Vergülün başından keçənlər
Vergülün başından keçənlər əslində
hər birimizin başından keçənlərdir.
Ülkü
Tamerin adını çəkdiyimiz kitabında vergül simvol olaraq düşünülüb
Vergül deyib keçməyək, vergülün cümlədə yeri o qədər əhəmiyyətlidir ki, onsuz mənaların düzəni itə bilər, fikir bambaşqa bir anlamlar qazana, inersiyaya məruz qala bilər. Elə məqam ola bilər ki, vergül olmasa, fəlakət baş verər. Vergülün istifadə olunduğu məqamlar da kifayət qədər çeşidlidir. O, uzun cümlələri başa düşülən etmək üçün faydalıdır. Gərəksiz qoyulan vergül də yazının ahəngini pozur və pinti dilə səbəb olur. Türklər demiş, vergülün azı qərar, çoxu zərərdir. Yazı-pozu işiylə içli-dişli olanlar, cümlə qurmanın sancısını çəkənlər vergülün dəyərini yaxşı bilirlər.
Türk ədəbiyyatında vergülün haqqını verən, onu ucaldan qələmlərin başında Ülkü Tamer gəlir. Yazılarında və şeirlərində vergülə önəm verən şair "Şeir üzərində dağınıq düşüncələr" essesində yazır: "Vergül durğu işarələrinin ən təvazökarıdır. Öyünməyi və hər fürsətdə özünü göstərməyi sevməyənlərin simvoludur". Ülkü Tanerin vergül sevgisi o qədər güclüdür ki, 1965-ci ildə çap olunmuş dördüncü şeir kitabının adını "Vergülün başından keçənlər" qoyub. Şairin vergülə o qədər məhəbbəti var ki, nöqtə onu qısqanır. Nöqtənin acığına bir şeirini vergüllə bitirir: /Sana nişan takmadım/ çünki bu şiirim vergülle bitecek/.
"Vergülün qılıncı" şeirində fikirlərini bu cür ifadə edir:
Nədir bu təlaşınız, qorxmayın, uşaqlar,
Sonda o vaşaq öz cəzasın alar.
Beləcə çığırsanız, beynim qarışar,
Vergül özünü yetirər, burda Ülkü Tamer var.
Vergülün başından keçənlər əslində hər birimizin başından keçənlərdir. Ülkü Tamerin adını çəkdiyimiz kitabında vergül simvol olaraq düşünülüb. Vergüllə həyatın kəsişmə nöqtələri arasında boşluqlar buraxmanın, o boşluqları hər kəsin öz diliylə, gözüylə doldurmasının hekayəsidir bu kitab.
Kim bilir, vergülün başından daha nələr keçib?! Bunu da Ülkü Tamerdən soruşmaq lazımdır. Türk şairi və yazarı Attila Aşut bu mövzudakı yazısında qeyd edir ki, vergülün yazıdakı önəmini çarpıcı biçimdə anlatmaq üçün bu klassik cümləyə nəzər salmaq kifayət edir: "Oxu atan kimi eşşək olma". Oxu sözündən sonra vergül qoysaq, qarşımızdakı adamın atasını təhqir etmiş oluruq. Vergülü "atan kimi"dən sonra qoysaq, bu dəfə cümlə bambaşqa bir anlama bürünür: "Atan kimi oxu ki, eşşək olmayasan". Vergülün bu qəbil şıltaqlıqları da var.
Ülkü Tamer İkinci Yeni şeir cərəyanının ən önəmli təmsilçilərindən idi. Belə demək mümkünsə, İkinci Yeninin vergülü idi. İstedadının gücü ona təkcə şeir yazmaqla kifayətlənməməyi diktə edirdi. Esselər, hekayələr, dram əsərləri də yazdı. Tamerin tamaşalı şeirləri zamanın sınağından çıxdı və ona türk poeziyasının müəzzəm imzaları sırasında əbədi yer qazandırdı. Onun şeirləri özündən sonra gələcək yeni nəsillər üçün yazılmışdı. İlk dəfə 1959-cu ildə "Konuşma" adlı şeiri ilə türk poeziyasında fırtına əsdirən Tamerin haqqını oxucuları da tezliklə verdi.
Aman, özünü asmış yüz kiloluq zənci,
gecə düşmüş, səs-səmir gəlmir hindən,
mən olsam, utanaram,
bu necə tələbə?
Dərsini bilməmək bir
yana,
Üstəlik, hamıdan şişman.
Yaxşı nişan alırdı
özünü asan zənci,
Pivə
içməz, elə
hey ağlayardı,
atası
dəyirmançı...
Sizdən
yaxşı olmasın,
boşanmada birinci...
Ürəyim sıxılır, istərsən,
bir quş ovlayım səninçün...
Təhsil
almaq üçün
İstanbula, Robert Kollecinə
yollanan Tamerdə kinoya sonsuz həvəs
bu illərdə yaranır. "Yaşamaq xatırlamaqdır"da uzun-uzadı
anlatdığı Naqib
Əlinin sineması həyatının dönüm
nöqtələrindən birinə
çevrilir və kinodan bir daha
qopmayacaq bağ beləcə yaranır. Tamerin uşaqlığından
qaynaqlanan kino sevgisi və kino sayəsində Naqib Əli ilə qurduğu dostluq əlaqələri kiçik bir italyan qəsəbəsində
yaşayan Toto adlı
bir uşaqla kənd klubunda kinomexanik işləyən
məsum bir oğlanın dostluğuna
bənzəyir. Hansı
ki, bu dostluq sonralar onların iş birliyi qurmasına, "Sinema Paradizi"
prodakşnın yaranmasına
səbəb olmuşdu.
Tamerin kino ilə təması bununla məhdudlaşmadı. O, 1988-ci ildə Zülfü Livanelinin "Sis" filmində
və ötən illərin önəmli dizilərindən biri olan "Yad kürəkən"də
maraqlı obrazlarla izləyicilərin qarşısına
çıxır.
Tamerin teatr fəaliyyəti də ayrıca bir söhbətin mövzusudur. Hələ
Robert Kollecində təhsil
alarkən, tələbə
yoldaşı Genco Erkal
ilə birlikdə Şekspirin və bir neçə klassik dünya dramaturqlarının pyeslərini
türk dilinə tərcümə edir. Lorkanın, Edqar Ponun, Heminqueyin, Uilyam Batler Yeytsin
bir sıra əsərlərini də
türk dilinə çevirir. Aktyorluqda özünü sınayır.
Haldun Tanerin "Kaşanlı Əli dastanı"nın ilk səhnələrində
rol alır. Tamerin aktyor karyerası beş illə yekunlaşır. Onun həyatını nöqtə deyil, vergüllər müşayiət
edir. Tamerin şeirlərindəki fərqli
üslubu ona həm İkinci Yeni içərisində, həm
də ümumən şeirimizdə özəl
yer qazandırdı.
Tamer düşünürdü ki, şeir öz oxucularını itirmir, yeni
oxucu nəsli yaranır və bu nəslin də öz şairləri yetişməlidir.
Zaman Tameri haqlı çıxartdı. Onun türk şeirinə gətirdiyi yeni nəfəs
və anlatım tərzi yeni şeir oxucuları tərəfindən
sevildi.
Ülkü Tamer təkcə İkinci
Yeninin şeir anlayışını qəbul
etməyənlərə qarşı
mücadilə aparmaqla
yetinməmiş, bu axının öndə gələn şairləri
ilə uzun illər dostluq etmişdir.
İkinci
Yeninin manifestini və şeir anlayışını oxuculara
çatdırmaq üçün
bir dərgiyə ehtiyac vardı. Bu səbəbdən, Cemal Sürəyya və Tomris Uyarla birlikdə
"Papirus" dərgisini
yaratmışdılar. Tomris
Uyarla ailə həyatı qurmuşdular
və bu ailənin ömrü çox qısa sürmüşdü. Tomris
Uyar hekayə ustası idi və ömrünün sonuna qədər bu janra sadiq
qaldı. Sonralar həyatını türk
şeirinin ünlü
isimlərindən olan
Turğun Uyarla bağladı. Cemal Süreyya da, Edip Cansevər də onu sevmişdi. Amma o, Turğut Uyarı seçdi. Ülkü
Tamer isə yaradıcılıq
axtarışlarında idi.
Uğursuz ailə həyatı onun yaradıcı düşüncəsinə
nə dərəcədə
təsir edə bilmişdi? Bu suala cavabı şeirlərində
axtarmaq lazım gəlir:
Bana çiçek gönderme
Bir kus ağacı gönder
Dallarında gezinsin
Kül rengi güvercinler...
Ülkü Tamer sözlərin şeirdə
düzülüşü baxımından
modern türk şeirində
bənzərsiz bir yerə sahibdir. Halbuki o, peşəkarlıqdan
daha çox, həvəskar coşqusu ilə çalışmış
və ömrünü
yalnız şeirə
deyil, tərcümələrə,
uşaq ədəbiyyatına,
teatra, kinoya həsr edərək sənətin üfüqlərini
genişləndirməyə çalışmışdır.
Vergül
bir ömür boyu Ülkü Tameri təqib edib...
Kənan HACI
Ədəbiyyat qəzeti.- 2024.- 14 sentyabr,
¹35.- S.9.