dözülməz siyasi mühitindən
canlarını qurtarmaqçün Parisə gəlirlər.
Danton: - Vətəni çəkmənin dabanlarında aparmaq
olmaz, - demişdir. Lakin vətəni mühacirətdə
"ürəyin infarktında" yaşatmaq olarmış.
22 ildən
bəri Parisdə məskən salmış bu üç rəssam
burada ailə qurmuşlar. Abidin və Səlimin arvadları
türkdürlər, Avninin yoldaşı fransızdır.
Parisdə neçə min rəssam var. Müxtəlif cərəyanlara,
məktəblərə, dünyagörüş və
dünyaduyumlarına malik olan bu rəssamlar içində
baş çıxarmaq çətindir, ad çıxarmaq
daha da çətin. Hər üç rəssamın bu
böyük və yad şəhərdə ilk
çağları ağır, məşəqqətli,
ehtiyaclar və sıxıntılar içində
keçmişdir. Lakin onlar nə sol siyasi əqidələrindən,
nə sənətdə humanizm prinsiplərindən, nə də
yaradıcılıqlarının milli, Şərq köklərindən
imtina etməmiş, bu başgicəlləndirən sənət
təəssüratı içində başlarını
itirməmiş, öz mənlərini, öz sifətlərini
saxlamış və özlərini sənət aləminə
tanıda bilmişlər. Parisdə
görüşdüyümüz məşhur fransız sənətkarı
Andre Fujeron Abidin Dinonu Parisin tanınmış müasir rəssamlarından
biri adlandıranda sevindik. Sevindik ona görə ki, Abidin Dino tərəqqipərvər
bir sənətkardır, sevindik ona görə ki, o,
böyük Nazimin ən yaxın və əziz adamlarından
idi. Sevindik ona görə ki, Abidin özü də çox səmimi
və ağıllı insandır. Sovet İttifaqında
görüşdüyümüz zaman o, Azərbaycana, bizim sənətə
böyük maraq göstərirdi, müasir şeirimizdən,
Arif Məlikovun "Məhəbbət əfsanəsi"
baletindən, Toğrul Nərimanbəyovun əsərlərindən
fərəhlə danışırdı. Dino Toğrulun
işlərinə baxıb: "Bu istedadlı rəssamın
hər işindən görünür ki, o bir Azərbaycan rəssamıdır
və məhz Bakıda yaşayan bir rəssamdır, - dedi. -
"Bu "Muğam" şəklinə diqqət verin.
Müğənni, çalanlar təsvir olunub, ancaq hər
boyada, hər yaxıda sanki neftdən bir nişanə, bir əlamət
var".
Abidin
Toğrula: "Amma siz mütləq Parisi görməli, Paris
muzeylərini gəzməli, fransız rəssamlarının əsərləriylə
daha yaxından tanış olmalısınız, - dedi
(dörd il sonra Abidinin sözləri həyata keçdi. Parisdə
Toğrulla birlikdə Abidingilə getdik. Təəssüf ki,
rəssamın özünü görə bilmədik. O, bir
neçə aylığa Türkiyəyə getmişdi).
(Çox-çox illər sonra isə Toğrul Parisə
köçdü, ömrünü burada başa vurdu və
burada torpağa tapşırıldı.)
Abidin və
arvadı, ədəbiyyat və dil müəllimi Güzin
xanım Parisin lap mərkəzində Sen-Mişel bulvarıyla
Sen-Mişel sahil küçəsinin tinində yerləşən
evdə yaşayırlar. Vaxtilə böyük fransız rəssamı
Anri Matiss də bu binada yaşayırmış. Evin fasadı
Senaya və Notr-Dam kilsəsinə baxır. Tələbələrin
məhəlləsi - Latın kvartalı, Sarbonna Universitetinin
korpusları da bu evin yaxınlığındadır. 68-ci ilin
may çıxışlarında tələbələrin
aparıcı qüvvə olmasıyla əlaqədar rayonda cərəyan
edən hadisələrin mərkəzi bu ev imiş. Güzin
xanım bu günlərdən danışır:
-
Heç ağlımıza da gəlməzdi ki, bizim bu sakit
küçə, illərdən bəri
yaşadığımız və
alışdığımız bu evin qabağı ancaq filmlərdən
və kitablardan tanış olduğumuz tarixi dekorlara
çevriləcək, küçəmizdə tez-tez rast gəldiyimiz
cavanlar - gənc işçilər, tələbələr,
oğlanlar və qızlar bu tarixi tamaşanın qəhrəmanları
olacaq. Onların arasında mənim öz tələbələrim,
gündə görüşdüyümüz cavanlar da
vardı. Evimizə düşə bilmirdik.
Qapımızın ağzında tələbələrin
barrikadaları qurulmuşdu. Bizi evə keçməyə
qoymurdular, "bizə qoşulun" deyirdilər, - "ya
bizdənsiniz, ya onlardan, düşmənlərdən".
İzah edirdik ki, biz fransız deyilik, mühacirlərik, yaşımız
da barrikada yaşı deyil. Sözümüzü veclərinə
almırdılar. İnqilaba nə yaşın dəxli var, nə
milliyyətin. "Ya bizdənsiniz - əzilənlərdən,
ya da onlardan - əzənlərdən".
Əlbəttə,
Abidin də, Güzin xanım da əzilənlərlə idilər.
Abidin Dino bunu öz sənətiylə, öz əsərləriylə sübut etmişdi. Abidinin may
günlərinin təəssüratından doğulmuş tabloları,
nümayişçiləri, insan axınını təsvir
edən rəsmləri - sənətkarın barrikadası, əzilənlərin,
üsyan edənlərin tərəfi idi.
- Bu
adamlar nerəyə gedir, Dino? - deyə xəbər alan Nazim
Hikmət özü də cavab verirdi - Sən də, mən də,
Dino, onların arasındayıq, biz də, biz də, Dino,
gördük açıq mavini.
On bir il
qabaq yenə də may ayında Paris təlatümə gəlmişdi.
Abidin bir çox rəsmlərində məhz bu günləri
təsvir edir. Güzin xanım sonsuz bir kədərlə: -
"O gün Nazim də Parisdəydi, - deyir, - bütün
günü bir yerdə olduq".
Gördüm,
şükür, gördüm, şükür,
bu
günü də gördüm, şükür.
Gördüm,
şükür, bu günü də Parisdə.
Axdı
Paris,
əsl
Paris
mavi-mavi,
qızıl-qızıl.
Axdı
ren-ron-karon-Sen,
axdı Paris
sular kimi şakır-şakır,
axdı
Paris 1958
mayıs
iyirmi səkkizdə
Mən
bunları yazıram
1958
mayıs iyirmi doqquzda.
Bu gün
- 58-ci ilin 28 may günü iki sənətkarın əsərində
- Nazim Hikmətin şeirində və Abidin Dinonun rəsmində
həkk olunub.
Abidinin sənətində
sovet filmlərinin, xüsusilə, Eyzenşteynin "Tətil"
və "Potyomkin zirehli gəmisi" filmlərinin təsiri
duyulur. Sovet rejissoru kimi o da, tək-tək fərdləri deyil,
təlatümə gəlmiş kütləni,
"massovkanı" təsvir edir. Bu kütlə təbii
qüvvə kimi əzəmətlidir, çoxsifətlidir.
Hamıya hakim kəsilmiş eyni yüksək bir hiss, bir amal,
birlik qayəsi insanları ayıran fərdi cəhətlərə
üstün gəlib. Abidin adamları - söhbət əməkçilərdən,
əzilənlərdən, üsyana qalxmışlardan gedir -
bir toplu, bir küll halında təsvir edir. Sanki rəssam
nümayişlər obrazı yaratmaqçün
doğulmuşdur.
Nazim Hikmətin
və Abidin Dinonun yaradıcılığında ümumi cəhətlər
çoxdur: güclü yenilik hissi, böyük humanizm,
inqilabi pafos, dünyanın dərdlərini öz qəlbinin
ağrıları kimi duymaq bacarığı.
Güzin
xanım Abidinin son işlərini göstərir: - Bu, Vyetnam
hadisələriylə bağlıdır, - deyir. - Qəzetlərdən
aldığı məlumatlar Abidini çox həyəcanlandırır.
Görürsünüzmü, bu, peyzajdır, meşə rəsmidir.
Abidin bu işi çəkən zaman - amerikalıların son
rəzalətindən - Sonqmi faciəsindən xəbər
tutdu. Bəlkə bu xəbəri eşitməsəydi, meşə
daha şən, daha işıqlı olardı.
Yadımdadır,
Moskvada, fransız sərgisində çıxış edən
fransız rəssamı Bazen (o, Fransanın ən məşhur
rəssamlarındandır, Parisdə müasir sənət
muzeyində bir neçə tablosu asılıb) deyirdi:
"Bəlkə
də bütün dövrlərin ən böyük rəssamı
olan Sezan 1870-ci il müharibəsi zamanı almaları çəkirdi.
Amma otuz il sonra o yenə də almaları çəkirdi.
1914-cü il müharibəsi zamanı Renuar çiçəkləri,
çılpaq qadınları çəkirdi, Pikasso borular və
meyvə vazlarından ibarət kubist natürmortlar üzərində
işləyirdi. Yüzlərlə misaldan mən yalnız bu
üçünü götürürəm. Müharibələr
və inqilablar keçib gedir, tarixin qanlı, ya mübarizəli
səhifələri çevrilir, sənətkarlar isə - ən
böyük, ən həssas sənətkarlar isə, görünür
ki, bütün bunlara biganə qalırlar".
Abidinin rəsmləri,
Güzin xanımın sözləri Bazenin fikrini inkar edir,
köhnə bir həqiqəti təsdiq edirdi: Sənətkar,
illah da, böyük və həssas sənətkar, əsrinin
hadisələrinə biganə qala bilməz. O öz əsrinin
şahididir, öz dövrünün nəbzini tutur. İntəhası,
sənətin həyata münasibəti müstəqim,
birbaşa deyil, mürəkkəb və dolayıdır.
Müharibə dövründə almaları və mənzərələri
çəkən Sezan öz çağının tarixi hadisələrini
bilavasitə əks etdirmir. Lakin onun da, Pikassonun da sənətdə
devriliş, inqilab yaratmış tabloları dövrün
çətin sorğularına sənətkar cavabı idi.
Onlar öz əsərlərində dəyişən,
parçalanan, formalarını itirən varlığın
modelini, əksini, fotoqrafik əksini yox, dəruni, məzmun,
anlayış və duyumla bağlı əksini verirdilər. Bu
baxımdan Vyetnam faciəsini yalnız bu fəlakətzadə
ölkəyə həsr olunmuş əsərlər çəkən
rəssam əks etdirmir. Bu faciəni qəlbən, ruhən
duyan sənətkar nə çəkirsə-çəksin, -
meşə, dəniz, yaxud alma - əsrin
ağrılarını, ümidlərini ifadə edir və qələmiylə,
fırçasıyla, rəng, biçim, ovqat tərziylə
canlandırır.
Söhbət
yenə Nazim Hikmətdən duşür. Abidingildə bir qonaq
da var. Sinli, ağır təbiətli, üzündə
ağıl və iradə duyulan qadın - Türkiyənin
mütərəqqi ictimai və siyasi xadimi, sülh tərəfdarı,
ölkəmizin dostu, mübariz, sol əqidəli iqtisadiyyat
alimi Bəhicə Borandır. Bəhicə xanım
xatırlayır ki, Nazim "Türkiyədə" adlı
pyesində yaratdığı Xədicə obrazının bir
çox cəhətlərini onun bioqrafiyasından,
ömürlüyündən almışdır. Əsərin
qəhrəmanı Xədicə kimi real Bəhicə
xanımı da türk hökuməti hamilə ikən məhkəməyə
vermişdi -sülh və demokratiya uğrunda mübarizə
apardığı üçün. İndi həmin uşaq -
o vaxt Bəhicə xanımın dünyaya gətirdiyi
övlad - 20 yaşlı bir gəncdir.
Güzin
xanım:
- O pyesinə
Nazim mənim də adımı salıb, - deyir, -
yadınızdadırmı, qəhrəmanlardan biri
Güzindir.
- Əlbəttə,
yadımdadır. Nazim Hikmətin "Saman sarısı"
şeirindəki misralar da yadımdadır:
Sən
mutluluğun rəsmini yapa bilirmisən, Abidin?
- Nə
yazıq ki, Parisdə Abidinlə görüşə bilmədiniz.
Abidin
Türkiyəyə gedib; 22 ildir həsrətini çəkdiyi
vətənə. Güzin xanım belə bir fakt da
danışdı: hələ bir il bundan qabaq Abidinin adı
belə Türkiyədə qadağan imiş. İngiltərədə
keçirilən dünya futbol birinciliyi haqqında çəkilmiş
filmin rejissoru Abidindir. Bu film Sovet İttifaqında da göstərilib:
"Qızıl ilahə uğrunda mübarizə". Həmin
film Türkiyə ekranlarına da çıxıb. Türk
xalqı futbolu sevir, amma türk hökuməti rəssam Abidin
Dinonu sevmir. Odur ki, filmin titrlərində Abidin Dinonun adı rəsmi
dairələr üçün göz dağı imiş.
Film göstərilən zaman Dinonun adı yazılan kimi salonda
alqışlar qopurmuş. Türk gəncləri Pelenin əfsanəvi
qollarından daha çox, yasaq sənətkarın adına əl
çalırmışlar.
"Hər
şey axır, hər şey dəyişir" -
dialektikanın qanunları yenilməzdir. Əsl sənətin
qanunları kimi. İndi Türkiyədə Dinonun fərdi sərgisi
açılır. Bu il İsveçdə rəssamın sərgisi
nümayiş etdiriləcək. Bundan qabaq da bir çox Avropa
ölkələrində onun əsərləri göstərilmiş,
Moskvada Mərkəzi Yazıçılar Evində sərgisi
olmuşdur. Şübhəsiz, yaxın vaxtlarda Bakı sənətsevərləri
də bu istedadlı rəssamın ağrılı və
mübariz sənətiylə tanış olmalıdırlar.
***
Parisdə
ən maraqlı görüşlərimizdən biri mütərəqqi
türk rəssamı Avni Arbaşla oldu. Avni, yuxarıda dediyim
kimi, 22 il bundan qabaq Abidin Dinov və Səlim Turanla Parisə gəlib.
Burda evlənib. Arvadı Janin xanım da, qadın bəzək-düzəkləri
modelləri hazırlayır.
Fransızca
bir az danışmağı bacaran Nailə Nəzirovanın
köməyilə soraqlaşa-soraqlaşa gəlib Folantin
küçəsinə çıxdıq. Avninin mənzili bu
küçədədir. Avni və arvadı hər
üçümüzü - Nailəni, Toğrulu və məni
böyük mehribanlıqla qarşıladı. Söhbət
baletimizin Fransa səfərindən, Parisdən, Bakıdan,
Abidin Dinodan, Nazim Hikmətdən başlanır, rəssamlığa,
ədəbiyyata, kino sənətinə keçir. Avni deyir ki,
müasir rəssamlar içində ən çox fransız rəssamı
Bonnarı sevir. Avni sovet filmlərini, xüsusilə,
"Rublev"u çox bəyəndiyini söyləyir. Biz də
fransız filmlərinin ölkəmizdə geniş
şöhrət tapmasından danışırıq. Janin
xanımla kino zövqümüz uyğun gəlir. O da mənim
kimi müasir fransız rejissorlarından ən çox, Fransua
Trüffonun filmlərini bəyənir. Avni Azərbaycan incəsənətiylə
maraqlanır, Bakıda sərgi açmaq arzusunda olduğunu
bildirir. Toğrulun tablolarının fotolarına,
reproduksiyalarına baxır, çox bəyənir. Sonra öz
işlərini - Amerika, Fransa, İsveç albomlarında
çıxmış reproduksiyalarını göstərir.
Avninin işlərini ilk dəfə görürəm, ancaq bu
reproduksiyalardan birinə - Atlı şəklinə baxan kimi, dərhal
tanıyıram - Avninin atları, bumu? - deyirəm.
Avni
gülümsünür:
- Öylədir,
- deyir, - Nazim şeirini həmin bu tabloya yazıb.
Bu atlar
Avninin atları.
Quvveyi-Milliyyə
atları.
Qara
yamçı altında ağ sağrı dolğun
titrər
burun qanadları.
Bu atlar
Avninin atları.
Mənə
Avninin atlarına
minmək
nəsib olmasa gərək,
amma Məmməd
minəcək.
Gələcək
düşmanla topuz-topuza,
Gulüm,
Qüvveyi-Milliyyə atları,
Gözüm,
Quvveyi-Milliyyə atları.
Məmləkəti
satanları bağlasınlar quyruğunuza...
Avni də
Abidin kimi, Nazimin ən yaxın dostlarından idi. Bu iki rəssam
böyük şairin Parisdə ən yaxın adamları idi.
"Saman sarısı" şeiri yadınızdamı:
Matiss bir
manavdır kosmos yemişləri satar,
Bizim Abdin
də öylə, Avni də, Levni də...
Avni
böyük şairlə dostluğundan maraqlı söhbətlər
edir, bir tablosunun fotosunu bizə bağışlayır. Nazim
Hikmətə həsr olunmuş bu şəkil indi
qarşımdadır. Avninin sözlərini xatırlayıram:
Mən Nazimi iş başında, döyüşdə, səngərdə
təsvir etmişəm; o, şeir oxuyur, türk xalqına
şeir oxuyur. Onu dinləyənlər türk xalqının əməkçi
kütlələrinə mənsub insanlardır.
Sonra Avni
bizi o biri otağa aparır. Bu kiçik otaq həm də rəssamın
emalatxanasıdır. Avni bir-bir tablolarını göstərməyə
başlayır. Avni tablolarının xarakter cəhəti
onların maraqlı kompozisiya quruluşudur. Nazim Hikmətə
həsr olunmuş tabloda olduğu kimi, başqa rəsmlərdə
də təsvir olunmuş insan fiqurları tablo səthinin
kiçik bir hissəsində yerləşir. Nazim Hikmət
tablosundakı kinonun təsirindən doğan maraqlı
işıq effekti əsas obrazın - şairin sanki projektorla
işıqlandırılıb qaranlıq fondan
çıxması ideyasını əks etdirir.
O biri
tablolarda da əsas fikir dünyanı, varlığı əks
etdirən böyük saya fonda lap kiçik görünən,
ancaq yenə də diqqəti cəlb edən, fərdiyyətini
saxlayan insan surətləridir. Tablolarda neorealist filmlərdən
tanış olan motivlər - şəhər sakinlərinin məişət,
həyət və küçə səhnələri və
s. təsvir olunub. Evin qabağında səkidə oturub
söhbət edən qadınlar, küçədə oynayan
uşaqlar. Avninin demək olar ki, bütün tablolarında
uşaqların obrazı var. 22 il əvvəl Parisə gəlmiş
və burada ailə qurmuş hər üç rəssamın
- Abidinin də, Avninin də, Səlim Turanın da
övladları yoxdur. Bəlkə də Avninin tablolarında
dönə-dönə təkrar olunan uşaqlıq mövzusu
müəyyən bir nisgilin bədii ifadəsidir.
Kiçik
uşaq fiqurları - bütün qalan sahəsi boş və
saya qalmış tablonun bir küncünə
qısılıb qalıblar - kompozisiyanın özündə
bir ağrı, uşaqların taleyi haqqında bir nigarançılıq,
təlaş var.
Avni
bütün qəlbilə yaşadığı cəmiyyətə,
kapitalist cəmiyyətinə nifrət bəsləyir. Bu cəmiyyətin
parıltısı çoxdur. Yaraşıqlı kadillaklar,
dolu mağaza vitrinləri, qiymətli geyimlər, bəzəklər.
Ancaq bilsəniz, daxilən insanlar burada necə böyük bir
boşluq hiss edirlər?! Hərdənbir əsərlərimi
alan zənginlər məni də öz məclislərinə
dəvət edirlər. Bu günlərdə bir milyonçunun
müsafiri oldum. Bu ziyafətdə dünyanın hansı
naz-neməti yoxdu? Ən bahalı geyimlər, bəzəklər,
ən ləziz yeməklər, ən nadir içkilər.
Milyonerin xanımı: hər axşam belə qəbullar, belə
ziyafətlər, - dedi, - bilsəniz, nə qədər
bıkmışam belə həyat tərzindən.
Avni
realistdir. O, modernist cərəyanlara mənsub olan sənətkarlardan
danışır: onların arasında çox böyük
istedadlar, səmimi və həqiqi sənətkarlar, hətta
mütərəqqi baxışlı adamlar da var, - deyir. Ancaq
aralarında şarlatanlar da çoxdur. Bu günlərdə
Klayn adlı bir rəssam - o, Parisdə ad qazanmış rəssamlardandır
- məni fərdi sərgisinə dəvət etmişdi. Bəli,
gəldik, kataloq-filan. Kataloqda əsərlərin adları
yazılmışdı, sərgi salonunda ramkaların
altında da işlərin adları yazılmışdı,
ramkaların içi isə... boş idi. Divarın
parçası görünürdü. Klaynı təbrik
etdim, - yaradıcılığında böyük inkişaf
görürəm - dedim, - neçəyə satdın bu
boş ramkaları?
Sözlərimi
yumordan uzaq bir tərzdə qavrayan Klayn böyük bir qiymət
dedi. Doğrudan da, indi burjuaziya epataja da pul verir. Qəribə
dünyada yaşayırıq.
Avni: -
İndi mən sizi bir qədər Parisin gecə həyatı
ilə tanış etmək istəyirəm, - deyir, - Monparnas bulvarına
tərəf gedək. Rəssamlar
yığışdığı kafedə oturaq.
Monparnas
bulvarıyla Raspay bulvarının kəsişdiyi yerə gəlirik.
Erenburqun təsvir etdiyi, neçə-neçə filmdə,
romanda, şeirdə və tabloda vəsf olunmuş məşhur
"Rotonda" kafesi burdaymış. İndi əsrin əvvəlində
rəssamların, yazıçıların, Paris
bohemasının məskəni olan əski kafe yoxdur, onun yerində
"Rotonda" adlı kinoteatr var. Ancaq sabiq "Rotonda"dan
beş addım o yanda sənət tarixinə daxil olmuş
ikinci məşhur kafe - "Kupol" kafesi hələ də
işləyir. Avni bizi bu kafeyə dəvət edir. Bu kafenin təsvirini
Heminquey verib. Gecəyarıdan ötdüyünə baxmayaraq
kafe ağzınacan doludur. Əcaib görkəmli müsafirlərdən
adamın gözü qamaşır. Avni: O qadını
görürsünüzmü? - deyə uzunsaçlı,
hündür bir qızı göstərir, - diqqət edin, o qadın
deyil, kişidir, qadınsayağı geyinib.
Doğrudan,
çox diqqətlə baxanda "qızın" cavan
oğlan olduğunu görürsən. Allah Məşədi
İbada rəhmət eləsin!
Böyük
şəhərlərin sakinləri, adətən bir qədər
soyuq olurlar. Avni o qədər mehriban, xoşrəftar, isti
adamdır ki, elə bil onunla bu gün yox, neçə illər
bundan qabaq tanış olmuşuq. Bizə daha çox şey
göstərmək istəyir, öz həyatından, Parisin sənət
həyatından maraqlı faktlar danışır, Azərbaycan
mədəniyyətinə, incəsənətinə aid
çoxlu suallar verir. Biz onu baletimizin sabahkı
tamaşasına dəvət edirik.
Sabahı
gün, gecə Rembrantın sərgisinə baxmaq
üçün Avni arvadıyla birlikdə Hollandiyaya,
Amsterdama uçmalı idi. Ancaq yol üstündə
olmasına baxmayaraq, axşam Şanz-Elize teatrına gəldi,
baletlərimizə böyük maraqla tamaşa etdi və
çox bəyəndiyini qeyd etdi. Mən xahiş etdim ki, Avni
tamaşalardan aldığı təəssüratı
yazsın. Avni bu xahişi yerinə yetirdi və
aşağıdakı sözləri yazdı:
"İlk
dəfə Parisdə bir Azərbaycan baletini görmək firsətini
bulduğumdan dolayı bəxtiyaram. Qısa bir mazisi (keçmişi,
tarixi) olan bu balesin göstərdiyi başarı (müvəffəqiyyət)
məni heyran buraxdı. Seyr edərkən, sevinc və həyəcandan
gözlərim yaşardı. Kəndisiylə (özüylə)
tanışmaq zövqünü duyduğum Toğrul Nərimanbəyovun
dekorları ciddən çox gözəl və orijinal. Azərbaycanın
belə qiymətli bir sənətkara malik olduğunu görmək
məni çox sevindirdi. Dünya baleləriylə boy
ölçə biləcək Azərbaycan balesinin
sıx-sıx buralara gələrək bizlərə eyni
zövqü dadmaq firsətini verməsini dilərəm. Avni
Arbaş".
***
Parisdə
axırıncı görüşdüyüm bir adam
haqqında da danışmalıyam. Bu adam rəssam Turan Səlimdir.
Haqqında çox eşitmişdim. Ancaq şəxsən
tanış olmaq mənə Parisdə son axşam nəsib
oldu.
Səlim
Turan Hüseynzadə - azərbaycanlıdır, Əlibəy
Hüseynzadənin oğludur. Ancaq Türkiyədə
doğulmuşdur, 22 ildir Parisdə yaşayır. Parisə
Abidinlə və Avniylə bir vaxtda gəlib. Onların
dostudur. Sol əqidəli bir sənətkardır. Söhbətimizin
əvvəlində Səlim bəy ölkəmizdə onun
atasına - Əlibəy Hüseynzadəyə münasibət
haqqında soruşdu. Mən həqiqəti olduğu kimi
söylədim. Əlibəyin məfkurə və dil prinsiplərinə
tənqidi münasibətimizi gizləmədim. XX əsrin əvvəlində
məfkurə aləmində Əlibəyin təmsil etdiyi cərəyanla
"Molla Nəsrəddinçilər" məktəbi
arasında mübarizə gedirdi və bu gün həmin
mübarizədə bizim "Molla Nəsrəddinçilər"ə
haqq qazandırmağımızı, tarixi həqiqətin də
bu inkişafı təsdiq etdiyini söylədim. Onu da dedim ki,
Əlibəy özü bu həqiqəti anlamış, etiraf
etmişdi. Mühacirətə gedərkən, Tiflisdə Mirzə
Cəlillə görüşmüş və "Molla Nəsrəddin"
xəttinin doğru olduğunu etiraf etmişdi. Bu barədə
həm Mirzə Cəlil xatirələrində yazır, həm
də Əlibəy özü. Əlibəy yazırdı ki,
mən bir dəfə balaca uşağın top-top
oynamasına diqqət verdim. Topu yerə vururdu, top isə yerə
dəyib qalxırdı. Sənət də belədir, yüksəlməkçün
gücünü Antey kimi torpaqdan almalıdır. Əlibəy
bu həqiqəti təəssüf ki, gec dərk etmişdi.
Bununla belə, Əlibəyin bir mədəniyyət xadimi
kimi, geniş təhsilli bir adam kimi, rus və Avropa ədəbiyyatı
haqqında məqalələr müəllifi və bir tərcüməçi
kimi mədəniyyət tarixində xidmətlərini bizim
marksist ədəbiyyatşünaslığı heç vaxt
inkar etməmişdir. Əlibəyin rəssamlıq fəaliyyətini
isə biz bu gün ancaq minnətdarlıq hissiylə yad edirik
- o bizim ilk peşəkar rəssamlardan olub. Səlim Turana deyirəm
ki, Əlibəyin iki işi bizim İncəsənət
muzeyində asılmışdır və onları indicə
tanış olduğu rəssam Toğrul Nərimanbəyov bərpa
etmişdir.
İlk dəfə
eşitdiyi bu məlumat Səlim bəyi çox sevindirdi, o:
"Türkiyədə yaşayan bacımda da atamın bir
neçə tablosu qalıb, - deyir, - əlaqə yarada bilsəniz,
məmnuniyyətlə o işləri Azərbaycan muzeylərinə
təqdim edər".
Sonra
söhbət Səlim bəyin öz fəaliyyətindən
düşür. Yuxarıda dediyim kimi, sol əqidəli sənətkar
olan Səlim 22 il bundan qabaq rəssam dostlarıyla birlikdə
Türkiyənin dözülməz siyasi mühitindən yaxa
qurtararaq Parisə gəlmişdir. Paris həyatının ilk
dövrləri çətin keçmişdir. Lakin indi
artıq Səlim Turan Fransada bir rəssam kimi
tanınmışdır. Doğrudur, Avnidən və Abidindən
fərqli olaraq o, rəsmi qulluqda da işləyir. Ancaq bu qulluq
da sənətiylə, rəssamlıq peşəsiylə
bağlıdır. Səlim Turan Maarif Nazirliyi sistemində
işləyir. O, məktəblərin bədii tərtibatıyla
məşğul olur, işiylə əlaqədar olaraq tez-tez
Fransanın əyalətlərinə səfərə
çıxır. Səlim Turan bir rəssam olmaqla bərabər,
həm də mütəfəkkir, sənət nəzəriyyəçisidir.
Təəssüf ki, Parisdə olarkən onun rəsm əsərləriylə
tanış ola bilmədim. Görüşümüz, dediyim
kimi, son axşam oldu və Səlim bəyin emalatxanasına gedə
bilmədik. Onun əsərləriylə yalnız Bakıda
tanış oldum. 1970-ci ilin yanvarında Fransaya getmiş bir
qrup Azərbaycan mədəniyyət və elm xadimləri Səlim
bəylə görüşmüşlər və Səlim 17
işini Nizami adına Azərbaycan ədəbiyyatı muzeyinə
bağışlamışdır. Muzeyin direktoru, hörmətli
alimimiz Abbas Zamanov bu işləri Bakıya gətirmiş və
onları nümayiş etdirərkən məni də dəvət
etmişdi. Bu 17 iş müxtəlif tipli şəxslərin
realist planda çəkilmiş portretləridir. Portretlər
sulu boyayla işlənmişdir. Əsasən, Şərq sifətli
adamlardır. Bəziləri müasir adamların şəkli,
bəziləri isə bizim orta əsr şairlərimizin xəyali
surətlərini xatırladan rəsmlərdir.
Parisdə
isə mən yalnız Səlim bəyin sənət
haqqında nəzəri baxışlarıyla tanış ola
bildim. Bu tanışlıq əvvəlcə şəxsi
söhbətdən başlandı. Sonra isə Səlim bəy
mənə öz kitabını bağışladı.
"Sənət və toplum üzərinə" ("Sənət
və cəmiyyət haqqında". Türklər "toplum"
sözünü cəmiyyət mənasında işlədirlər)
adlanan bu kitabda müəllif həm öz
yaradıcılıq və həyat təcrübəsinə,
həm də sənət tarixinin müxtəlif faktlarına əsaslanaraq
çox maraqlı mülahizələr irəli sürür,
bir çox diqqətçəkən müşahidələrdən
söz açır.
Solçu
və mütərəqqi bir sənətkar kimi Səlim
Turanı ən çox maraqlandıran və narahat edən məsələ
sənətin cəmiyyətdəki rolu və əhəmiyyəti
və bundan dolayısı, sənətin xalq tərəfindən
anlanılmasıdır. Səlim bəy "Sənət sənət
üçündür" nəzəriyyəsini rədd
edir. O bunu şəxsi söhbətdə də dedi, sonra həmin
fikrinin ifadəsini kitabında da tapdım, "Sənət sənət
üçündür düşüncəsi dar və səthi
bir anlamda alındıqda da, sənətçinin
meydanını daraldır. Daha geniş anlamda alındıqda
da, sənətin zamanın tanığı olma, obyektiv olma
imkanını çətinləşdirir. Sənətçi...
həyatın içində və dünyada olub-bitənlərə
yabançı qalan deyil, hətta hər kəsdən fəzlə
duyan, təsirlənən və yaşayan adamdır". Və
buna görə də Səlim Turanın fikrincə,
"Özünə hörmət edən sənət,
gerçəyi arayan sənətdir", yəni realist sənətdir.
Ancaq Səlim
realizmi dar və məhdud mənada, naturalist və
fotoqrafçılıq planında anlamır. Realizm, onun
fikrincə, mürəkkəb dünyanı, mürəkkəb
dövrü bütün mürəkkəbliyi ilə əks
etdirən bir sənətdir. Səlim bəy ədəbi rəsmin
əleyhinədir. O deyir ki, bir tabloda yerə atılmış
vətən bayraqları təsvir olunmuş və tablonun
altında "Əsla! (heç vaxt!)" sözləri
yazılmışsa, bu mövzunun ədəbi həllidir, rəssamlıq,
plastik sənət baxımından həlli deyil.
Bu cəhətdən
müasir realist sənət anlayışı ötən
dövrlərin, məsələn, XIX yüz il realizmindən
fərqlidir. Səlim bəy: - klassik dövr tozun rəsmini
yapırdı,
çağdaş dövr - rüzgarın, - deyir və
Mövlananın sözlərini xatırlayır: - Yeli gizlədim,
tozu göstərdim - fikrini izah edərək Səlim bəy
klassik rəsm sənətini sabit təfərrüatlar sənəti
adlandırır, yeni dövrün sənəti isə daima hərəkətdə,
daima təlatümdə olan dünyanın məhz bu hərəkətini,
bu təlatümünü göstərir. Bir sözlə, tozu
yox, ruzgarı.
Ancaq bu sənətin
öz çətinlikləri var. Ruzgarı, hərəkəti,
dəyişikliyi əks etdirən bu sənətin
anlaşılması bəzən çətinlik törədir,
bu rəsmlərin qavranılması üçün müəyyən
göz tərbiyəsi tələb olunur.
Göz tərbiyəsi
nədir?
Bu barədə
Səlim Turan kitabında belə yazır:
"İnsan
gözünün tarixi yazıldımı?
Göz tərbiyəsi
nədir?
Qulaq tərbiyəsi
nədir?
Hər
göz tərbiyə olurmu? Neçə cür göz var?
Hər
qulaq notları doğru duyurmu?
Hər
göz rəngləri, biçimləri doğru
görürmü?
Doğrusu
nə? Yanlışı nə?"
Bu
sualların cavabını mən həm Səlim Turanın
kitabında, həm də şəxsi söhbətində
tapdım.
Estetik tərbiyə
problemini Səlim Turan daha
geniş ictimai problemlə - sənətin xalq kütlələrinin
malı olması problemiylə bağlayır. Aydındır
ki, onun mülahizələri burjua cəmiyyətinə aiddir.
Səlim deyir ki, bugünkü dünyanın sənət xəzinələri
ilk baxışda hamıya açıqdır. Doğrudan da, əskidən
qəsrlərdə, zənginlərin evlərində
saxlanılan bir çox sənət əsərini indi muzeylərdə
və ya hamının girə biləcəyi saraylarda görmək
olar. Bu muzeylərə də, ya kiçik bir məbləğə
bilet almaqla, ya da tamam pulsuz girmək olar. Küçədə
qoyulmuş heykəlləri, abidələri isə hər kəs
nə vaxt istəsə görür. Ancaq bununla belə sənət
əsərləri insanların böyük bir qisminə yenə
də qapalı qalır.
"Muzeylərin
xalqa açıq olması, xalqın faydalanması deməkmi?"
Yox. Nədən?
Bu sualın cavabını Səlim Turan kitabında aydın və
aşkar şəkildə burjua cəmiyyətinin təzadlarıyla
əlaqələndirir.
"Bir
memardan sordum:
- Bu
hazır dəmir nərdivan yerinə, beton bir nərdivan qoysa
idin, daha gözəl olmazdımı idi?
-
İqtisadi məsələdir, - dedi.
- Beton nərdivan
daha bahamı başa gəlir? - dedim.
- Xeyr, -
dedi, - hazır dəmir nərdivanın fabrikadan alma xərci,
beton nərdivandan beş dəfə bahalıdır.
- Bəs
belə isə? - deyə sordum.
-
Aydın məsələdir, - dedi. - Bu binanın pulunu verənlərin
dəmir nərdivan yapan fabrikada payları var".
Burjua cəmiyyətində
hər şey pulla, gəlirlə bağlıdır.
"Avropada,
Asiyada, Afrikada əski bir şəhərə baxarsaq,
ortasında yüksək yapı (bina) olaraq came, kilsə, məbəd
görürük. Amerikada modern bir şəhərə
baxarsaq, ortasında yüksək bir bina: "Bank".
Əski məbədlərin
yerinə müasir məbədlər - banklar ucaltmış
bir cəmiyyətdə sənətin taleyi Səlim Turanda
böyük nigarançılıq oyadır: O: "Sənətsiz,
bilimsiz mədəniyyətin, vay halına", - deyir.
- Hər
cəmiyyət öz sənətçilərini bir əzmə
yolu tapır. Neçə ki, El Qreko da İsanın
başını əsgərlərin başından daha aşağı
çəkdiyi üçün inkvizisiya məhkəməsinə
verilmişdi.
Səlim
Turan məzəli bir əhvalat da danışır: "Bir
padşah badımcanı sevdiyini söyləyincə vəziri,
badımcan yeməklərinin məziyyətlərini saymağa
başlayır. Padşah badımcandan xoşu gəlmədiyini
deyən kimi vəzir badımcan xörəklərini pisləyir.
Padşah: "Bəs indicə tərifləyirdin, niyə
fikrini dəyişdirdin?" - deyə soruşduqda; vəzir: mən
badımcanın qulu deyiləm, - padşahımızın
quluyam, - cavabını verir".
Söhbət
Səlim Turanın öz həyat müşahidələriylə
bağlı faktlardan düşür:
- 1940, ya
da 41-ci illərdə Muğladan Göycəgizə gedən
yolda zəlzələdən ziyan çəkmiş bir kəndə
gəlib çıxdım. Qəhvəxanadakı kəndlilərin
şəkillərini çəkməyə başladım. Kəndlilərdən
birinin şəklini yan tərəfdən, profildən çəkdim.
O birilər: Olmadı, - dedilər, - Həsəni təkgözlü
çəkdin. Nə qədər anlatmağa
çalışdımsa da, yox, yox, dedilər, axı Həsənin
iki gözu var. Onda bu profildən çəkdiyim portretə
pikassovari ikinci göz qoydum. Bax, bu başqa məsələ,
indi oldu düz, dedilər. Səlimin fikrincə, bu xalqda təbii
sənət hissinin, hətta ən müasir sənəti
anlamaq və qavramaq hissinin fitrən çox güclü
olmasını sübut edir. Bu fikri sübut etməkçün
başqa bir faktı da xatırlayır.
- Uzun
zaman qaldığım bir pansionatın xidmətçisi kəndli
qadın idi. Ayrılarkən - "Səndən bir rəsm istəyirəm",
- dedi. - Nə rəsmi istərsən, - dedim, - çiçəkmi,
yoxsa qızının portretinimi çəkim? - "Yox",
- dedi, - "o nə olduğunu anlamadığım rəsmlərindən
ver. Hər gün onların içində başqa-başqa
şeyləri görürəm. Onları sevirəm".
Ayrılıq
vaxtı gəlir. Səlim bəy Azərbaycana gəlmək,
Bakıda sərgi açmaq arzusunu bildirir. Kitabının
üstünü yazıb mənə təqdim edir, mən də
ona fransız dilinə tərcümə olunmuş "Mən,
sən, o və telefon" hekayəmi təqdim edirəm.
Bir ay
sonra Səlim Turan Parisdə olmuş yazıcı Sabir Əhmədovla
mənə kiçik bir tablo göndərdi. Tablonu mənim
hekayəmin mövzusuna çəkmiş və arxasında bu
sözləri yazmışdı: "Telefon" hekayəsi
yazarı Anar qardaşıma sayqılarımla. Səlim
Hüseynzadə". Mən bu tablonu mehriban bir insan, heç
bir zaman ana vətənini görməmiş, ancaq onun həsrətiylə
yaşamış, Parisdə rəssamlıq edən
eloğlumuz Səlim haqqında ən xoş xatirə kimi
saxlayıram. Arzu edirəm ki, Səlim bəyin istəyi həyata
keçsin. Yaxın zamanda Bakıda bu istedadlı rəssamın
sərgisi təşkil olunsun, o özü də ana vətəninə
gəlib yeni həyatı öz gözləriylə
görsün.
1970
Elə o
il "Qobustan" sənət toplusunda dərc olunmuş
"Gəzməyə qürbət ölkə"
yazısından indiki əlifbamızla ilk dəfə çap
olunur.
ANAR
Ədəbiyyat
qəzeti.- 2024.- 14 sentyabr, ¹35.- S.2-4.