Arif Buzovnalı
şeirində vətən
Yurdun satan alçaqlara, xainlərə
lənət!
Dünyada Vətənsizlərə
Allah da qənimdir!
Arif Buzovnalı
Müasir
Azərbaycan ədəbiyyatında
klassik şeir ənənəsini - vəzn,
janr və formalarını yaşadan
şairlərdən biri
də ustad şair, qəzəlxan Arif Buzovnalıdır. Arif Buzovnalı 2011-ci ildən Azərbaycan Yazıçılar Birliyinin
üzvü, 2016-cı ildə
təsis edilmiş Yazıçılar Birliyinin
Xəzər bölməsinin
sədri, 2017-ci ildən
"Poeziya klubu"nun
sədridir. Azərbaycan
Yazıçılar Birliyi
Xəzər Bölməsində
fəaliyyət göstərən
poeziya klubunda Arif Buzovnalının rəhbərliyi ilə klassik janr və
formalarda şeir yazan bir ədəbi
nəsil yetişməkdədir.
Şair,
çağdaş Azərbaycan
ədəbiyyatında sevgini,
eşqi, sosial, dini, irfani mövzuları
klassik vəzn və janrlar vasitəsilə şeirləşdirmiş,
Azərbaycan şeirinə
ilk dəfə sərbəst
əruzu gətirmiş,
Xəzər Təzkirəsini
tərtib etmiş, çox sayda tələbə yetişdirərək
ustad şair məqamına yüksəlmişdir.
Şairin
indiyə qədər
"Ömrün ötən
anları" (1999), "Mərifətdən
həqiqətə" (2005), "Səhərimə nə qalıb ki" (2007), "Xəzərim"
(2009), "Sarı güllər"
(2010), "Seçilmiş əsərlər" (2014), "Vadi" (2022), "Qəzəllər"
(2023) kitabı işıq
üzü görmüş
və müxtəlif almanaxlarda əsərləri
yer alıb.
Arif Buzovnalının şeirlərində
vətən sevgisinin,
Cənubi Azərbaycan
həsrətini, Qarabağ
dərdini, zəfər
yanğısını, sosial
həyatın və problemlərin klassik vəzn, janr və formalarda ifadə edildiyinə şahid oluruq.
Şair
I Qarabağ müharibəsi
başlayan zaman könüllü
olaraq cəbhəyə
yazılmış və
atəşkəsə qədər
(1 may 1994-cü il) Əzizbəyov adına Könüllülər
batalyonunda döyüşmüşdür.
Arif Buzovnalının
şeirləri içərisində
vətən mövzusu
əhəmiyyətli yer
tutmaqdadır və Qarabağ
müharibəsində iştirak
şairin şeirlərində
də özünə
yer eləmişdir.
Şairin
2020-ci ildə qazanılmış
zəfərə qədər
Qarabağ mövzusunda
yazdığı şeirlər
həsrət, xəcalət,
peşmanlıq və
ümid motivləri üzərində işlənmişdir.
O, "Qarabağdan yeni il məktubu"
adlı şeirində
düşmən tapdağı
altında inləyən
Qarabağın fəryadını
bədii ifadə vasitələrindən ustalıqla
istifadə edərək
oxuculara çatdırmışdır.
Bu şeirlərin böyük
bir qismində Birinci Qarabağ müharibəsində itirilmiş
torpaqların həsrəti
duyulur. Arif Buzovnalı "Ey şah, qında tutma ədalət qılıncını" qəzəlində
də kafirlərin Azərbaycana iştahlandığını,
sülh ilə bu problemin həll
olunmayacağını, hərbi
müdaxilə ilə
çözüləcəyini, bunun üçün cəsarət qılıncını
qaldırmaq vaxtının
çatdığını, düşmənin bu xalqı güclü görmədiyi təqdirdə,
ədavətə son qoymayacağını
illər əvvəl dilə gətirmişdir.
Azərbaycan ikiyə bölündükdən
sonra şair və yazıçılarımız
Cənubi Azərbaycan
mövzusunda irili-xırdalı
əsərlər yazaraq,
bu məsələni həmişə gündəmdə
saxlayıblar. Təbrizi
"şəhərlər şahı, Şərqin rəşadət rəmzi"
olaraq görən şairin şeirlərindən
cənub mövzusuna nə qədər həssas yanaşdığını,
otuz milyon həmvətənimizi unutmadığını
görürük.
İşğal altındakı torpaqlarımızı
müzəffər Azərbaycan
ordusu 2020-ci ildə azad edərək qələbə qazanmış
və beləcə, şairin arzuları gerçək olmuşdur.
Arif Buzovnalının
vətənlə bağlı
yaradıcılığı artıq nisgilli notlar üzərində deyil, zəfər, qələbə mövzuları
üzərində köklənmişdir.
"Zəngəzurdan məktub"
şeiri qələbə
sevincinin misralara düzüldüyü şeirlərdəndir.
Vüsalə MUSALI
Ədəbiyyat qəzeti.- 2024.- 14 sentyabr, ¹35.- S.8.