Hekayələrin ilk və son cümləsi
Dünyada yəqin ki, ən
geniş tədqiqatlar
kiçik həcmli bədii mətnlər haqqındadır. Bunun ən
ümdə səbəblərindən
biri adı keçən janrın, yəni hekayənin sirli-sehrli (nağıllardan
gələn) dünyası,
poetik sistemindəki bütövlük və insan ruhunu oyadan
nəsnələrdir. Bu nəsnələrin
sayı çox möhtəşəm bir hekayə mətnini oxuduğun zaman bitib-tükənmir.
Bu mənada əslində
hekayələr romanlardan
daha böyük ərazini tutur. Mirzə Cəlilin və Haqverdiyevin hekayələrini oxuduyanda
(məsələn, "Bəlkə
də qauyatdılar",
Haqverdiyevin "Bomba",
"Marallarım" və
sair) bu ərazi sərhəd boyunca gözlərin önündə uzandıqca
uzanır, qapanmır,
sən mütaliəni
dayandırsan belə
(buna məhkumsan) o atmosfer
və hava daim olmasa da həyatın müəyyən
məqamlarında yadına
düşür, indi keçirdiyin hislərlə
qaynayıb-qarışaraq yeni "sərhədlər" qazanır,
yeni sərhədlər cızır,
yeni koordinatları müəyyənləşdirir.
Bu mənada hekayənin
necə başlaması
və necə bitməsi araşdırılmaslı
məsələdir.
Anekdotda
gözlənilən effekti
əldə edə bilmək üçün
hadisələr bir-brinə
necə bağlanırsa,
hekayədə də bu prinsip bir
az başqa formada gözlənir. Bir təcrübənin iki kəskin effekti: hadisələrin bir-birinə
dayanmadan sıx və daha sıx
sarılması, təhkiyədə
daxili dinamikanın artması və təsvir momenti (yəni təsvirin ən kəskin məqamalrının qeydə
alınması, sanki dünya ancaq bu məqamlar üstündə dövr edir.) Sarılmanın yaratdığı kəskin
dinamika, sürət...
bir də, xəyalına
gətirə bilməyəcəyin
kəskin dönüşlər...
Sferanın bu şəkildə kəskinləşməsi
səni oxu zamanı gözlənilən
mənaların sırasından
xilas edir. Heç nə olmayacaq dediyin anların birində yuxarıdakı proseslərin
yaratdığı "qısaqapanma"
effekti yüngül təmasla ruhuna toxunur...
Coys Kerol Outs da hekayələrdən
bəhs edərkən
belə bir maraqlı aspektə toxunur: "Hekayə bir xəbərdə, yaxud bir anekdotda
olduğu kimi hadisələrin təkcə
bir-birinə bağlanmasından
yox, hadisələr vasitəsi ilə mənaların qüvvətlənməsindən
əmələ gəlir.
İlk baxışdan statik
görünən personajın
düşüncə dinamikasından
əmələ gələn
süjet tamamilə içə yönəlmiş
ola bilir."
Gənc
nasirlərimizdən Əli
Zərbəlinin "Ürəkbulanma"
hekayəsi nə qədər dəhşətli
olaydan bəhs etsə də adi, həm də
gündəlik əhvalatın
nəqlidir. Bu hadisə
hər gün hər kəsin başına gələ bilər.
Bütün hekayələr, o cümlədən
Əlinin hekayəsi axıb gedən, davam edən həyatın bir fraqmentindən başlayır.
İxtiyaridirmi bu fraqment: həm hə, həm də yox. Hə-
həyat adlı nəhrdən əlini uzadıb nə götürsən ixtiyari olacaq. Yox - bu
dünyada və xüsusən təhkiyə
dünyasında heç
nə təsadüfi olmur. Rabitəsizlik, ixtiyarilik, böyük bir nəhrdən zərrə
boyda parçanın alınması məna kontekstləri yaradır..
Dünya
ədəbiyyatına baxın
- çeşid-çeşid hekayələrə - ilk cümlə
bu adilik stixiyasını elə bir "lisanda" təqdim edir ki, təhkiyə boyu bu, janrın "dilinə" çevrilir.
Adilikdən daha sonra kəskin, həyatın ən son, ən gərgin sərhəddi nişan verilir.
Amma həmin istənilən nötqə bütün hadisələr və hekayənin janr koordinatları üçün
müəyyənləşdirici rol oynayır. Hekayədə Emil öz ad gününə tələsir. Yolda dəhşətli tıxac
var. Niyyəti nədir - uşaqlıq
dostları və iş yoldaşları ilə oturub keflənmək, iyirmi doqquz yaşın sərhəddini sərxoş
halda keçmək.
Amma yolda tıxac açılana yaxın məlum olur ki, iki avtomobil qabaq-qabağa
toqquşub, hər iki sürücü ölüb. Həm də xıncım-xıncım
olaraq. Bədənlər
parçalanıb, beyin
dağılıb. Adi, bəlkə
hər gün baş verən hadisələrdəndir. Mənzərəsə
ürəkbulandırmaq səviyyəsində
dəhşətdir. Əsəblərin
nə qədər möhkəm olur-olsun bu insan mənzərələrini
görüb sakit olmaq çox çətindir. Qəza. Qəribədir: həm baxa bilmirsən, çünki sənin o dəhşətdən ürəyin
qopa bilər, başın çatlayar, həm məcburən irəli getməli olursan. Bu nöqtə hər şeyi dəyişdirir. Hekayənin
mənasını, təqdim
etdiyi mənanı səciyyələndirən cümlə:
"Yuxuya getməyi çox çəkmədi.
Ayılanda isə qonaq otağından hələ də musiqi və gülüş səsləri
gəlirdi. Ona elə gəldi ki, yatmamışdan
əvvəl həyat haqda nəsə çox vacib, həlledici bir qənaətə gəlmişdi.
Gözlərini qaranlığa
zilləyib nə qədər fikirləşsə
də, bu qənaətin nə olduğunu xatırlaya bilmədi."
İlk cümlə həmişə
silinib gedir - hadisələr burulğanında.
Təhkiyənin məntiqi
bunu kərratla tələb edir.
Son cümlə başlanğıcdır,
keçiddir - rasional olanla irrasional olanın arasındakı sonsuz əraziyə...
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2024.- 14 sentyabr, ¹35.- S.7.